· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

"Mədəniyyətlərarası təhsil və dini müxtəliflik"

Aprelin 24-də "Abşeron" mehmanxanasının iclas salonunda Təhsil Nazirliyi və Avropa Şurasının birgə layihəsi əsasında milli konfrans keçirildi.

Konfransın açılış mərasimində təhsil nazirinin müavini Elmar Qasımov çıxış edərək öncə qonaqları salamladı. Avropa Şurasının ekspertlərini iştirakçılara təqdim edən nazir müavini mövzunun əhəmiyyəti haqqında məlumat verdi və qeyd etdi ki, məhz Avropa Şurasının 2008-ci ili "Mədəniyyətlərarası dialoq ili" elan etməsi dediklərimizə sübutdur.

Son illər dini dözümlülük leksikonumuza daxil olsa da, əslində min illərdir ki, xalqımız dini dözümlülük şəraitində yaşayır.

Fikrini iştirakçıların nəzərinə çatdıran nazir müavini qeyd etdi ki, Azərbaycanda heç vaxt millətlər və dinlər arasında problem olmamış, əksinə, digər məzhəb sahiblərinə hörmətlə yanaşılmışdır. ölkəmizdə 15 millətin nümayəndələrinin yaşadığını bildirən E.Qasımov həmin millətlərin dilində kitabların nəşr olunduğunu və məktəblərin fəaliyyət göstərdiyini vurğuladı.

E.Qasımov qeyd etdi ki, Azərbaycanın təhsil sistemində dini məsələlərə aid ayrıca dərslər tədris olunmasa da, müxtəlif kitablarda bu mövzuya xüsusi yer ayrılıb. Müəllimlər dərs zamanı mədəniyyətlərarası dialoqu diqqətdə saxlayırlar.

çıxışının sonunda konfrans iştirakçılarını aktiv dialoqa dəvət edən Elmar müəllim sözü Avropa Şurası tərəfindən layihənin koordinatoru Natia İqentiyə verdi. Layihə çərçivəsində görülən işlər, qazanılmış uğurlar və perspektiv planlardan danışan koordinator mövzunun zəruriliyini önə çəkdi və azərbaycanlıların dini dözümlülük məsələlərində diqqətli olduğunu dedi.

Sonra "Mədəniyyətlərarası təhsil: əsas konsepsiyalar və məqsədlər" mövzusu ilə Avropa Şurasının eksperti Marianna Saxnoviç öz fikirlərini bildirdi.

Konfransda Təhsil Nazirliyinin şöbə müdiri Arif Muradov "Azərbaycanda mədəniyyətlərarası təhsil: hazırkı vəziyyət və perspektivlər" mövzusunda geniş məruzə ilə çıxış etdi. A.Muradov çıxışında dedi: "Müstəqil Azərbaycan dövləti, onun yaradıcısı ümummilli liderimiz Heydər Əliyev həmişə ölkəmizdə yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların dilinə, mədəniyyətinə, adət-ənənələrinə, dini etiqadlarına diqqətlə yanaşmış, qayğı göstərmişdir".

Sonra statistik rəqəmlər gətirən şöbə müdiri qeyd etdi ki, hazırda ölkəmizin təhsil sistemində fəaliyyət göstərən 1965 məktəbəqədər müəssisəsindən 1451-də təlim Azərbaycan dilində, 11-də rus dilində, 6-da gürcü dilində, 225-də Azərbaycan-rus, 2-də Azərbaycan-gürcü dillərində aparılır.

Respublikadakı 4543 ümumtəhsil məktəbindən 4178-də təlim Azərbaycan dilində, 18-də rus dilində, 6-da gürcü dilində, 335-də Azərbaycan-rus, 5-də Azərbaycan-gürcü, 1-də isə Azərbaycan-rus və gürcü dillərində aparılır. Beləliklə, 1.375.401 şagirdimiz Azərbaycan dilində, 105.356-sı rus, 1764-ü gürcü dilində təhsil alır.

Məktəbəqədər müəssisələrdə və ümumtəhsil məktəblərində ölkəmizdə yaşayan bütün millətlərin və xalqların nümayəndələrindən ibarət olan 180 mindən çox pedaqoji işçi qarşılıqlı anlaşma, bir-birinə dəstək və tolerantlıq şəraitində çalışır.

Fasilədən sonra plenar iclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin idarə müdiri Ceyhun Məmmədov "Azərbaycanda dini müxtəliflik və dinlərarası dialoq", Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov "Mədəniyyətlərarası təhsil şəraitində pedaqoji kadrların ixtisasının artırılması", Avropa Şurasının eksperti Mislin Rey "Mədəniyyətlərarası təhsil: metodoloji yanaşmalar və birgə məsuliyyət", Bakı şəhəri 23 nömrəli məktəbin direktoru İradə Rəhimli "Mədəniyyətlərarası təhsil: ümumtəhsil məktəblərində tədrisi təcrübəsindən" və Təhsil Problemləri İnstitutunun baş elmi işçisi Nəzakət Mehdiyeva "Tarix fənni kurrikulumunda və fənnin tədrisində mədəniyyətlərarası və dinlərarası dialoq məsələlərinin yeri" mövzularında məruzə etdilər.

 

Fazil İDRİSOĞLU,

foto müəllifindir