· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Azərbaycan Milli Elmlər Akademiyasında Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş tədbirdə təhsil naziri cənab Misir Mərdanovun çıxışı

 

Hörmətli konfrans iştirakçıları!

Hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə elm və təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olmuşdur. Bütün dövrlərdə cəmiyyətin tələbatı elmin və təhsilin inkişafını sürətləndirmiş, elmi-texniki tərəqqi isə təhsil sistemi qarşısında həlli vacib daha mürəkkəb vəzifələr qoymuşdur. Qloballaşmanın geniş vüsət aldığı informasiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrində rəqabətin gücləndiyi, habelə zaman ötdükcə təbii resursların azaldığı müasir dövrdə hər iki amilin rolu artmaqdadır. Onu da qeyd etmək lazımdır ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında elmin və təhsilin rolu indiki qədər heç vaxt aktual olmamışdır.

İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, yalnız o dövlətlər inkişaf edir ki, orada təhsilin əhəmiyyəti cəmiyyət tərəfindən kifayət qədər dərk olunur və təhsilə hərtərəfli ictimai dəstək formalaşır. Məhz belə bir yanaşma ilə ölkənin davamlı inkişafına yönəlmiş rəqabətqabiliyyətli təhsil sistemi formalaşdırmaq mümkündür.  

Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Bu, hazırkı mərhələdə elmin və təhsilin əsas vəzifələrindən biridir. ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə etmişlər. Bu ölkələrdə inkişafa təsir göstərən amillər içərisində təhsilin çəkisi hissolunacaq dərəcədə yüksəkdir və təxminən 70 faiz təşkil edir. 

Dünya Bankının apardığı tədqiqatın nəticələri göstərir ki, ABŞ-ın milli sərvətinin 76 faizini insan kapitalı, 19 faizini istehsal, 5 faizini təbii resurslar təşkil edir. Avropa ölkələrində insan kapitalı 74, istehsal 24, təbii resurslar yalnız 2 faiz təşkil edir. Rusiyada isə insan kapitalı 50, istehsal 10, təbii resurslar 40 faiz səviyyəsindədir. 

Hörmətli konfrans iştirakçıları!

Məlumdur ki, Azərbaycan təbii resurslarına görə zəngin bir ölkədir, lakin uzun müddət bu resurslar ölkənin milli maraq və mənafeyinə  xidmət göstərməmiş, əsasən keçmiş İttifaqın cari ehtiyaclarına yönəldilmişdi. Hələ sovet dövründə bu vacib məsələ Heydər Əliyevi daim düşündürürdü, lakin o zaman hər hansı bir təşəbbüsün həyata keçirilməsi imkanları məhdud idi. Yalnız müstəqillik illərində bu təbii resursların ölkəmizin indisi və gələcəyi üçün zəruri olan insan kapitalına çevrilməsi imkanları yarandı. Bu amilin nə qədər vacib olduğunu yaxşı bilən ümummilli liderimizin müdrik siyasəti, dəmir məntiqi, polad iradəsi nəticəsində daxili və xarici müqavimətlər dəf olundu və Azərbaycanın müstəqilliyinin əsas qarantı olan "Əsrin müqaviləsi" imzalandı, bu tarixi hadisənin nəticəsi olaraq, sonralar digər enerji və infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün şərait yaradıldı.

Hörmətli konfrans iştirakçıları!

Tarixə nəzər salsaq, çox az dövlət xadimi göstərmək olar ki, öz xalqının, vətəndaşı olduğu ölkənin ictimai-siyasi, sosial-iqtisadi, milli mənəvi tərəqqisindəki xidmətləri ilə ulu öndərimiz səviyyəsinə yüksələ bilsin.

İnkarolunmaz həqiqətdir ki, ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin dirçəlişi və dinamik inkişafı, eləcə də dövlət müstəqilliyinin möhkəmləndirilməsi, qısa bir zamanda Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması, sürətlə dünya birliyinə inteqrasiyası bilavasitə Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır, bu dövr ölkəmizin inkişafında xüsusi mərhələ təşkil edir.

Ulu öndərin genişmiqyaslı, çoxcəhətli fəaliyyətində elmin, təhsilin inkişafına diqqət və qayğı prioritet sahə kimi daim mühüm yer tutmuşdur. Təhsilin aktual problemlərini və perspektivlərini incəliklərinə qədər dərindən bilən, onun cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini yüksək qiymətləndirən dahi rəhbərin təhsillə bağlı dəyərli ideyaları, sözün əsl mənasında, müasir təhsil tariximizin nadir incilərindəndir. Güclü məntiqə, qibtə olunası uzaqgörənliyə əsaslanmış həmin ideyalar, tarixi tövsiyələr həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycan təhsilinin inkişaf proqramına çevrilmişdi. Bu böyük şəxsiyyətin hələ sovet ideologiyasının hökm sürdüyü illərdə təhsil sahəsi ilə bağlı irəli sürdüyü fikirləri, gördüyü işləri bu günlə müqayisə etdikdə, zamanı necə və hansı səviyyədə qabaqladığının bir daha şahidi oluruq.  Təhlil göstərir ki, ulu öndər öz fəaliyyətində təhsilin bütün pillələrinin inkişafı, onun məzmunu, idarə olunması, təlim-tərbiyə prosesinin mahiyyəti, cəmiyyətdə müəllimin rolu barədə konseptual müddəalar irəli sürmüşdür.

Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəriciləri təhsilin ayrı-ayrı pillələrinin geniş şəbəkəsinin, maddi-texniki bazasının, güclü elmi-pedaqoji kadr potensialının yaranması, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu, respublikada azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, milli özünüdərkin təmin edilməsi, xalqın tarixi yaddaşının özünə qaytarılması, milli dövlətçilik hisslərinin güclənməsi gələcək inkişafın güclü təməlini qoymuşdu.

Həmin dövrdə Azərbaycanda məktəbəqədər təhsil müəssisələrindən tutmuş ali məktəblərədək bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlmiş, bu istiqamətdə ardıcıl aparılan dövlət siyasəti xalqımızın təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır.

Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev bu dövlətin qurulması, inkişafı, dünyada tanınması sahəsində çoxsaylı tarixi addımlar atmışdır, fikrimizcə, bu addımların ən uğurlusu ondan ibarətdir ki, həmin siyasət hazırda Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir və Azərbaycan dünyada siyasi cəhətdən ən stabil ölkələr sırasına çıxaraq iqtisadi inkişaf tempinə görə lider ölkəyə çevrilmişdir.

Hörmətli konfrans iştirakçıları!

ümumi təhsil pilləsinin vətəndaşların müstəqil həyata hazırlanmasında mühüm rolu danılmazdır. Məhz orta təhsil vasitəsilə cəmiyyətin iqtisadi, mədəni və sosial inkişafının həlledici qüvvəsi olan şəxsiyyətin formalaşdırılmasının əsası qoyulur. Heydər Əliyevin uzaqgörən siyasəti ilə respublikada aparılan genişmiqyaslı məktəb tikintisi ümumi təhsil göstəricilərinin yaxşılaşdırılmasına güclü təkan vermişdi. Belə ki, 1970-75-ci illərdə Azərbaycanda ümumilikdə 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmiş, nəticədə şagirdlərin bir növbədə oxuma göstəricisi 75 faizə yüksəlmişdisə, cənab İlham Əliyevin bu kursu uğurla davam etdirməsi nəticəsində son illərdə 250 mindən çox şagird yerlik 1220 yeni məktəb inşa olunmuş, 1600-dək məktəb müasir avadanlıqla təchiz edilmisdir. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi və təhsilin inkişafı sahəsində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan və onun ideyalarının daşıyıcısı olan Fondun əvəzsiz xidmətlərini də xüsusi qeyd etməyi özümə borc bilirəm.

ümumi təhsilin dövlət və cəmiyyət qarşısında ən mühüm vəzifələrindən biri də istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması və onların davamlı inkişafı üçün lazımi şəraitin yaradılmasıdır. İstedadlı insanlar hər bir ölkənin əvəzolunmaz intellektual sərvəti, həm də həmin ölkələrdəki təhsil səviyyəsinin real göstəricisidir. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək, "Gələcək bilikli, elmli, istedadlı insanların çiyinləri üstündə qurulur". Məhz ümummilli liderimizin proqram xarakterli bu müddəası, eləcə də XXI əsrdə davamlı insan inkişafına yönəlmiş təhsil siyasəti möhtərəm Prezidentimiz İlham Əliyevin təsdiq etdiyi 2006-2010-cu illəri əhatə edən "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"nın  əsasını təşkil etmişdir.

Təsadüfi deyil ki, ümummilli liderimizin müəllimə, müəllim peşəsinə və öz müəllimlərinə münasibəti hər zaman diqqətəlayiq olmuşdur. Ulu öndərimiz "Müəllim adı ən yüksək addır. Mən müəllimdən yüksək ad tanımıram", "Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır" deməklə, əslində, müəllimin necə yüksək statusa malik olduğunu, müasir dövrdə müəllimin missiyasının nədən ibarət olduğunu bəyan etmişdir. ümummilli liderimizin bu ideyalarını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2007-ci ilin sentyabrında müəllim əməyinin stimullaşdırılması və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" tarixi sərəncam imzalamaqla, son illərdə 800-dən çox təhsil işçisini dövlətin ən yüksək təltiflərinə layiq görməklə Heydər Əliyevin ideyalarına sadiqliyini bir daha nümayiş etdirir.

Hörmətli konfrans iştirakçıları!

Yeri gəlmişkən onu da qeyd etmək istərdim ki, əvvəlki illərdən fərqli olaraq müasir dövrdə müəllim hər bir dərsi təhsil alanlarla pedaqoji əməkdaşlıq prosesinə çevirməyi, onların təşəbbüskarlığını, təlim müstəqilliyini layiqincə qiymətləndirməyi, onları yaradıcı fəaliyyətə, tədqiqatçılığa istiqamətləndirməyi, onlarda öz potensial imkanlarına inam oyatmağı bacarmalıdır. Müxtəlif səviyyəli uşaqlar və gənclərlə işləmək, onlara dövrün tələbinə uyğun həyati bacarıqlar aşılamaq, onları düşünməyə, ən başlıcası, qeyri-standart düşünməyə sövq etmək, bilikləri müstəqil mənimsəməyə yönəltmək, təlim prosesində qeyri-ənənəvi mütərəqqi üsullar tətbiq etmək-fikrimizcə bütün bunlar indiki dövrdə müəllimin pedaqoji ustalığını və metodik kamilliyini şərtləndirən əsas xüsusiyyətlərdir. Bu günün müəllimi daha çox təşkilatçılığı, istiqamətvericiliyi ilə fərqlənməli, təhsil alanlara "öyrənməyi öyrətməyi" bacarmalıdır.

Diqqətinizə onu da çatdırmaq istəyirəm ki, həm sovet dövründə, həm də müstəqillik illərində orta məktəb şagirdləri üçün məzmun və poliqrafik cəhətdən dövrün tələblərinə cavab verən dərsliklərin hazırlanması və şagirdlərə pulsuz çatdırılması ideyası da məhz Heydər Əliyevə məxsusdur. Həmin kursun davam etdirilməsi nəticəsində bu gün Azərbaycan MDB məkanında yeganə ölkədir ki, birinci sinifdən onbirinci sinfədək bütün şagirdlər dərsliklərlə pulsuz təmin edilir.

Əlamətdar haldır ki, bir neçə il bundan əvvəl ciddi problemə çevrilmiş, məktəblərin latın qrafikası ilə çap olunmuş dərs vəsaitləri, əlavə oxu materialları və xəritələrlə təminatı məsələsi də indi öz həllini tapmışdır.

Müasir dövrdə hər bir ölkədə intellektual və elmi potensialın, yüksək səviyyəli idarəetmənin, sosial-iqtisadi inkişafın ən vacib göstəricisi məhz İKT-nin tətbiqi  ilə bağlıdır. İKT-nin cəmiyyətin inkişafında rolunu yüksək qiymətləndirən ulu öndərin tapşırığı ilə bu mühüm sahə üzrə milli strategiya hazırlandı və 1997-ci ildə qəbul edildi. İKT-nin təhsil sistemində daha geniş tətbiqi isə möhtərəm Prezidentimiz İlham Əliyevin bu strategiyanı ardıcıl olaraq davam etdirməsi sayəsində mümkün olmuşdur. Nəticədə ümumtəhsil məktəblərində təhsil alan hər 29 şagirdə 1 kompüter nisbəti təmin edilmiş, ölkəmizin təhsil tarixində ilk dəfə olaraq elektron təlim materialları hazırlanıb məktəblərə çatdırılmışdır. Halbuki 2004-cü ildə hər 1000 şagirdə 1 kompüter düşürdü.

1999-cu il iyunun 15-də-Milli Qurtulus Gunu  Prezidentin sərəncamı ilə təsdiq olunmuş təhsil sahəsində İslahat Proqramının əsasını da Heydər Əliyevin təhsilimizin gələcək inkişafı ilə bağlı ideyaları, proqram xarakterli fikirləri təşkil etmişdir. Proqramda təhsilin gələcək inkişaf konsepsiyası və strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında islahatların aparılması nəzərdə tutulmuşdu. Həmin sənəd hazırlanarkən ölkəmizdə təhsil sisteminin ayrı-ayrı inkişaf mərhələləri, xüsusən 1970-1980-ci illərdə təhsil sahəsində toplanmış tarixi təcrübə ciddi şəkildə nəzərə alınmışdı.

O dövrdə islahatlar prosesinə Dünya Bankının qoşulması, digər beynəlxalq təşkilatların bu prosesdə fəal iştirakı, Azərbaycan təhsilinin dünya təhsil sisteminə sürətli inteqrasiyası, inkişaf etmiş ölkələrlə təhsil sahəsində partnyorluq əlaqələrinin genişləndirilməsi, əslində, Heydər Əliyev şəxsiyyətinin beynəlxalq aləmdə böyük nüfuzu ilə əlaqədar idi.

Onu da nəzərinizə çatdırım ki, vaxtilə ümummilli liderimiz tərəfindən təsdiq olunmuş İslahat Proqramına əsasən təhsilin məzmunu, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi, müəllim hazırlığı, təhsilin idarə olunması, maliyyələşdirilməsi sahəsində islahatlar ölkə başçısının diqqəti və qayğısı nəticəsində bu gün uğurla davam etdirilir.

Hörmətli konfrans iştirakçıları!

Cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində ali təhsilin müstəsna əhəmiyyəti danılmazdır. Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz ali təhsil sosial-iqtisadi və mədəni sahələrdə davamlı inkişafa təkan verən real qüvvə hesab edilir.

Ali təhsilin cəmiyyətin inkişafında müstəsna əhəmiyyətini dərindən bilən və həmişə onu diqqət mərkəzində saxlayan Heydər Əliyevin göstərdiyi səylər nəticəsində həmin təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, keyfiyyətin yüksəldilməsi, sağlam mənəvi mühitin formalaşdırılması, keçmiş İttifaqın qabaqcıl ali məktəblərində azərbaycanlıların təhsilinin, o cümlədən hərbi təhsilinin təşkili, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu ənənənin bərpası, müstəqilliyin ilk illərində ali təhsil sahəsindəki ciddi problemlərin həlli bu gün öz bəhrəsini verməkdədir.

Həmin ideyaların uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün dünyanın 40-a yaxın ölkəsində 3000-dən artıq azərbaycanlı gənc, Azərbaycanın ali  məktəblərində isə 6500-dən çox əcnəbi tələbə təhsil alır. Qara qızılın insan kapitalına çevrilməsini bəyan edən Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş və 2015-ci ilədək 5000 nəfər azərbaycanlı gəncin dünyanın aparıcı ali məktəblərində təhsil almalarını nəzərdə tutan Dövlət Proqramı da Heydər Əliyev siyasətinin uğurlu davamıdır.

Daha bir maraqlı məqam... Məlumdur ki, Azərbaycan bu gün haqqında daha çox danışılan və müzakirələr obyektinə çevrilən Boloniya Bəyannaməsinə rəsmi olaraq 2005-ci ilin mayında qoşulmuşdur. Lakin çox əlamətdardır ki, ulu öndərimiz bu Bəyannamədə təsbit olunmuş əsas məqsədlərin mahiyyətini hələ 6 il əvvəl-1999-cu ilin martında keçirilmiş Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyasının iclasındakı yekun nitqində belə ifadə etmişdir: "Azərbaycanın təhsil müəssisələrində təhsil alan insanların və xüsusən ali məktəbləri bitirənlərin bilik səviyyəsi və onların biliklərini təsdiq edən sənədlər gərək dünyanın inkişaf etmiş ölkələrinin ali məktəblərinin bilik səviyyəsinə uyğunlaşdırılsın. Onların prinsiplərinə uyğunlaşdırılsın ki, Azərbaycanda təhsil almış və mühəndis diplomu almış bir insan başqa ölkələrdə də həmin diplomla qəbul edilə və fəaliyyət göstərə bilsin".

Məhz ali təhsil pilləsinin inkişafı zəruriliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci ilin yanvarında "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzaladı. Sərəncama əsasən "2008-2012-ci illərdə ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın layihəsi hökumətə təqdim edildi.

Proqram layihəsində Boloniya Bəyannaməsinə və beynəlxalq təhsil təcrübəsinə uyğun olaraq, ali təhsilin normativ hüquqi bazasının yeniləşdirilməsi, məzmununun təkmilləşdirilməsi, müəssisələrin strukturunun və idarə olunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, keyfiyyətin təmin olunması, kadr hazırlığı, elmi-tədqiqat işlərinin, maddi-texniki bazanın müasir tələblərə uyğun qurulması, yeni maliyyələşdirmə mexanizmlərinin tətbiqi nəzərdə tutulmuşdur.

Yeri gəlmişkən onu da qeyd edim ki, bu gün ölkəmizdə fəaliyyət göstərən 1696 elmlər doktorunun 1150-si və ya 67,8 faizi, 8644 elmlər namizədinin isə 5565 nəfəri və ya 64,4 faizi təhsil müəssisələrində çalışır.

Hörmətli konfrans iştirakçıları!

Məlum həqiqətdir ki, təhsil elmsiz, elm təhsilsiz inkişaf edə bilməz. Bu iki strateji sahə biri-biri üçün tədqiqat və tətbiq obyektidir. Onların vəhdətini, qarşılıqlı zənginləşməsini, ümumi məqsədlərə yönəldilməsini təmin etmədən cəmiyyətdə davamlı inkişafa nail olmaq qeyri-mümkündür. İnanırıq ki, möhtərəm Prezidentimizin "Azərbaycan elmində islahatların aparılması ilə bağlı dövlət komissiyasının yaradılması haqqında" 10 aprel 2008-ci il tarixli sərəncamı da məhz bu məqsədə xidmət edir və bu mühüm sahənin inkişafında əsaslı dəyişikliklərə səbəb olacaqdır.

ümummilli lider Heydər Əliyevin yaratdığı etibarlı zəmin əsasında müstəqil Azərbaycanda təhsil sistemində irimiqyaslı islahatlar prosesi artıq dönməz xarakter almış, Prezident İlham Əliyevin təhsil sisteminə diqqət və qayğısı sayəsində bütün təhsil pillələrini əhatə edən İnkişaf Proqramları təsdiq olunaraq reallaşdırılmağa başlanmışdır.

Müsbət haldır ki, son illər cəmiyyət tərəfindən təhsilin əhəmiyyəti daha ciddi qəbul olunmağa başlanmışdır. Fikrimizcə, bunun əsas səbəblərindən biri cənab İlham Əliyevin bütün çıxışlarında və fəaliyyətində təhsili prioritet səviyyəyə qaldırması, "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir", - deməklə ölkənin inkişafında təhsilin müstəsna rolunu bəyan etməsi ilə bağlıdır.

Son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları, bu sahədə aparılan məqsədyönlü islahatlar, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, xüsusilə ölkə Prezidentinin təhsilə böyük diqqət və qayğısı bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özunün zəngin mütərəqqi ənənələrinə, milli mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi strateji kursla daha da inkişaf edəcəkdir.

Hörmətli konfrans iştirakçıları!

Şübhəsiz, bir məruzə çərçivəsində dahi şəxsiyyət Heydər Əliyevin təhsilin inkişafı ilə bağlı tarixi xidmətlərini təfərrüatı ilə açmaq qeyri-mümkündür.

Heydər Əliyevin bizlərə və gələcək nəsillərə ərməğan etdiyi zəngin irs qiymətli bir xəzinədir. Əminəm ki, illər ötəcək, nəsillər bir-birini əvəz edəcək, Azərbaycan xalqının milli iftixarı olan Heydər Əliyevin işıqlı təfəkküründən süzülüb gələn dəyərli ideyalar uğurlu gələcəyə gedən yollarımızda əbədi məşəl kimi daim şölələnəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.