· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Həmişə ürəklərdə yaşayan yazıçı, alim, pedaqoq

Azərbaycan Dillər Universitetində keçirilən yubiley tədbirində görkəmli sənətkar belə xatırlandı

 

Xalqı dünyada tanıdan fiziki-təbii, maddi və mənəvi dəyərləridir. Bunların sırasında ədəbiyyat və incəsənət nümunələri, sərhədsiz mənəvi dəyərlər öz kütləviliyi, universallığı və obrazlı-estetik məzmunu və təsir gücü ilə seçilir. Tarixi minilliklərlə ölçülən Azərbaycan ədəbiyyatı bütün dövr və mərhələlərdə yaranmış söz inciləri ilə dünya ədəbiyyatını zənginləşdirmiş, dünya xalqlarının dillərinə tərcümə olunaraq ədəbi-mədəni əlaqələr üçün araşdırma mövzusuna çevrilmişdir.

YUNESKO-nun Azərbaycan ədəbiyyatı və mədəniyyəti nümayəndələrinin yubileylərini görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına daxil etməsi bu fikrin təsdiqidir. YUNESKO-nun həmin proqramı çərçivəsində 2008-2009-cu illərdə Mir Cəlal Paşayevin 100 illik yubileyinin keçirilməsi qərara alınmışdır.

 Azərbaycan Dillər Universitetində Azərbaycan ədəbiyyatının inkişafı və onun məzmunca zənginləşməsində mühüm rol oynamış Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş tədbiri giriş sözü ilə ali məktəbin rektoru, professor, Milli Məclisin deputatı Səməd Seyidov açdı.

Professor S.Seyidov giriş sözündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında" 2641 nömrəli, 31 yanvar 2008-ci il tarixli sərəncamının milli-bəşəri dəyərlərimizin qloballaşmalar əsrində mühüm əhəmiyyətini əks etdirən sənəd olduğunu söylədi.  Natiq hər bir Azərbaycan vətəndaşının Azərbaycan dəyərlərini dünya dəyərlərinə çevirməkdə fəal və yaradıcı fəaliyyət  göstərməsinin zəruriliyini vurğuladı.

ADU-nun rektoru S.Seyidov 100 illik yubileyi qeyd olunan Mir Cəlal Paşayevi görkəmli tədqiqatçı-alim, ədəbiyyatımızda xalq yaradıcılığı ənənələri ilə klassik ədəbi irsi ustalıqla əlaqələndirən istedadlı yazıçı kimi səciyyələndirdi.

Universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva Mir Cəlalın həyat və fəaliyyəti mövzusunda məruzə etdi.

Mir Cəlal Paşayev əmək fəaliyyətinə müəllim kimi başlamış, ədəbi və elmi axtarışları vəhdətdə aparmışdır. S.Vurğun, S.Rüstəm, R.Rza, M.İbrahimov, M.Hüseyn, S.Rəhimov, Ə.Vəliyev, Ə.Ələkbərzadə və b. sənətkarlarla eyni zamanda ədəbiyyat aləminə gələn yazıçı gözəl hekayə, povest və romanlar müəllifi kimi geniş oxucu auditoriyası qazanmışdır.

Poetik obrazlılıq, dərin poetik duyum və bunların fəlsəfi-sosial kontekstdə ifadəsi ədibin yaradıcılığı üçün xarakterikdir.

Azərbaycan bədii nəsrini bütün zamanlarda orijinal motivləri və ideya-məzmunu ilə zənginləşdirən "Bir gəncin manifesti", "Dirilən adam", "Yaşıdlarım", "Yolumuz hayanadır" romanları, "Həkim Cinayətov", "Bostan oğrusu" və s. hekayələr canlı xalq dilindən qaynaqlanan, orijinal forma-bədii xüsusiyyətlərə malik sənət nümunələridir. Ədəbi üslubunda Füzuli romantizmi ilə Mirzə Cəlil realizmi xüsusiyyətlərini yaşadıb davam etdirən böyük ədib həm də görkəmli ədəbiyyatşünas alim kimi tanınmışdır.

Azərbaycan filologiya elminin ən böyük və əvəzsiz yaradıcılarından olmuş, ədəbiyyatşünaslığımızda qüdrətli bir elmi məktəb formalaşdırmış (T.Mütəllimov) Mir Cəlal elmi və bədii təfəkkürü fəlsəfi-həyati zəmində sintezləşdirən bir alim, bir yazıçı kimi şöhrət qazanmışdır.

Mir Cəlal Paşayev  42 il indiki BDU-da alim-pedaqoq kimi çalışmış, 18 il indi adı qoyulmuş Azərbaycan ədəbiyyatı kafedrasına rəhbərlik etmiş, neçə-neçə gəncin seçilib aspiranturaya qəbul edilməsində, elmi kadr kimi yetişməsində əməyini əsirgəməmişdir.

Professor Mir Cəlal Paşayev həm də  ali məktəblər üçün dərslik və dərs vəsaitləri hazırlanmasında böyük əmək sərf etmişdir. "Bütöv xarakterli, müstəqil düşüncəli bir şəxsiyyət" (T.Mütəllimov) olan Mir Cəlal Əli oğlu B.Vahabzadə, N.Həsənzadə, T.Mütəllimov və daha neçə alimin yetişməsində, sözün həqiqi mənasında, fədakarlıq göstərmişdir. Tədbir iştirakçıları bu və ya digər faktları xalq şairi, akademik Bəxtiyar Vahabzadənin müəllimi, elmi rəhbəri, elmi məsləhətçisi olmuş Mir Cəlal haqqında xatirələrini videogörüntüdən eşitdilər.

Daha sonra xalq şairi, professor Nəriman Həsənzadə çıxış edərək zalda əyləşənləri riqqətə gətirən xatirələrini, elmi rəhbəri olmuş Mir Cəlal Paşayevin ona göstərdiyi atalıq qayğısı və əməli köməyi, ədib-alimin ənənələrini davam etdirən övladlarının xeyirxah əməllərini əks etdirən epizodlar danışdı. O, Füzuli ruhlu alimə həsr olunmuş şeirlərini oxudu.

Professor Mir Cəlalın oğlu, Azərbaycan diplomatiyasında öz yeri və xidmətləri olan Hafiz Paşayevin çıxışı görkəmli ədib-alimi bir insan, bir ata, bir xeyirxah soydaş kimi dinləyicilərə daha da yaxından tanıtdı. Mir Cəlal Paşayev həmişə halal əməyi ilə yaşamış, yoxsul tələbə və aspirantlarına həqiqi mənada mənəvi dayaq olmuş, maddi yardım etmiş, istedadlı gənclərin tələbə adı almalarında qayğısını əsirgəməmişdir. Komsomol mükafatı alması ilə fəxr duymuş görkəmli yazıçı başqa  fəxri ad almaq üçün kimsəyə ağız açmamış, kimsənin qarşısında mənən əyilməmişdir.

Tələbələrin ifasında Mir Cəlal Paşayevə həsr olunmuş şeirlər Azərbaycan, ingilis, alman dillərində səsləndirildi, gənc musiqiçilərin ifasında muğam alqışlarla qarşılandı.

Yubiley tədbirində universitetin filologiya fakültəsinin II kurs tələbəsi Aygün Allahverdiyevanın ssenarisi üzrə "Bir gəncin manifesti" əsəri əsasında hazırlanmış tamaşa göstərildi.

2 saat davam edən yubiley tədbiri sadəlik və müdriklik simvolu kimi dəyərləndirilən yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsinə el məhəbbətinin ifadəsi kimi xatirələşdi.

 

Ş.MƏMMƏDOV