· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin başlanmasına həsr olunmuş seminar

Bakıdakı "Hyatt Regency" otelində Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin başlanmasına həsr olunmuş  ikigünlük seminar keçirildi. Noyabrın 24-də öz işinə başlayan seminarı təhsil naziri Misir Mərdanov giriş sözü ilə açaraq  iştirakçıları salamladı və tədbirin  Dünya Bankı ilə Təhsil Nazirliyi  arasındakı  əməkdaşlığın davamı olduğunu bildirdi. Təhsil Sektorunun İnkişafı üzrə  Birinci Layihənin uğurla həyata keçirildiyini  söyləyən nazir 10 ilə yaxın bir müddətdə Təhsil Nazirliyinin Dünya Bankı ilə birgə fəaliyyət göstərdiyini qeyd edib  görülən işləri müsbət dəyərləndirdi.

 

Nazir bildirdi ki, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin maliyyələşdirilməsi məqsədilə 2008-ci il sentyabrın 28-də Kredit Sazişi imzalanmışdır. Layihənin əsas məqsədi ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, təlim nəticələrinin yaxşılaşdırılması və xərclərin səmərəliliyinin artırılmasıdır.

2008-2013-cü illəri əhatə edəcək layihənin həyata keçirilməsi üçün 45,4 milyon ABŞ dolları məbləğində vəsait nəzərdə tutulub. Həmin vəsaitin 25 milyonunu Beynəlxalq İnkişaf Assosiasiyasının güzəştli krediti təşkil edir. 20,4 milyonu isə Azərbaycan hökumətinin iştirak payı kimi müəyyənləşdirilmişdir. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihədə  birinci layihədə başlanılmış kurrikulum, şagird nailiyyətlərinin qiymətləndirilməsi, müəllim hazırlığı, təhsilin idarəedilməsi, iqtisadiyyatı və digər sahələrdə islahatların davam etdirilməsi ilə yanaşı, məktəbəhazırlıq və peşə təhsili sahəsində də islahatlar nəzərdə tutulub.

Misir Mərdanov giriş sözündə layihəyə aid olan digər komponent və alt-komponentlərdən də söz açdı,  həyata keçirilmiş  və keçirilməsi nəzərdə tutulan  daha bir neçə vacib  məsələni  seminar iştirakçılarının  diqqətinə çatdırdı. Təhsil Nazirliyi ilə Dünya Bankı arasındakı işgüzar əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini söyləyən nazir Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin başlanması münasibətilə hamını təbrik etdi.

Seminardakı təbrik çıxışında Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev son illər Azərbaycan təhsilinin inkişaf etdiyini və uğurlarının artdığını dedi. Baş nazirin müavini ölkə başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan söz açaraq  qeyd etdi ki, son 5 ildə təhsilə ayrılan büdcə vəsaitinin həcmi 5 dəfə artmışdır. Hazırda ölkəmizdə təhsillə bağlı 14  inkişafyönümlü Proqram həyata keçirilir    bütün bunlar Azərbaycan təhsilinin inkişafına, keyfiyyətinin yüksəlməsinə imkan yaradır. Son illər təhsillə bağlı müxtəlif mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda təşkil olunması, təhsilimizdə müşahidə edilən inkişafın artıq bütün dünyada tanınması faktı kimi qəbul olunduğunu deyən E.Əfəndiyev Azərbaycan hökumətinin Dünya Bankı ilə indiyədək müxtəlif sahələrdə layihələr həyata keçirdiyini , Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin başlanmasını  Azərbaycan təhsilinin inkişafında yeni bir mərhələ olduğunu bildirdi.

İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycan təhsilinin yeniləşməsində mühüm rol oynayacaq  Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin başlanmasını ölkənin təhsilində tarixi  bir hadisə olduğunu söylədi. Azərbaycanın  iqtisadi uğurlarından danışan Sevinc xanım ölkəmizin son 4 ildə  iqtisadiyyatın artım tempinə görə dünya ölkələri arasında  lider olduğunu dedi. Bu gün bütün sahələrdə olduğu kimi, təhsildə də inkişafa xidmət edən kifayət qədər  tədbirlərin  keçirildiyini deyən nazir müavini iştirakçısı olduğu seminarın bu baxımdan mühüm əhəmiyyət daşıdığını  qeyd etdi və onun işinə uğurlar arzuladı.

Dünya Bankının Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçak artıq birinci layihənin tamamlandığını və ikinci layihəyə başlanılacağını, əsas tərəfdaşlardan biri kimi Azərbaycanla əməkdaşlıqdan məmnun qaldıqlarını bildirdi. Cənab  Qreqori Yedjeyçak Azərbaycan təhsilinin hazırda inkişaf etdiyini və getdikcə daha da təkmilləşdiyini, yeniləşdiyini  diqqətə çatdırdı. Uzunmüddətli əməkdaşlıq ərzində Dünya Bankı ilə Təhsil Nazirliyi arasında səmimi və işgüzar münasibətlərin mövcud olduğunu qeyd edən Q.Yedjeyçak bu münasibətdən irəli gələn dostluğu yüksək qiymətləndirdi.

Təbrik çıxışlarından sonra Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov "Dünya Bankı ilə 10-illik Təhsil İslahatı Proqramı: Nailiyyətlər və qarşıda duran vəzifələr" mövzusunda geniş çıxış etdi.