· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Bakı təhsili son iki ildə

çevik idarəetmə paytaxt təhsilində uğurların əsas səbəbidir

 

Arxada qalan 2008-ci il bir çox müvəffəqiyyətlərlə, yeniliklərlə, yaddaqalan nailiyyətlərlə yekunlaşdı. ölkənin ictimai-siyasi həyatında baş verən yeniliklər, iqtisadi inkişaf cəmiyyətin gələcək taleyində mühüm rol oynayan təhsil sisteminə də bu və ya digər formada müsbət təsirini göstərdi. Təhsilin inkişaf dinamikası bu sahədə aparılan islahatların özünü doğrultduğunu bir daha sübut etdi. Təhsil islahatının ardıcıllıqla və düşünülmüş konsepsiya əsasında həyata keçirilməsi, dünya təhsil sisteminə tədrici inteqrasiya öz bəhrəsini verməyə başladı. Əlbəttə, məktəbdən başlayan təhsil sistemi, ilk növbədə, bu pillənin yeniləşməsini, aparılan islahatların müsbət və dinamik sonluğunu tələb edirdi. Görülən və görüləsi işlərin, həyata keçirilən tədbirlərin hansı nəticələr verdiyini bir daha müəyyən etmək hamı üçün maraqlıdır. Təsadüfi deyil ki,  Təhsil Nazirliyinin bu yaxınlarda keçirilmiş və 2008-ci ildə təhsil sahəsində görülmüş işlərin, 2009-cu ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında son illər paytaxtımızda təhsilin keyfiyyətinin xeyli yüksəldiyi xüsusi qeyd edilmiş, əldə olunan uğurlar yüksək qiymətləndirilmişdir. Paytaxt təhsilindəki bu irəliləyiş, ilk növbədə, 2006-cı ilin martında Təhsil Nazirliyinin tabeliyində vahid idarəetmə orqanının - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaradılması nəticəsində mümkün olmuşdur. Yeni qurum Bakı təhsilinin daha çevik idarə olunmasına, idarəetmədə demokratik prinsipin ardıcıl tətbiqinə, əksmərkəzləşmə prosesinin dərinləşməsinə imkan yaratmış, çoxsaylı pedaqoji kollektivlərin innovativ fəaliyyətinin genişlənməsinə səbəb olmuşdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ötən ildəki fəaliyyəti və paytaxt təhsilində qazanılmış uğurlarla oxucularımızı tanış etmək üçün əməkdaşlarımız bu günlərdə idarənin müdiri, respublikanın əməkdar müəllimi Nailə Rzaquliyeva ilə görüşüb ondan müsahibə almışlar.

 

-Nailə xanım, ötən il ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən təhsil həyatımızda bir sıra hadisələrlə yadda qaldı. Paytaxtın təhsil işçiləri ili hansı uğurlarla yola salıblar?

- ölkənin ictimai-siyasi həyatında baş verən hər bir hadisə təhsil sahəsində öz təsirini göstərir.  Bu baxımdan təhsil yeganə sahədir ki, ictimai proseslərə həssaslığı ilə seçilir. çünki cəmiyyətin, demək olar ki, bütün təbəqələri bu və ya digər yolla təhsil sahəsi ilə bağlıdırlar.

Keçən il prezident seçkilərinin demokratik, şəffaf keçirilməsi, cəmiyyətin coşqun əhvali-ruhiyyəsi ilə müşayiət olunması, təhsil islahatının birinci mərhələsinin uğurla başa çatması, ikinci mərhələyə start verilməsi bizim üçün ən yaddaqalan hadisələr oldu. ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu təhsil islahatının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, təhsilə dövlət qayğısının günbəgün artması tezliklə qarşıya qoyulan məqsədlərə çatacağımıza inam yaratdı.

ötən dərs ilində Bakı şəhərinin təhsil sistemində kifayət qədər yeniliklər, uğurlu nəticələr oldu. Ən əsası, biz bu uğurlarımızı qeyd etməklə, buraxılmış nöqsanları müzakirə edərək aradan qaldırılması yollarını müəyyən etdik. Qazandığımız uğurları son hədd hesab etmədik və gələcək fəaliyyətimizin istiqamətlərini müəyyənləşdirərkən cəmiyyətin tələblərini, arzu və istəklərini də nəzərə aldıq.

Uğurlara gəlincə, qeyd etməliyəm ki, paytaxt təhsili ardıcıl, sabit inkişaf yolunda öz mövqeyini müəyyən edə bilmişdir. İstər təhsilin keyfiyyət standartları, istərsə də maddi-texniki bazanın möhkəmləndirilməsi baxımından xeyli yüksək nəticələr əldə edə bilmişik. İndi əvvəlki illərdən fərqli olaraq təhsil sahəsinə işə qəbul olunanların peşəkarlıq səviyyəsi xeyli yüksəlib, təhsilin keyfiyyətinə mənfi təsir  edən neqativ hallar aradan qalxıb.

- Təhsilimizdə son illər atılmış ən uğurlu addım kimi məktəb tikintisi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi hesab olunur. Bakı şəhərində bu sahədə son iki ilin statistikası necədir?

- Əvvəldə qeyd etdiyim kimi, təhsilə dövlət qayğısının artması, ölkə başçısının təhsil sahəsinin inkişafına  xüsusi önəm verməsi bu sahədə kifayət qədər dəyişikliklərə, maddi-texniki bazanın əsaslı şəkildə möhkəmləndirilməsinə səbəb olmuşdur. Son iki ildə  təhsil sahəsinə kapital qoyuluşunun dəfələrlə artması ulu öndərimiz Heydər Əliyevin vaxtilə xüsusi vurğuladığı "Təhsilin inkişafı üçün başlıca şərt təhsil mühitinin yaradılmasıdır" kəlamının nə qədər uzaqgörənliklə söyləndiyini isbatladı. İndi Bakı şəhərindəki nümunəvi məktəblərin sayı kifayət qədərdir. Müasir tələblərə cavab verən, xüsusi zövqlə tikilmiş məktəb binalarına baxanda insan fərəhlənir. Təkcə son iki ilin nəticələrinə nəzər salaq: 2007-ci ildə Bakı şəhərində 37000 şagird yerlik 50 yeni məktəb və əlavə korpuslar inşa olunub istifadəyə verilmişdir. 2008-ci ildə 12200 şagird yerlik tədris korpusları tikilmiş, 38 məktəbdə əsaslı təmir işləri aparılmışdır. Nəticədə II və III növbədə oxuyan şagirdlərin sayı 15 faiz azalmışdır. 60 nömrəli məktəbin binası sökülərək yenidən inşa edilmişdir. 250 məktəbin istilik sistemi əsaslı təmir olunmuşdur. Dövlət başçısı tərəfindən təsdiq olunmuş Proqrama uyğun olaraq müasir tələblərə cavab verən 11 uşaq bağçası tikilib istifadəyə verilmiş, 21 uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır.

İki il ərzində məktəblərin yeni avadanlıqlarla təchizatı sahəsində də xeyli işlər görülmüş, Bakının əksər məktəblərinin müxtəlif avadanlıq və inventarlara olan tələbatı ödənilmişdir. Təhsilin keyfiyyətinə kifayət qədər təsir göstərən fənn kabinetləri və laboratoriyaların yaradılması, zənginləşdirilməsi işi davam etdirilir.

- ölkəmizdə  məktəblərin İKT ilə təminatı vəziyyəti son illər xeyli yaxşılaşıb. Bu sahədə həyata keçirilən 3-illik Dövlət Proqramı nəticəsində ölkədə 29 şagirdə 1 kompüter nisbəti təmin edilib. Bakı şəhərində də indi, yəqin ki, kompüter almamış məktəb yoxdur. Oxucularımızı bununla bağlı görülmüş işlərlə tanış etməyinizi istərdik.

- Müasir məktəbi kompütersiz təsəvvür etmək mümkün deyildir. Yaxın keçmişdə yalnız arzu olan bir iş, demək olar ki, görünməmiş sürətlə və keyfiyyətlə başa çatdırılmışdır. Son iki ildə "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" uğurlu icrası nəticəsində Bakı şəhərinin ümumtəhsil məktəblərinə dövlət xətti ilə 8342, digər qurumların xətti ilə 1208, cəmi 9550 kompüter verilmişdir. Hazırda kompüterlərdən təkcə informatika dərslərində yox, başqa fənlərin tədrisində də kifayət qədər səmərəli istifadə olunur.

Məlumdur ki, məktəbləri kompüterlə təmin etmək məsələnin yalnız bir tərəfidir. Bu avadanlıqla işləyən, onların səmərəli tətbiqini həyata keçirən kadrlar da lazımdır. Kompüterlə təminatla bərabər, ondan səmərəli istifadə məqsədilə müəllimlərin kompüter kurslarından keçməsi, hər bir müəllimin kompüterdə işləyə bilmək imkanlarının artırılması işi də yüksək səviyyədə təşkil olunmuşdur.

Audiovizual dərs vəsaitlərinin tətbiqi istiqamətində görülən işlər də ürəkaçandır. İndi əksər məktəblərimizdə Azərbaycan tarixi, biologiya, fizika və kimya fənlərinin tədrisi elektron dərsliklər əsasında aparılır. Bütün ümumtəhsil məktəblərində lokal şəbəkə, 23 məktəbdə isə İnternet şəbəkəsi quraşdırılmışdır.

Məktəblərdə "Elektron məktəb" layihəsinin həyata keçirilməsi sahəsində də xeyli iş görülmüşdür. 23 nömrəli məktəbdə həyata keçirilən layihə uğurla başa çatdırılmışdır. Bu təcrübənin gələcəkdə məktəblərin hamısında tətbiqi, bizcə, yaxşı nəticə verəcəkdir.

- Məktəblərdə təhsilin səviyyəsini göstərən kriteriyalardan biri şagirdlərin olimpiadalardakı nəticələri, ali məktəblərə qəbulda topladıqları ballardır. Bilirik ki, paytaxt bu göstəricilərə görə həmişə bölgələrdən irəlidə gedir. ötən il bu sahələrdə nə kimi uğurlarınız olub?

-  Bəli, sadaladığınız kriteriyalar təhsilin təkcə kəmiyyət göstəriciləri baxımından deyil, həm də keyfiyyət baxımından inkişafını şərtləndirir. Bu kriteriyalar üzrə nəticələrimiz ürəkaçandır. Subyektivizm, şəxsi mənafelərin arxa plana keçirilməsi və tamamilə aradan qaldırılması Bakı şəhərinin təhsil müəssisələrində hamını sevindirəcək nailiyyətlərin qazanılmasına səbəb oldu. İndi biz əminliklə deyə bilərik ki, başladığımız işi davam və inkişaf etdirmək üçün kifayət qədər potensialımız, müsbət ənənəmiz var.

Məlumdur ki, fənn olimpiadaları istedadlı şagirdlərin üzə çıxarılmasında, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsində mühüm rol oynayır. Bu, həm də bilik yarışıdır. Xarakterinə görə kütləvi olan bu yarışda iştirakçılara sərbəst şəkildə bilik və bacarıqlarını nümayiş etdirmək imkanları verilir. Həmişə olduğu kimi, ötən dərs ilində də olimpiadalar yüksək səviyyədə keçirildi. Bunu olimpiadanın respublika turunda şagirdlərimizin göstərdiyi yüksək nəticələr sübut edir. Belə ki, 2006-cı ildə mükafata layiq yer qazanmış şagirdlərimizin sayı 48, 2007-ci ildə 69 nəfər olduğu halda, 2008-ci ildə bu rəqəm 92-yə yüksəldi.  Bu artım dinamikası aparılan məqsədyönlü və ardıcıl işin, habelə şəhərdəki bütün məktəblərə verilən vahid göstəriş və tələblərin öz bəhrəsini verməsinin göstəricisidir.

Məzunlarımızın göstəricilərinə gəlincə, bu sahədə də nəticələr yaxşıdır. Belə ki, tələbə adına 2006-cı ildə 8335 məzun layiq görülmüşdüsə, 2008-ci ildə bu göstərici 9228-ə bərabər olub. Statistikaya görə, son iki ildə ali məktəblərə daxil olan məzunlarımızın sayı 893 nəfər  artmışdır. Qəbulolma faizi isə 34,79-dan 39,22-yə yüksəlmişdir. 500-700 bal nəticə göstərənlərin xüsusi çəkisi 2006-cı ildəki 8,66 faizdən 2008-ci ildə 10,43 faizə qalxmışdır. Ən əsası isə 600-dən yuxarı bal toplayan məzunların  sayında ciddi artım müşahidə olunur.  2006-cı  ildə bu rəqəm 452 olduğu halda, 2007-ci ildə  506,   2008-ci ildə isə 702 olmuşdur. İki il ərzində 4 şagirdimizin (10, 39, 70 və 247  nömrəli məktəblərin məzunları)   maksimum 700 bal toplaması sevindirici nailiyyətdir.

Orta balı 250-dən yuxarı olan məktəblərin  sayı son iki ildə 72-dən 160-a, orta balı 300-dən yuxarı olan məktəblərin  sayı isə 17-dən 49-a yüksəlmişdir.

Son iki il ərzində Bakı şəhəri məktəbləri məzunlarının  orta bal göstəriciləri də xeyli yaxşılaşıb. Bu rəqəm  2006-cı ildə 232537, 2007-ci ildə  245162, 2008-ci ildə isə artaraq 267405 olmuşdur. Aşağı nəticə göstərən məzunların sayı isə azalmışdır. Xüsusən "0-200" intervalında bal toplayanların sayı 2006-cı ildə 11932 (49,80 faiz), 2007-ci ildə    10610  (45,23 faiz) nəfər olduğu halda, 2008-ci ildə 9078  (38,55 faiz) nəfər olmuşdur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi fəaliyyətə başlayanda elan etdiyimiz prioritet sahələrdən biri də yeni pedaqoji texnologiyaların və innovasiyaların tətbiqidir.

Bu müddət ərzində interaktiv təlim metodu ilə işləyən müəllimlərimizin sayı yetərli dərəcədə artmış, qabaqcıl iş üsulları və innovasiyaların tətbiqinə münasibət əsaslı surətdə dəyişmişdir. Müəllimin yeniliyə, onun üstün cəhətlərinə inamı yarandıqca  və hər bir yeniliyin təhsildə inteqrasiya meyillərinin inkişafına köməyi qəbul edildikcə bu sahədə fərqli model və mexanizmlərin  tətbiqi də mümkün olmuşdur. İndi məktəblərimizdə öz yaradıcı iş metodu ilə fərqlənən müəllimlərin sayı kifayət qədərdir. Həmin müəllimlərin yaradıcı işə həvəsləndirilməsi, qabaqcıl işi ilə seçilən, cəmiyyətdə və təhsil işçiləri arasında yüksək hörmət və nüfuz qazanan müəllimlərin əməyinin qiymətləndirilməsi də diqqətdən kənarda qalmamışdır. Bildiyiniz kimi, ötən il ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilmişdir. Bu müsabiqədə iştirak edən müəllimlərimizin nəticələri ürəkaçan olmuşdur. Belə ki, müəllimlərimizin  42 nəfəri respublikanın  100 ən yaxşı müəllimi,  14  məktəbimiz  isə 50 ən yaxşı   ümumtəhsil məktəbi sırasına daxil olmuşdur. Əlbəttə, belə müəllimləri, məktəbləri olan təhsil sisteminin nəticələri də sevindirici olacaqdır. Bayaq qeyd etdiyim inkişaf dinamikası və qazanılan uğurlar elə bunun nəticəsidir.

- 2008-2009-cu dərs ili həm də Milli Kurikulumun tətbiqi ili kimi tarixə düşdü. İlk dəfə olaraq bu dərs ilində I siniflər Milli Kurikulum əsasında tədrisə başladı. Bakı məktəblərində Milli Kurikuluma həm hazırlıq prosesi, həm də kurikulumun tətbiqi hansı səviyyədə oldu?

- Milli Kurikulumun tətbiqi ilə əlaqədar 2008-2009-cu tədris ilində  təkcə ilk mərhələdə I sinifdə dərs deyəcək 1276 nəfər müəllim treninqlərdən keçmişdir. Bizim təlimçilər, eyni zamanda təkcə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində deyil, Bakı şəhərindəki bütün məktəblərin və məcburi köçkün rayonlarının paytaxtda fəaliyyət göstərən məktəblərinin müəllimlərinin də kurikulum əsasında hazırlığını yüksək səviyyədə başa çatdırdılar və 2030 nəfər müəllimə sertifikat təqdim etdik.

Milli Kurikulum əsasında tədris də yüksək səviyyədə başladı. Dərsliklər, müəllimlər üçün vəsaitlər hamını qaneedəcək səviyyədə hazırlandığından elə bir ciddi problemlə qarşılaşmadıq. Yeri gəlmişkən, bu mühüm kampaniyaya ləkə yaxan, onu yerli-yersiz tənqid edənlər bilməlidirlər ki, onların qərəzli hay-küyləri paytaxtın pedaqoji ictimaiyyəti tərəfindən dəstəklənmir və yaxşı olardı ki, həmin adamlar daha səmərəli işlə məşğul olsunlar.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsində 2009-2010-cu ildə I siniflərdə dərs deyəcək müəllimlərin Milli Kurikulumla işə hazırlıq prosesi gedir. Fevraldan başlayaraq bu iş həyata keçiriləcəkdir.

- Bakı məktəblərinin dərsliklərlə təminatı, müəllimlərə göstərilən metodik xidmətin səviyyəsi barədə nə deyə bilərsiniz?

- Təhsildə dərslik mühüm komponent olmaqda davam edir. Keyfiyyətli təhsil üçün keyfiyyətli dərslik və dərs vəsaitləri başlıca şərtdir. Həm də mövcud dərslikləri qorumaq, onlardan səmərəli istifadə etmək lazımdır. Bu prinsipdən çıxış edərək məktəblərin dərsliklərlə təminatı sahəsində işimizi günün tələbləri səviyyəsində qurmuşuq. 2007-2008-ci ildə məktəblərə 155 adda  1.254127 ədəd dərslik verilmişdir. Cari dərs ilində isə 68 adda 795166 ədəd dərslik çatdırılmışdır.

Təhsildə yeni təlim texnologiyalarının tətbiqi, müasir təlim metodlarından istifadə tələbatı metodik işin yaxşılaşdırılmasını, onun səmərəliliyini yüksəltməyi tələb edir. Bu prinsipdən yanaşma metodik işimizi yeni müstəviyə keçirməyi, bu sahədəki çatışmazlıqları aradan qaldırmağı tələb edir. Ona görə də Metodik mərkəzin strukturunda dəyişikliklər həyata keçirməklə bütün sahələrdə əhatəli sistem yaratmaq işini başa çatdırmışıq.

Metodik işlə yanaşı, müəllimlərin ixtisasartırma kurslarına cəlb edilməsi, fasiləsiz təhsil səviyyəsinin yüksəldilməsi də xeyli dərəcədə yaxşılaşıb. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu ilə səmərəli əməkdaşlıq qura bilmişik. Müxtəlif tematik kursların bilavasitə məktəblərdə təşkili müəllimlərin istehsalatdan ayrılmamaqla ixtisaslarını təkmilləşdirmələrinə və yeni təlim texnologiyalarını öyrənib tətbiq etmələrinə yaxşı imkan yaratmışdır.

- Təxminən iki il yarımdır ki, Təhsil Nazirliyinin tabeliyində Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaranıb. Yeni qurum yaradılanda idarəetməni çevikləşdirmək məqsədi hədəf götürülmüşdür. Bu məqsədə nə dərəcədə nail olunub?

- Məlumdur ki, uzun illər təhsilin ikili, bəzən üçlü tabelikdə olması bu sahədə aparılan islahatları ləngidir, idarəetməni çətinləşdirirdi. Xüsusilə, Bakı şəhərində təhsilin idarə olunmasında ciddi problemlər meydana çıxırdı. Həm şagird, həm də müəllim kontingentinə görə az qala respublikanın dörddə birini əhatə edən bu şəbəkəni çevik və asan idarə olunan struktura çevirmək vaxtı çatmışdı. ölkə Prezidenti cənab İlham Əliyevin 2006-cı ilin martında imzaladığı Bakı şəhərində RTŞ-ların ləğv edilməsi haqqında sərəncamın tələbləri əsasında 29 iyul 2006-cı ildə Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhəri Baş Təhsil İdarəsinin bazasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradıldı. ötən müddət ərzində Bakı şəhərinin təhsil həyatında çox böyük dəyişikliklərin olması, təhsilin inkişaf istiqamətlərinin müəyyən edilərək konkret fəaliyyətə yönəldilməsi bir daha  bu islahatın vaxtında və gərəkli olduğunu sübut elədi. İslahatın tələbinə uyğun olaraq təhsil müəssisələrinin rəhbərləri əlavə yüklərdən azad edilərək başlıca fəaliyyətlərini müəssisədə təhsil mühitinin yaradılmasına və inkişaf etdirilməsinə yönəltdilər.

Təhsilin idarə olunmasında vacib məqamlardan biri də kadrların düzgün seçilib yerləşdirilməsi və keyfiyyət tərkibinin daim yaxşılaşdırılmasıdır. Bu istiqamətdə atılan addımlar Bakı şəhərində pedaqoji kadrların təyini zamanı yol verilən neqativ halların minimuma endirilməsinə, müəllim sıxlığının azaldılmasına, başlıcası isə mövcud kadr potensialından səmərəli istifadəyə imkan verdi. İndi Bakı şəhərinin məktəblərində şagird-müəllim nisbəti nəzərəçarpacaq dərəcədə dəyişib. Kadrların sıxlığının azaldılması, mövcud kadr potensialı və müəllim əməyindən səmərəli istifadə sahəsində nəzərdə tutduğumuz tədbirlər həyata keçirildikcə bu nisbət bir qədər də artacaqdır.

Bizim üçün 2008-ci ilin ən yaddaqalan hadisələrindən biri də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əsaslı təmir olunaraq yenidən qurulmus inzibati binaya köçməsi oldu. İndi bu dördmərtəbəli rahat və geniş binada işləmək üçün hər cür şərait, İnternet şəbəkəsi və lokal şəbəkə var. Otaqlar müasir avadanlıqlarla təmin olunub. Hər bir əməkdaşın kompüteri var. Bunun özü bir daha təhsil sahəsinə dövlətin, ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısının ən bariz nümunəsidir. Bu qayğıya və diqqətə görə ölkə başçısına minnətdarlığımızı bildiririk.

- 2009-cu ildə əsas fəaliyyət istiqamətlərinizi necə müəyyənləşdirmişsiniz?

- Bu il təhsil sahəsində qazandığımız uğurların daha da genişləndirilməsi ili olacaqdır. Bütün potensialımızı təhsilin idarəedilməsində demokratikləşdirmənin dərinləşdirilməsinə, təhsil mühitinin yaxşılaşdırılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə, məktəblə valideynlər arasında əlaqələrin inkişaf etdirilməsinə yönəldəcəyik. Məktəbin idarə olunmasında Valideyn-Müəllim Assosiasiyasının gücündən səmərəli istifadə etməyə üstünlük veriləcək, məktəbəqədər təhsil sahəsinin inkişafına xüsusi diqqət yetiriləcəkdir. Məktəbdənkənar təhsil də diqqətdən kənarda qalmayacaqdır. Bu sahənin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görəcəyimiz işlər çoxdur. İnanıram ki, fəaliyyət planımızda nəzərdə tutduğumuz işlərin öhdəsindən gələ biləcəyik.

Yusif ƏLİYEV,

Samirə KƏRİMOVA,

Fazil İDRİSOĞLU