· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Ali təhsillə bağlı müşavirə

Martın 11-də Təhsil Nazirliyində ali təhsillə bağlı müşavirə keçirildi. Tədbirdə nazirliyin müvafiq şöbə və struktur bölmələrinin, o cümlədən Bakıdakı dövlət ali təhsil müəssisələrinin rəhbərləri iştirak edirdilər.

Müşavirə iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov öncə ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamına əsasən görülən işlərdən bəhs etdi və həmin sənədin icrası ilə əlaqədar "2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın hazırlıq vəziyyəti haqqında məlumat verdi.

Təhsil naziri bu sahədə islahatların həyata keçirilməsi zərurətindən danışarkən bildirdi ki, müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Boloniya prosesi önəmli yer tutur.

Qeyd edək ki, "2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın əsas məqsədi ölkənin ali təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, onun məzmununun Boloniya prosesinin prinsiplərinə uyğun qurulması, rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır. İslahatların beynəlxalq təhsil təcrübəsinə uyğun olaraq ali təhsilin normativ-hüquqi bazasının yeniləşdirilməsi, məzmununun və təlim texnologiyalarının təkmilləşdirilməsi, maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması, iqtisadiyyatının yeni mexanizmlərinin yaradılması və tətbiqi, ali təhsildə keyfiyyətin təmin olunması və kadr hazırlığı, ali təhsil müəssisələrinin strukturunun və bütövlükdə onun idarə olunması sisteminin modernləşdirilməsi, bu müəssisələrdə elmi-tədqiqat işlərinin müasir tələblərə uyğun qurulması istiqamətlərində aparılması müəyyən edilib. Təhsil naziri daha sonra layihə sənədində öz əksini tapmış maliyyə təminatı, proqramın həyata keçirilməsi üzrə tədbirlər planı və digər mühüm məsələləri diqqətə çatdırdı. O, ali təhsil müəssisələrinin rəhbərlərindən bu sənədlə diqqətlə tanış olaraq öz istəklərini, rəy və təkliflərini bildirməyi xahiş etdi.

Təhsil nazirinin dediyinə görə, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamının icrası ilə əlaqədar Avropa dövlətlərinin ən nüfuzlu universitetləri ilə birbaşa əlaqələrin yaradılması nəzərdə tutulur. Hələlik bu cəhətdən Almaniya və Fransanın ali təhsil müəssisələri daha məqsədəuyğun sayılıb. Artıq ölkəmizin ali məktəbləri üçün müvafiq siyahılar hazırlanıb və burada həmin universitetlərin dünyadakı və regiondakı reytinqi göstərilib.

Bu əlaqələrin indiyədək olanlardan tamamilə fərqli aspektdə qurulacağını nəzərə çatdıran Misir Mərdanov qeyd etdi ki, biz Boloniya prosesinə qoşuluruqsa, mütləq dünyada və Avropada ali təhsil sistemində baş verən dəyişikliklərdən xəbərdar olmalı və tətbiq olunan yenilikləri öyrənməliyik. Buna görə də xarici ölkələrdəki universitetlərin modeli, onların idarəçilik, maliyyələşmə, kadr hazırlığı və s. sahələrdəki təcrübəsi ilə tanış olmalıyıq. Təhsil naziri bu məqsədlə universitetlərimizin nümayəndə heyətlərinin xaricə səfərlərinin təşkil ediləcəyi və ya onların bura dəvət olunacağının nəzərdə tutulduğunu bildirdi.

Müşavirədə təhsil naziri ali təhsil müəssisələrinə tələbə qəbulunun planlaşdırılması, təhsilalma şərtləri, məzunların yerləşdirilməsi və s. məsələlər barədə fikirlərini səsləndirdi. O qeyd etdi ki, ali məktəblərə qəbul aparılacaq ixtisasların siyahısı hələ təsdiqlənmədiyindən, gecikməmək üçün qəbul planı mövcud, təsdiq olunmuş ixtisaslar üzrə hazırlanmalıdır.

Sonda ali məktəblərin rektorları müşavirədə müzakirə olunan məsələlərlə bağlı rəy və təkliflərini bildirdilər.

 

Hicran ƏKBƏROVA

 

 

 

Misir Mərdanov Təhsil Nazirliyi və British Council tərəfindən həyata keçirilən birgə layihələri yüksək qiymətləndirdi

Martın 13-də Təhsil Nazirliyində British Council-in bu qurumla birgə həyata keçirilən layihələrinə həsr olunan tədbir keçirildi. Tədbirdə British Council ilə əməkdaşlıq, həyata keçirilən layihələrdə iştirak edən bir sıra ali məktəblərin rektorları, məktəb direktorları və müəllimlər, həmçinin  digər qurumların nümayəndələri iştirak edirdilər.

Təhsil naziri Misir Mərdanov tədbiri açaraq British Council-in 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərdiyindən, bu təşkilatın əsas məqsəd və məramından söz açdı. Qeyd etdi ki, adıçəkilən təşkilatın məqsədi  Böyük Britaniya və Azərbaycan arasında faydalı münasibətlər qurmaqdır. British Council fəaliyyətində təhsil komponenti prioritet təşkil etməklə, 3 aspektə xüsusi əhəmiyyət verir. Bunlar islahatlar və stabillik, iqtisadiyyat və bacarıqlar, mədəniyyətlərarası dialoqdur. İngilis dilinin tədrisi sahəsində layihələrin Təhsil Nazirliyi üçün ən əhəmiyyətlilərindən olduğunu qeyd edən Misir Mərdanov bütövlükdə  15 il ərzində nazirliklə British Council tərəfindən birgə həyata keçirilən layihələrin hər biri haqqında ətraflı danışaraq onları geniş şərh etdi.

Təhsil naziri British Council-in Cənubi Qafqaz üzrə direktoru cənab Əndi Uilyamsın 1994-cü ildən Azərbaycanda çalışdığını deyərək onun fəaliyyətindən razı qaldığını bildirdi. Cənab Əndi Uilyamsın fəaliyyətini artıq başqa bir ölkədə davam etdirəcəyini söyləyən təhsil naziri, British Council-in Azərbaycan üzrə yeni direktoru xanım Nikol de Laluvyeri tədbir iştirakçılarına təqdim etdi. Nazir  Azərbaycanda təhsilin inkişafı sahəsində səmərəli fəaliyyətinə, Böyük Britaniya - Azərbaycan təhsil əlaqələrinin inkişafında xidmətlərinə görə British Council-in Cənubi Qafqaz üzrə direktoru cənab Əndi  Uilyamsı Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif etdi və ona gələcək işlərində uğurlar arzuladı. 

Cənab Əndi Uilyams Azərbaycanda çalışmaqdan böyük zövq aldığını deyərək, ona yaradılan imkan və şəraitə, eyni zamanda əməyinə belə yüksək dəyər verdiyinə görə təhsil naziri Misir Mərdanova  dərin təşəkkürünü bildirdi. Bu ölkədə hər zaman ona doğma münasibət göstərildiyini deyən cənab Əndi Uilyams ölkəmizin sürətlə inkişaf etdiyini  bildirərək ,xüsusilə  təhsilimizdə gedən müsbət dəyişikliklərdən razılıqla danışdı.

çıxış üçün söz alan British Council-in yeni direktoru Nikol de Laluvyer azərbaycanlı həmkarları ilə ilk dəfə görüşməsindən məmnunluq hissi keçirdiyini dedi. Qeyd etdi ki, o, may ayından fəaliyyətə başlayacaq. Xanım Nikol de Laluvyer belə səmimi qarşılandığına görə hamıya münnətdarlığını bildirdi. Azərbaycanda bu cür layihələrin davamlı, eyni zamanda uğurlu olacağına ümidvar olduğunu deyən yeni rəhbər buna tam hazır olduğunu qeyd etdi.

Tədbiri təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq qarşıdan gələn Novruz bayramı münasibətilə hamını təbrik etdi, xoş arzularını söylədi.

Sonda British Council-in nümayəndələri təhsil naziri Misir Mərdanovla xatirə şəkli çəkdirdilər.

Samirə KƏRİMOVA

 

 

 

Təhsil Nazirliyində görüş

Martın 12-də təhsil naziri Misir Mərdanov İslam İnkişaf Bankının departament direktorunun müavini cənab Məhəmməd Rza Yusifxan, bankın baş mütəxəssisi Rauf Məmmədov, Azərbaycan üzrə nümayəndəsi Zaur Cəfərli ilə görüşüb.

Misir Mərdanov qonağa ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, təsdiq olunmuş Dövlət Proqramı, eyni zamanda yerli və beynəlxalq qurumlarla birgə bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Sonra nazir ölkəmizin texniki peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və inkişafı məqsədilə İslam İnkişaf Bankı ilə əməkdaşlığın yaradılması, həyata keçiriləcək yeni layihəyə əsasən bankdan texniki yardım və qrant ayrılması məsələsindən söz açıb. Eyni zamanda müvafiq layihə üzrə Bakı şəhərində 1, Saatlı rayonunda isə 2 peşə təhsili müəssisəsində iş aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb və müvafiq tələbatın öyrənilməsinin əsas şərt olduğunu vurğulayıb. Layihənin əsas məqsədinin texniki peşə təhsili müəssisələrinin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması olduğunu bildirən Misir Mərdanov bununla bağlı rəy və təkliflərini qeyd edib.

Nazir layihənin "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"na uyğun olaraq həyata keçiriləcəyini açıqlayıb.

Cənab Məhəmməd Rza Yusifxan təmsil olunduğu qurumun öz fəaliyyətində təhsilin inkişafına xüsusi yer ayırdığını, nəzərdə tutulan layihəyə lazımi dəstək göstərməyə hazır olduqlarını bildirib. Qonaq, həmçinin layihənin maliyyələşdirilməsi və bir sıra mühüm istiqamətlərlə bağlı fikirlərini qeyd edib.

Görüşdə milli və beynəlxalq məsləhətçilərin layihə sənədini hazırlaması, nümunəvi peşə təhsili müəssisəsinin yaradılması, peşə məktəblərinin modelinin təkmilləşdirilməsi ilə bağlı müzakirə aparılıb.