· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Təhsil sistemində ən müasir elektron ödəniş sistemlərinin və vergi hesabatlarının elektron sənəd formasının tətbiqinin vəziyyəti və ortaya çıxan problemlər

 

Məlum olduğu kimi, müasir dövr beynəlxalq aləmdə mövcud olan yeni elmi-texniki nailiyyətlərin və standartların bütün sahələrdə olduğu kimi  maliyyə, uçot və hesabat işlərində də tətbiqini tələb edir. Bu baxımdan hazırda qloballaşan iqtisadi dünyada müasir ödəniş sistemlərinin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Belə ki, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi üçün əhalinin elektron ödəniş sistemlərindən istifadəsinin genişləndirilməsi, yəni əməkhaqqı və digər ödənişlərin plastik kartlarla həyata keçirilməsinin  çox böyük üstünlükləri vardır. Bu üstünlüklərə əsasən aşağıdakılar aiddir: 

* Müəssisənin əməkdaşları heç bir əlavə xərc çəkmədən dünyanın bütün ölkələrində qəbul olunan aparıcı ödəniş sistemlərinin beynəlxalq plastik kartlarının sahibi olurlar.

* Müəssisənin işçiləri əməkhaqlarını, mükafatlarını və müəssisə tərəfindən kart hesabına köçürülən sair ödəmələri günün istənilən saatında, ilin 365 günündə, əlverişli yerdə və münasib vaxtda, həmçinin dünyanın hər hansı bir ölkəsində ala bilirlər.Bundan başqa, kart sahibləri bankın istənilən şöbəsində nağd vəsait ala bilərlər.

* Kartla səyahət edərkən kart sahibləri pullarını gömrük məntəqələrində bəyan etmək və getdikləri ölkədə onları konvertasiya etmək zərurətlərindən azad olurlar.

* Müəssisənin əməkdaşları bankomatlar şəbəkəsi vasitəsilə kommunal xidmətlərin, mobil rabitənin abunə haqlarını əməkhaqqı kartının köməyi ilə ödəyə bilərlər. Həmçinin işçilər eyni əməliyyatları İnternet Banking sisteminin imkanlarından istifadə edərək apara və hesablar üzrə vəsaitlərin hərəkəti və qalıqları barədə məlumat əldə edə bilərlər. Bundan əlavə, müəssisənin əməkdaşları öz kartlarından istifadə edərək ölkənin  200-dən artıq ticarət və xidmət müəssisələrində xidmət və məhsulların haqqını ödəyə bilərlər.

Qeyd olunan üstünlükləri nəzərə alaraq Azərbaycan Respublikasının təhsil naziri cənab Misir Mərdanovun birbaşa tapşırığı və nəzarəti nəticəsində  əməkhaqqı, ezamiyyə və digər müvafiq ödənişlərin müasir elektron ödəmə üsulu olan plastik kartlar vasitəsilə həyata keçirilməsinin tətbiqinə Təhsil Nazirliyi 2003-cü ildən nazirliyin mərkəzi aparatında, 2004-cü ildən  etibarən isə Təhsil Nazirliyinin  tabeliyində olan müəssisə və təşkilatlarda başlamış və Azərbaycan Respublikası Prezidentinin  152 N-li, 09 dekabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Milli ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar bu istiqamətdə işlər daha sürətlə  davam etdirilmişdir. Belə ki, bu məsələ bir neçə dəfə nazirliyin kollegiyasının müzakirə obyekti olmuşdur. Nəticədə Bakı və Sumqayıt şəhərlərində yerləşən və birbaşa Təhsil Nazirliyindən maliyyələşən bütün təhsil müəssisələrində əməkhaqqı və digər müvafiq ödənişlərin plastik kart sisteminə keçirilməsi başa çatdırılmışdır. Bundan əlavə, respublikanın rayonlarında yerləşən, Təhsil Nazirliyindən maliyyələşən bütun müəssisə və təşkilatlara, həmçinin yerli büdcədən maliyyələşən təhsil şöbələrinə nazirliyin müvafiq kollegiya qərarları, təlimati məktubları ilə Prezidentin sərəncamının icrası ilə əlaqədar olaraq ciddi tapşırıqlar verilmiş və bu istiqamətdə müəyyən nəticələr əldə edilmişdir.Belə ki,  rayon (şəhər)  mərkəzlərində və bu mərkəzlərə yaxın olan ərazilərdə yerləşən təhsil müəssisələrinin əksəriyyətində əməkhaqqı, ezamiyyə və digər müvafiq ödənişlərin plastik kartlar vasitəsilə aparılmasına başlanılmışdır. Son məlumatlara əsasən hazırda 200000-ə yaxın, yəni respublikanın ümumi təhsil işçilərinin təxminən 60 faizi əməkhaqlarını plastik kartlarla alırlar.

Lakin bu istiqamətdə, yəni ödənişlərin tam plastik karta keçidi prosesində süni maneələrlə bərabər, müəyyən obyektiv problemlər də mövcuddur. Bu problemlər plastik kartların dəyərinin hələ də  yüksək olması, mövcud bankların respublika üzrə ödənişlərin plastik kartlarla tam təmin etmələri üçün bankomatlarının sayının  və digər müvafiq maddi-texniki bazalarının hələ də kifayət edəcək səviyyədə və daimi işlək vəziyyətdə  olmaması ilə əlaqədardır ki, bu da əsasən respublikanın rayonlarında, xüsusən ucqar ərazilərdə özünü daha çox büruzə verir. Bu da təhsil işçilərinin yerlərdə  haqlı narazılıqlarına səbəb olur.

Məlumat üçün bildiririk ki,  təhsil sistemində hazırda  80000-dən çox dövlət təqaüdü alan tələbə və şagird vardır. Onlar təqaüdlərini  plastik kartların dəyəri yüksək olması və bu məqsəd üçün müvafiq  təhsil müəssisələrinin sərəncamında kifayət edəcək qədər  vəsaitin  olmaması səbəbindən hələ də nağd qaydada alırlar. Bu da yuxarıda qeyd olunan sərəncamın icrasını tam  təmin etməyə imkan verməmişdir.Bununla əlaqədar olaraq Təhsil Nazirliyi plastik kartların dəyərinin və onlara xidmət haqlarının azaldılması, bu kartların istifadə müddətlərinin uzadılması, təqaüd alan tələbələrin və şagirdlərin təhsil müddətlərində istifadə edə biləcəyi pulsuz kartlarla təmin olunması, mövcud bankomatların sayının və xidmət səviyyəsinin artırılması kimi təkliflərlə müvafiq olaraq  Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Milli Bankına və digər aidiyyəti banklara rəsmi müraciətlər etmişdir.

Növbəti dövr ərzində də Təhsil Nazirliyi tabeliyində olan təşkilatların elektron ödəniş sistemlərinin imkanlarından daha fəal istifadəyə cəlb edilməsi istiqamətində işləri davam etdirəcəkdir və  qeyd olunan problemlər aidiyyəti təşkilatlar tərəfindən aradan qaldırıldıqdan sonra təhsil sistemində elektron ödəniş sistemlərinin  tam  tətbiqi mümkün olacaqdır.

ölkədə elektron hesabatvermə sahəsində yaranan imkanlardan istifadə etmək məqsədilə 2008-ci ildən etibərən Təhsil Nazirliyinin mərkəzi aparatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası" barədə 120 N-li, 27 iyul 2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən vergi bəyannamələrinin elektron formada müvafiq İnternet səhifəsi (saytı) vasitəsilə vergi orqanlarına çatdırılması imkanının yaradılmasından istifadə edərək bu işə qoşulmuşdur.

Bu prosesə qoşulmaq üçün vergi hesabatlarının elektron sənəd formasında Vergilər Nazirliyinin müvafiq İnternet  səhifəsi (saytı) vasitəsi ilə göndərilməsi üçün Vergilər Nazirliyi ilə vergi ödəyicisi arasında elektron sənəd mübadiləsi haqqında müvafiq müqavilə layihəsinin və vergi hesabatlarının elektron mübadiləsi haqqında ərizə formasının doldurulması və imzalanması kifayətdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar nazirliyin tabeliyində olan müəssisə və təşkilatlara da bu elektron hesabat formasına qoşulmaq üçün müvafiq sənədləşmələrin aparılması üçün tədbirlərin  görülməsini tövsiyə edirik.  

Fərhad ƏLİYEV,

Təhsil Nazirliyinin Mühasibat uçotu və

hesabat sektorunun müdiri