· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Prezident İlham Əliyev Füzuli və Biləsuvar rayonlarındakı iki təhsil müəssisəsində olub

Zobucuq qəsəbəsində orta məktəb binasının açılışı

Aprelin 18-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Fondunun vəsaiti hesabına Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış Zobucuq qəsəbəsində olmuşdur.

Sonra qəsəbədəki 27 nömrəli orta məktəbə gələn Prezident İlham Əliyevi muğam üçlüyünün ifasında Bəhram Nəsibovun "Qarabağ" mahnısı ilə qarşıladılar.

İkimərtəbəli məktəb binasında 15 sinif otağı vardır. Burada "Qalaqayın" qəsəbəsindən köçürülmüş ailələrdən olan 360 şagird təhsil alır. Məktəbdə "Qan yaddaşı", "Milli qəhrəmanlar", habelə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya həsr olunmuş xüsusi guşələr vardır.

Dövlətimizin başçısı idman salonunda gənc idmançıların nümunəvi çıxışlarını izlədi, kompüter otağı ilə tanış oldu, tikinti zamanı aşkar edilmiş və 5 min il yaşı olan tapıntılara baxdı, məktəbin eyvanından qəsəbəni seyr etdi.

Sonra Prezident İlham Əliyev məktəbin açılışına toplaşmış rayon ictimaiyyətinin nümayəndələri qarşısında nitq söylədi.

 

 

 

 

İskəndər Tahirov adına 7 nömrəli Mehdili kənd orta məktəbi ilə tanışlıq

Azərbaycan Prezidenti İlham Əliyev Biləsuvar rayonuna gələrək Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbə ilə tanış oldu.

Prezident İlham Əliyev qəsəbədəki İskəndər Tahirov adına 7 nömrəli Mehdili kənd orta məktəbinin həyətində uşaqların nümunəvi idman çıxışlarına baxdı.

Məcburi köçkünlər doğma yurdlarından didərgin düşsələr də, adət-ənənələrini qoruyub yaşadırlar. Cəbrayıllıların el sənəti nümunələrinin nümayişi də bu baxımdan maraq doğurdu.

Böyük Mərcanlı kənd uşaq incəsənət məktəbi şagirdlərinin çıxışı da xoş təsir bağışladı. Daha sonra ikimərtəbəli məktəb binası ilə tanış olan Prezidentə məlumat verildi ki, 360 yerlik təhsil ocağında hazırda 264 şagird oxuyur. Onların təlim-tərbiyəsi ilə 40 müəllim məşğul olur.

Məktəbin foyesindəki lövhələrdə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotoşəkillər, habelə Cəbrayıl rayonundan olan şəhidlərin şəkilləri vurulmuşdur.

Dövlətimizin başçısı məktəbin idman salonunda qoyulmuş fotostendlərə də baxdı. Burada ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin müxtəlif vaxtlarda məcburi köçkünlərlə görüşləri zamanı çəkilən şəkillər var. Cəbrayıl rayonunun işğaldan əvvəlki vəziyyətini, məcburi köçkünlərin çadır şəhərciklərindəki çətin həyat tərzini və yeni salınan qəsəbələri əks etdirən fotostendlər də maraq doğurdu.

Daha sonra Prezident İlham Əliyev Cəbrayıl rayonunun tarixini əks etdirən muzey eksponatlarına baxdı. Burada müxtəlif vaxtlara aid geyimlər, qılınclar, kəmərlər və məişət əşyaları toplanmışdır.

Məktəblə tanışlıq zamanı dövlətimizin başçısı ingilis dili dərsində də oldu. Şagirdlər onu böyük sevinclə qarşıladılar, dövlətimizin başçısına həsr olunmuş şeir söylədilər. Prezident İlham Əliyev şagirdlərlə söhbət edərək dedi ki, məcburi köçkünlər üçün birinci qəsəbə də və sonuncu qəsəbə də Biləsuvarda tikilmişdir. 4 il ərzində bütün çadır şəhərcikləri ləğv edilmişdir. Siz çadır şəhərciyində doğulmusunuz. Ağır, çətin şəraitdə yaşamısınız. Ancaq indi o çadır şəhərcikləri yoxdur. Yeni evlər var, məktəblər var, bütün şərait var. Burada gərək yaxşı oxuyasınız, gələcəkdə yaxşı mütəxəssislər olasınız, doğma ölkənizə dayaq olasınız və Cəbrayıl rayonu işğaldan azad olunandan sonra öz rayonunuzun inkişafında fəal iştirak edəsiniz. Sizə uğurlar arzulayıram, sağ olun.

Məktəbdə kompüter otağı da var, buradakı kompüterlərin hamısı İnternetə qoşulubdur. Tarix, Azərbaycan dili və ədəbiyyatı, hərbi və digər fənn otaqları, zəngin kitabxana var. Məktəb bütün lazımi avadanlıq və istilik sistemi ilə təchiz olunmuşdur.

Daha sonra Prezident İlham Əliyev məktəbin həyətində məcburi köçkünlərlə  görüşərək  söhbət etdi.