· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 NDU-da ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olundu

Naxçıvan Dövlət Universitetində üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası və universitetin qarşısında duran vəzifələrə həsr olunmuş yığıncaq keçirildi. Rektor, akademik İsa Həbibbəyli "üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası ilə əlaqədar NDU-da ilin yekunları və qarşıda duran vəzifələr" barədə məruzə etdi.  Rektor bildirdi ki, Ali Məclisin növbəti sessiyasında ölkədə keçirilən prezident seçkilərində ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli varisi İlham Əliyevin yekdilliklə Prezident seçilməsi 2008-ci ilin ən böyük hadisəsi kimi dəyərləndirilmişdir.

 

Millət vəkili vurğuladı ki, sessiyada son zamanlar irəli sürülən demokratik konstitusion dəyişikliklər də dəstəklənmişdir. Rektor sessiyada Naxçıvan özəl Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, regiondakı orta ümumtəhsil və orta ixtisas məktəblərinin illik fəaliyyətinin ümumiləşdirildiyini də qeyd etdi. Natiq muxtar respublika rəhbərliyi tərəfindən regionda yeganə dövlət ali təhsil ocağı olan NDU-da tədris və təhsil işlərinin illik yekununun müsbət qiymətləndirildiyini bildirdi.

İsa Həbibbəyli ölkəmizin 108 hektarlıq ali məktəb kampusuna malik olan yeganə universitetində yeni tədris korpuslarının tikilməsini, maddi-texniki bazanın gücləndirilməsini dövlət qayğısının bəhrəsi adlandırdı. Rektor ötən il beynəlxalq münasibətlər və xarici dillər fakültəsi üçün beşmərtəbəli binanın tikintisinə başlandığını, bu fakültənin Azərbaycanda ilk elektron fakültəyə çevriləcəyini, ən müasir texnologiyalar ilə təmin olunacağını söyədi. Natiq 10 fakültənin, 43 ixtisasın mövcud olduğu bu ali təhsil ocağında AMEA-nın 2 həqiqi, 5 nəfər müxbir üzvünün çalışdığını, ötən il 3 əməkdaşın elmlər doktoru, 22 nəfərin isə elmlər namizədi alimlik dərəcəsi aldığını söylədi.

Məruzəçi yola saldığımız il universitetdə məlum fakültələrin struktur yeniliklərinə müvafiq olaraq beynəlxalq münasibətlər və xarici dillər, təbiətşünalıq və kənd təsərrüfatı fakültələri adlandırıldığını, baytarlıq, orkestr alətləri, xalq çalğı alətləri, bəstəkarlıq  kafedralarının yaradıldığını,  bakalavr pilləsi üçün 3, magistr pilləsi üçün 1 yeni ixtisasın açıldığını bildirdi. İsa Həbibbəyli universitetin ötən  ilin qış-yay imtahan sessiyalarının nəticələrinə görə 91-93% müvəffəqiyyət göstəriciləri, 67 - 94% isə keyfiyyət göstəriciləri əldə etdiyini, 2008-2009-cu tədris ili üçün tələbə qəbulu planının 97,33% yerinə yetirildiyini, 9 nəfərin 600-dən çox balla universitetə qəbul olduğunu vurğuladı.

Rektor universitetdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük əhəmiyyət verildiyini bildirdi. "Uzaq regionlar üçün səciyyəvi olan informasiya və kommunikasiya texnologiyaları problemləri" mövzusunda Şimali Atlantika Birliyi Mərkəzi və Şərqi Avropa Şəbəkələndirmə Assosiasiyası Perspektiv Şəbəkələndirmə üzrə NATO İşçi Elmi Seminarı, "İnformasiya və kommunikasiya texnologiyaları və zaman"  mövzusunda elmi praktik konfrans keçirilmiş, Boloniya prosesinə keçidlə əlaqədar NDU-da Təhsil Qeydiyyatı Mərkəzi  "İnformasiya texnologiyaları laboratoriyası" təşkil olunmuşdur.

İsa Həbibbəyli universitetin inkişafında beynəlxalq əlaqələrin xüsusi əhəmiyyət kəsb etdiyini, Türkiyə, İran İslam Respublikası ilə yanaşı, burada Nigeriyadan, Koreyadan, Banqladeşdən, Misirdən, Polşadan olan tələbələrin təhsil aldığını vurğuladı. Məruzəçi bildirdi ki, NDU Azərbaycanın yeganə universitetidir ki, tələbələri hər il xarici ölkələrdə təcrübə keçir. İl ərzində 5 beynəlxalq simpoziumun keçirildiyini xatırladan rektor "Beynəlxalq iqtisadi əlaqələrin inkişafında regionların rolu və əhəmiyyəti" mövzusunda,  fizika, riyaziyyat və texnika elmləri üzrə keçirilən beynəlxalq elmi konfranslarda, Türk Dünyası Pediatrlarının səkkizinci konqresində  dünyanın tanınmış ali məktəblərinin təmsil olunduğunu qeyd etdi.

Qarşıda duran vəzifələrdən danışan İsa Həbibbəyli rektorluq üçün üçmərtəbəli binanın, tələbə məişət evinin inşa olunmasının nəzərdə tutulduğunu, dekanlıq və kafedraların müasir informasiya və kommunikasiya vasitələri ilə tam təmin olunacağını, tibb fakültəsinin yeni maddi-texniki təchizatının həyata keçiriləcəyini, yeni kafedraların və ixtisasların yaradılacağını qeyd etdi. çıxışının sonunda il ərzində səmərəli elmi-pedaqoji fəaliyyət göstərmiş, 60 -70 yaşlarını tamamlamış əməkdaşlar fəxri fərmanlarla təltif olundular.

Universitetin elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynov elmdə, təhsildə qazanılan uğurları Azərbaycandakı sosial-iqtisadi tərəqqinin, siyasi stabilliyin bəhrəsi adlandırdı.

Məruzəçi vurğuladı ki, Naxçıvan Muxtar Respublikasının 2009-cu il üçün dövlət büdcəsindən elm xərclərinə 3.976042 manat, təhsil xərcləri üçün 64.897412 manat, ali təhsil xərclərinə 3.274943 manat ayrılmışdır ki, bunun da 2.752853 manatı NDU-nun payına düşür. V.Hüseynov çıxışını yekunlaşdıraraq söylədi ki, Naxçıvan MR Ali Məclisinin son sessiyasında Naxçıvan Dövlət Universitetinin illik fəaliyyətinə verilən qiymət bir daha təsdiq edir ki, bu ali məktəb muxtar respublikanın qabaqcıl elm və təhsil mərkəzi rolunu oynayır.

Universitet YAP ərazi təşkilatının sədri, hüquq fənləri kafedrasının baş müəllimi, tarix elmləri namizədi Elman Cəfərli, fiziki tərbiyə və idman oyunları kafedrasının müdiri Məmmədəli Rəhimov tibb fakültəsinin dekanı, pedaqoji elmlər namizədi Bəhruz Məmmədov, memarlıq kafedrasının müdiri, memarlıq elmləri namizədi Qadir Əliyev, Universitet Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Sərxan İsmayılov çıxış edərək təmsil etdikləri fakültələrin il ərzindəki nailiyyətlərindən söz açdılar.

Yığıncaqda universitetin illik fəaliyyətinin yekunları tarixi fotolardan, statistik cədvəllərdən, diaqramlardan ibarət slaydlar vasitəsi ilə tədbir iştirakçılarına təqdim olunmuşdur.

Mehriban SULTAN,

NDU-nun mətbuat

xidmətinin rəhbəri