· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

AMEA-da beynəlxalq konfrans

Aprelin 23-də AMEA-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkil etdiyi tədbirə dəvət olunan xarici qonaqlar, alimlər, elm və təhsil ictimaiyyətinin nümayəndələri və tanınmış ziyalılar öncə foyedə hazırlanmış "Heydər Əliyev irsi və onun tədqiqi" adlı sərgi ilə tanış oldular.

 

AMEA-nın prezidenti, akademik Mahmud Kərimov konfrans iştirakçılarını salamlayaraq giriş sözü ilə çıxış etdi. O, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə çox mühüm məna yükü daşıyan fenomenə çevrildiyini, məhz bu səbəbdən artıq neçə illərdir ki, xalqın onun doğum gününü ən əziz bayramlardan biri kimi qeyd etdiyini dedi. Mahmud Kərimovun sözlərinə görə, Heydər Əliyev şəxsiyyətini dəyərləndirmək fikrində olmaq tarixə, zamana, gələcəyə qiymət vermək iddiasında olmaq  qədər çətindir. çünki bu tarixi şəxsiyyətin fəaliyyətinin hər bir səhifəsi 40-50 illik Azərbaycan tarixinin mərhələləri ilə üst-üstə düşür, müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı ilə, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Mahmud Kərimov Heydər Əliyevin keçdiyi ömür yolunun zəngin bir həyat eksiklopediyası olduğunu, bundan sonra hələ neçə-neçə nəslin bu zəngin ensiklopediyanı fəsil-fəsil öyrənəcəyini, özünə bir əqidə yolu seçəcəyini dedi. Qeyd etdi ki, indi ölkə Prezidenti cənab İlham Əliyev onun siyasi kursunu dövrün tələbləri səviyyəsində yaradıcılıqla həyata keçirir. Heydər Əliyevin böyük diqqət yetirdiyi Azərbaycan elminin inkişaf tempi bu gün dövlət siyasətinin tərkib hissəsidir. Biz elm adamları böyük məmnunluq hissi keçiririk ki, ölkə başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin elm, təhsil, mədəniyyət və digər sahələrə göstərdiyi qayğını ardıcıl davam etdirərək bir sıra çox mühüm qərarlar qəbul etmişdir.

Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan elminin sabahı möhkəm, sarsılmaz təməl üzərində qurulur.

Sonra söz məruzəçilərə verildi. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov "Heydər Əliyev və Azərbaycanda təhsil islahatları" mövzusunda məruzə ilə çıxış etdi. (Məruzə qəzetin bu nömrəsində dərc olunur).

Sonra konfrans iştirakçılarına digər məruzələr təqdim olundu. AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev "Heydər Əliyev və Azərbaycan mənəviyyatı" və ADPU-nun tarix fakültəsinin dekanı, professor Oqtay Sultanov "Heydər Əliyev və Azərbaycanın praqmatik xarici siyasət kursu" mövzularında məruzələrlə çıxış etdilər.

Məruzələr başa çatdıqdan sonra  çıxış üçün söz alan natiqlər - "Varlıq" jurnalının yaradıcısı və redaktoru Cavad Heyət, TRT-nin Azərbaycan redaksiyasının rəhbəri Seyfəddin Altaylı və akademik İsmayıl İbrahimov Heydər Əliyevin xalq və dövlət üçün müstəsna xidmətlərindən bəhs etdilər, ulu öndərin yüksək insani keyfiyyətlərindən söz açaraq onunla bağlı xatirələrini danışdılar.

Bununla da ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans öz işini başa çatdırdı.

 

Hicran ƏKBƏROVA

 

 

 

 

Ulu öndərə həsr olunmuş elmi-nəzəri konfrans

Aprelin 18-də Binəqədi rayonundakı Ə.Şıxlinski adına 135 nömrəli orta məktəbdə dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirildi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Sadəgül Həsənova açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdə olduğu dövrdə ölkənin inkişafı naminə gördüyü nəhəng işlərdən, dövlətçiliyimizin möhkəmləndirilməsi yolundakı misilsiz xidmətlərindən bəhs etdi. Ulu öndərin adının və əməllərinin xalqımızın yaddaşında həmişə yaşayacağını bildirdi.

Sonra söz uşaqlara verildi. III "A" sinif şagirdləri sinif müəllimi Rəfiqə Əkbərovanın rəhbərliyi altında Dövlət himnini oxudular. Məktəblilər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər. ümummilli lider Heydər Əliyevə həsr olunmuş "Böyük ömrün anları" kino lentindən fraqmentlər göstərildi. "Heydər Əliyev kursu əbədidir" mövzusunda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov bildirdi ki, Azərbaycan Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra böyük uğurlar qazanmışdır. ölkədə iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə böyük irəliləyişlər olmuşdur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov bildirdi ki,  Azərbaycan çətin vəziyyətə düşəndə ulu Tanrı böyük öndərimizi xilaskar kimi göndərdi və  o, xalqımızı düşdüyü bu bəladan qurtara bildi. Hazırda Azərbaycanda 4508-ə yaxın orta məktəb var ki, bunların 1200-ü Heydər Əliyev hakimiyyətdə olanda tikilib istifadəyə verilmişdir.

Məktəbin tarix müəllimi Səlimə Qasımova "Xalqa mənsub olan həyat" mövzusundakı çıxışında dahi şəxsiyyətin nəsillərə nümunə olan ömür yolundan danışdı.

Tədbirdə çıxış edənlər bir fikri xüsusi vurğuladılar ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri çox böyükdür. Onun keçdiyi həyat yolu adi həyat yolu deyil. Biz onun irsini daim öyrənməli, gələcək nəsillərə çatdırmalıyıq.

Sonda ulu öndər Heydər Əliyevə həsr olunan "Qayıdış" filmindən və 1993-cü ildə Milli Məclisin sədri seçilərkən xalqın xilaskar oğlunun deputatlar qarşısında çıxışlarından fraqmentlər göstərildi.

Şakir CƏFƏROV

 

 

 

 

 

"Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda elmi konfrans

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Heydər Əliyevin 85 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına müvafiq olaraq Naxçıvan Dövlət Universitetində silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb. Təsdiq olunan tədbirlər planına əsasən universitetin bütün fakültələrində elmi, mədəni, sosial və idman yönümlü yubiley mərasimləri keçirilir.

 

Bu istiqamətdə keçirilən ilk tədbirlərdən biri universitetin Tələbə Elmi Cəmiyyətinin hazırladığı "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda elmi konfransdır.

Konfransı giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan üçün əvəzsiz xidmətlərindən bəhs edib.

Tələbələrdən ingilis dili ixtisası üzrə III kurs tələbəsi Aidə Cəlilzadə "Heydər Əliyev və gənclər siyasəti", ümumi iqtisadiyyat ixtisası üzrə III kurs tələbəsi, fakültə elmi  cəmiyyətinin sədri Şənay Cəfərova "Heydər Əliyev və Azərbaycanda iqtisadi inkişaf", rus dili və ədəbiyyatı ixtisası üzrə II kurs magistr Nərmin Cəfərova "Heydər Əliyev və Sovet Azərbaycanı" mövzularında təhsil aldıqları xarici dillərdə məruzələr ediblər.

Keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Dövlət Universitetindəki "Heydər Əliyev lektoriyası"nın "ümummilli lider Heydər Əliyevin dövlətçilik məktəbindən öyrənirik!" mövzusunda 114-cü məşğələsi keçirilib. Universitetin rektoru, akademik İsa Həbibbəyli əsl dövlətçilik məktəbi kimi fəaliyyət göstərən lektoriyanın dahi öndərin irsinin öyrənilməsi və gənclərə öyrədilməsi istiqamətindəki fəaliyyətindən bəhs edib. Kitabxana, videoteka, mətbuat və oxu zalları, arxiv və kompüter bölmələrindən ibarət olan Heydər Əliyev lektoriyasının 113 səmərəli məşğələsinin gənclərdə Heydər Əliyevin şəxsi nümunəsində milli mənəvi dəyərlərə, dövlətçilik prinsiplərinə sadiq vətəndaş, əsl ziyalı, vətənpərvər insan kimi formalaşmasındakı xidmətlərindən danışan natiq ulu öndərin 85-ci ildönümü gününə qədər universitetdə keçiriləcək 40-dan yuxarı müxtəlif səviyyəli tədbirlərin əhəmiyyətini qeyd edib.

Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayevin "ümummilli lider Heydər Əliyevin dövlətçilik məktəbindən öyrənirik" mövzusunda geniş məruzəsi dinlənilib. Natiq öz məruzəsində dahi rəhbərin siyasi fəaliyyətindən, Azərbaycana rəhbərliyinin birinci mərhələsində gördüyü tədbirlərdən, müstəqilliyin ilk illərində fəaliyyətinin Naxçıvan dövründən, hakimiyyətə qayıdışından sonrakı mərhələdə Azərbaycandakı ictimai-siyasi vəziyyətdən bəhs edərək beynəlxalq miqyaslı danışıqların, bağlanan müqavilələrin, görülən silsilə tədbirlərin, Azərbaycanın iqtisadi, elmi, mədəni həyatında baş verən yeniliklərin Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb, gənclərə Heydər Əliyev məktəbindən faydalanmağı tövsiyə edib.

Universitetin pedaqoji fakültəsində də 85 illik yubiley tədbirləri çərçivəsində elmi konfrans keçirilib. Konfransda tarix elmləri namizədi Xəzər Hüseynovun "Heydər Əliyev və müstəqil Azərbaycan", İTPM ixtisası üzrə III kurs tələbəsi Samirə Əhmədovanın "ürəklərdə yaşayan dahi" mövzularında məruzələri dinlənilib.

Universitetin mülki müdafiə kafedrasının müəllimi Səhlab Məmmədov ümummilli lider Heydər Əliyevə həsr etdiyi şeiri bədii qiraət etdikdən sonra konfrans öz işinə yekun vurub.

 Seyid SURƏ