· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Milli Kurrikulum əsasında dərslik komplektlərinin hazırlanmasına həsr olunan müşavirə

Aprelin 18-də Təhsil Nazirliyində nazir Misir Mərdanovun iştirakı ilə respublikanın ümumtəhsil məktəblərinin I sinifləri üçün 2008-2009-cu dərs ilinə Milli Kurrikulum əsasında dərslik komplektlərinin hazırlanması ilə bağlı görülən işlərə həsr olunmuş müşavirə keçirildi.

Tədbirdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, nazirliyin şöbə müdirləri, Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri, ekspertlər və respublikadakı bir sıra nəşriyyatların direktorları iştirak edirdilər.

Müşavirəni  təhsil naziri Misir Mərdanov açaraq  müzakirə edilən məsələnin hamı üçün olduqca aktual və vacib olduğunu dedi. Nazir məlumat üçün bildirdi ki, 2008- 2009-cu tədris ilinə ümumi təhsilin milli kurrikulumu əsasında I siniflər üçün dərslik komplektləri (dərslik, müəllim üçün vəsait və şagirdlər üçün iş dəftərləri) hazırlanmalı və çap olunmalıdır. Bu təlim dilləri üzrə 13 adda dərslik, müəllimlər üçün 21 adda vəsait, şagirdlər üçün 15 adda iş dəftəri deməkdir. Dərslik və müəllimlər üçün vəsaitlər dövlət vəsaiti hesabına, iş dəftərləri isə nəşriyyatların vəsaiti hesabına çap olunacaqdır. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap ediləcək dərslik komplektlərinin (iş dəftərləri istisna olmaqla) nəşri və çapı işlərinin satınalmasının ikimərhələli tender üsulu ilə keçirilməsinə razılıq verilməsi barədə satınalmalar üzrə Dövlət Agentliyinə müraciət olunmuş və müsbət cavab alınmışdır.

Təhsil Nazirliyinin 1 avqust 2007-ci  il tarixli, 942 nömrəli əmri ilə tender komissiyası yaradılıb. Tenderin "Əsas şərtlər toplusu"nun hazırlanması ilə bağlı beynəlxalq məsləhətçi cənab Tim Hant Bakıda olub, özünün bir sıra tövsiyələrini verib. O, həmçinin dərslik komplektlərinin dəyərləndirilməsi meyarları ilə də əlaqədar seminar- müşavirələr keçirib.

Nazir onu da qeyd etdi ki, dərslik komplektlərinin qiymətləndirilməsi müstəqil qurum olan Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən həyata keçiriləcəkdir.

Tenderdə 10 nəşriyyat-poliqrafiya müəssisəsi iştirak etmək barədə müraciət edib. ümumiyyətlə, bununla bağlı elanda verilmiş təlim dilləri üzrə (Azərbaycan və rus) 12 lot üzrə 31 təklif daxil olunmuşdur.

Dərslik komplektlərinin hazırlanmasına kömək məqsədilə YUNİSEF-in Azərbaycan nümayəndəliyinin xətti ilə beynəlxalq məsləhətçi Timoti Horsler də Bakıya dəvət olunmuş, onun iştirakı ilə nazirliyin müvafiq şöbəsinin əməkdaşları, Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri, nəşriyyat rəhbərləri və dərslik müəllifləri üçün ayrı-ayrılıqda seminar-müşavirələr keçirilib. Bununla yanaşı, dərslik komplektlərinin hazırlanması və onların dəyərləndirmə meyarlarına uyğunluğu ilə bağlı YUNİSEF-in Azərbaycan nümayəndəliyinin xətti ilə Rumıniyadan 3 beynəlxalq ekspert Bakıda olmuş, dərslik müəllifləri,dəyərləndirici ekspertlər qrupu ilə seminar-müşavirələr keçirmişlər. Bundan əlavə, ümumi təhsilin Milli Kurrikulumu əsasında 2008-2009-cu tədris ilinə hazırlanan dərslik komplektlərinin qiymətləndirməsi sahəsində təcrübənin öyrənilməsi məqsədilə Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin əməkdaşları, Dərslikləri Qiymətləndirmə Şurasının sədri və üzvləri, eləcə də dərslik komplektlərini qiymətləndirəcək ekspertlərdən ibarət 12 nəfərlik bir qrup 7 gün müddətində Türkiyənin Ankara  şəhərində ezamiyyətdə olublar.   

Türkiyə Respublikasının  Təhsil Nazirliyinin  Təlim-tərbiyə kurulunda və nazirliyin təhsil pillələri üzrə bir neçə qurumunda olan Azərbaycan nümayəndə heyəti dərslik komplektlərinin hazırlanması, qiymətləndirilməsi prosesi ilə tanış olaraq, bu barədə müəyyən bilgilər əldə edib.

Milli Kurrikulum əsasında dərslik komplektlərinin hazırlanması, tender iddiaçıları üçün prosedurqabağı görülən işlər  barəsində  geniş danışan nazir hazırda qarşıda duran əsas vəzifələrdən söz açdı. Bunların Milli Kurrikulum əsasında hazırlanacaq dərslik, müəllim üçün vəsait və şagirdlər üçün iş dəftərlərini Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən vaxtında qiymətləndirilməsi işinin təşkili, keyfiyyət meyarları üzrə keçid balını toplamış dərslik və müəllim üçün vəsaitlərə dair tender iddiaçılarından qiymət təkliflərinin qəbul edilməsi, tender qaliblərini müəyyənləşdirmək, dərslik və müəllim üçün vəsaitlərin çapını təmin etmək olduğunu dedi.

Bütün bunları tədbir iştirakçılarının diqqətinə çatdıran nazir təşkilati işlərin vaxtında başa çatdırılması, eyni zamanda həmin istiqamətdə digər məsələlərin də uğurla  həll olunması üçün Dərslikləri Qiymətləndirmə Şurasının üzvlərinə, ekspertlərə və naşirlərə bir sıra dəyərli tövsiyələr verdi.

Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən müşavirədə çıxış üçün söz alan Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadə bu qurumun görəcəyi, həyata keçirilməsi nəzərdə tutulan işlərdən danışdı.  Sonra təhsil nazirinin müavini İsgəndər İsgəndərov, nazirliyin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı,  Dərslikləri Qiymətləndirmə Şurasının  üzvlərindən, AMEA-nın müxbir üzvləri, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov, kimya elmləri doktoru, professor Vaqif Abbasov, nəşriyyat direktorlarından Əlövsət Osmanlı ("Pedaqogika"), Bəhruz Axundov ("Təhsil Nəşriyyat-Poliqrafiya" MMC), Zaur İsayev ("Bakı")  və başqaları  müzakirə olunan məsələlərə münasibət bildirərək fikir və mülahizələrini söylədilər.

 

Samirə KƏRİMOVA

 

 

 

 

Türkiyənin yeni səfiri Təhsil Nazirliyində

Aprelin 18-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri cənab Hulusi Qılıncı qəbul etdi.

 Misir Mərdanov Azərbaycana səfir təyin olunduqdan sonra Təhsil Nazirliyinə ilk dəfə gələn hörmətli qonağı səmimi salamladı və onunla burada görüşməsindən məmnun olduğunu  bildirdi. Nazir cənab səfirin Azərbaycanda çalışdığı müddətdə iki qardaş ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrini daha yüksək səviyyəyə qaldıracağına ümid etdiyini dedi.

Türkiyənin Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin ölkələrimiz arasındakı səmimi münasibətləri dərinləşdirdiyini, onların işinin əhali tərəfindən rəğbətlə qarşılandığını deyən Misir Mərdanov bu mənada hələ də istifadə olunmamış böyük imkanlardan söz açdı.

O, Türkiyə və Azərbaycan tarixlərinin artıq ayrılmaz bir vəhdətdə öyrənilməsinin vaxtı çatdığını deyərək ortaq Azərbaycan-Türkiyə tarixi dərsliyi buraxılmasının zəruriliyini vurğuladı və bu işdə ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin nümunə olacağını bildirdi.

Görüşdə nazir daha sonra gələcəkdə iki ölkə arasında təhsil sahəsində yaranacaq əməkdaşlığa dair digər məsələlərə də toxundu və həyata keçiriləcək  tədbirlərdən  bəhs etdi.

Türkiyənin Azərbaycandakı səfiri cənab Hulusi Qılınc ölkəmizdə fəaliyyətə başladığı gündən Prezident cənab İlham Əliyevdən və Azərbaycan xalqından gözəl münasibət və doğmalıq gördüyünü, buna görə də özünü vətənində hiss etdiyini dedi və bu səmimiyyətə görə təşəkkürünü bildirdi. Hörmətli qonaq Şəhidlər xiyabanını ziyarət edərkən 1918-ci il hadisələrini xatırladığını, yollarımızı sərhədlər kəssə də, ürəklərimizin həmişə bir olduğunu söylədi. Hulusi Qılınc Azərbaycanda "1 millət, 2 dövlət"in bir elçisi olmağa çalışacağını bildirərək burada fəaliyyət göstərən təhsil müəssisələrinə verilən dəstəyə görə minnətdarlıq etdi.

Səmimi dostluq şəraitində keçən görüşün sonunda təhsil naziri Misir Mərdanov hörmətli qonağa bir daha Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar dilədi və ən xoş arzularını bildirdi.

Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil işləri üzrə müşaviri Səlahəddin Dikmən, eləcə də Təhsil Nazirliyinin məsul işçiləri iştirak edirdilər.

Hicran ZöHRABQIZI