· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

  

Fəaliyyəti dayandırılmış "Loğman" tibb məktəbinin direktoru hökumət qərarına məhəl qoymaq istəmir...

 

O, bu günə kimi qeyri-qanuni qəbul etdiyi "275 tələbənin təhsil haqqını köz kimi geri qaytarmışam", - deyir

 

Söhbət Təhsil Nazirliyinin bu günlər qeyri-qanuni fəaliyyət göstərən təhsil müəssisələrində başladığı reyddən gedir. Nazirlik əməkdaşlarının KİV nümayəndələri ilə birlikdə ilk reydi "Loğman" Respublika Təsərrüfat Hesablı Tibb Məktəbindən başlandı. Nazirlər Kabinetinin bu məktəbin qeydiyyatını hələ keçən ildən ləğv etməsinə baxmayaraq, təhsil müəssisəsində dərslər keçilirdi. Nazirliyin əməkdaşlarını ümumi işlər üzrə direktor müavini Nizami Abdullayev qarşıladı. Bütün cəhdlərə, təkidlərə baxmayaraq, müavin heç kimi auditoriyalara buraxmayacağını bildirdi. Bundan sonra müəssisənin direktoru Rəmziyyə Abdullayeva ilə təcili telefon əlaqəsi yarandı. Yalnız onun icazəsindən sonra nazirlik və media nümayəndələri auditoriyalara buraxıldılar. Bir neçə sinif otağına baxış keçirildi. Həqiqətən, siniflərdə xeyli tələbə var idi. Müəllimlər jurnalsız, gündəliksiz də olsa, dərs keçirdilər. Tələbələrlə söhbət zamanı onlar məktəbin qeyri-qanuni fəaliyyət göstərdiyini "bilmədiklərini" vurğuladılar. Onlardan bu məktəbdə oxumaq üçün nə qədər təhsil haqqı ödədiklərini öyrənmək istədik. Tələbələr min bir bəhanələr gətirərək "Bunu valideynlərimiz bilir", - dedilər.

Bu gün insanların intellektual səviyyəsinin artdığı, elmin, mədəniyyətin inkişaf etdiyi bir dövrdə hələ də bəzi Vətən övladlarının, onların valideynlərinin aldadıldıqlarına təəssüf hissi keçirməyə bilmirsən.

Həmin gün reyd zamanı Təhsil Nazirliyinin əməkdaşı İlyar Vahabov tələbələrlə söhbətində bildirdi ki, dəfələrlə sizinlə görüşmüşəm, xatırlatmışam ki, 2006-2007-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Loğman" tibb məktəbinə tələbə qəbulunu aparmayıb. Bu illərdə siz daxili imtahan verərək qəbul olunmuşsunuz. Bax elə buna görə də 2006-2007-ci illərdə bu məktəbə qəbul olunanlara veriləcək diplomlar qeyri-qanuni sayılacaq. Axı bu məktəbin fəaliyyəti Nazirlər Kabinetinin qərarı ilə dayandırılıb. Məhz bu səbəbdən də sizə veriləcək sənədin heç bir hüquqi əsası olmayacaqdır.

Elə bu ara sanki göy guruldadı, ildırım çaxdı, məktəb təlatümə gəldi, bütün tələbələr siniflərdən dəhlizə çıxdılar. Əvvəlcə nə baş verdiyini bilmədik. Sonradan məlum oldu ki, müəssisənin direktoru Rəmziyyə Abdullayeva gəlir. Hamının nəzərləri ona dikilmişdi. O, bir neçə dəqiqə yumşaq kreslosunda əyləşdikdən sonra bildirdi ki, məktəb 1991-ci ildən fəaliyyət göstərir. 1996-cı ildən Nazirlər Kabineti tərəfindən status alıb və 5 ixtisas üzrə qəbul aparıb. İndiyə qədər 6 minə qədər məzunu olub... R.Abdullayevanın sözlərinə görə, bu günə kimi 275 tələbənin təhsil haqqını köz kimi geri qaytarmışdır... Media nümayəndələrinin suallarına verdiyi cavabda direktor Nazirlər Kabineti tərəfindən müəssisənin qeydiyyatının ləğv edildiyindən guya xəbəri olmadığını bildirdi. Sonda müəssisə rəhbəri onu da dedi ki, məhkəmənin qərarı olsun, sonra baxarıq...

Elə buradaca bir valideyn də çox emosiya ilə çıxış edərək məktəbdə bir qızının oxuduğunu bildirməklə bu təhsil müəssisəsində dərs deyən 250 müəllimi və təhsil alan 2500-dən çox tələbəni çölə atmağın mümkünsüzlüyünü vurğuladı...

Sonra media nümayəndələri Təhsil Nazirliyi aparatının rəhbəri İlham Pirməmmədovla görüşdülər. Məsələyə bir qədər ətraflı aydınlıq gətirən İlham müəllim dedi ki, 2006-2007-ci dərs ili üçün dövlət və qeyri-dövlət ali və orta ixtisas məktəblərində hüquq, beynəlxalq hüquq və tibbi ixtisaslar üzrə yoxlamalar aparılıb və qeyri-dövlət ali və orta ixtisas məktəblərində bu ixtisaslara tələbə qəbulu dayandırılıb. Onlardan biri də "Loğman" tibb məktəbidir. Bu barədə müəssisənin rəhbəri Rəmziyyə Abdullayevaya dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilib... Media nümayəndələrinin bir çox suallarını cavablandıran rəhbərlik yanında aparat rəhbəri həm də bu məsələ ilə bağlı müxtəlif illərdə təhsil naziri cənab Misir Mərdanovun Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadəyə, Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova, Azərbaycan Respublikasının səhiyyə naziri cənab Oqtay Şirəliyevə ünvanladığı məktubların surətləri ilə də tanış etdi. Həmin məktublarda "Loğman" tibb məktəbinin bağlanma səbəbləri belə göstərilib: "Təhsil Nazirliyi kollegiyasının 04.05.2006-cı il tarixdə 95 nömrəli qərarına uyğun olaraq maddi-texniki baza, ştatda olan elmi-pedaqoji potensial və tədris-metodik təminat mövcud normalara cavab vermədiyi üçün 2006/2007-ci tədris ilindən başlayaraq qeyri-dövlət ali və orta ixtisas təhsili müəssisələrinə, o cümlədən Nazirlər Kabinetinin 12.02.1996-cı il tarixli 16 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış və tibb ixtisasları üzrə kadr hazırlığı aparan "Loğman" Respublika Təsərrüfat Hesablı Tibb Məktəbinə tələbə qəbulu aparılmır. Lakin yeni tədris ili başlanandan sonra Təhsil Nazirliyinə "Loğman" tibb məktəbinə tələbə qəbulu aparıldığı barədə məlumatlar daxil olmuşdur. Aparılan reydlər bunu bir daha təsdiq etmişdir".

Eyni zamanda təhsil naziri cənab Misir Mərdanovun fəaliyyəti dayandırılmış "Loğman" Respublika Təsərrüfat Hesablı Tibb Məktəbinin direktoru Rəmziyyə Abdullayevaya ünvanladığı 48-03.2208/16 nömrəli məktubda isə deyilir: "Hörmətli Rəmziyyə xanım! Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2007-ci il tarixli 221 nömrəli qərarı ilə "Loğman" Səhmdar Cəmiyyətinin Təsərrüfat Hesablı Tibb Məktəbinin qeydiyyata alınması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 12 fevral tarixli, 16 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir. Həmin vaxtdan "Loğman" tibb məktəbinin fəaliyyəti dayandırılmışdır. Lakin Təhsil Nazirliyinə daxil olan məlumatlardan aydın olur ki, məktəbdə qanunsuz olaraq tədris prosesi davam etdirilir.

Bunlarla əlaqədar Təhsil Nazirliyi bildirir ki, qanunsuz olaraq təşkil olunan tədris prosesi təcili olaraq dayandırılmalıdır. Bir daha nəzərinizə çatdırırıq ki, qeyd olunan qanunsuz hərəkətlərə görə Siz mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırsınız".

Göründüyü kimi, nə Nazirlər Kabinetinin, nə də Təhsil Nazirliyinin qərar və müraciətlərinə məhəl qoymaq istəməyən "Loğman" tibb məktəbinin direktoru Rəmziyyə Abdullayeva bu qanunsuz əməlləri ilə özünə daha dərin quyu qazır. Aldadılmış insanlar isə ödədikləri məbləği geri alacaqlar. Elə bizim də tələbələrə tövsiyəmiz budur ki, nə qədər gec deyil, bu qeyri-qanuni məktəbdə oxumaq üçün ödədikləri məbləği geri alıb qanuni şəkildə fəaliyyət göstərən məktəblərə lazımi qaydada imtahan verib, qəbul olunub oxusunlar. Əks təqdirdə, dünyanın bütün loğmanları belə yığışıb gəlsələr, onların dərdinə əlac tapa bilməyəcəklər.

Ədalət DAŞDƏMİRLİ,

fotolar Fazil İDRİSOĞLUNUNDUR