· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Yeni dərsliklər necə olmalıdır?

 

İndi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar.

Heydər Əliyev

 

Azərbaycan strateji istiqamətləri ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi tərəqqi yolu ilə inamla addımlayaraq ilbəil böyük nailiyyətlər qazanır, müstəqil ölkə kimi dinamik inkişaf edir. Bu mənada təhsil sahəsi də istisna deyildir. Hazırda köklü islahatlar aparılan ölkəmiz müasir dünyanın şəxsiyyətyönümlü təhsil sferasına daxil olmaq, tələbatlara uyğun inteqrativ məzmun, ən yeni təlim strategiyaları, qiymətləndirmə mexanizmləri, demokratik idarəetmə sistemi işləyib hazırlamaq üçün ənənəvi və mütərəqqi dünya texnologiyalarından yaradıcılıqla istifadə edir.

Xüsusən də yeni tədris resurslarının yaradılması üzrə islahatyönümlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Onların içərisində dərsliklərin hazırlanmasına prioritet istiqamətlərdən biri kimi yanaşılır. Təsadüfi deyil ki, İslahat Proqramında təlim və tərbiyənin məzmununun təkmilləşdirilməsi işinin mühüm amili kimi "dövlət təhsil standartlarına uyğun tədris proqramı və ... dərsliklərin hazırlanması" (Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı. Azərbaycanın təhsil siyasəti (1998-2004), I kitab. Bakı, "Təhsil", 2005) vacib vəzifə olaraq qarşıya qoyulur.

Həqiqətən də dərslik təhsil sistemində məzmun və funksiyasına görə əhəmiyyətli resurslardan biridir. Şagird şəxsiyyətinin formalaşdırılmasında dərsliklər mühüm rol oynayır. "Şagirdlərin təfəkkürünü inkişaf etdirmək, əqli fəaliyyətinin əsas üsullarını formalaşdırmaq üçün dərsliklər ən etibarlı vəsait" (İlina T.A. Pedaqoqika. Kurs lekçii. M., "Prosveşeniye", 1984) kimi dəyərləndirilir. Buna görə də təhsil islahatları çərçivəsində dərsliklərin yaradılmasına xüsusi müstəvidə yanaşılmış, hökumət səviyyəsində dərslik siyasəti sənədi hazırlanaraq təsdiq olunmuşdur. Həmin sənəddə bu siyasətin məqsədi aydın şəkildə qeyd edilmişdir: "Dərslik siyasətinin məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirmək, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir" (ümumi təhsil sistemində dərslik siyasəti. Azərbaycanın təhsil siyasəti (1998-2004), II kitab. Bakı, "Təhsil", 2005).

Nəzərdə tutulan məqsədin reallaşdırılmasına xidmət göstərən ümumi təhsil məktəbi üçün yeni dərsliklər necə olmalıdır?

"ümumi təhsil sistemində dərslik siyasəti" adlı sənəddə göstərildiyi kimi, "ümumtəhsil məktəbləri dərslikləri, əsasən, müvafiq iş dəftəri və müəllim üçün metodik vəsaitlə birlikdə qəbul olunur" (ümumi təhsil sistemində dərslik siyasəti. Azərbaycanın təhsil siyasəti (1998-2004), II kitab. Bakı, "Təhsil", 2005). Bu o deməkdir ki, əvvəlkilərdən fərqli olaraq bu dərsliklər dərslik, iş dəftəri və müəllim üçün metodik vəsaitdən ibarət komplekt şəklində hazırlanacaq və qəbul ediləcəkdir. Komplektlər qiymətləndirilərkən onları təşkil edən hissələrin bir-birini tamamlaması əsas amil kimi nəzərə alınacaqdır.

Əlbəttə, dərslik komplektə daxil olan digər vəsaitlərdən özünün funksiyasına, məzmun və strukturuna görə fərqlənir. "Dərslik konkret fənn üzrə tədris planı və proqram əsasında nəzəri və praktik biliklərin əsaslarının sistemli və anlaşıqlı şəkildə izah olunduğu əsas vəsait"dir (ümumi təhsil sistemində dərslik siyasəti. Azərbaycanın təhsil siyasəti (1998-2004), II kitab. Bakı, "Təhsil", 2005).  Koqnitiv (idraki) təhsilin əsas resurslarından hesab edilən dərsliklər ən zəruri informasiyaları, tapşırıq və çalışmaları əks etdirməklə istiqamətverici, yönəldici, düşündürücü funksiyaları daşıyır. Dərsliklərdə artıq informasiya yükünün olması nöqsanlı hal kimi qəbul edilir və bu, onun keyfiyyətinə xələl gətirir.

Dövlət təhsil standartlarını özündə əks etdirən fənn kurrikulumlarına uyğunluq dərsliklərin əsas keyfiyyətlərindən biridir. Əslində bu, dərsliklərin təhsil standartlarında ifadə edilmiş bilik və fəaliyyətlərin reallaşdırılmasına xidmət etməsinin ifadəsidir. Başqa sözlə, standartlardan kənaraçıxma hallarına yol verilməməsi vacib tələb kimi qarşıya qoyulur.

Dərslik fəal təlim prosesində bir komponent kimi şagirdi idraki fəallığa sövq etməli, onu tədqiqatçılığa və yaradıcılığa istiqamətləndirməlidir. Belə olan halda, dərsliyin bilik vermək, məlumatlandırmaq kimi keçmiş ənənəyə söykənən funksiyası arxa plana keçir.

Şagirdləri fəaliyyətə sövq etməklə tətbiqi xarakter daşıması yeni dərsliklərin əsas keyfiyyətlərindən hesab edilir, onlarda bacarıqları formalaşdıra bilmək imkanının olması üstün cəhət kimi dəyərləndirilir. Bunun üçün kifayət qədər müxtəlif növ çalışma və tapşırıqlardan istifadə edilməsi tələb olunur.

İnteqrativ bacarıqların inkişafına imkan yaratmaq, onu şəxsiyyətin ümumi keyfiyyətinə çevirmək yeni dərsliklərin xarakterik cəhətlərindən biri hesab edilməlidir. Bundan əlavə, şagirdlərin dünyagörüşünün formalaşdırılması da diqqət mərkəzində saxlanılmalı, ətraf aləmin obyektiv reallıqları ilə qəbul edilməsi üçün zəruri təlim materiallarından istifadə olunmasına üstünlük verilməlidir.

Yeni dərslikləri kurrikulumların tələblərinə uyğun səviyyədə hazırlamaq üçün bir sıra mühüm pedaqoji prinsiplərin gözlənilməsi zəruri hesab edilir.

1. Düzgünlük. Bu prinsip dərsliyi qeyri-ciddi faktlardan uzaqlaşdırır, inandırıcı, stimullaşdırıcı mənbəyə çevirir. Şagirdlər dərsliyə etibarlı tədris vəsaiti kimi yanaşırlar. Dərsliyin bu prinsipə uyğun hazırlanması üçün aşağıdakı tələblərin nəzərə alınması vacib bilinir:

* təlim standartlarına uyğunluq;

* faktların dəqiqliyi;

* orfoqrafiya, durğu işarələri, qrammatika qaydalarının gözlənilməsi;

* mübahisəli faktların olmaması.

2. Əyanilik. Dərsliyi baxımlı etmək, onu  şagirdin ən yaxın müsahibinə, eləcə də stimullaşdırıcı vasitəyə çevirmək üçün əyaniliyə mühüm didaktik prinsip kimi müraciət olunur. Aşağıdakıların dərsliklərdə əks olunması təmin edildikdə bu prinsip tam reallaşdırılır:

* şəkillər, fotolar;

* illüstrasiyalar;

* sxemlər;

* cədvəllər;

* xəritələr;

* qrafiklər.

Əyaniliyi təmin etmək üçün yuxarıda sadalanan bütün vasitələrin eyni bir dərsliyə daxil edilməsi tələb olunmur. Dərsliklər hazırlanarkən onların özünəməxsus cəhətləri, aid olduğu fənnin xüsusiyyətləri əsas götürülür, zəruri hesab edilən müvafiq əyani vəsaitlər seçilir.

3. Müasirlik. Dərsliyin ən mühüm atributlarından biri onun yeniliyi, müasirliyidir. Dövrün, zamanın tələb və ehtiyaclarını özündə əks etdirməsi, şagirdlərdə yenilik əhvali-ruhiyyəsi yarada bilməsidir. Buna aşağıdakı tələblər gözlənilməklə nail olmaq mümkündür:

* sosial-iqtisadi sahələrdəki nailiyyətlərin nəzərə alınması;

* elmin özündəki inkişafın nəzərə alınması;

* təlim materiallarının müasir dünyagörüşü formalaşdırmasına istiqamətlənməsi.

Dərsliyin müasir olması üçün fakt və hadisələrin inkişafla bağlı olması, onu əks etdirməsi əsas şərtlərdən biridir. Bununla yanaşı, yeni texnologiyalara istinad olunması, onların dərsliyin məzmununa gətirilməsi də müasirliyin əlamətlərindən sayılır.

4. Tamlıq. Tədris vəsaitlərindən biri kimi dərsliyin bütövlüyü, tamlığı onun məzmununda aşağıdakı müəyyən komponentlərin olmasını tələb edir:

* nəzəri materiallar;

* praktik materiallar;

* təsviri materiallar;

* qiymətləndirmə materialları.

Nəzərdə tutulan bu materialların hər biri mühüm didaktik əhəmiyyət daşıyır. Şagirdlərin təlim fəaliyyətinə cəlb olunması, öyrənmə prosesinin təşkili və bacarıqların dəyərləndirilməsi baxımından imkanları ilə seçilir.

5. Ardıcıllıq. Dərsliklərin məzmunundakı materialların sıralanmasında ardıcıllıq mühüm prinsiplərdən biri kimi gözlənilir. Bu zaman ardıcıllığın aşağıdakı parametrləri əsas götürülür:

* psixoloji baxımdan;

* məzmun baxımından;

* təqvim-tematik baxımdan;

* məntiqi baxımdan.

Psixoloji baxımdan ardıcıllıq təlim materiallarının maraqlılıq səviyyəsinə görə düzülməsini tələb edir. Materiallar, ilk növbədə, şagirdlərin psixi proseslərlə bağlı fəaliyyətlərinin inkişafını təmin etmək üçün seçilir. Hafizə, təfəkkür və təxəyyül proseslərinin formalaşması istiqamətinə yönəldilir.

Məzmun baxımından ardıcıllıq təlim materiallarının sadədən mürəkkəbə doğru sıralanmasında özünü göstərir.

Təqvim-tematik baxımdan ardıcıllıq müvafiq təlim materiallarının düzülməsində tarixi gün və hadisələrin nəzərə alınmasını, məntiqi baxımdan ardıcıllıq isə ilkin təlim materialları vasitəsilə növbəti təlim materiallarının mənimsənilməsi üçün zəmin yaradılmasını tələb edir.

6. Yaş səviyyəsinə uyğunluq. Dərsliklər şagirdlərin yaş səviyyəsinə uyğun hazırlanmalıdır. Bu zaman iki əsas tələb diqqət mərkəzində saxlanılmalıdır: a) dizayn; b) təlim materiallarının məzmunu, həcmi, maraqlılığı.

7. Təlim vaxtına uyğunluq. Təlim materiallarının miqdarı və ağırlıq çəkisi müəyyənləşdirilərkən ayrılan vaxt nəzərə alınır. Bu zaman nəzəri və praktik materialların balansının gözlənilməsi, standartların reallaşdırılmasına yönəldilməsi zəruri hesab edilir. Şagirdlərin təlim marağının gücləndirilməsi  üçün motivasiya imkanları genişləndirilir.

8. Oxunaqlılıq. Oxunaqlılığın nəzərə alınması üçün ilkin olaraq məzmun materiallarının maraqlı olması vacib hesab edilir. Belə materiallar şagirdlərin diqqətinə səbəb olur, onları öyrənməyə təhrik edir. Təlim materiallarının lakonikliyi, aydın üslubda, sadə dildə olması öyrənmə fəaliyyətinin səmərəliliyini artırır.

9. İnklüzivlik. Bu prinsip əsasında  yazılmış dərslik özünün əhatəliliyinə görə seçilməlidir. Təlim prosesində yalnız bir səviyyəni deyil, müxtəlif səviyyələri ehtiva etməlidir. Həm istedadlı, həm də müəyyən  səbəblərdən geridə qalan şagirdlərin təlim maraqlarını ödəyə bilməlidir. Bunun üçün təlim materiallarının seçilməsinə və dərsliyə daxil edilməsinə diferensial yanaşılmalı, hər bir sinifdə şagirdlərin inkişaf səviyyələri nəzərə alınmalıdır.

10. Fəal təlim üçün şəraitin yaradılması. Fəal təlim müasir təhsil prosesinin əsas atributlarından hesab edilir. Onun qurulmasında bir çox amillərlə yanaşı, dərslik də həlledici rol oynayır. Nəticəyönümlü kurrikulumlar məhz belə dərsliklərin hazırlanmasını tələb edir. Ona görə də dərsliklər formalaşdırılarkən fəal təlim üçün şəraitin yaradılması diqqət mərkəzində saxlanılmalıdır. Təlim materialları fəal təlim prosesinin məntiqinə uyğunlaşdırılmalıdır. Təlim marağının formalaşdırılması, problemin qoyuluşu, həll edilməsi, təqdimolunma və qiymətləndirmə dərsliyin texnoloji (metodik) sisteminin əsasını təşkil etməlidir.

11. Gigiyenik tələblərə uyğunluq. Yeni dərsliklər həm də gigiyenik tələblərə cavab verməli, ona uyğun hazırlanmalıdır. Bu zaman Azərbaycan hökuməti ilə razılaşdırılmış "ümumtəhsil sistemində dərslik siyasəti" və Təhsil Nazirliyinin qəbul etdiyi "Dərsliklərin texniki və gigiyenik standartları" adlı normativ sənədlərə istinad olunmalıdır.

Yeni dərsliklərin hazırlanmasında mənbələrin göstərilməsi, təlim materiallarında kütləvi informasiya vasitələrindən istifadə imkanlarının nəzərə alınması məsələləri də mühüm prinsiplər kimi dəyərləndirilməli, onların da nəzərə alınması diqqət mərkəzində saxlanılmalıdır.

İdrakın inkişaf etdirilməsi və şəxsiyyətin mühüm göstəricisinə çevrilməsi müasir təhsilin mühüm fəaliyyət istiqamətlərindən biridir. "Məktəb məkanında idrak (psixi) prosesləri konsepsiyasının əsas paradiqmaları inkişafetdirici və tərbiyəedici təlim prinsipləri ilə bağlıdır. Bu iki önəmli prinsipin qovşağında isə müasir məktəb özünün ən başlıca missiyasını yerinə yetirir" (Əlizadə Ə.Ə. İdrak prosesləri və hisslər. Psixopedaqoji məsələlər. Bakı, 2006). Ona görə də təhsilə aid hazırlanan bütün resurslar, o cümlədən də dərsliklər bu məqsədə yönəldilməli, şəxsiyyətin inkişaf dinamikasını təmin edən, onu daim izləyən vəsait olmalıdır. Bunun üçün, ilk növbədə, şagirdin fəaliyyət dairəsi, formalaşdırılacaq bacarıqlar konkret olaraq müəyyənləşdirilməli, dərsliklərin məzmununda olan materiallar bilavasitə onların hərəkət mexanizminə çevrilməlidir.

Dünyanın psixoloq və pedaqoqlarının fikrinə görə, fəaliyyətlər üç istiqamətdə qruplaşdırılır: idraki, informativ-kommunikativ, psixomotor. Bu fəaliyyətlərə uyğun da bacarıqların olduğu göstərilir. Şagird şəxsiyyətinin inkişafı həmin bacarıqların fonunda tənzim olunur.

                

İnkişafı təmin edən bacarıqlar

 

 Sxemdən göründüyü kimi, idraki, informativ-kommunikativ və psixomotor bacarıqların hər biri də əlaqəli bacarıqlar şəbəkəsindən ibarət olmaqla bütöv bir komplekt təşkil edir. Bu bacarıqlar komplekti ümumi dəyərlər kimi şəxsiyyəti ifadə edir.

Dərsliklər hazırlanarkən bu cəhətlər nəzərə alınmalı, şəxsiyyətin idraki, informativ-kommunikativ və psixomotor bacarıqlarının inkişafını təmin edən materiallar, o cümlədən çalışma və tapşırıqlar dərsliyə daxil edilməlidir. Bu zaman hər bir növdən olan bacarıqların özünəməxsusluğu, onun daxilində olan mərhələlərin ardıcıllığı nəzərə alınmalıdır. Məsələn, idraki bacarıqlara aid materiallar əvvəl qavrama, sonra təhlil, daha sonra dəyərləndirmə üzrə bacarıqların formalaşdırılmasına yönəldilmiş sistemlə qurulmalıdır. Məlumatlandırıcı, istiqamətləndirici, nəzarətedici funksiyaların yerinə yetirilməsi üçün dərsliyin potensial imkanları genişləndirilməlidir.

Kurrikulumlara uyğun yeni dərsliklərin əvvəlkilərdən fərqli qaydada hazırlanacağı, tədris vahidlərindən ibarət hissələrə malik bir vəsait kimi formalaşdırılacağı nəzərdə tutulur. Paraqraflardan ibarət olan hər tədris vahidindən sonra yekunlaşdırıcı qiymətləndirmə vasitələrinin (test tapşırıqlarının) verilməsi əhəmiyyətli hesab edilir. Aşağıdakı sxemə nəzər salaq:

 

Standartların dərsliklərdə reallaşması

 

  

"Standartların dərsliklərdə reallaşdırılması" sxemindən göründüyü kimi, dərslikdəki tədris vahidləri, eləcə də paraqraflar bilavasitə təlim standartlarının reallaşdırılmasına yönəldilir. Ona görə də, ilk növbədə, həmin standartlar öyrənilməli, tələblər konkret olaraq müəyyənləşdirilməlidir. Bu zaman minimum biliklərin formalaşdırılması, zəruri bacarıqların mənimsənilməsi diqqət mərkəzində saxlanılmalıdır.

ümumi təhsil sistemində həyata keçirilən dərslik siyasətinin tələbinə görə, dərsliklər iş dəftəri və müəllim üçün metodik vəsaitlə birgə qəbul olunur. Onlardan biri olmadıqda dərslik müsabiqəyə buraxılmır. üç kitab birlikdə fənn üzrə məqsəd və vəzifələrin həyata keçirilməsinə istiqamətlənmiş əsas təlim resursları kimi dəyərləndirilir.

İş dəftərləri şagirdlər üçün nəzərdə tutulur. Onun hazırlanmasında başlıca olaraq iki mühüm tələb diqqət mərkəzində saxlanılır:

1. Dərslikdəki təlim materialları ilə əlaqəlilik. Məlum olduğu kimi, dərslik məzmununda öyrənilməsi nəzərdə tutulan anlayışlara, qaydalara, qanunauyğunluqlara, təsnifatlara və sairə aid məlumatları, ən zəruri çalışma və tapşırıqları əhatə edir. İş dəftərində həmin materiallara aid müxtəlif suallar, çalışma və tapşırıqlar sistemi verilir. Həmin materiallarda dərsliklərdəki şərhlərin nümunələrlə əsaslandırılması, yaxud qrafiklər, cədvəllər, şəkil və illüstrasiya materialları üzərində fəaliyyətlərin təşkil olunması nəzərdə tutulur.

2. Şagirdlərin praktik fəaliyyətinin təmin olunması. İş dəftərində dərslikdəki məlumatları anlamaq, təhlil və tətbiq etmək, dəyərləndirmək üçün praktik materiallar verilir. Əsasən aşağıdakı tipdən olan praktik materiallara üstün yer ayrılması məqsədəmüvafiq hesab edilir:   

* çalışma və tapşırıqlar;

* istiqamətləndirici suallar;

* ev tapşırıqları.

Yuxarıda sadalanan praktik materiallar dərslikdə təlim materiallarına uyğun tərtib olunmaqla yanaşı, həm də şagirdlərin psixologiyasına uyğun qurulur. Onların meyil və maraqları, ən başlıcası, tələbatları nəzərə alınır.

Məlum olduğu kimi, hazırkı dərsliklərdə biliklərin mənimsədilməsi, müvafiq anlayışların formalaşdırılması və tətbiqolunma mənimsəmənin məntiqində başlıca mərhələlər hesab edilir. Bu, təlim prosesinin informasiya ilə başlayan və qavrama mərhələsində tamamlanan məntiqindən irəli gəlir.

Yeni dərslikləri tamamlayan iş dəftərlərindəki çalışma və tapşırıqlar müvafiq anlayışların mənimsənilməsinə xidmət göstərməklə yanaşı, həm də şagirdlərdə məntiqi təfəkkürün, yaradıcı təfəkkürün, eləcə də dəyərlərin (səriştələrin) formalaşmasına imkan yaradacaqdır. Bu iş dəftərlərində işləməklə şagirdlər həm sinif şəraitində, həm də evdə müstəqil olaraq fəaliyyət göstərə, qazandıqları bacarıqları inkişaf etdirə, daha da möhkəmləndirə biləcəklər.

Dərsliklərdə əks olunan sistemin reallaşdırılması müəyyən olunmuş strategiyalardan çox asılıdır. Adətən, müəllimlər bu  strategiyalara əsasən fəaliyyət göstərirlər. Ona görə də uzun illər yaradılmış məzmun üzrə məqsədyönlü iş qurmaq üçün müəllimlərə müvafiq metodik istiqamətin verilməsi zəruri hesab edilmiş, bu məqsədlə müxtəlif mənbələr hazırlanmışdır. Həmin mənbələrin yaradılmasında pedaqoji, psixoloji, fizioloji araşdırmalara istinad olunmuşdur. ötən əsrin 70-ci illərində təlimin təkmilləşdirilmiş məzmunu, o cümlədən dərsliklər hazırlanarkən onların xüsusiyyətlərini açıqlayan müəllim üçün metodik rəhbərliklər yaradılmışdır. Bu kitablarda, əsasən, dərsliklərin prinsipləri, ayrı-ayrı paraqrafların tədrisi məsələləri şərh olunmuşdur.

Müəllimlərə təqdim olunan həmin tövsiyələr praktik məzmun daşısa da, özünün daha ümumi xarakteri ilə fərqlənirdi. Bundan əlavə, dərsliklərin bütün xüsusiyyətlərini, təlim prosesinin orijinal cəhətlərini xırdalıqlarına qədər aça bilmirdi.

Yeni dərslik komplektinin hazırlanmasında da fəal təlim prosesinin qurulması və keyfiyyətli təlim nəticələrinə nail olunması üçün potensial imkanların yaradılması xüsusi strateji xətt kimi nəzərdə tutulur. Bunun üçün, ilk növbədə, müəllim üçün ayrıca metodik vəsaitin hazırlanması planlaşdırılır.

Metodik vəsaitin hazırlanması zamanı başlıca olaraq aşağıdakı funksiyaların reallaşması vacib tələblər kimi qarşıya qoyulur:

* qabaqlayıcı materialların olması;

* mövzuların tədrisi texnologiyasının əhatə edilməsi;

* yardımçı materialların verilməsi.

Metodik vəsaitin ilk hissəsində qabaqlayıcı materiallar verilir. Bu zaman aşağıdakıların əhatə olunması zəruri hesab edilir:

* fənn üzrə məzmun strategiyalarının reallaşma cədvəli;

* illik və gündəlik planlaşdırma nümunələri;

* inteqrasiyaya aid tövsiyələr.

Məzmun standartları mahiyyət etibarı ilə fənnin məzmununu ifadə edir. Orada minimum hədd, səviyyə öz əksini tapır. Dərslik hazırlanarkən həmin standartların tədris vahidlərində, bölmə və paraqraflarda reallaşdırılmasına diqqət yetirilir. Dərsliyin pedaqoji sirrinə çevrilən bu xüsusiyyəti müəllimin diqqətinə daha qabarıq çatdırmaq üçün metodik vəsaitdə xüsusi cədvəl verilir. Həmin cədvələ əsasən müəllim hər bir məzmun standartının harada (hansı tədris vahidində, bölmədə, paraqrafda) reallaşdığını aydın görür və pedaqoji fəaliyyətdə həmin səviyyələrə uyğun nailiyyətlərin əldə olunmasına çalışır.

Metodik vəsaitdə illik və gündəlik planların nümunələrinin verilməsi də qabaqlayıcı material kimi əhəmiyyət daşıyır, müəllimin  məqsədyönlü fəaliyyətini təmin edir, onun düzgün strateji xətt üzrə irəliləyişlərə nail olmasına imkan yaradır. İllik planlaşdırma nümunəsində tarix, tədris vahidləri (bölmələr, mövzular) üzrə gözlənilən təlim nəticələri, strategiyalar, inteqrasiya, inklüzivlik, resurslar və qiymətləndirmə (növləri, vasitələri) məsələləri əks olunur.

Metodik vəsaitə daxil edilən dərs planı nümunəsi də müəllim və şagird fəaliyyətini daha konstruktiv və modern formada təmsil edə bilmək baxımından əhəmiyyət daşıyır.  Şagirdlərdə fəallığın həyati bacarıqların formalaşmasına imkan yarada bilməsinə və qeyri-standart məzmuna, struktura malik olmasına görə ənənəvi dərs nümunələrindən seçilir. Mövzu, məqsəd, gözlənilən təlim nəticəsi, inteqrasiya, inklüzivlik, strategiyalar və resursların əvvəlcədən müəyyən olunması mühüm şərt kimi qarşıya qoyulur. Dərsin problem xarakteri daşıması, motivasiya, problemin qoyuluşu, problemin həlli, qiymətləndirmə mərhələləri üzrə tələblərin yerinə yetirilməsi zəruri hesab edilir.

Kitabda inteqrasiya cədvəlinin verilməsi də nəzərdə tutulur. Bu, ilk növbədə, müəyyən olunmuş məzmun standartlarının hansı parametrlərdə və necə reallaşdırıldığını göstərir. Dərsliyi yazanlar öz fəaliyyətlərinə nəzarət edə bilmək imkanı qazanırlar. Müəllimlər isə həmin cədvələ istinad etməklə şagirdlərində məzmun standartlarının tələbinə uyğun bilik, bacarıq və dəyərlər formalaşdırmaq üçün müxtəlif tip çalışma və tapşırıq növlərindən istifadə edirlər.

İnteqrasiya cədvəli mövzu, fəndaxili və fənlərarası əlaqə imkanlarını əks etdirir. Orada hər bir mövzuya aid tədris vahidi, dərs, konkret səhifə göstərilməklə fəndaxili, uyğun fənn, ona aid standart qeyd olunmaqla fənlərarası inteqrasiya üçün potensial şərait daha qabarıq formada ifadə olunur. Tədris vahidləri, eləcə də dərsliyin ayrı-ayrı hissələri arasında olan sıx əlaqə konkret və aydın şəkildə verilir.

Mövzuların tədrisi texnologiyası müəllimlər üçün vəsaitin əsas hissəsini təşkil edir. Orada tədris vahidlərinə daxil olan hər bir paraqrafın öyrədilməsi texnologiyasının təsviri verilir. Mövzuların tədrisi texnologiyası dedikdə görüləcək işin istiqamətləri, mərhələləri, istifadə olunacaq üsul və vasitələr, gözlənilən nəticələr başa düşülür. Bu elementlərdən uyğun gələnlərinin əlaqələndirilməsi xüsusi texnoloji kompleks əmələ gətirir ki, dərsin məqsəd və  məzmununa uyğun olaraq ondan istifadə edilir. Həmin texnologiyaların müəyyən olunmasında şagirdlərin yaş xüsusiyyətləri, meyil və maraqları, mövcud resurslar nəzərə alınır. İlkin araşdırmalar onu göstərir ki, bu mövzuların tədrisi texnologiyası anlayışını daha aydın təsəvvür etmək üçün, birinci növbədə, texnoloji aspektdə görüləcək işlərin parametrlərini aydın təsəvvür etməyə ehtiyac duyulur. Bunlardan birincisi mövzu üzrə seçilmiş təlim materiallarıdır. Onların əsas məğzi kompleks şəkildə dərslikdə təqdim olunur. Həmin materialları tamamlayan çalışma və tapşırıqlar isə şagird dəftərində verilir. İkinci parametr həmin təlim materialları üzərində qurulacaq praktik  işlərdir. Başqa sözlə, istifadə olunacaq texnologiyadır. Göründüyü kimi, bunlardan birincisi məzmun, ikincisi isə hazırlanmasına ehtiyac duyulan iş sistemidir. Metodik vəsaitin müəllifi müəyyən etdiyi təlim məqsədinə çatmaq üçün verilmiş məzmunun xarakterinə uyğun texnologiya seçir. Müxtəlif variantlar olarsa, onlardan ən optimalına üstünlük verir. Daha yaxşı olar ki, seçilmiş texnologiyanın şərhi dərsliyin müvafiq səhifəsi ilə yanaşı təqdim olunsun. Məzmun materialları ilə bağlılıq istiqamətlər üzrə konkret olaraq göstərilsin. Bu zaman dərsin mərhələləri aydın görünəcək, müəllimin fəaliyyətini istiqamətləndirmək mümkün olacaq, bütövlükdə pedaqoji prosesin səmərəliliyinin artırılmasına imkan yaranacaqdır.

Metodik vəsaitə müəllim və şagirdlər üçün əlavə oxu mənbələrinin siyahısı əlavə olunur. Hər tədris vahidindən sonra mövzu ilə bağlı uyğun  mənbələr verilir. Müəllimlər üçün metodik vəsaitlərin, problemlə bağlı son tədqiqat əsərlərinin, KİV-dən məqsədəmüvafiq məqalələrin, uyğun multimedia materialları və İnternet saytlarının adı,  ünvanı göstərilir. Şagirdlər üçün isə müvafiq uşaq ədəbiyyatının siyahısı, uşaq qəzet və jurnalları, İnternet materiallarının dəqiq koordinatları verilir.

Məlum olduğu kimi, metodik vəsait müəllimlərin tədris fəaliyyətini istiqamətləndirdiyindən obyektiv mülahizələr üzərində qurulmalı, ciddi elmi, nəzəri əsaslara söykənilməlidir. Oradakı pedaqoji konstruksiya təsadüfi xarakter daşımamalı, ondan istifadə edən müəllimləri inandırmalı, nəzəri və praktik cəhətdən istiqamətləndirməlidir. Ona görə də metodik vəsait aparılmış elmi, pedaqoji, psixoloji araşdırmalara əsaslanmaqla hazırlanmalı, öz dövrünün müasir texnologiyası kimi formalaşdırılmalıdır. İstifadə olunmuş mənbələr sonda göstərilməlidir. Bu zaman dərsliyə daxil edilmiş nəzm və nəsr nümunələrinin, test və tapşırıqların, şəkillərin mənbə və müəllifləri, İnternet saytlarının adları əhatə olunmalıdır.

Bunlardan əlavə, metodik vəsaitə fənlərin xüsusiyyətlərindən asılı olaraq müxtəlif lüğət, cədvəl, şəkil və sairin daxil edilməsi də faydalı bilinir. Bu zaman onların didaktik əhəmiyyəti əsas götürülür, istifadə imkanları nəzərə alınır. Müəllimə yardımçı olması, onların tədqiqatçılıq fəaliyyətini düzgün məcraya istiqamətləndirə bilməsi diqqət mərkəzində saxlanılır.

Bu gün Azərbaycan təhsilində gedən islahatlar şəxsiyyətyönümlü xarakter alaraq onu qlobal dünyanın ayrılmaz bir hissəsinə çevirir. Bütün resursların, o cümlədən dərsliklərin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsinə təkan verir. Biz özümüzün ardıcıl və sistemli fəaliyyətimizdə onu daha da gücləndirməli, milli və bəşəri dəyərlərə söykənən təhsil ənənələrinə çevirməliyik.

 

İsgəndər İSGƏNDƏROV,

Azərbaycan Respublikası təhsil

nazirinin müavini, Təhsil Sektorunun İnkişafı Layihəsi 

üzrə milli koordinator, respublikanın əməkdar müəllimi