· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

İcbari ümumi təhsil: problemlər, vəzifələr

 

(Əvvəli qəzetimizin 13-14-cü saylarında)

 

ölkəmizdə təhsil sahəsində islahat Proqramına uyğun olaraq artıq 3-cü ildir ki, Təhsil Nazirliyi Dünya Bankı ilə birlikdə bir şəhər, iki kənd rayonunda (Əli Bayramlı, İsmayıllı, Ucar) məktəb şəbəkəsinin səmərəli qurulması ilə bağlı eksperiment aparır. Göründüyü kimi, eksperiment həm şəhəri, həm dağ, həm də aran rayonunu əhatə edir. Güman edirik ki, beynəlxalq təcrübəyə əsaslanan bu eksperimentin nəticələri məktəblərin hər bir şəhərdə, rayonda daha məqsədəuyğun yerləşdirilməsinə, məktəb şəbəkəsinin daha təkmil, daha səmərəli qurulmasına imkan verəcəkdir.  

Mövcud sənədlərdə qeyd edilir ki, kənd rayonlarında məktəb şəbəkəsi qurularkən məktəblər arasındakı məsafə üç km və üçdən çox olduqda uşaqların nəqliyyatla daşınması təşkil edilməlidir. Uzun illərin müşahidəsi göstərdi ki, bütün dərs ili boyu üç km-lik məsafəni gedib-gəlmək, xüsusilə ibtidai məktəblərin məzunu olan uşaqların sağlamlığına mənfi təsir edir. Keçən əsrin 50-60-cı illərində görkəmli pedaqoqlar, psixoloqlar, həkimlər apardıqları tədqiqatlar nəticəsində belə qənaətə gəldilər ki, uşaqların piyada gedib gəlməsi 1,5-2 km-dən artıq olmamalıdır. Bunu nəzərə alaraq o dövrdə konkret ərazidəki ibtidai və natamam orta məktəblərin məzunlarına orta təhsil almaları üçün şərait yaratmaq məqsədilə  orta məktəblərin nəzdində məktəbyanı internatlar yaradılmağa başlandı. Elə bu illərdə aztəminatlı ailələrin uşaqlarına müvafiq şərait yaratmaq məqsədilə şəhərlərdə, rayon mərkəzlərində internat məktəblər, işləyən valideynlərin uşaqları üçün isə günüuzadılmış məktəblər, qruplar təşkil edildi. Təbii ki, kiçik yaşayış məntəqələrindəki ibtidai və natamam orta məktəblərdən orta məktəblərə oxumağa gedən şagirdlərin hamısını məktəbyanı internatlarla və internat məktəblərlə əhatə etmək mümkün deyildi. Uşaqların əksəriyyəti yenə də qonşu kəndə, qəsəbəyə piyada gedib gəlməli olurdular. 70-ci illərdə bir sıra iri kolxozlara ətraf kəndlərdən uşaqların daşınması üçün avtobuslar ayrılmağa başlandı. Şəhərlərarası marşrutlarda, kənd rayonlarında kəndlərarası marşrutlarda hərəkət edən avtobuslar, dəmiryollarında hərəkət edən sərnişin qatarları marşrut boyu yerləşən yaşayış məntəqələrindən uşaqların pulsuz daşınmasını həyata keçirirdilər. Lakin görülən bütün bu tədbirlər problemin tam həllini təmin edə bilmədi.

ümumi icbari orta təhsilin həyata keçirilməsi üçün ən zəruri amillərdən biri məktəblərdə müvafiq təlim şəraitinin yaradılması ilə bağlıdır. Bunu nəzərə alan Azərbaycan hökuməti keçən əsrin 70-80-ci illərində, o zaman respublikaya rəhbərlik edən Heydər Əliyevin rəhbərliyi ilə genişmiqyaslı məktəb tikintisi aparmağa başladı. 1970-ci ildə 28300 şagird yerlik 88, 1975-ci ildə 48200 şagird yerlik 100 müasir tipli məktəb inşa edildi. Bütövlükdə, həmin illərdə 683,1 min şagird yerlik 1191 ümumtəhsil məktəbi tikilib istifadəyə verildi ki, bu da 1946-70-ci illərdəki müvafiq göstəricidən iki dəfə çox idi. Nəticədə 70-ci illərin sonunda gündüz ümumtəhsil məktəblərində təhsil alanların sayı 1436096 nəfərə çatdı ki, bu da respublikada ümumi icbari təhsilə tam keçilməsinə imkan verdi.

ölkəmiz müstəqillik əldə etdikdən sonra ümumtəhsil məktəbinə diqqət və qayğı daha da artmış, tədris-maddi bazanın möhkəmləndirilməsi ön plana çəkilmişdir.

Bu məqsədlə son illərdə məktəb tikintisi, təmiri və təchizi üzrə dövlət başçısı tərəfindən səkkiz Dövlət Proqramı təsdiq edilmiş və onlar uğurla həyata keçirilir.

Qeyd edilən problemin həllində Heydər Əliyev Fondu yaxından iştirak edir, "Yeniləşən Azərbaycana  yeni məktəb" Proqramını reallaşdırır. ümumiyyətlə, Təhsil İslahatı Proqramı çərçivəsində son 4 ildə ümumi təhsilin müxtəlif istiqamətləri üzrə qəbul edilən Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində və digər mənbələr hesabına 1200-ə yaxın yeni məktəb və mövcud məktəblərə əlavə korpuslar (sinif otaqları) tikilmiş, 901 məktəb əsaslı təmir edilmiş, onların təchiz edilməsi üçün son  3 ildə (2005-2007-ci illər) 16195 min manatlıq avadanlıq alınmış, 3693 məktəb 30574 kompüterlə, 437 məktəb noutbuk və proyektorla təmin edilmişdir.

ölkəmizdə ümumtəhsil məktəblərinin əsaslı təmiri və yeni məktəblərin tikintisinə dair Dövlət Proqramının (2003-2007-ci illər) uğurla başa çatdırılmasına baxmayaraq, hələ də təxminən 600 yeni məktəbin tikilməsinə ciddi ehtiyac vardır. Bu problemi həll etmək üçün Təhsil Nazirliyi 2008-2012-ci illəri əhatə edən yeni Dövlət Proqramı layihəsini hazırlayıb təsdiq üçün hökumətə təqdim etmişdir.

Görülən və görüləcək bütün bu tədbirlər uşaqların və yeniyetmələrin ümumi orta təhsil almaları üçün zəruri şəraitin yaradılmasına və bu baxımdan Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin tələblərini yerinə yetirməyə əlverişli şərait yaradır. Bu səbəbdən də ümumi orta təhsil verən məktəblərin sayı artmağa, şəbəkəsi genişlənməyə başlamışdır. Bu baxımdan müstəqilliyimizin ilk dərs ilində, islahatın ilk dərs ilində və cari dərs ilindəki vəziyyəti müqayisə edək:

 

 

  

Lakin bir məsələni ədalət naminə qeyd etmək lazımdır ki, orta məktəblərin xeyli hissəsi ucqar kəndlərdə yerləşən, məcburi köçkünlərin uşaqları üçün təşkil edilən, kontingenti az olan məktəblərdir. Hazırda ölkəmizdə 30-a qədər kontingenti olan 11 orta məktəb, 50-ə qədər kontingenti olan 34 orta məktəb, 100-ə qədər kontingenti olan 264 orta məktəb mövcuddur. Bu məktəblər orta ümumtəhsil məktəblərinin 9,5%-ni təşkil edir. Təbii ki, bu da müəllim-şagird nisbətinə mənfi təsir göstərir, lüzumsuz vəsait xərclənməsinə gətirib çıxarır. Məsələn: 1991/92-ci dərs ilində müəllim-şagird nisbəti 1/9,9; 1999/2000-ci dərs ilində -1/10,0; 2006/2007-ci dərs ilində -1/8,8-ə bərabər olmuşdur.

Rayon (şəhər) təhsil şöbələri yerli idarəetmə orqanları ilə birlikdə belə kiçik məktəblərin iriləşdirilməsi, səmərəliliyinin artırılması məqsədilə müvafiq araşdırmalar aparmalı, məqsədyönlü tədbirlər həyata keçirməlidirlər.

ümumi icbari təhsilin həyata keçirilməsini təmin edən amillərdən biri də məktəbləri ixtisaslı pedaqoji kadrlarla təmin etməkdən ibarətdir. Hazırda ölkəmizdə fəaliyyət göstərən 4543 ümumtəhsil müəssisəsində 170 mindən çox müəllim çalışır ki, onların da 79,4 faizi ali təhsillidir. 22 dövlət və özəl ali təhsil müəssisəsində, 19 dövlət və özəl orta ixtisas müəssisəsində  ilkin müəllim hazırlığı həyata keçirilir. Hər il təxminən 10 mindən çox ali təhsilli, 3000-ə yaxın orta ixtisas təhsilli pedaqoji kadr buraxılır. ölkəmizin, xüsusən ucqar kənd rayonları məktəblərini ixtisaslı müəllimlərlə təmin etmək üçün Azərbaycan hökuməti, Təhsil Nazirliyi islahat illərində bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirmişlər.

Nazirlər Kabineti "Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında" 22 iyun 2004-cü il tarixli, 85 nömrəli qərar qəbul etmiş, 04 noyabr 2004-cü il tarixli, 230 (s) nömrəli sərəncamı ilə "2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı"nı təsdiqləmişdir. Bu qərara və İnkişaf Proqramının I və II istiqamətlərinə əsasən 2005-ci ildən etibarən respublikanın kənd rayonlarında yerləşən ümumtəhsil məktəblərinin pedaqoji kadra olan tələbatını ödəmək məqsədilə dövlət ali və orta ixtisas məktəblərini pedaqoji ixtisaslar üzrə bitirərək, dövlət sifarişinə uyğun konkret iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti davam  etdirən gənc mütəxəssislərə, eləcə də həmin bölgələrdə işləmək arzusunda olan digər kateqoriyalı pedaqoji kadrlara 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün ayda şərti maliyyə vahidinin 10 misli məbləğində kompensasiya verilməsi və yerli icra hakimiyyəti orqanları tərəfindən müvafiq qurumlarla birgə onlara lazımi mənzil-məişət şəraitinin yaradılması, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılması və kreditlərin verilməsinə kömək göstərilməsi, yolxərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə bir stavka aylıq əməkhaqqı həcmində birdəfəlik yardım ödənilməsi, gənc mütəxəssislər üçün lazımi əmək şəraitinin yaradılması məqsədilə təhsilin yerli idarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi, bu kateqoriyadan  olan işçilərə diqqət və qayğının artırılması, müvafiq stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, real tələbata uyğun iş yerlərinə göndərilən gənc mütəxəssislərin tədris edəcəkləri fənn üzrə dərslik, dərs vəsaiti, tədris planı və proqramlarla, digər yardımçı materiallarla təmin edilməsi qarşıya məqsəd kimi qoyulmuşdur.

Aparılmış məqsədyönlü fəaliyyət nəticəsində "Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyun tarixli, 85 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.04.2006-cı il tarixli, 107 nömrəli qərarı qəbul edilmişdir. Qeyd olunan qərara əsasən respublikanın kənd rayonlarında yerləşən ümumtəhsil məktəblərinin pedaqoji kadr tələbatını ödəmək, pedaqoji kadrların yerlərə cəlb olunması prosesində həvəsləndirmə tədbirlərini gücləndirmək məqsədilə dövlət ali və orta ixtisas məktəblərini pedaqoji ixtisaslar üzrə bitirərək, dövlət sifarişinə uyğun konkret iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti davam etdirən gənc mütəxəssislərə, eləcə də həmin bölgələrdə işləmək arzusunda olan digər kateqoriyalı pedaqoji kadrlara 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün ayda şərti maliyyə vahidinin 10 misli məbləği 30 misli ilə əvəz edilmişdir. Həmçinin rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən ümumtəhsil məktəblərində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əməkhaqqına şərti maliyyə vahidinin 20 misli əvəzinə 60 misli məbləğində əlavələrin ödənilməsi, habelə dövlət sifarişinə uyğun konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yolxərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə bir stavka aylıq əməkhaqqı əvəzinə əməkhaqqının iki misli miqdarında birdəfəlik yardım verilməsi qərara alınmışdır.

Aparılmış məqsədyönlü tədbirlər nəticəsində həvəsləndirmə tədbirləri tətbiq olunan kənd məktəblərində işləmək üçün son 3 ildə 3480 nəfər pedaqoji kadr yerləşdirilmişdir. Əgər kənd məktəblərimizin müxtəlif ixtisaslar üzrə 2005-ci ildə 6643 müəllimə ehtiyacı vardısa, 2007-ci ildə bu rəqəm 4716-ya enmişdir.

Rayon təhsil şöbələri və məktəb rəhbərləri bu müəllimlərin kənd yerlərində uzun müddətə qalıb işləmələri, nəhayət daimi məskunlaşmaları üçün bütün imkanlardan istifadə etməlidirlər.

İcbari ümumi təhsilin həyata keçirilməsində ən mürəkkəb məsələlərdən biri də ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərlə təmin edilməsidir. ümumi icbari orta təhsilin həyata keçirilməsinə köməklik göstərmək, təlim-tərbiyə prosesinin təşkilini daha da təkmilləşdirmək məqsədilə Sov. İKP MK və SSRİ Nazirlər Soveti "ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadəsinə keçmək haqqında" 24 noyabr 1977-ci il tarixdə qərar qəbul etdi. (Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı 1978-ci ilin mayında qəbul edilmişdir). 1979/80-ci dərs ilindən I siniflərdən başlayaraq tədricən şagirdlərin dərsliklərlə pulsuz təminatına keçildi. Təəssüf ki, 1992-ci ildə Azərbaycan hökuməti bu qərarın icrasını dayandırdı, lakin ümummilli liderimiz Heydər Əliyevin təkidi ilə Nazirlər Kabineti ibtidai sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatı haqqında 24 avqust 1994-cü ildə xüsusi qərar qəbul etdi. Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramına uyğun olaraq, 2003-cü ildən V-XI sinif şagirdlərinin tədricən dərsliklərlə pulsuz təminatına başlandı. 2005-ci ildə isə bütün I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təmin edilməsi başa çatdırıldı. ölkəmizin bütün məktəb kitabxanalarında dərslik fondu yaradılmışdır. İndi əsas məsələ dərslik fondunu qorumaq  və ondan şagirdlərin təmin edilməsində səmərəli istifadə etməkdən ibarətdir.

Məktəbyaşlı uşaqların hamılıqla təhsilə cəlb edilməsinə dəstək verən məsələlərdən biri də icbari təhsil fondu vasitəsilə aztəminatlı ailələrdən olan uşaqlara maddi yardımın göstərilməsidir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabineti 15 aprel 1998-ci il tarixli qərarı ilə "ümumi icbari təhsil fondu haqqında Əsasnamə" təsdiq etmişdir. Bu fond əsasən dövlət büdcəsi hesabına formalaşır. Daxil olan siqnallar və  aparılan müşahidələr göstərir ki, son illər bir çox məktəblərin icbari təhsil fonduna ümumiyyətlə vəsait ayrılmır. ölkəmizin əhalisinin 16 faizinin yoxsulluq həddində yaşadığını nəzərə alsaq, bu fondun nə qədər gərəkli olduğunu dərk edərik. Hələ paltara, ayaqqabıya, isti yeməyə ehtiyacı olan şagirdlərimiz xeylidir. Bunlar məktəb və yerli təhsili idarəetmə orqanları rəhbərlərini narahat etməlidir. R(Ş)T şöbələri (idarələri) rəhbərləri icra hakimiyyəti və maliyyə orqanları ilə birlikdə hökumət qərarının yerinə yetirilməsinə, ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə nail olmalıdırlar. Belə olduqda internatlara, sığınacaq yerlərinə axının qarşısı alınar, küçə uşaqlarının sayı azalar.

Bütün məktəbyaşlı uşaqların hamılıqla təhsilə cəlbini təmin etmək üçün müvafiq dövlət orqanları, xüsusilə təhsili idarəetmə orqanları icbari təhsilin həyata keçirilməsi üzərində sistemli, operativ nəzarəti gücləndirməlidirlər. çünki icbari təhsil - hamılıqla təhsil-hamı üçün təhsil-hamıya-dövlətə, cəmiyyətə, hər bir vətəndaşa, insana aidiyyəti olan təhsildir.

Arif MURADOV,

Təhsil Nazirliyinin şöbə müdiri,

respublikanın əməkdar müəllimi