· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Bilik yarışında ən istedadlı tələbələr fərqlənəcək

Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində ali məktəb tələbələrinin XIII respublika fənn olimpiadasının açılış mərasimi keçirildi.

Tanınmış alimlərin, ayrı-ayrı fənlər üzrə münsiflər heyətinin, tələbələrin və KİV nümayəndələrinin iştirak etdiyi mərasimi açan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov ali peşə təhsili sistemində mütəxəssis hazırlanmasının keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyan bu olimpiadanın Təhsil Nazirliyi tərəfindən ənənəvi olaraq hər il keçirildiyini bildirdi.

Təhsil naziri ölkəmizdə istedadlı gənclərin inkişafına dövlət tərəfindən daim böyük qayğı göstərildiyini qeyd edərək bununla bağlı görülən işlərdən söz açdı, təsdiq olunmuş sənədlər, o cümlədən "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən tədbirlər haqqında mərasim iştirakçılarına ətraflı məlumat verdi. O bildirdi ki, respublikamızın orta ümumtəhsil və ali təhsil müəssisələrində mövcud olan istedad potensialını vaxtında müəyyənləşdirib onun inkişafını təmin etmək məqsədilə nazirlik tərəfindən çoxşaxəli işlər görülür, olimpiadalar, özfəaliyyət dərnəklərinin konsertləri, rəsm əsərləri və yaradıcılıq işlərinin sərgiləri, müxtəlif müsabiqə və yarışlar keçirilir. Respublikamızda aparılan təhsil islahatı nəticəsində gənclər üçün hazırlanan daha səviyyəli, daha rəngarəng tədbirlərin sayı və keyfiyyəti getdikcə artır. Yeni tipli ümumtəhsil məktəblərində (liseylərdə) şagirdlərə tədqiqatçılıq vərdişləri aşılanır, onlar üçün elmi konfranslar təşkil olunur. Bu işin genişləndirilməsi məqsədilə həmin təhsil müəssisələrində Kiçik Akademiyalar yaradılır.

Daha sonra Misir Mərdanov öz çıxışında hazırda ən prioritet məsələlərdən biri olan Azərbaycanın istedadlı gənclərinin ölkəmiz üçün zəruri ixtisaslar üzrə xaricdə təhsilinin təşkili istiqamətində atılmış real addımlardan bəhs etdi.

Nazir tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, 2008-ci ildə gənclərimizə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini gücləndirmək məqsədilə ölkə başçısı tərəfindən daha iki fərman imzalanmışdır. Bunlar ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələr üçün Prezident təqaüdünün və dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan aspirantlar, dövlət ali, orta ixtisas, peşə məktəbləri və peşə liseylərinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş aylıq təqaüdlərin məbləğinin artırılması ilə bağlı olan sənədlərdir.

Respublikamızın ali məktəblərində təhsil alan gənclərin elmi-tədqiqat işinə cəlb olunması, onlarda elmə həvəs oyadılması, biliklərinin artırılması və nümayiş etdirilməsi üçün lazımi şəraitin yaradıldığını deyən təhsil naziri bu istiqamətdə aparılan işlər sırasında tələbələrin fənn olimpiadasının önəmli yer tutduğunu qeyd etdi. O nəzərə çatdırdı ki, müstəqillik illərində 12 olimpiada keçirilmişdir. 2003-cü ildən etibarən fənlərin sayı artırılmış və ənənəvi dörd fəndən (riyaziyyat, fizika, kimya, informatika) başqa həm də Azərbaycan dili, Azərbaycan tarixi və xarici dillər (ingilis, fransız, alman), 2004-cü ildən isə Azərbaycan coğrafiyası fənni əlavə edilmişdir. 28 ali məktəbdən 448 tələbə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi  bu olimpiadanın II turunda iştirak etmək hüququ qazanmışdır. Tələbələrin fənlər üzrə bölgüsü göstərir ki, ən böyük maraq ingilis dilinədir. Yekun turunun iştirakçılarından 98 nəfəri (21,8 faiz) məhz bu fənni, 58 nəfəri (12,9 faiz) Azərbaycan dilini, 56 nəfəri (12,5 faiz) riyaziyyatı seçmişdir. Qalan fənlər üzrə tələbələrin sayı 10 faizdən aşağıdır. Onların arasında Bakı ilə yanaşı, Sumqayıt, Naxçıvan, Lənkəran, Gəncə və Mingəçevirin ali məktəblərində təhsil alanlar da var. Olimpiadanın I turunda qeyri-dövlət ali məktəbləri də fəal iştirak etmiş və onlardan Qafqaz Universiteti, Odlar Yurdu Universiteti, Bakı Qızlar Universiteti və Bakı Avrasiya Universitetinin tələbələri son tura vəsiqə qazanmışlar.

Təhsil naziri Misir Mərdanov çıxışının sonunda olimpiadanın keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi və ali məktəb tələbələrinin XIII respublika fənn olimpiadasının iştirakçılarına bilik yarışında uğurlar arzuladı.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev ölkənin gələcəyinin bugünkü gənclərin intellektual səviyyəsindən asılı olduğunu, bu mənada təhsil sahəsinə göstərilən diqqət və qayğının böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. S.Mehbalıyev olimpiadanın respublika turunda yüksək bilik səviyyəsi və istedadı ilə fərqlənərək I yerə layiq görülən tələbələr, eləcə də onların fənn müəllimləri və münsiflər heyətinin sədrləri üçün müəyyən məbləğdə pul mükafatlarının ayrıldığını diqqətə çatdırdı.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Yusif Məmmədov bilik yarışının məhz burada - respublikanın ən qocaman ali təhsil ocaqlarından birində  keçirilməsini əlamətdar hal kimi dəyərləndirdi. O, respublika ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağını artırmaq və həmin fənlər üzrə hazırlıq səviyyəsini nümayiş etdirmək üçün şərait yaradan olimpiadanın hər bir iştirakçısına müvəffəqiyyət və qələbə sevinci arzuladı.

Ziya Mehdiyev, Xədicə Eminova və Arzu Nəzərova tələbələr adından çıxış edərək olimpiadanın təşkil edilməsi və keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlıq etdilər və öz müəllimlərinin etimadını doğruldacaqlarına söz verdilər.

Təhsil nazirinin müavini İradə Hüseynova olimpiadanın I turunda yüksək nəticələr əldə etmiş tələbələri təbrik edərək təşkilati məsələlərlə bağlı ətraflı məlumat verdikdən sonra informatika fənni üzrə son turun BDU-da, qalan bütün fənlər üzrə isə ADPU-nun əsas binasında təşkil edildiyini bildirdi və yarışların keçiriləcəyi otaqların nömrəsini elan etdi.

 

Hicran ƏKBƏROVA