· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

20 Yanvar faciəsi təhsil müəssisələrində qeyd olundu

Yanvarın 19-da Azərbaycan Dillər Universitetində 20 Yanvar faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. öncə ADU-nun bir qrup müəllim-tələbə kollektivi müqəddəs Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin, o cümlədən ADU-nun tələbəsi olmuş 20 Yanvar şəhidi ülvi Bünyadzadənin məzarı üstünə al qərənfillər qoydular. Daha sonra tədbir ADU-da yaradılmış ülvi Bünyadzadə muzey-lektoriyası önündə davam etdirildi.

Tədbiri giriş sözü ilə ADU-nun prorektoru, professor Natiq Yusifov açdı. Sonra təlim-tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev və digər çıxış edənlər Azərbaycan xalqının əsrlər boyunca azadlıq uğrunda apardığı mübarizədə minlərlə oğul və qızlarının öz canlarını Vətən uğrunda qurban verdiklərini, şəhidlik zirvəsinə ucaldıqlarını xüsusi vurğuladılar.

Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. ADU-nun fəlsəfə kafedrasının dosenti Məhəmməd Teymurlu 20 Yanvar faciəsində şəhid olmuş ülvi Bünyadzadə haqqında danışaraq sevimli tələbəsi ilə fəxr etdiyini söylədi.

Anım tədbirində Bakının 56 nömrəli məktəbinin şagirdlərinin ifasında ülvi Bünyadzadəyə həsr olunmuş seirlər səsləndirildi. öz şeirlərindən də bir neçəsini söyləyən şagirdlər ülvi Bünyadzadənin andını oxudular, onun kimi cəsarətli, Vətənini sevən bir gənc olacaqlarına and içdilər.

Tədbirin sonunda şəhidin atası Yusif Bünyadzadə universitet rəhbərliyinə öz təşəkkürünü bildirdi, ülvi Bünyadzadə adına musey-lektoriyasının yaradılmasına görə şəxsən universitetin rektoru, professor Səməd Seyidova ailəsi adından minnətdarlığını ifadə etdi.

***

Naxçıvan Dövlət Universitetində 20 Yanvar ümumxalq hüzn günü ilə bağlı silsilə tədbirlər - elmi konfranslar, şeir müsabiqəsi, ədəbi-bədii kompozisiya, rəsm sərgisi keçirilmişdir. Silsilə tədbirlər Heydər Əliyev lektoriyasının 20 Yanvar faciəsinə həsr olunmuş məşğələsi ilə yekunlaşdı. Məşğələ iştirakçıları ilk öncə universitetin təsviri incəsənət ixtisası tələbələrinin Qanlı Yanvardan bəhs edən rəsm sərgisi ilə tanış oldular.

Rektor, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan xalqının istiqlal savaşında özünəməxsus tarixi mərhələ olan 20 Yanvar hadisələrindən, milli azadlıq mücahidlərinin bugünkü müstəqil respublikamızın hərtərəfli inkişafındakı payından söz açdı. Akademik xalqımızın milli azadlıq mübarizəsinin yaşadılmasında və təbliğində incəsənətin rolundan danışaraq tələbə rəssamların vətənpərvərlik mövzularına müraciət etməsini təqdirəlayiq hesab etdi. Rektor sərgilənən əsərlərdə matəm ruhundan çox mübarizə əzminin, azadlıq duyğularının, intiqam hissinin, milli qəhrəmanlığın və sabaha inamın əks olunmasını yüksək dəyərləndirdi.

Heydər Əliyev lektoriyasındakı məşğələdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı uğrunda qurban gedən şəhidlərin ruhu dərin ehtiramla yad edildi. Tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli bu gün müstəqillik və demokratiya yolunda inamla irəliləyən Azərbaycanın milli azadlıq hərəkatı tarixinin öyrənilməsinin əhəmiyyətindən bəhs etdi. Bu faciəyə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini vurğuladı.

Tədbirdə bir daha vurğulandı ki, şəhidlərimizin parlaq xatirəsi heç zaman unudulmayacaq.

20 Yanvar faciəsinin tarixi xronikasını əks etdirən videofilm nümayiş olundu.

***

Yanvarın 19-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 1990-cı il 20 Yanvar şəhidlərinin anım gününə həsr edilmiş mərasim keçirilib. Mərasimi giriş sözü ilə açan institutun rektoru, professor Asəf Zamanov tədbirin məramını yığıncaq iştirakçılarına elan edəndən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

çıxışına davam edən natiq Bakıya xüsusi təyinatlı qoşun yeridilməsindən, yanvarın 19-dan 20-nə keçən gecə özümüzə doğma saydığımız mənfur sovet ordusunun vətəni müdafiə etmək, tankları, BTR-ləri şəhərə buraxmamaq üçün küçələrə çıxmış əliyalın, silahsız xalqı misli görünməmiş vəhşiliklə qətlə yetirib qanına qəltan etməsindən danışdı. Asəf müəllim həmçinin ulu öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib Qorbaçovun siyasi səhv buraxdığını, Azərbaycan xalqına açıq təcavüz edildiyini dünyaya bəyan etməklə həmin ağır günlərdə xalqına dayaq durduğundan söz açıb.

Mərasimdə çıxış edən R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktor müavini Elmira Qasımova, Jurnalistlər Birliyinin sədr müavini Valid Sənani, Fotoqraflar Birliyinin üzvü Asim Talıb, şəhid ailəsi Şövkət Xanməmmədova, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Teymur Məmmədov və başqaları 20 Yanvar faciəsini müstəqilliyimizin başlanğıcı, şəhidlərimizin canlarını qurban verməklə bugünkü azad, xoşbəxt həyatı bizə bəxş etdiklərini, Fərizə ölümüylə yeni məhəbbət dastanı yaradıb gənclərin tərbiyəsində böyük rol oynadığını mərasim iştirakçılarının diqqətinə çatdırıb, xatirələrini danışıb və şəhidlərimizin xatirəsini daim əziz tutmağı tövsiyə ediblər.

Sonda Asəf Zamanov tökülmüş qanlar hesabına əldə edilmiş azadlığı, ümummilli lider Heydər Əliyevin xalqa arxalanaraq qurub yaratdığı müstəqil Azərbaycan Respublikasını qoruyaraq yaşatmağı, bir millət kimi şəhidlərimizin ruhunun şad olması üçün dövlətçiliyimizin inkişafında əlimizdən gələni əsirgəməməyimizin vacibliyini bildirib.

***

20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Müəllimlər İnstitutunda da tədbir keçirildi. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yanvarın 16-da AMİ-də 20 Yanvar faciəsinin on doqquzuncu ildönümünə həsr olunmuş tədbiri institutun rektoru, professor A.Naxçıvanlı açaraq bildirdi ki, on doqquz il keçməsinə baxmayaraq, xalqımızın qəhrəmanlıq tarixində çox kədərli bir məqam olmuş həmin günün qan yaddaşımızdan, övladlarımızın qəlbindən heç vaxt silinməyəcək, azadlıq və müstəqillik ideyaları uğrunda öz şirin canlarını fəda etmiş qəhrəman insanların adları dünya durduqca yaşayacaq. O, həm də qeyd etdi ki, həmin illərdə faciələrə ilk etiraz səsini ucaldan da ulu öndərimiz Heydər Əliyev olmuşdur. Əgər onda respublikamız onun rəhbərliyi altında olsaydı, bu faciələr yaşanmayacaqdı. O vaxtdan şəhidlərimiz unudulmadı, Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarətgahına çevrildi.

Sonra institutun ictimai fənlər kafedrasının müdiri Vaqif Piriyev hadisənin canlı şahidi kimi dəhşətli anlardan danışdı.

İnstitutun magistratura və aspirantura şöbəsinin müdiri Baba Babayev, pedaqogika və filologiya fakültəsinin III kurs tələbəsi Şəfəq Məmmədova və I kurs tələbəsi İlkin Əsgərov faciənin ağrılarından və acı nəticələrindən söz açdılar.

Tədbirin keçirildiyi zalda fotoşəkillərlə hazırlanmış 20 Yanvar faciəsini əks etdirən stend insanı bir daha o dəhşətli günlərə aparırdı.

 ***

Naxçıvan özəl Universitetinin akt zalında "Milli mücadilə və Qanlı Yanvar" mövzusunda keçirilən elmi-praktik konfrans xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinə həsr olunmuşdu. Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açdıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İsmayıl Əliyev ulu öndərimiz, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə bu faciəyə hüquqi-siyasi qiymət verildiyini xatırlatmış, azadlığımız və müstəqilliyimiz yolunda canlarını qurban vermiş Vətən oğullarının şücaətindən, mərdliklərindən danışmışdır.

Universitetin prorektoru İbrahim Kazımbəyli "Azərbaycanda milli müstəqillik uğrunda mübarizə və Sovet qoşunlarının həyata keçirdiyi milli qırğın siyasəti" mövzusunda çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqı 1990-cı ilin 20 yanvarında hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlıq və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.

Konfransda bir daha vurğulanmışdır ki, 20 Yanvar Azərbaycan tarixində və ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzidir.