· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Ulu öndərin 85 illiyinə həsr olunmuş futbol çempionatı

 

Aprelin 18-də "Şəfa" stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş universitet tələbələri arasında futbol üzrə I respublika çempionatının açılış mərasimi keçirildi.

Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının birgə təşkil etdikləri yarışda 32 komanda iştirak edir. Bayram əhval-ruhiyyəsi ilə stadiona toplaşan tələbələr maraqlı açılış mərasiminin şahidi oldular. öncə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək bildirdi ki, ölkəmizdə futbolun inkişafı, kütləviliyinin artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəalarına uyğun olaraq AFFA tərəfindən müxtəlif layihələr gerçəkləşdirilir. AFFA ilə Təhsil Nazirliyinin birgə təşkil etdiyi xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş universitet tələbələri arasında çempionatın keçirilməsində əsas məqsəd gənc nəslə sağlam həyat tərzinin  aşılanması, ölkəmizdə futbolun daha geniş kütlələri əhatə etməsi və yarışın ənənəvi xarakter almasına nail olmaqdır.

Sonra təhsil nazirinin müavini Elmar Qasımov çıxış edərək qeyd etdi ki, Azərbaycanda gənc nəslin sağlam və geniş biliyə malik vətəndaş kimi yetişməsi üçün dövlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. "Sağlam bədəndə sağlam ruh olar" deyiminə uyğun olaraq, yeniyetmələr və gənclər arasında müxtəlif idman yarışları təşkil olunur. Təhsil Nazirliyi və AFFA-nın birgə layihəsi olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş I respublika çempionatının keçirilməsi Dövlət Proqramının müddəalarının yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Nazir müavini çempionatın oyunlarının ölkə ərazisində böyük maraqla qarşılanacağını və futbolun kütləviləşməsinə, inkişafına dəyərli töhfəsini verəcəyinə inandığını bildirdi.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun çıxışından sonra stadiona incəsənət ustaları dəvət olundu. Onlar öz ifaları ilə futbol azarkeşlərini ruhlandırdılar.

Sonda bütün iştirakçıların səbirsizliklə gözlədiyi futbol həyəcanı başladı. Açılış matçında Azərbaycan Tibb Universiteti ilə Azərbaycan Dövlət Neft Akademiyasının tələbələrindən ibarət komandalar oynadı.

Mərasimdə dövlət və hökumətin rəsmi şəxsləri iştirak edirdi.

Fazil İDRİSOĞLU,

fotolar müəllifindir