· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Təhsil naziri Böyük Britaniyadan gəlmiş nümayəndə heyəti ilə görüşüb

Noyabrın 27-də təhsil naziri Misir Mərdanov Böyük Britaniyadan gəlmiş nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanda peşə təhsilinin inkişafı və ingilis dilinin öyrənilməsi üzrə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq bu görüşü təşkil edən Böyük Britaniyanın ölkəmizdəki səfirliyinə və "British Council" təşkilatına təşəkkür edib.

Nümayəndə heyətinin rəhbəri cənab Mətyu Anderson bildirib ki, təmsil etdiyi ölkədən  Azərbaycana gələn qrupa iki təşkilat daxildir. Bunlar Böyük Britaniya Texniki Peşə Təhsilinin öyrədilməsi Təşkilatı (TVET UK) və İngilis Dili Assosiasiyasıdır.

Peşə təhsilinin tədrisi və təlimi istiqamətində rəhbərlik etdiyi təşkilatın gördüyü işlər haqqında nazirə məlumat verən cənab Mətyu Anderson qeyd edib ki, TVET UK mövcud sahənin inkişafına yönələn layihələr həyata keçirir. Qonaq ölkəmizdə peşə təhsili üzrə müəllimlərin təkmilləşdirilməsi, tədris planlarının hazırlanması və tələbə mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq etmək niyyətində olduqlarını açıqlayıb.Cənab M.Anderson İngiltərə kollecləri ilə Azərbaycan Texniki Universiteti arasında layihə həyata keçirilməsi məsələsinə də toxunub.

Görüşdə qonaqlar son illər Azərbaycanda aparılan təhsil islahatları barədə məlumatlı olduqlarını vurğulayıblar. Qeyd ediblər ki, bu təşkilat dünyanın müxtəlif ölkələrində, o cümlədən Qazaxıstanda peşə təhsilinin inkişafına dəstək olaraq layihə həyata keçirir.

Sonra beynəlxalq marketinq meneceri xanım Codi Qrey ingilis dilinin tədrisi sahəsində əməkdaşlığın yaradılması istiqamətləri və bu sahə üzrə Böyük Britaniya təcrübəsindən yararlanmağın vacibliyindən söz açıb.

Nazir də öz növbəsində hər iki sahənin ölkəmiz üçün prioritet olduğunu bildirib. Misir Mərdanov peşə təhsilinin inkişafına göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" çərçivəsində müvafiq işlər görülüb, bir sıra beynəlxalq təşkilatlarla əlaqələr yaradılıb.

Misir Mərdanov hər iki təşkilatla əməkdaşlığa hazır olduğunu açıqlayıb, eləcə də gələcək əlaqələrin qurulması işində qonaqların ölkəmizin peşə təhsili müəssisələri ilə tanışlığının əhəmiyyətini bildirib. Nazir həmçinin ingilis dilinin tədrisi üzrə "British Council" təşkilatı ilə birgə reallaşdırılan layihələr və ölkəmizdə bu dilə olan maraq haqqında danışıb.

Misir Mərdanov qonaqlara Dünya Bankı ilə birgə həyata keçirilən II layihə çərçivəsində nəzərdə tutulan tədbirlərə dair məlumat verib və onların həmin layihəyə daxil olan müvafiq komponentlər üzrə beynəlxalq məsləhətçi kimi iştirakının əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə ingilis dili müəllimlərinin treninqdən keçirilməsi, regionlarda bu dilin tədrisinin təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib.

"British Council"un ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye də görüşdə  iştirak edib.