· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Aprelin 27-də onbirinciləri sonuncu sınaq gözləyir

Buraxılış imtahanlarını mərkəzləşdirilmiş qaydada verəcək XI sinif şagirdləri iki gündən sonra sonuncu yoxlama imtahanında öz qüvvələrini sınayacaqlar. Sayca üçüncü olacaq bu yoxlama imtahanına nə kimi hazırlıq işləri aparılıb? Hansı yeniliklər edilib? Həmin suallarla Təhsil Nazirliyi Şagird  nailiyyətlərinin qiymətləndirilməsi şöbəsi müdirinin müavini Təranə Hacıyevaya müraciət etdik.

 

T.Hacıyeva bildirdi ki, aprelin 27-də keçiriləcək mərkəzləşdirilmiş yoxlama imtahanlarına nəzarətçi qismində cəlb edilən müəllimlərlə təlimati işlər aparılıb. Bu məqsədlə həm Bakı şəhərində, həm də rayonlarda treninqlər təşkil olunub. Mətbuatda məlumat verildiyi kimi, Bakı şəhərində həmin treninqlər aprelin 5 və 12-də şənbə günləri keçirilib. ötən həftə isə analoji treninqlər Gəncə, Mingəçevir, Sumqayıt, Əli Bayramlı şəhərlərində, İmişli, İsmayıllı, Ucar rayonlarında  təşkil olunub. Treninqləri rayonlarda ŞNQ şöbəsinin əməkdaşı Nəbi Mahmudov, Sumqayıtda və Abşeronda isə Nadir Məmmədov və İlyar Vahabov aparmışlar. Treninqlərdə nəzarətçi müəllimlər geniş təlimatlandırılıb. Bilavasitə nəzarətçilərə aid olan yeniliklər barədə onlara məlumat verilib. Hazırlanmış təlimati sənədlər təqdim edilib və nəzarətçi müəllimləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Təranə xanımın dediklərindən məlum oldu ki, bu günlərdə imtahan rəhbərləri ilə də belə təlimati iclas keçiriləcək və rayonlara imtahan rəhbəri təyin olunmuş şəxslər artıq həftənin sonuna kimi həmin bölgələrə ezam olunacaqlar.

Şöbə müdirinin müavini bildirdi ki, şagirdlərlə də müvafiq təlimati işlər aparılıb. Növbəti yoxlama imtahanı artıq dərs ili ərzində üçüncü olduğundan onlar kifayət qədər təlimatlanıblar.

T.Hacıyeva növbəti yoxlama imtahanında bir sıra yeniliklər edildiyini dedi. Ən böyük yenilik cavab kartlarının doldurulmasında ortaya çıxan çətinliklərin aradan qaldırılması ilə bağlıdır. Bu çətinliklər ən çox şagirdlərin cavab kartlarında öz kodlarını yazması və müvafiq dairədə qaralamasında özünü göstərirdi. Bu, onlar üçün həm də vaxt, bacarıq baxımından problem yaradırdı. Bu prosedur bəzən nəzarətçilərin də işini çətinləşdirirdi. Onların bununla bağlı izahata xeyli vaxtı gedirdi. Bütövlükdə cavab kartının üz hissəsinin doldurulmasına, yəni şagirdin buraya öz adını, familiyasını, kodunu, variantını, bölməsini qeyd etməsinə imtahana ayrılan vaxtın azı yarım saatı sərf olunurdu. Bəzən şagirdlər səhv edirdilər, bəzən də nəzarətçilər şagirdlərə öz variantını yox, ixtiyari bir variantı verirdilər. Bütün bunlar nəticədə şöbənin işinə çətinlik yaradırdı. Amma indi cavab kartı şagirdə hazır şəkildə, bizim tərəfimizdən onun üzərində şagirdin variantı, bölməsi, kodu, familiyası, adı, atasının adı, imtahan verəcəyi mərkəz, oxuduğu  məktəb qeyd olunmaqla təqdim ediləcək. Daha şagirdin burada nəsə yazmasına ehtiyac qalmayacaq. İmtahana gələn şagird birbaşa test tapşırığını götürüb müvafiq fənlər üzrə suallara cavab verəndən sonra uyğun dairələri qaralayacaq. Bu da həm vaxta qənaət baxımından, həm də şagirdin diqqətinin yayınmaması üçün əlverişli yenilik olub bizim səhv ehtimalımızı da aradan qaldırır.

T.Hacıyevanın dediyinə görə, ikinci yenilik imtahan mərkəzləri ilə bağlıdır. Əvvəlki yoxlama imtahanları respublika üzrə yaradılmış 89 mərkəzdə aparılırdı. Onlardan 53-ü Bakı şəhərində, qalanları isə irəlidə adları sadalanan bölgələrdə idi. ötən sınaqlarda hər otaqda 30 şagird yerləşdirilirdi. Bu da nəzarətçilərin işi, nizam-intizamın təmin olunması baxımından müəyyən çətinliklər yaradırdı. Həmin çətinlikləri aradan qaldırmaq, nəzarətçilərin işini asanlaşdırmaq məqsədi ilə indi hər otaqda 18 şagird yerləşdirilib. Onlar otaqlarda hərəsində 6 nəfər olmaqla 3 cərgədə əyləşəcəklər.

Otaqlarda şagirdlərin sayı azaldığına görə mərkəzlərin sayı artırılaraq 89-dan 129-a çatdırılıb. Artım əsasən Bakı şəhərində olub. Burada əvvəlki 53 əvəzinə indi 82 mərkəz var. Rayonlarda isə onların sayı qismən artıb. ötən sınaqlar zamanı mərkəzlərdə imtahanların keçirilməsi üçün 11 otaq ayrılmışdısa, indi hər mərkəzdə imtahanlar 20-25 otaqda aparılacaq.

Əvvəlki yoxlama imtahanlarında elə mərkəzlər var idi ki, onlarda 1050-1100 şagird imtahan verirdi. İndi hər mərkəzdə şagirdlərin sayı 450-ni keçmir. Bu da işi xeyli asanlaşdırır.

T.Hacıyeva imtahan rəhbərlərinin işinin yüngülləşdirilməsi istiqamətində də bəzi işlər görüldüyünü söylədi. Qeyd etdi ki, onların təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində imtahan rəhbərlərindən ibarət komissiya yaradılıb. Həmin komissiya imtahana bir gün qalmış Bakı şəhərindəki bütün mərkəz-məktəblərdə imtahana hazırlığın vəziyyətini yoxlayacaq. Yeni imtahan mərkəzlərinin yaradılması, imtahan rəhbərliyinə yeni adamların cəlb olunması nəzərə alınaraq mərkəzlərin yerinin tapılmasında çətinlik olmasın deyə hər bir mərkəzin ünvanı yazılaraq imtahan rəhbəri üçün hazırlanmış qutunun üzərinə yapışdırılıb. Bundan əlavə, imtahan günü səhər saat 8-də nazirliyə toplaşan imtahan rəhbərləri təyin olunduqları mərkəzlərə  xüsusi şəxslərin müşayiəti ilə gedəcəklər ki, məktəbi tanımamaq, gecikməklə bağlı problemlər yaşanmasın.

Təranə xanım bizimlə söhbətinin sonunda bazar günü sonuncu mərkəzləşdirilmiş yoxlama imtahanı verəcək onbirincilərə uğurlar arzuladı.

Yusif ƏLİYEV