· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Nazir müsabiqə iştirakçıları ilə görüşdü

 

"Ən yaxşı müəllim" müsabiqəsinin növbəti mərhələsində 208 müəllim iştirak edəcək

Aprelin 21-də Təhsil Nazirliyində "Ən yaxşı müəllim" müsabiqəsinin ikinci mərhələsinin iştirakçıları ilə müşavirə keçirildi. Tədbirdə nazirliyin  məsul işçiləri, müvafiq şöbələrin və struktur bölmələrinin, ictimai qurumların rəhbərləri və müsabiqə iştirakçılarının sınaq dərsi keçəcəkləri məktəblərin nümayəndələri iştirak edirdilər.

Müşavirəni açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamladı və müsabiqənin ikinci mərhələsinə buraxılmaları münasibətilə müəllimləri təbrik etdi.

Misir Mərdanov "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" mükafatlarının təsis edilməsinin ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan təhsilinə, bütövlükdə təhsil işçilərinə müntəzəm diqqət və qayğısının yeni bir təzahürü olduğunu vurğuladı. Bu müsabiqənin iş keyfiyyətinin yüksəlməsinə real zəmin yaratdığını, məktəblərdə təşəbbüskarlığın və yaradıcı iş əzminin formalaşmasına böyük təsir göstərdiyini deyən nazir qeyd etdi ki, hər iki müsabiqənin Prezidentin fərmanı ilə təsdiqlənmiş şərtləri təkcə bu günün deyil, eyni zamanda müəllimlərin və məktəblərin gələcək fəaliyyət istiqamətlərini müəyyən edən ən müasir tələblərdir.

Sonra Misir Mərdanov "Ən yaxşı müəllim" müsabiqəsi ilə əlaqədar görülən işləri və birinci mərhələnin yekunları ilə bağlı məlumatları müsabiqə iştirakçılarının diqqətinə çatdırdı. O bildirdi ki, iştirak üçün müraciət etmiş 393 nəfərin 362 nəfəri müsabiqəyə buraxılmış və onların göstəriciləri 15 meyar üzrə qiymətləndirilərək ümumi bal müəyyən edilmişdir. Qiymətləndirmənin yekunlarına görə, 1 nəfər 200-dən çox,  9 nəfər 100-200, 45 nəfər 50-100, 153 nəfər 16-50 intervalında, 154 nəfər isə 16-dan az bal toplamışdır. Təşkilat Komitəsinin qərarı ilə 16 və daha yuxarı bal toplayan 208 nəfərin ikinci mərhələyə buraxılması məqsədəuyğun sayılmışdır.

Sınaq dərslərinin keçilməsi üçün Bakı şəhərində 28 ümumtəhsil məktəbinin seçildiyini deyən təhsil naziri həmin məktəblərin nümayəndələrinin də bu müşavirədə iştirak etdiyini müəllimlərin nəzərinə çatdırdı. Qeyd etdi ki, müşavirə başa çatdıqdan sonra onlar dərs deyəcəkləri məktəbə gedib müəssisə və dərs cədvəli ilə tanış olacaq, sinfi və proqram üzrə mövzunu müəyyən edəcəklər. Təhsil müəssisələrinin rəhbərliyi və müəllimlər bütün təşkilati məsələlərin həllində müsabiqə iştirakçılarına kömək göstərəcək, keçiləcək mövzuya uyğun müəyyən əyani, texniki vasitələr və digər müvafiq avadanlıqlardan istifadə etməyə şərait yaradılacaqdır. Bundan əlavə, müəllimlərə dərs prosesində özlərinə məxsus vəsaitlərdən də istifadə etmək imkanı verilir. Müasir müəllimə xas keyfiyyətlərdən bəhs edən Misir Mərdanovun sözlərinə görə, bu günün müəllimi daha çox təşkilatçılığı və istiqamətvericiliyi ilə fərqlənməli, şagirdlərə "öyrənməyi öyrətməyi" bacarmalıdır. Müsabiqə iştirakçılarının keçəcəyi sınaq dərsində məhz həmin xüsusiyyətlərin nəzərə alınacağını diqqətə çatdıran nazir hər biri 10 balla qiymətləndirilən 12 meyarın müəyyən edildiyini bildirdi.

Daha sonra müəllimlərin nəzərinə çatdırıldı ki, konkret məktəblərdə müvafiq fənn üzrə dərs deyən müəllimlər bir-birlərinin dərslərində iştirak edə bilərlər. Təhlil hər bir dərsdən sonra deyil, qrupa daxil olan müəllimlərin hamısının dərsləri dinlənildikdən sonra aparılacaq. Təhlil zamanı narazı qalan ərizə ilə Təşkilat Komitəsinə müraciət edə bilər. Belə müəllimlərin dərslərinin videolentinə Təşkilat Komitəsi üzvlərinin, fənn komissiyalarının və özlərinin iştirakı ilə baxılıb müvafiq qərar qəbul ediləcəkdir. Yekun qiymət hər üç mərhələ üzrə toplanan balların cəminə görə müəyyən olunacaq.

Misir Mərdanov müsabiqənin qalibi olmasalar da, bu mötəbər peşə yarışında yaxşı nəticə göstərənlərin müxtəlif formalarda rəğbətləndiriləcəyini bildirdi. Qeyd etdi ki, müsabiqənin yekun mərhələsində iştirak etmək, əslində elə qalib olmaq deməkdir və Təhsil Nazirliyi bunu çox yüksək dəyərləndirir.

Müşavirənin sonunda təhsil naziri müsabiqə iştirakçılarını maraqlandıran suallara cavab verdi.

H.ƏKBƏROVA