· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş ali təhsil müəssisələri işçiləri arasında spartakiadanın keçirilməsi barədə

QƏRAR

Bədən tərbiyəsi və idman sahəsində böyük irəliləyiş, dünya miqyasında ölkəmizin tanınması və uğurla təmsil olunması idmanımızın ən böyük himayədarı olmuş ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. Hazırda beynəlxalq idman  təşkilatları Azərbaycanda idmanın, olimpiya hərəkatının etibarlı əllərdə olduğuna görə ölkəmizi beynəlxalq  yarışların keçirilməsi üçün sabit və inkişafda olan bir dövlət kimi tanıyırlar. Bütün bunlar məhz ulu öndər Heydər Əliyevin fəaliyyətinə, eyni zamanda ölkəmizə verilən yüksək qiymətdir.

ümummilli lider Heydər Əliyevin 10 may 2008-ci ildə anadan olmasının 85-ci ildönümü tamam olur. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti ulu öndərin anadan olmasının 85-ci ildönümü münasibətilə və onun xatirəsinə ehtiram əlaməti olaraq ali təhsil müəssisələrində çalışan işçilərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsi və asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə

QƏRARA ALIR:

1. ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş ali təhsil müəssisələri işçiləri arasında 6 idman növü üzrə spartakiada (bundan sonra spartakiada) keçirilsin.

2. Spartakiada Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri sayılsın.

3. Spartakiadanın I turunun hər bir ali məktəbdə  aprel ayında, II respublika turunun isə  may ayında keçirilməsi təmin edilsin.

4. 30 may 2008-ci ildə spartakiada qaliblərinin təntənəli mükafatlandırılma mərasimi keçirilsin.

5. Spartakiadanın Əsasnaməsi (əlavə 1), Təşkilat Komitəsi (əlavə 2) və Baş hakimlər kollegiyası (əlavə 3) üzvlərinin siyahısı təsdiq edilsin.

6. Ali təhsil müəssisələrinin rəhbərləri və  həmkarlar ittifaqı komitələrinin sədrləri bu qərarla təsdiq edilmiş "Əsasnamə"nin şərtlərinə uyğun olaraq spartakiadanın keçirilməsini təmin etsinlər.

7. Spartakiadanın keçirilməsi ilə bağlı tərəflər öz üzərinə götürür:

Təhsil Nazirliyi:

-diplomların hazırlanmasını.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:

-spartakiadada hər idman növü üzrə I, II və III yerləri tutan komanda və tək idmançılara hədiyyələrin alınmasını;

-hər idman növü üzrə qaliblərə kubokların alınmasını;

-hakimlərin və xidmət heyətinin əməkhaqlarının ödənilməsini.

8. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin mədəni-kütləvi və idman işləri şöbəsi (R.Nəzirov) qərardan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etsinlər.

9. Tərəflər spartakiadanın keçirilməsi və qaliblərin  mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.

10. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi qərar və əlavələrin "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

11. Qərarın icrasına nəzarət təhsil nazirinin müavini E.Qasımova və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini H.Nağıyevə həvalə edilsin.

Azərbaycan Respublikasının

təhsil naziri: Misir Mərdanov

Azərbaycan Təhsil İşçiləri Azad

Həmkarlar İttifaqı Respublika Komitəsinin

sədri: Səttar Mehbalıyev

6 mart 2008-ci il