· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

İnformatika üzrə ümumrespublika olimpiadası keçiriləcək

Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, Heydər Əliyev Fondu və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu tərəfindən Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası" keçiriləcək. İki mərhələ üzrə keçirilən olimpiadada ali məktəb tələbələrindən və məktəblilərdən ibarət iki yığma komanda iştirak edə bilər.

Olimpiadada iştirak etmək üçün komanda rəhbərləri 01.03.2008-ci il tarixdən 26.03.2008-ci il tarixinə kimi http://www.aztelekom.org/olimpiada/ saytında qeydiyyatdan keçməlidirlər. Qeydiyyata alınmış komandalara iştirak  etmək üçün elektron dəvət göndəriləcək.

Olimpiadanın birinci mərhələsi seçmə mərhələ adlanır. Təşkilatçılar tərəfindən təsdiq edilən Əsasnaməyə görə seçmə mərhələsində balların 30 faizini toplamış komandalar final mərhələsində iştirak etmək hüququ qazanır.

Qeyd edək ki, olimpiada informatika üzrə beynəlxalq komanda yarışlarının yarımfinalında iştirak etmək üçün komandanın seçilməsinə və hazırlanmasına imkan yaradacaq.

 

 

 

Azərbaycan Müəllimlər İnstitutunda

Müasir zamanda elmin, texniki tərəqqinin yüksəlişi, mürəkkəb texniki sistemlərin tətbiqi, onların istismarında riskin artması ilə müşayiət olunur. Bu isə insanların həyat və sağlamlığına, ətraf mühitə və cəmiyyətin normal fəaliyyətinə təhlükə yaradır.

 Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə fövqəlada hallar zamanı xilasetmə işlərinin aparılması və ətraf mühitin mühafizəsini təmin etməklə bağlı bilik, bacarıq verilməsi günün ən vacib məsələsidir. Bu baxımdan Azərbaycan Müəllimlər İnstitutunda keçirilən ümumdünya Mülki-Müdafiə Gününə həsr edilmiş tədbir maraqlı oldu.

Tədbiri giriş sözü ilə Azərbaycan Müəllimlər İnstitutunun rektoru, siyasi elmlər doktoru, professor A.Naxçıvanlı açaraq bildirdi ki, təbii texnogen, antrogen, ekoloji və sosial fəlakətlər nəticəsində baş verən insan tələfatı, maddi itkilərin həcmi bəşəriyyəti bu məsələ barədə çox ciddi düşünməyə vadar edir. Bu baxımdan, institutumuzda Mülki-Müdafiə Gününün keçirilməsi böyük əhəmiyyət daşıyır.

Tədbirdə "MM - fövqəladə hallar zamanı xilasetmə işləri" mövzusunda mülki-müdafiə, tibbi biliklərin əsasları və fiziki tərbiyə kafedrasının müdiri, polkovnik Rafiq Bağırov məruzə etdi.

Kafedranın metodisti, polkovnik Yaşar Mustafayev, kafedranın müəllimi Fatma Şəmiyeva, mülki-müdafiə üzrə mühəndis Tofiq Fətullayev və tələbələr çıxış etdilər.

Əyani olaraq xilasetmə işlərinin nümayiş olunduğu tədbirin sonunda təlimə cəlb olunan struktur bölmələrin, mülki-müdafiə xidmətlərinin, dəstələrin, komandirlərin fəaliyyəti münsiflər heyəti tərəfindən qiymətləndirildi.

 

 

 

Jurnalın ilk nömrəsi işıq üzü görüb

Təhsil, maarif və elmi-metodiki nəşrlər sırasına yeni bir mətbuat orqanı - "Təhsil ocağı" jurnalı da daxil oldu. Elmi, metodiki və publisistik xarakterli yazılarla jurnal 2 ayda bir dəfə olmaqla ildə 6 nömrə nəşr ediləcək.

Jurnalı nəşr etməkdə yaradıcı heyətin məqsədi onun baş redaktoru, dosent Sədaqət Məmmədovanın "Baş redaktordan" yazısında açıqlanıb.

"Buradan aydın olur ki, yeni nəşr ölkəmizdə aparılan təhsil siyasətini, onun çoxçeşidli mənzərəsini - hüquqi, maliyyə, texnoloji, iqtisadi, ictimai-siyasi, elmi, pedaqoji, mənəvi-əxlaqi və s. istiqamətdə işıqlandırmaqla Azərbaycanın təhsil ocaqlarındakı uğur və nöqsanları üzə çıxarmaq, yaxşıları təqdir etmək, nöqsanların aradan qaldırılmasına kömək, görkəmli elm xadimləri ilə oxucuları tanış etmək, gənc nəslin şəxsiyyət olaraq formalaşıb, doğma vətənimizin daha da çiçəklənməsi üçün gərəkli bir mütəxəssis kimi yetişməsinə dəstək olmaqdır".

"Təhsil ocağı" elm, təhsil və ictimai mühitimizin ən müxtəlif sahələrinə dair bir-birindən maraqlı və məzmunlu məqalələr dərc etmək məqsədilə ətrafına müxtəlif ixtisas sahibləri olan alim, metodist, pedaqoq və publisistləri cəlb etmişdir. Onun redaksiya heyətinə akademiklərdən Abel Məhərrəmov, Akif Hacıyev, İsa Həbibbəyli, professorlardan Ağacan Abıyev, Hüseyn Əhmədov, Əjdər Ağayev, Qəzənfər Paşayev və başqaları daxildir.

"Təhsil ocağı"nın yaradıcı kollektivinə təhsil naziri, professor Misir Mərdanovun ünvanladığı təbrik məktubunda deyilir:

"Son illər görülən işlər, atılan müsbət addımlar ölkəmizdəki mövcud KİV vasitəsilə geniş ictimaiyyətə çatdırılmış, bu barədə ətraflı məlumat verilmişdir. "Təhsil ocağı" jurnalı da bu məqamda xeyirxah, eyni zamanda çətin və məsuliyyətli işə başlayır. Bu münasibətlə kollektivinizi təbrik edir, ölkəmizin təhsil həyatı, bu sahədə baş verən yeniliklər haqqında ictimaiyyətə dəqiq və geniş məlumat verilməsi, görüləcək işlərin müasir tələblər səviyyəsində qurulması sahəsindəki fəaliyyətinizdə nailiyyətlər arzulayıram".

Jurnalın 1-ci sayında informatika texnologiyasına, riyaziyyat, ədəbiyyatşünaslıq, pedaqogika, psixologiya, muzeyşünaslıq, mətbuat tarixi və digər sahələrə həsr edilmiş məqalələr, habelə publisistik yazılar çap edilmişdir.

 

 

 

 

 

Kitab müsabiqənin "Qızıl mükafat"ına layiq görüldü

Bakının Nərimanov rayonundakı 43 nömrəli liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Mahirə Nağı qızı bacarıqlı, yenilikçi müəllim olmaqla yanaşı, eyni zamanda incə ruhlu şeirlər müəllifi kimi də tanınır. Müəllifin "Mənim anam", "Ana, dalımca su at" adlı şeir kitabları ötən illərdə işıq üzü görüb. Ata-anaya, övlada, milli dəyərlərimizə, Vətənə, xalqa sevgi və məhəbbət, Qarabağ dərdi, yurd həsrəti kitaba daxil edilən şeirlərin əsas qayəsini təşkil edir. Səmimiliyi, orijinallığı, vətənpərvərliyi ilə seçilən bu şeirlər "Avropa nəşr-mətbu evi"nin vətənpərvərlik mövzusunda təşkil etdiyi müsabiqənin münsiflər heyətinin diqqətindən də kənarda qalmayıb. Müəllim-şairənin "Mənim anam" kitabı müsabiqənin "Qızıl mükafat"ına və diplomuna layiq görüldü.

Bu yaxınlarda liseydə mükafatın təqdimetmə mərasimi keçirildi. Tədbirdə filologiya elmləri doktorları, professorlar Mirzə Həsənov, İsmayıl Kazımov, filologiya elmləri doktoru Qafar Hüseynov çıxış edərək Mahirə Nağı qızının pedaqoji fəaliyyətindən, yaradıcılığından danışdılar. Məktəblilər müəllifin şeirlərindən parçaları əzbər söylədilər.

 

 

 

 

 

Bədən tərbiyəsi və idman gününə həsr olunmuş turnir

Bədən tərbiyəsi və İdman Günü münasibəti ilə Bakı Sənaye Pedaqoji Texnikumunda idman turniri keçirilib. İdmanın 10 növünü əhatə edən yarışlarda 500-ə yaxın tələbə iştirak edib.

Texnikumun Sabunçu Rayon Gənclər və İdman İdarəsi ilə birlikdə keçirdiyi turnirin açılışı fevralın 29-da olub. Açılış mərasimində texnikumun müxtəlif idman yarışlarında fərqlənən tələbələrinə mükafatlar təqdim olunub. Yunan-Roma güləşi ilə məşğul olan Elçin Sahibov "Məhsul" İdman Cəmiyyətinin respublika açıq birinciliyində qalib gəldiyinə, Rauf Muradlı "Təhsil" İdman Mərkəzinin açıq birinciliyində fərqləndiyinə, texnikumun voleybol komandası isə Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin Kuboku uğrunda yarışlarda birinci nəticə göstərdiyinə görə diplom, fəxri fərman və qiymətli mükafatlara layiq görülüblər. Tədbirdə iştirak edən Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov, Bakı Şəhəri Gənclər və İdman idarəsi rəisinin müavini Raqub Abbasov, BSPT-nin direktoru Vidadi Orucov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev qalibləri təbrik edərək onlara daha böyük qələbələr arzulayıblar.

Sonra yeni yarışlara start verilib. Tələbələr 100 m məsafəyə qaçışda, estafet (4x100m) qaçışında, qumbara atmaq, nüvə itələmək, voleybol, stolüstü tennis, şahmat, basketbol və boks növlərində öz qüvvələrini sınayıblar. 5 gün davam edən yarışlara martın 5-də yekun vurulub.

Yarışların baş hakimi Elsevər Abbasov bizimlə söhbətində ənənəvi olaraq hər il keçirilən və 5-6 idman növünü əhatə edən turnirin bu il həm tələbələrin, həm də idman növlərinin sayı baxımından daha geniş miqyas aldığını bildirdi. Məşqçinin dediyinə görə, texnikumun tələbələri dərs ilinin sonunadək daha iki turnirdə - may ayında ümummilli lider Heydər Əliyevin doğum günü və 28 May Respublika Günü münasibəti ilə keçiriləcək 5 idman növü üzrə (3+2) yarışlarda da öz qüvvələrini sınayacaqlar.

Y.HƏSƏNƏLİOĞLU

 

 

 

 

 İdmançılar beynəlxalq turnirdən qələbə ilə qayıdıblar

Fevralın  17-dən 25-dək Ukraynanın Vinnitsa şəhərində idman akrobatikası üzrə beynəlxalq turnir keçirilib. Türnirdə ölkəmizi Bakı şəhər 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin yetirmələri təmsil edib. Atletlərdən ibarət 4-lük dünya çempionatına hazırlıq mərhələsi çərçivəsində keçirilən beynəlxalq turnirdə digər rəqiblərdən daha yaxşı çıxış edərək I yerə layiq görülüblər.