· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun çıxışı

Hörmətli seminar iştirakçıları!

Giriş sözümdə Dünya Bankı ilə həyata keçirilən 10 illik təhsil islahatı proqramı barədə məlumat vermişdim. Bildiyiniz kimi, proqramın ilk mərhələsinin həyata keçirilməsi üçün Təhsil Sektorunun İnkişafı üzrə Birinci Layihə hazırlanmışdı. Bu layihə 2003-cü ildən başlamış və 2008-ci ilədək davam etmişdir. Birinci Layihə yalnız ümumi təhsili əhatə etmişdir və bu da təsadüfi deyildir. çünki ümumi orta təhsil Azərbaycan Konstitusiyasına görə icbaridir və kütləvi xarakter daşıyır. Danılmazdır ki, insanın şəxsiyyətinin formalaşması, zəruri həyati bacarıqlara yiyələnməsi məhz ümumi təhsil dövrü ilə bağlıdır. Sonrakı təhsil mərhələləri orta təhsilin nəticələri üzərində qurulur və vətəndaşın inkişafı üçün bünövrə rolunu oynayır. Bunları nəzərə alaraq biz daha ciddi islahatları ümumi təhsildən başladıq. 10 illik proqramın başa çatdırılması üçün isə 2008-2013-cü illəri əhatə edən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə hazırlanmışdır.

Hörmətli seminar iştirakçıları!

Mənim hazırkı təqdimatım başa çatmaq üzrə olan Birinci Layihənin nailiyyətlərinə və başlamaqda olan Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin vəzifələrinə həsr olunacaqdır. Təqdimatımda Dünya Bankı ilə 10 illik proqramın başlamasına səbəb olan əsas problemlər, həmin problemlərin həlli istiqamətində Birinci Layihə ərzində görülən işlər və İkinci Layihənin əsas vəzifələri yer alacaqdır.

 

Təhsilin məzmunu

 

Məlumdur ki, təhsilin keyfiyyəti onun məzmununun nə dərəcədə dəqiq , tələbata uyğun müəyyənləşdirilməsindən birbaşa asılıdır. Məzmun - bilavasitə təhsilin özü deməkdir. 2002-ci ildə aparılmış tədqiqatlar tədris proqramlarının bir sıra problemlərini aşkar etmişdi. Birinci problem məzmunun təklifyönümlü olması, yəni nəticəyönümlü olmaması idi. Yəni tədris proqramları mövzuların siyahısından və mətnlərdən ibarət idi, qiymətləndirmə standartları və üsulları barədə heç bir məlumat verilmirdi. Qiymətləndirmə məzmunun hazırlanması prosesinin tərkib hissəsi sayılmırdı. Bunun nəticəsində şagirdin hansı bilik və vərdişləri əldə edəcəyi müəyyən deyildi. İkinci problem məzmunun nəzəri və abstrakt olması, həyati bacarıqlara əsaslanmaması və nəticə etibarı ilə şəxsiyyətyönümlü olmaması idi. Məzmun faktoloji xarakter daşıyırdı, məlumatların yadda saxlanması bacarığına üstünlük verilirdi. Bu da əzbərçiliyə sövq edirdi, uşaqların təfəkkür və düşüncə qabiliyyətini inkişaf etdirmirdi. Əlbəttə, bilik inkişafın hərəkətverici qüvvəsidir, lakin şagirdə məhz o biliklər aşılanmalıdır ki, gələcək həyatında ona lazım olsun. Əgər verilən biliklərin təcrübi və tətbiqi əhəmiyyəti yoxdursa, onun səmərəsindən danışmağa dəyməz. Müasir dövrün tələbi budur ki, təlimin məzmunu təriflərin, düsturların, tarixi gün və hadisələrin əzbərlənməsindən, nəzəri materialların mənimsənilməsindən daha çox, şagirdlərdə yaradıcı düşünmə, müstəqil öyrənmə və qərarqəbuletmə, təşəbbüskarlıq, tətbiq və tədqiqatçılıq bacarıqlarının, iradi keyfiyyətlərin formalaşmasına yönəlməlidir. üçüncü problem məzmunda şaquli və üfüqi inteqrasiyanın olmaması idi. Məzmunda siniflərarası və fənlərarası bağlılıq zəif idi, asandan daha çətinə keçid və bir-biri ilə bağlı olan mövzuların inteqrasiyası təmin edilmirdi.

Bu problemləri nəzərə alaraq, Birinci Layihədə həyata keçirdiyimiz islahatyönümlü tədbirlərin böyük əksəriyyəti məhz ümumi təhsilin məzmununun yeniləşdirilməsinə və mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəlmişdir. Əsas məqsəd idrak fəallığını və ümumi inkişafı ləngidən mövcud "yaddaş məktəbi"ndən "təfəkkür və düşüncə məktəbi"nə keçmək olmuşdur.

Birinci Layihə çərçivəsində Azərbaycanda başlanan məzmun dəyişiklikləri kurrikulum islahatları adı altında aparılır. Beynəlxalq məsləhətçilərin iştirakı ilə və digər ölkələrin təcrübəsini öyrənməklə ümumi Təhsilin Konsepsiyası (Milli Kurrikulum) sənədi hazırlanmışdır. Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş bu sənəddə ümumi təhsil üzrə təlim nəticələri və məzmun standartları, ümumi təhsilin hər bir pilləsində tədris olunan fənlər, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsiplər kompleks şəkildə öz əksini tapmışdır. Bu konseptual sənədin tələblərinə uyğun hazırlanıb təsdiq edilmiş fənn kurrikulumlarında isə hər bir sinif üzrə təlim nəticələri, məzmun və qiymətləndirmə standartları, müvafiq təlim strategiyaları əhatə olunmuşdur. Bu kurrikulumların didaktik əsasını nəticəyönümlülük, tələbyönümlülük və şəxsiyyətyönümlülük prinsipləri təşkil edir. Nəticəyönümlülük əldə olunacaq təlim nəticələrinin əvvəlcədən müəyyən edilməsini, tələbyönümlülük təlim məqsədlərinin cəmiyyətin, dövlətin və fərdin tələbatına cavab verməsini, şəxsiyyətyönümlülük isə müasir dövr baxımından təhsilalanlara müvafiq həyati bacarıq və vərdişlərin aşılanmasını özündə ehtiva edir. Həqiqətən də məqsədə nail olmaq üçün hədəfi əvvəlcədən dəqiq təsəvvür etmədən, nəticəni görmədən nailiyyətə aparan yolu müəyyən etmək çox çətindir. Bildiyiniz kimi, yeni kurrikulumlarla tədrisə 2008-2009-cu dərs ilindən etibarən I siniflərdən başlanmış və beləliklə ümumi təhsil sistemində yeni mərhələnin təməli qoyulmuşdur. Bu istiqamətdə təhsil orqanlarına, məktəb rəhbərləri və müəllimlərə dəstək olaraq, "Kurrikulum" jurnalı təsis edilmişdir.

Bu dərs ili yeni fənn kurrikulumları ilə yanaşı, həm də ümumi təhsil sistemində yeni dərslik siyasətinin tətbiqi ilə əlamətdardır. Həmin siyasətin hazırlanması məqsədilə təhsil işçiləri, dərslik müəllifləri, nəşriyyat nümayəndələri və Təhsil Problemləri İnstitutunun elmi işçilərindən ibarət komissiya yaradılmışdır. Komissiya tərəfindən beynəlxalq təcrübə öyrənilmiş və ümumi Təhsil Sistemində Dərslik Siyasəti sənədi hazırlanmışdır. Sənəd şəffaflıq, aşkarlıq, antiinhisar və sağlam rəqabət prinsipləri əsasında tərtib edilmişdir. Sənədin icrası məqsədilə,

1) Dərslikləri qiymətləndirmə şurasının əsasnaməsi,

2) Dərsliklərin qiymətləndirilməsi meyarları,

3) Yeni dərsliklərin yaradılması qaydaları,

4) Dərsliklərin texniki və gigiyenik standartları hazırlanmışdır. 

Yeni dərslik siyasəti sənədi müvafiq dövlət qurumları və Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra təsdiq edilmişdir. Sənədə uyğun olaraq müstəqil Dərslikləri Qiymətləndirmə Şurası yaradılmış və fəaliyyətə başlamışdır. Bu il yeni fənn kurrikulumları əsasında hazırlanmış dərsliklər məhz bu şuranın qiymətləndirməsindən keçəndən sonra çap edilib məktəblərə çatdırılmışdır. Yeni dərsliklər təhsil tariximizdə ilk dəfə müəllimlər üçün vəsait və şagirdlər üçün iş dəftərləri ilə müşayiət olunmuşdur. Fikrimcə, komplekt şəkildə tərtib edilmiş dərslik, iş dəftəri və metodiki vəsait ümumtəhsilin məzmununu daha da zənginləşdirəcək, kurrikulumların müəyyən etdiyi təlim nəticələrinin əldə olunmasına daha yaxşı xidmət edəcəkdir. Təəssüf hissi ilə qeyd edirəm ki, yeni dərslik siyasətinə uyğun olaraq, müstəqil qiymətləndirmədən keçməyən kitabların müəllifləri bu gün yeni dərslik siyasətinin əleyhinə çıxırlar. Halbuki, məhz həmin müəlliflər vaxtı ilə yeni dərslik siyasətini hazırlayan komissiyanın üzvü olmuşlar və onun təsdiq olunmasına razılıq əlaməti olaraq imza atmışlar. İndi onlar şəxsi maraqlarını üstün tutaraq, dövri mətbuatda yeni dərslik siyasətinə qara yaxırlar.

Dünya Bankı ilə 10-illik proqramı hazırlayanda məktəblərin təlim materialları və əyani vəsaitlərlə təminatında problemlər var idi. Məzmunun mənimsənilməsində isə onların rolu danılmazdır. Şagirdlərin oxu vərdişlərinin inkişaf etdirilməsi və kurrikulumların mənimsənilməsinə dəstək vermək məqsədilə 18 adda 846000 nüsxə uşaq ensiklopediyası Birinci Layihə çərçivəsində bütün məktəblərə pulsuz verilmişdir. Həmin kitabların adları və görüntüləri slaydda verilmişdir.

Bundan əlavə, coğrafiya və digər fənlər üzrə əyani vəsait kimi istifadə olunan 19 adda 351595 nüsxə xəritə çap olunub məktəblərə çatdırılmışdır. ümumiyyətlə, məktəblərin əyani vəsaitlərlə təminatında Birinci Layihədə başladığımız iş respublikada daha geniş vüsət almış və bu sahədə vəziyyət xeyli yaxşılaşmışdır.

Məsələn, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu yaxınlarda 15 fənn üzrə 140 adda 1400000 nüsxə tədris plakatları hazırlanmış, çap edilmiş və bütün məktəblərə verilmişdir. Siz onların bəzi nümunələrini slaydlarda görə bilərsiz. Əminəm ki, bu plakatların məktəblərdə istifadəsi tədrisin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir.

Təhsilin məzmunu sahəsində görülən işləri davam etdirmək, yeni kurrikulumların tətbiqi prosesini müntəzəm nəzarətdə saxlamaq, kurrikulumların mənimsənilməsinə ardıcıl əməli köməklik göstərmək, nəticələrin monitorinqi və qiymətləndirilməsini aparıb təkliflər hazırlamaq, eyni zamanda pedaqoji ictimaiyyət arasında maarifləndirmə tədbirlərini gücləndirmək İkinci Layihənin qarşısında duran əsas vəzifələrdəndir. Bildiyiniz kimi, yeni kurrikulumlar şagirdlərdə oxu vərdişləri,  öyrənməyi öyrənmək, tədqiqat aparmq və problemi həll etmək kimi əsas bacarıqların formalaşmasına yönəlmişdir. Bu məqsədlərə nail olmaq üçün İkinci Layihədə məktəb kitabxanalarının həm təchizat baxımından, həm də fəaliyyət baxımından təkmilləşdirilməsi, onların İnternetə çıxışı olan resurs mərkəzlərinə çevrilməsi nəzərdə tutulubdur. Kitabxanalara dəstək olaraq, kurrikulumlar üzrə interaktiv İnternet portalının yaradılması da nəzərdə tutulmuşdur. ümid edirik ki, bu portal təhsil işçilərinin marağına səbəb olacaq və kurrikulumla bağlı məlumatların, materialların əldə olunmasında və mənimsənilməsində əvəzedilməz bir vasitəyə çevriləcəkdir. Bütün bunlarla yanaşı, İkinci Layihədə kurrikulum islahatının digər təhsil pillələrində, yəni məktəbəqədər və peşə təhsili pillələrində də aparılması nəzərdə tutulmuşdur.

 

Qiymətləndirmə

 

Azərbaycanda "qiymətləndirmə" dedikdə bəziləri bunu yalnız təhsilalanın təlim nəticələrinə aid olan məsələ kimi qəbul edirlər. Belə fikirləşənlər unudurlar ki, təhsilalanın biliyinə verilən qiymət həm də müəllimlərin və məktəbin fəaliyyətinə, valideynin təhsilə münasibətinə, məktəb rəhbərlərinin peşəkarlıq səviyyəsinə verilən qiymətdir. Belə düşüncə sovet dövründən qalmış qiymətləndirmə qaydalarından və Azərbaycanda qiymətləndirmə üzrə yeni milli konsepsiyanın olmamasından irəli gəlir. Təqdimatımda artıq qeyd etdiyim kimi, təhsilalanların qiymətləndirilməsi, onun standartları heç vaxt məzmunun tərkib hissəsi sayılmırdı. Bunun nəticəsində qiymətləndirmə həmişə müəllimin subyektiv mülahizələrinə əsaslanırdı və bu da şagirdləri qiymət almaq xatirinə oxumağa sövq edirdi. Bildiyiniz kimi, Azərbaycanda 5 ballıq qiymətləndirmə şkalasından 9 ballıq şkalaya keçilməsi ilə əlaqədar bəzi regionlarda eksperimentlər aparılmışdır. Nəticə göstərmişdir ki, bal sistemindən asılı olmayaraq, tətbiq edilən qiymətləndirmə sistemi şagirdlərin inkişafını sistemli şəkildə izləməyə imkan vermir, şagirdin nailiyyəti keyfiyyət baxımından deyil, kəmiyyət baxımından qiymətləndirilir. Nəticədə şagirddə özünün səviyyəsi barədə dolğun fikir formalaşmır. Eyni zamanda qiymətləndirmənin yalnız məktəbdaxili formasının həyata keçirilməsi, milli və beynəlxalq qiymətləndirmənin tətbiq edilməməsi, məktəblərarası müqayisəyə, milli səviyyədə təhlillərə imkan vermirdi və respublikada təhsilin keyfiyyəti barədə informasiyanın əldə olunması mümkün olmurdu.

Qeyd etdiyim problemlərin mütəşəkkil həllinə başlamaq üçün Azərbaycan Respublikasında ümumi təhsilin Milli Qiymətləndirmə Konsepsiyası hazırlanmış və təsdiqə təqdim edilmişdir. Bu sənəddə qiymətləndirmənin üç əsas forması müəyyən olunur: məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə. Sənəddə, eyni zamanda hər bir qiymətləndirmə formasının açıqlanması verilir. Bu sənəd hələ təsdiq edilməsə də, qiymətləndirmə sahəsində müəyyən işlər artıq həyata keçirilmişdir. Qeyd etdiyim kimi, ümumtəhsil kurrikulumları hazırlanarkən onların tərkibinə məzmun standartları ilə bərabər, qiymətləndirmə standartları da daxil edilmişdir. Bundan əlavə, Birinci Layihə çərçivəsində IV və IX siniflərdə ana dili və riyaziyyat fənlərindən milli qiymətləndirmə həyata keçirilmiş və Azərbaycanın PİSA adlı beynəlxalq qiymətləndirmə proqramında iştirakı təmin edilmişdir. PİSA proqramı çərçivəsində 2006-cı ildə 72 ümumtəhsil məktəbindən 6500 nəfər 15 yaslı şagirdin ana dili, riyaziyyat və təbiət fənləri üzrə bacarıqlarının səviyyəsi qiymətləndirilmişdir. Nəzərinizə çatdırım ki, riyaziyyatdan nəticələrimiz müsbət olmuşdur, şagirdlərimiz nəzəri qabiliyyətlər üzrə reytinq cədvəlində iştirakçı 57 ölkə arasında 4-cü yeri tutmuşlar. Lakin tətbiq bacarıqlarına görə şagirdlərimiz qənaətbəxş nəticələr göstərməmişlər. Bu, bir daha qiymətləndirmənin necə vacib olduğunu və təhsil sahəsində qərarların qəbul edilməsində hansı əhəmiyyət kəsb etdiyini sübut edir. Nəhayət, Birinci Layihənin texniki dəstəyi ilə 2005-2006-cı dərs ilindən başlayaraq orta təhsil kursu üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılmağa başlanmışdır. Respublikamızda imtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsi yeni iş deyil. Ali təhsil müəssisələrinə qəbul imtahanları artıq 1992-ci ildən etibarən mərkəzləşdirilmiş qaydada keçirilir. Cəmiyyətimiz mərkəzləşdirilmiş imtahanlara artıq öyrəşmiş və onu müsbət hal kimi qəbul edir. ümumi orta təhsil üzrə buraxılış imtahanları da artıq bir neçə ildir ki, mərkəzləşdirilmiş testlər əsasında keçirilirdi. Bu imtahanlarda etdiyimiz yenilik imtahanların neytral mərkəzlərdə keçirilməsi, cavabların texniki vasitələrlə yoxlanılması və nəticələrin qısa müddətdə elan olunmasıdır. İmtahanın bu cür keçirilməsi subyektivlik amillərini minimuma endirir. Diqqətinizə çatdırım ki, cari dərs ilindən başlayaraq ölkənin bütün ümumtəhsil məktəblərində vahid mərkəzləşdirilmiş imtahan formasının tətbiqi nəzərdə tutulur.

Göründüyü kimi, qiymətləndirmə sahəsində xeyli işlər görülsə də, məktəbdaxili qiymətləndirmə sahəsində aparılacaq daha ciddi işlər qarşıdadır. İkinci Layihənin ən mühüm vəzifəsi məhz məktəbdaxili qiymətləndirmənin yeni sistemini, xüsusilə də onun formativ hissəsinin elmi-metodik əsaslarını, təşkili mexanizmlərini və alətlərini hazırlamaqdır. Əlbəttə, milli və beynəlxalq qiymətləndirmənin davam etdirilməsi, hətta beynəlxalq qiymətləndirmənin əhatə dairəsinin genişləndirilməsi və TİMSS, PİRLS kimi digər mötəbər proqramlarda Azərbaycanın iştirakı İkinci Layihədə maliyyələşdiriləcək tədbirlərin sırasına aiddir. Əgər Birinci Layihədə biz milli və beynəlxalq qiymətləndirmənin keçirilməsi qaydalarını öyrənirdiksə, İkinci Layihədə onların nəticələrindən bəhrələnməyə və qərar qəbul etmədə istifadəsinə daha çox diqqət yetirəcəyik. Eyni zamanda fikirləşirəm ki, ümumi orta təhsil sənədlərinin verilməsi sisteminin də təkmilləşdirilməsi vaxtı çatmışdır. Bəzilərinə elə gəlir ki, təhsil səviyyəsindən asılı olmayaraq, şagirdlər mütləq attestat almalıdırlar. Lakin ölkəmizdə ümumi orta təhsil icbari olsa da, təhsil sənədi yalnız təhsildə uğur qazanan, müvafiq standartlar səviyyəsində bilik və bacarıqlara yiyələnən şagirdlərə verilməlidir. Yəqin ki, fərqli attestatların tətbiqi belə düşüncələrə son qoyardı.

 

Müəllim hazırlığı

 

Bütün ölkələrdə aparılan islahatlar nəticəsində belə bir qənaətə gəlinmişdir ki, təhslin keyfiyyətinin yüksəldilməsinin birbaşa və səmərəli yolu müəllimlərin inkişafından keçir. Birinci Layihənin əvvəlində müəllimlərlə bağlı xeyli sayda problem gündəmdə idi. Lakin onların həllində Birinci Layihənin imkanları baxımından bir neçəsinə üstünlük verildi:

1) Müəllimlərin ilkin hazırlığı və əlavə təhsili arasında bağlılığın və konseptual yanaşmanın olmaması.

2) Müəllim hazırlığının məzmununda praktiki təcrübədən daha çox nəzəriyyəyə yer ayrılması. Sirr deyil ki, müəllimlər öz düşüncə tərzlərini universitetlərdə onlara tədris edilən nəzəriyyələri xatırlamaqla deyil, müəllim yoldaşları ilə müzakirələr aparmaq və şəxsi təcrübələri ilə zənginləşdirirlər.

3) Yeni təlim metodlarının müəllim hazırlığında öz əksini tapmaması.

4) Müəllim hazırlığı müəssisələrinin maddi-texniki bazasının zəif olması.

Bu problemlərin həlli istiqamətində Birinci Layihə çərçivəsində atılan ilk addım "Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası" sənədinin hazırlanıb təsdiq edilməsi oldu. Sənədin hazırlanmasında dünya təcrübəsi öyrənilmiş və mütərəqqi tendensiyalar nəzərə alınmışdır. Adından göründüyü kimi, müəllim hazırlığının bütün aspektləri bu sənəddə vahid bir konsepsiyaya gətirilir. Sənəddə müəllim hazırlığı məzmununun, müəllimlərin işə cəlb edilməsi sisteminin, müəllim hazırlığının strukturunun və idarə edilməsinin dəyişdirilməsi, keyfiyyətə təminat sisteminin yaradılması kimi strateji inkişaf istiqamətləri önə çəkilmişdir. Müəllim hazırlığının məzmununun dəyişdirilməsi istiqamətində Birinci Layihənin ciddi nailiyyəti ibtidai sinif müəllimlərinin ilkin hazırlığı üzrə yeni kurrikulumların hazırlanması olmuşdur. Bu kurrikulumların xüsusi cəhəti onların nəticəyönümlü olmasıdır. Belə ki, yeni kurrikulumlarda əvvəlcə müəllimlər üçün kompetensiyalar müəyyənləşdirilmiş, kompetensiyalar təlim nəticələrinə çevrilmiş və məzmun xətləri həmin təlim nəticələrinin əldə olunması istiqamətində yazılmışdır. Kurrikulumların digər xüsusi cəhəti ondan ibarət olmuşdur ki, pedaqogikanı, psixologiyanı, tədris metodikalarını, ən başlıcası isə fəal/interaktiv təlim texnologiyası üzrə bacarıqların aşılanmasını özündə birləşdirən və Azərbaycan təhsili üçün tamamilə yeni olan "Təhsilin əsasları" fənni yeni kurrikulumlara daxil edilmişdir. Bu fənn üzrə dərslik də hazırlanıb nəşr edilmişdir. Fənnin tədrisi müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsində, nəzəriyyədən daha çox təcrübəyə keçidin təmin olunmasında mühüm rol oynayacaqdır. Müəllim hazırlığında tətbiq olunan kurrikulumlarla bağlı ali pedaqoji təhsil müəssisələrinin professor-müəllim heyəti və yeni kurrikulumların ümumtəhsil məktəblərində tətbiqi ilə bağlı 9 min I sinif müəllimi üçün treninqlər keçirilmişdir. Bu treninqlərin keçirilməsinə dəstək olaraq, əlavə təhsil müəssisələri avadanlıqla təmin olunmuş, onlardan ikisi əsaslı təmir edilmişdir.

Gələcəkdə kurrikulumların tətbiqinin daha da genişlənəcəyini və belə treninqlərin intensivləşəcəyini nəzərə alsaq, İkinci Layihədən gözlədiyimiz əsas nəticələr əlavə təhsilin məzmununun ümumtəhsil və ilkin müəllim hazırlığı kurrikulumlarına uyğunlaşdırılması, distant təhsilin tətbiqi, əlavə təhsil müəssisələrinin təmiri və maddi-texniki bazasının gücləndirilməsidir. Yeni ümumtəhsil kurrikulumlarının tətbiqi üçün tələb olunan bütün əlavə təhsil tədbirləri gələcəkdə bütünlüklə əlavə təhsil müəssisələrinin şəbəkəsində reallaşdırılmalıdır. Eyni zamanda bizim qənaətimizə görə, əlavə təhsil sistemində keyfiyyətin yüksəldilməsi bu sahədə xidmətlərin təklifində rəqabətin genişləndirilməsi və qeyri-dövlət qurumlarının da bu prosesə qoşulmasından keçir. Bu istiqamətdə respublikamızda artıq müəyyən işlər görülmüşdür. Bilirsiniz ki, ölkəmizin ümumtəhsil məktəblərində xarici dillərin tədrisi sahəsində böyük problemlər var. Xarici dillərin tədrisi şagirdlərdə nitq bacarıqlarının formalaşdırılmasından çox qrammatik qaydaların mənimsədilməsinə xidmət edir. Bu problemin bir tərəfi məzmunla bağlı olsa da, digər tərəfi tədris metodikasının müasir tələbləri ödəməməsi və bir çox müəllimlərin peşəkarlıq səviyyəsinin aşağı olmasıdır. Məhz bunu nəzərə alaraq, Təhsil Nazirliyinin sifarişi və maliyyəsi ilə Britaniya Şurası ingilis dilinin intensiv tədrisi üzrə Bakının 7 məktəbinin müəlliminə ixtisasartırma kursları keçirmişdir. ümumiyyətlə, elə təəssürat yaranmasın ki, Azərbaycan təhsilində aparılan islahat və inkişafyönümlü işlər yalnız Dünya Bankının layihələri vasitəsilə aparılır. Əksinə, bütün belə işlər düşünülmüş ümumi strategiyaya uyğun müxtəlif proqram və layihələrdə, o cümlədən Dünya Bankının layihələrində həyata keçirilir. Son illər müəllimlərin əməkhaqqının dəfələrlə artırılması, təhsil işçilərinin təltifləndirilməsi, "Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi, ucqar kənd məktəblərində çalışan müəllimlər üçün güzəştlərin tətbiqi müəllimlərin inkişafı və müəllim peşəsinin yüksəldilməsi strategiyasına xidmət edən addımlardır.

 

Təhsilin iqtisadiyyatı

 

Təhsil sahəsində aparılan islahatların nəticə verməsi iqtisadi mühitdən də asılıdır. Son illər ölkədə mövcud olan dinamik iqtisadi yüksəliş, təhsilə ayrılan maliyyənin ilbəil artması, təhsildə proqram və layihələr əsasında maliyyələşmə təhsil sektorunun inkişafına və aparılan islahatlar üçün əlverişli şərait yaratmışdır. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, bu gün məktəblərin maliyyələşdirilməsi mexanizmi aparılan islahatların məktəblərdə reallaşmasına əngəllər yaradır. Məzmunda nəticəyönümlüyə keçsək də, bunu məktəblərin maliyyələşdirməsində görmək mümkün deyil. Əgər təhsilin məzmunu şagirdlərin əldə etməli olduğu nəticələr əsasında tərtib olunursa, deməli, məktəblərin büdcəsi də bu nəticələrin əldə olunmasına yönəlməlidir. Bu gün məktəblər şəffaflığı təmin edən normalar üzrə deyil, proqnozlaşdırılan xərclər smetası əsasında maliyyələşir. Proqnoza dair isə ən azı iki mövqe ola bilər: 1) proqnozu təqdim edənin və 2) proqnozu qəbul edənin. Belə olan halda ədalətsizlik və subyektivizm hallarından sığortalanmaq mümkün deyil. Bundan başqa, məktəb büdcələrinin xərclənməsi təhsil şöbələri tərəfindən həyata keçirildiyindən xərclər barədə əksər hallarda məktəblərin xəbəri olmur. Dünya Bankının 2006-cı ildə keçirdiyi "ümumtəhsil sahəsində xərclərin izlənilməsi" sorğusunda məktəb direktorlarının bir çoxu məktəb smetası barədə məlumatlarının olmadığını bildirmişdi. Lakin hamıya məlumdur ki, məktəbin ehtiyaclarını məktəbin özündən yaxşı heç kim bilə bilməz. Ona görə də məktəbin xərclərinə dair qərarların verilməsində məktəbin özünün iştirak etməməsi bizi çox narahat edir. Eyni zamanda məktəblərin büdcəsi xərc maddələri üzrə ayrılır və vəsaitin bir maddədən digərinə keçirilməsinə icazə verilmir. Nəticədə büdcənin qənaətlə istifadəsi və qənaət olunmuş məbləğin digər maddəyə keçirilib inkişaf tədbirinə yönəldilməsi mümkün olmur. Qənaət olunmuş məbləğin həmin maddədə qalaraq ilin sonunda büdcəyə silinməsi isə nə qədər təəccüblü olsa da, məktəbin növbəti il üçün büdcəsinin aşağı düşməsinə səbəb olur. Belə ki, məktəblərə büdcənin ayrılması cari ilin maliyyə göstəriciləri əsasında aparılır və əgər ötən illə müqayisədə cari ildə xərclər aşağı düşmüşsə, onda növbəti il üçün də məktəbə daha az məbləğdə pul ayrılır. Bu isə öz növbəsində vəsaitlərin səmərəli istifadəsinə sövq etmir. Bugünkü maliyyələşdirmə həm də məktəb şəbəkəsinin daha səmərəli hala gətirilməsinə də stimul yaratmır. Bir faktı diqqətinizə çatdırım ki, son 5 ildə şagirdlərin sayı 219 min nəfər azaldığı halda, müəllimlərin sayı 11 min nəfər artmış, şagird-müəllim nisbəti 10,1-dən 8,4-ə enmişdir. Müqayisə üçün deyim ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələrin şagird-müəllim nisbəti üzrə orta göstəricisi 21,9-dur. Azərbaycanda bu nisbətin aşağı olmasının səbəblərindən biri də məhz məktəb şəbəkəsində səmərəsiz məktəblərin olmasıdır. ölkəmizdə şagirdlərin sayı 30-dək olan 387, 50-dək olan 238, 100-dək olan 614 məktəb olmaqla, ümumilikdə 1239 belə məktəb fəaliyyət göstərir. Bugünkü maliyyələşmənin şagird sayından asılı olmaması belə məktəblərin fəaliyyət göstərməsinə və bütün fənlər üzrə işə müəllim götürmələrinə şərait yaradır.

Lakin hamıya aydındır ki, belə məktəblərin hamısını ixtisaslı müəllimlərlə, bütün lazımi resurslarla təmin etmək qeyri-mümkündür və belə vəziyyətdə təhsilin keyfiyyətindən danışmağa dəyməz. Bizim qənaətimizə görə Azərbaycanda məktəblərin minimal şagird sayı orta məktəblər üçün 220, əsas məktəblər üçün 180 və ibtidai məktəblər üçün 80 şagird olmalıdır.

Sadaladığım problemlərlə məşğul olmaq məqsədilə Şirvan şəhəri, İsmayıllı və Ucar rayonları Birinci Layihədə pilot əraziləri kimi müəyyənləşdirilmişdir. Birinci Layihədə bu şəhər və rayonların 59 məktəbinə maliyyə müstəqilliyi verilmiş və Nazirlər Kabinetinin qərarı ilə həmin məktəblərdə şagirdbaşına maliyyələşmə mexanizminin sınaq şəklində tətbiqinə başlanmışdır. Dünyanın əksər ölkələrində tətbiq olunan yeni mexanizm maliyyələşmədə ədalətsizlik hallarını aradan qaldırır, büdcənin planlaşdırılmasında valideynlərin də təmsil olunduğu məktəb şurasının iştirakını təmin edir, vəsaitlərin səmərəli istifadəsinə stimul yaradır. Bununla yanaşı, həmin şəhər və rayonlarda "Məktəb Qrantı Proqramı" həyata keçirilmişdir. Qrant proqramının məqsədi məktəblərə əlavə maliyyə vəsaiti verməklə məktəblərdə innovasiyaların tətbiqi istiqamətində maliyyənin idarə edilməsi üçün lazımi bacarıqların formalaşdırılması olmuşdur. "Məktəb Qrantı Proqramı" üç mərhələdə həyata keçirilmiş və hər biri 5000 ABŞ dolları olmaqla, ümumilikdə 173 qrant təltif edilmişdir. Maliyyə müstəqilliyi verilmiş 59 məktəbin hamısı qrant proqramı müsabiqəsində uğur qazanmış və qrant vəsaitlərini özləri idarə etmişlər. Eyni zamanda Şirvan şəhəri, İsmayıllı və Ucar rayonlarında rasionallaşdırma planları hazırlanmış və həyata keçirilmişdir. Rasionallaşdırma planlarının icrasına dəstək olaraq, 41 məktəb əsaslı təmir olunmuş, mebel və İKT avadanlıqları ilə təchiz edilmişdir ki, bu da Azərbaycanda məktəb infrastrukturunun müasirləşdirilməsi prosesinə öz töhfəsini vermişdir. Rasionallaşdırma planlarının icrası nəticəsində şagird müəllim nisbəti həmin şəhər və rayonlarda 12:1-ə yaxınlaşsa da bu, məktəblərin bağlanması və ya birləşdirilməsi hesabına olmamışdır. çünki məktəblərin bağlanması onların şagirdlərinin nəqliyyat vasitəsi ilə digər məktəblərə daşınmasını tələb edirdi və bu da o zaman mümkün olmamışdır.

ümumiyyətlə etiraf etməliyik ki, ölkənin maliyyə resurslarının artdığı və məktəb tikintisinin geniş vüsət aldığı bu dövrdə məktəb şəbəkəsinin rasionallaşdırılmasına lazımi diqqət verilməmişdir. Bunu nəzərə alaraq, İkinci Layihənin əsas vəzifələrindən biri də bu sahədə dövlət proqramının hazırlanması və nəqliyyat vasitələri məsələsinin həlli ilə proqramın həyata keçirilməsidir. İkinci Layihənin digər bir vəzifəsi başlanmış maliyyə islahatlarının qiymətləndirilməsi və Hökumətə tövsiyələrin verilməsi olacaqdır.

 

Təhsilin idarə edilməsi

 

Təhsil Nazirliyi hələ 1999-cu ildən Dünya Bankı ilə əməkdaşlığa başlayandan təhsilin idarə edilməsi həmişə diqqət mərkəzində olmuşdur. çünki islahatların hazırlanması və uğurla həyata keçirilməsi təhsilin idarə edilməsindən xeyli dərəcədə asılıdır. Bu baxımdan təhsil sistemi ilə Təhsil Nazirliyi fərqləndirilməlidir. Təhsilin son məhsulu olan təhsil xidmətlərinin göstərilməsində iştirak edən bütün təşkilatlar təhsil sisteminə aiddir. Təhsil Nazirliyi də bu təşkilatların biri olub, ən vaciblərindən sayılır. Buna görə də Təhsil Nazirliyinin əsasnaməsində müəyyənləşdirilmiş bütün funksiyalar onun strukturunda müasir dövrün tələblərinə uyğun şəkildə öz əksini tapmalı və boşluq olmamalıdır. 10-illik proqramın gündəliyinə salınmış problemlərdən biri də belə boşluqların olması idi. Doğrudan da 2002-ci ildə Təhsil Nazirliyində məzmun, qiymətləndirmə və s. sahələr üzrə strateji təhlillər aparıb islahatların həyata keçirilməsi üçün müvafiq struktur bölmələr yox idi. Təhsil Nazirliyinin strukturunda öz əksini yaxşı tapmamış digər bir məsələ idarəetmədə qərarların verilməsi üçün müvafiq elektron məlumat bazasının olmaması idi. Şöbələr özləri üçün məlumatı kağız üzərində toplamaqla istifadə edirdilər. İdarəetmənin vacib məsələlərindən olan kadr hazırlığında vahid siyasətin olmaması da əsas problem olmuş və qalmaqdadır. Pərakəndə şəkildə keçirilən qısamüddətli kurslar, seminar və konfranslar nəzərə alınmazsa, idarəetmə sahəsində sistematik maliyyələşən kadr hazırlığı mexanizmi mövcud deyil.

Bu problemlərin həlli istiqamətində Birinci Layihənin dəstəyi ilə Təhsil Nazirliyində strateji planlaşdırma və hesabatvermə mexanizmi tətbiq edilmişdir. Təhsil Nazirliyinin strukturunda dəyişikliklər edilərək

1) Strateji təhlil və planlaşdırma;

2) Monitorinq və qiymətləndirmə;

3) Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbələri yaradılmışdır.

Birinci Layihə çərçivəsində islahat və inkişaf tədbirlərinin həyata keçirilməsində bu şöbələrin böyük töhfəsi olmuşdur. Qarşıda duran ən böyük vəzifələrimizdən birinin də məktəbəqədər təhsilin inkişafı olduğunu nəzərə alaraq, fəaliyyətimizi daha mütəşəkkil təşkil etmək məqsədilə Təhsil Nazirliyində məktəbəqədər təhsil sektoru yaradılmışdır.

Bunlarla yanaşı, Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi İkinci Layihə çərçivəsində də davam etdiriləcəkdir. Məzmun islahatlarının növbəti illərdə genişlənəcəyini və məzmunun Təhsil Nazirliyi tərəfindən daha da güclü əlaqələndirilməsinə ehtiyacın olması baxımından Təhsil Nazirliyində  məzmun şöbəsinin yaradılması nəzərdə tutulur. Planlaşdırılan islahatlar, eyni zamanda müəllimlərin hazırlığı üzrə məzmunun və müəssisələrin akkreditasiyasını nəzərdə tutur. Bu istiqamətdə fəaliyyət göstərəcək akkreditasiya şöbəsinin yaradılması İkinci Layihənin vəzifələrinə aiddir. İkinci Layihənin ən vacib istiqamətlərindən biri də təhsilin idarəedilməsi üzrə kadr hazırlığı strategiyasının hazırlanması və ali məktəblərin birində bakalavr pilləsində təhsil menecerlərinin hazırlığı proqramının təsis edilməsi olacaqdır. Bütün bunlarla yanaşı, idarəetmə sahəsində başladığımız işlərin davam etdirilməsi də İkinci Layihənin vəzifələrinə aid olacaqdır. Bura strateji təhlil və hesabatvermənin, təhsilin idarə edilməsi üzrə məlumat sisteminin əhatə dairəsinin genişləndirilməsi aiddir.

Hörmətli seminar iştirakçıları!

İcazə verin, Birinci Layihə üzrə xərclənmiş vəsaitlər barədə məlumatı diqqətinizə çatdırım. Slayddan göründüyü kimi, Birinci Layihənin icrasına 21,34 milyon dollar vəsait xərclənmişdir. Bu vəsaitin 2,9 milyonu Azərbaycan hökumətinin payına düşmüşdür. Bu məbləğ sizin üçün böyük görünməsin. Təhsilə ayrılan büdcə vəsaitləri ilə müqayisədə bu, cüzi bir rəqəmdir. Lakin buna baxmayaraq, fikirləşirəm ki, biz Birinci Layihədə həm keyfiyyət baxımından, həm də kəmiyyət baxımından böyük nailiyyətlər əldə etmişik.

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin büdcəsi isə Birinci Layihənin məbləğindən təqribən iki dəfə artıqdır. ümid edirəm ki nailiyyətlərimiz də iki dəfə artıq olacaqdır. Layihənin ümumi büdcəsi 45,4 milyon dollar təşkil edir. Bu məbləğin 25 milyonu Beynəlxalq İnkişaf Assosiasiyasının krediti, 20,4 milyonu Azərbaycan hökumətinin payına düşür. Diqqətçəkən məqam odur ki, əgər Birinci Layihədə Azərbaycan hökumətinin payı təqribən 13 faiz təşkil edirdisə, İkinci Layihədə iştirak payı 45 faizə çatdırılmış, məbləğlə isə yeddi dəfə artırılmışdır. Bu, dövlətimiz tərəfindən Dünya Bankı ilə aparılan təhsil islahatlarına verilən əhəmiyyətdən irəli gəlir. İkinci Layihənin məqsədi tədrisin keyfiyyətinin yüksəldilməsi, təlim nəticələrinin yaxşılaşdırılması və xərclərin səmərəliliyinin artırılmasıdır.

İkinci Layihə 6 komponentdən ibarət tərtib edilmişdir. Onlardan ikisi, yəni 1-ci və 5-ci komponentlər alt-komponentlərə bölünmüşdür. Bu komponent və alt-komponentlər barədə nazirliyin məsul işçiləri öz təqdimatlarında ətraflı məlumat verəcəklər. Bu səbəbdən, mən vaxtınızı çox almadan yalnız İkinci Layihənin bəzi fərqli cəhətlərini diqqətinizə çatdırmaq istəyirəm. Əsas fərqli cəhət ondan ibarətdir ki, İkinci Layihə əvvəlkindən fərqli olaraq, məktəbəqədər və peşə təhsili üzrə inkişaf tədbirlərini əhatə edir. Digər fərqli cəhət ondan ibarətdir ki, ictimaiyyətin məlumatlandırılması ayrıca alt-komponent kimi nəzərdə tutulub. İslahatların uğurlu olmasında ictimaiyyətin məlumatlandırılmasının hansı əhəmiyyətə malik olmasını hamımız bilirik. Əgər biz təhsil işçilərini lazımi qaydada məlumatlandırmasaq, valideynləri və geniş ictimaiyyəti apardığımız islahatların doğruluğuna inandırmasaq, uğur qazana bilmərik. Mən fürsətdən istifadə edərək sizin hamınızı, xüsusilə də KİV işçilərini bu sahədə sıx əməkdaşlığa çağırıram. Bununla mən təqdimatımı bitirirəm.

Diqqətinizə  görə  minnətdaram. 

 

 

***

 

Təhsil nazirinin çıxışından sonra  təqdimatlar oldu.

Dünya Bankının Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin meneceri Xuan Moreno "Azərbaycandakı təhsil islahatlarına Dünya Bankının dəstəyi" mövzusunda təqdimatla çıxış edərək TSİL çərçivəsində əldə olunmuş nailiyyətlərdən danışdı. Verilən məlumatdan aydın oldu ki, ölkəmizdə kurrikulum islahatı həyata keçirilmiş və yeni dərslik siyasəti tətbiq olunmuşdur. Milli qiymətləndirmə sistemi yaradılmış, müəllimlərin peşə hazırlığı üçün milli strategiya qəbul edilmişdir. Bundan başqa, Təhsil Nazirliyində TİMS və Strateji təhlil, planlaşdırma şöbəsi yaradılmış, yeni maliyyələşdirmə disturu eksperimental əsaslarla 3 pilot rayonda tətbiq olunmuşdur.

Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri  Aydın Əhmədov "Kurrikulum islahatının davam etdirilməsi və kurrikulumun tətbiqinə dəstək" mövzusunda təqdimatında görüləcək ən vacib məsələlərdən danışdı. TSİL çərçivəsində hazırlanmış V-XI siniflər üzrə fənn kurrikulumları layihələrinin təkmilləşdirilməsinin, həmin layihələrin seçmə yolla bu sahədə qabaqcıl təcrübəyə malik xarici ölkədə ekspertizadan keçirilməsinin və bununla bağlı digər vacib tədbirlərin nəzərdə tutulduğunu söylədi.

A.Əhmədov  çıxışında V-XI sinif kurrikulumlarının mənimsənilməsi üzrə maarifləndirmə tədbirləri, məktəbəqədər təhsil kurrikulumunun və ilkin peşə təhsili üzrə kurrikulumların hazırlanması ilə bağlı görüləcək işlər haqqında da geniş məlumat verdi.

"Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi" mövzusunda təqdimatında Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov TSİİL çərçivəsində konkret olaraq qarşıda duran vəzifələrdən: Təhsil sistemində idarəetmə strategiyasının hazırlanması, idarəetmənin təkmilləşdirilməsi məqsədilə struktur dəyişikliklərinin davam etdirilməsi və strateji planlaşdırmanın, yeni hesabatvermə sisteminin tətbiqindən, Təhsil Nazirliyi, R(Ş)TŞ-lər və məktəb rəhbərləri tərəfindən islahatların daha səmərəli şəkildə idarəedilməsi və həyata keçirilməsi istiqamətində idarəetmə bacarıqlarının artırılmasından; idarəetmə üzrə mütəxəssislərin hazırlanması strategiyasının işlənilməsindən; müəllimlərin işə qəbulu (fəaliyyətinin lisenziyalaşdırılması) və fəaliyyətinin qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsindən, idarəetmə sistemində əlavə təhsilin keyfiyyətinə nəzarət mexanizminin işlənib  hazırlanması və həyata keçirilməsindən danışdı. Bunların hər biri ilə əlaqədar görüləcək əsas icra tədbirlərini sadaladı.

Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir əvəzi Təranə Hacıyeva "Təhsilin idarəolunmasında təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi nəticələrindən istifadə" mövzusunda təqdimatla çıxış etdi. Təranə xanım təhsilin idarəolunmasında qiymətləndirilmənin əhəmiyyətindən söz açdı. Məktəbdaxili qiymətləndirmənin şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas komponenti olduğunu deyən çıxışçı 2008-2009-cu tədris ilində keçirilmiş buraxılış imtahanlarının nəticələrini şərh etdi, daha sonra beynəlxalq və məktəbdaxili qiymətləndirmənin məqsəd və vəzifələrinə toxundu. Təqdimatda həmçinin təhsilin idarəolunmasında şagird nailiyyətlərinin qiymətləndirilməsinin effektini daha da artırmaq üçün zəruri olan amillərə toxunuldu.

Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı "Yeni tədris materiallarının hazırlanması və məktəb kitabxanalarının müasirləşdirilməsi" mövzusunda təqdimatla çıxış edərək yeni dərslik siyasətindən danışdı. Yaradılmış Dərslikləri Qiymətləndirmə Şurasının prinsiplərini və meyarlarını sadalayan Faiq müəllim onların hər biri haqqında ətraflı məlumat verdi. Məlumatdan aydın oldu ki,bu il yeni fənn kurrikulumları əsasında hazırlanmış dərsliklər Dərslikləri Qiymətləndirmə Şurasının qiymətləndirilməsindən sonra çap edilib məktəblərə çatdırılmışdır. 18 adda 846000 nüsxə uşaq eksiklopediyası Birinci Layihə çərçivəsində bütün  məktəblərə pulsuz verilib. Coğrafiya və digər fənlər üzrə əyani vəsait kimi 19 adda 351595 nüsxə xəritə və Heydər Əliyev Fondunun təşəbbüsü ilə 140 adda 1400000 nüsxə tədris plakatları hazırlanıb çap olunaraq təhsil müəssisələrinə çatdırılmışdır. Birinci Layihə çərçivəsində görülən işlərdən geniş danışan F.Şahbazlı İkinci Layihədə də bu işlərin davam etdirilməsinin, Dərslik siyasətinin icrasına dəstəyin artırılmasının,məktəb kitabxanalarının maddi-texniki bazasının gücləndirilməsinin və fəaliyyətinin təkmilləşdirilməsinin, yeni kurrikulumun  tətbiqi ilə bağlı əlavə tədris materiallarının hazırlanması və İnternet səhifəsinə yerləşdirilməsinin və digər mühüm tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu  bildirdi. Onu da qeyd etdi ki, artıq bu istiqamətdə müəyyən işlər  aparılmaqdadır.

"Pedaqoji kadrların əlavə təhsil sisteminin müasirləşdirilməsi" mövzusunda təqdimatla çıxış edən Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin baş məsləhətçisi Musa Əhmədov İkinci Layihə çərçivəsində adıçəkilən komponentin vəzifələrindən danışdı. Həmin vəzifələrə yeni ümumtəhsil və məktəbəqədər təhsil kurrikulumlarının tətbiqi ilə bağlı əlavə təhsil tədbirləri, əlavə təhsil sistemində xidmətlərin təklifi sahəsində rəqabətin yaradılması,  əlavə təhsil sistemində distant təhsilin tətbiqi, əlavə təhsil müəssisələrinin təmiri, onların mebel və İKT avadanlıqları ilə komplektləşdirilməsi  kimi məsələlərin daxil olduğunu diqqətə çatdırdı və onların  hər biri haqqında ayrıca söz açdı.

"Məktəbə hazırlığın inkişaf etdirilməsi" mövzusunda təqdimatda Təhsil Nazirliyinin Məktəbəqədər  təhsil sektorunun müdiri  Nərminə Alnağıyeva çıxış edərək məktəbəqədər təhsilin  vəziyyəti barədə seminar iştirakçılarına məlumat verdi. Həmin sahədə mövcud olan problemlərə toxundu. Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2007-ci il tarixli, 2089 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)"nda həyata keçirilməsi nəzərdə tutulan vəzifələri qeyd edən N.Alnağıyeva bu istiqamətdə görülən işlərdən, məktəbə hazırlığın inkişaf etdirilməsi komponentinin məqsədindən söz açdı.

Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri (TİMS) şöbəsinin müdiri İsmayıl Sadıqov "TİMS-in ölkə səviyyəsində həyata keçirilməsi və ondan istifadənin genişləndirilməsi" mövzusunda təqdimat etdi. TİMS-in əsas məqsədinin təhsil sistemi rəhbərlərinin cavabdeh olduqları sahənin monitorinqini aparmaq, dəqiq və cari məlumatlar əsasında strategiya və fəaliyyət planlarını hazırlamaq üçün genişəhatəli informasiya bazasının formalaşdırılması olduğunu deyən natiq  qeyd etdi ki, bu, nazirlik,təhsil şöbələri, məktəblər səviyyəsində nəzərdə tutulur. İsmayıl müəllim ilk öncə 2003-2007-ci illəri əhatə etmiş Birinci Layihə çərçivəsində  respublikanın bütün ümumtəhsil məktəbləri haqqında ümumi məlumatın alındığını, məktəb direktorlarının qısa şəxsi işlərinin toplandığını, pilot rayonların 2005-2006-cı dərs ili üçün məktəb şəbəkəsinin yaradıldığını, bütün məktəblərin 2006-2007  və 2007-2008-ci dərs illəri üçün məktəb şəbəkəsi informasiya bazasının olduğunu, İKT avadanlıqları barədə məlumatın toplandığını dedi. Təqdimatda Birinci Layihənin həyata keçirilməsində bir sıra maneələrin olduğunu istisna etməyən çıxışçı onları ayrı- ayrı şərh etdi. Daha sonra təqdimatda İkinci Layihə (2008-2013) çərçivəsində həyata keçirilməsi zəruri olan istiqamətlər diqqətə çatdırıldı.

Növbəti təqdimat Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdir müavini  Orxan Kərimov tərəfindən oldu. "Məktəb şəbəkəsinin rasionallaşdırılması və şagirdbaşına maliyyələşdirmə islahatları" mövzusunda hazırlanmış təqdimatda Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (2008-2013-cu illər) çərçivəsində aparılacaq əsas icra tədbirlərindən danışıldı. Qeyd olundu ki, bura məktəb şəbəkəsinin rasionallaşdırılması qaydasının müəyyənləşdirilməsi üçün hazırlıq işlərinin aparılması; ölkədə üzrə məktəb şəbəkələrinin rasionallaşdırılması  üzrə milli Proqram (strategiya və ya baza) sənədinin hazırlanması; TSİL (2003-2007-ci illər) üzrə pilot rayonlarında şagirdbaşına maliyyələşdirmə prinsipinin tətbiqi ilə əlaqədar aparılmış islahatın qiymətləndirilməsi daxildir. çıxışçı görüləcək işləri seminar iştirakçılarının diqqətinə çatdırdı.

"Təhsil İslahatlarına dair ictimaiyyətin məlumatlandırılması" mövzusunda təqdimatla çıxış edən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə TSİİL çərçivəsində aparılan islahatlarla bağlı görülməsi vacib olan işlərdən danışdı. Bildirdi ki, aparılan islahatlarla əlaqədar  ictimaiyyətin işçi qaydası üzrə məlumatlandırılması, daha sonra ictimaiyyətin xüsusi tədbirlər vasitəsilə məlumatlandırılması üçün televiziya kanalları ilə birbaşa müqavilə bağlanılmasının təşkili, Təhsil Nazirliyi daxilində  və xaricində KİV-lə məşğul olan mütəxəssislərin ixtisasartırma və maarifləndirilməsi,  mətbuatda dərc olunan yazıların, telekanallarda verilən süjetlərin monitorinqinin aparılması olduqca zəruridir. Həmin vəzifələrin uğurla həyata keçirilməsi üçün icra tədbirlərinin nəzərdə tutulduğunu deyən şöbə müdiri  onlar haqqında ətraflı söz açdı.

 Seminarın birinci iş günü üçün nəzərdə tutulmuş təqdimatlar başa çatdıqdan sonra müzakirələr oldu.

Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsinin müdir müavini Qurban Əmirov, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov,  həmin institutun şöbə müdiri Rəsul Əsgərov, Beynəlxalq Təhsil Kompleksinin direktoru Sara Xanlarova və başqaları çıxış edərək müəyyən məsələlərlə əlaqədar fikir və təkliflərini söylədilər.

çıxışlarda həmçinin təqdimatların yüksək səviyyədə hazırlanması, təhsilin bütün sahələrinin tam əhatə edildiyi xüsusi qeyd olundu. Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən seminarda təhsil naziri Misir Mərdanov  deyilənlərlə bağlı öz mülahizələrini söylədi və bəzi məqamlara aydınlıq gətirdi.

Bununla da seminarın birinci iş günü başa çatdı.

***

Seminarın ikinci iş günündə tədqimatlar davam etdirildi. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin əlaqələndiricisi Elvin Rüstəmov "TSİİL-in əlaqələndirilməsi" mövzusunda təqdimatla çıxış etdi. Təqdimatçı öncə layihə üzrə maliyyələşmə sazişində müəyyənləşdirilmiş tərəflərdən danışaraq layihədə borc verən qismində Beynəlxalq İnkişaf Assosiasiyasının, yəni Dünya Bankının, borcalan qismində Azərbaycan Respublikasının, borcalanın nümayəndəsi kimi Maliyyə Nazirliyinin, layihənin icraçısı kimi isə Təhsil Nazirliyinin müəyyənləşdirildiyini qeyd etdi. Bildirdi ki, layihənin icrasını təşkil etmək üçün qəbul edilmiş yanaşmaya əsasən layihədə islahatlar və inkişaf tədbirləri mövzular üzrə komponentlər və alt-komponentlər kimi qruplaşdırılmış, onların icrası Təhsil Nazirliyinin müvafiq şöbələrinin üzərinə qoyulmuşdur.

Belə yanaşmanın özünü doğrultduğunu söyləyən E.Rüstəmov onun üstün cəhətlərini də açıqladı və göstərdi ki, belə yanaşma nəticəsində layihənin komponentləri və alt-komponentləri üzrə görüləcək işlər nazirliyin müvafiq şöbələrinin ümumi icra planlarına daxil olunur və beləliklə, layihənin həyata keçirilməsi bir növ şöbələrin adi işinə çevrilir. Bununla da layihənin icrası daha mütəşəkkil təşkil olunur, onun nəticələrinin davamlığı təmin edilir.

Təqdimatçı diqqəti ona yönəltdi ki, layihənin əlaqələndirilməsini daha mütəşəkkil təşkil etmək, monitorinq və qiymətləndirməni həyata keçirmək üçün yeni 6-cı komponent də təşkil olunmuş və ona dəstək olaraq layihənin əlaqələndirmə qrupu yaradılmışdır. Dəyəri 3,6 milyon ABŞ dollar olan 6-cı komponent üzrə əsasən iki istiqamətdə - layihənin əlaqələndirilməsi, layihənin monitorinqinin qiymətləndirilməsi istiqamətlərində fəaliyyət nəzərdə tutulmuşdur.

Təqdimatçı layihənin əlaqələndirilməsinin həyata keçirilməsi mexanizmləri, həmin mexanizmə daxil olan hesabatvermənin sxemi haqqında da seminar iştirakçılarına açıqlama verdi.

"TSİİL-in monitorinqi və qiymətləndirilməsi" mövzusunda növbəti təqdimatda Dünya Bankının iqtisadçısı Lars Sonderqard söz açacağı fəaliyyət istiqamətinin layihəyə daxil edilməsi səbəblərindən danışıb, tətbiq edilən terminologiyaya aydınlıq gətirdi. Sonra proqramyönümlü idarəolunmadan nəticəyönümlü idarəolunmaya keçiddən və bunun üstünlüklərindən söz açdı.

Təqdimatçı nəticələr dedikdə siyasət və proqram tədbirlərinin, konkret işlərin nəticəsi, yekunu və təsirinin, nəticələrin zənciri istilahı altında isə proqram və strategiyanın həyata keçirilməsi zamanı resursların müəyyən fəaliyyətlər vasitəsi ilə nəticəyə çevrilməsinə xidmət edən məntiqə və dəlilə əsaslanan zəncir nəzərdə tutulduğunu bildirdi.

Təqdimatçı diqqətə çatdırdı ki, proqramın ənənəvi idarəolunmasında əsas diqqət resurslara, fəaliyyətlərə və yekuna, nəticəyönümlü idarəetmədə isə nəinki istifadə olunan resurslar, hətta fəaliyyətlər baxımından əldə olunan nəticələrə verilir. Şərh etdiyi məsələyə aydınlıq gətirmək üçün təqdimatçı seminar iştirakçılarını məktəb kitabxanasının fəaliyyəti üçün nəticələr zənciri ilə tanış etdi.

Lars Sonderqard çıxışında nümayiş olunan slaydlar vasitəsi ilə monitorinqin qiymətləndirmədən fərqi və TSİİL-də təsirin qiymətləndirilməsindən istifadə edilməsi, monitorinqin və qiymətləndirmənin əlaqəsi, layihədə monitorinq və qiymətləndirmə üzrə təşkilati tədbirlər barədə də geniş məlumat verdi və təkliflər irəli sürdü.

Dünya Bankının satınalmalar üzrə baş mütəxəssisi Karina Mostipanın təqdimatı satınalmaların həyata keçirilməsinə həsr olunmuşdu. Natiq satınalmaların hər bir layihənin mühüm hissəsi olduğunu qeyd edib, bu layihədə Dünya Bankının satınalma prosedurundan istifadə edildiyini bildirdi və bu zaman lazım olan sənədlərlə seminar iştirakçılarını tanış etdi. Məlum oldu ki, layihənin qiymətləndirilmə sənədi, kredit sazişi, layihənin əməliyyat təlimatı və satınalmalar planı satınalma prosedurunda istinad edilən əsas sənədlərdir.

Bankın borcvermə şərtlərində satınalma qaydalarından danışan xanım K.Mostipan bu qaydaların investisiya layihələrinə (proqramlarına) nəzarəti, borc alan ölkələrdə dövlət satınalma sisteminin idarəolunması və islahatlarını əhatə etdiyini diqqətə çatdırdı. Daha sonra satınalmanın tərəfləri olan bankın və borcalanın rolları barədə şərh verildi.

Sonra təqdimatda bankın və borcalanın satınalma fəaliyyətindəki rolları, müqavilə münasibətləri barədə məlumat verildi, seminar iştirakçıları Dünya Bankının satınalmalar, məsləhət xidmətləri haqqındakı təlimatları, bunların tərkib hissələri və təqdimatın sonunda isə Dünya Bankının İnternet saytları və onlardan istifadə qaydaları ilə tanış edildilər.

Seminarda "TSİİL üzrə maliyyənin idarəolunması" mövzusunda sonuncu təqdimatla Dünya Bankının maliyyənin idarəolunması üzrə mütəxəssisi Norpulat Daniyarov çıxış etdi. Təqdimatçı qeyd etdi ki, TSİİL-in maliyyə resursları Beynəlxalq İnkişaf Assosiasiyasının kredit kimi ayırdığı 25 milyon ABŞ dolları və Azərbaycan hökumətinin 20,4 milyon ABŞ dolları həcmində iştirak payından ibarətdir.

Sonra vəsaitin TSİİL-in komponentləri üzrə bölgüsünü əks etdirən slayd nümayiş etdirildi. Slayddan və ona verilən şərhdən aydın oldu ki, layihənin I komponenti ümumtəhsil üzrə kurrikulumun icrasına dəstək və kurrikulum islahatlarının davam etdirilməsi adlanır və buna 13,2 milyon ABŞ dolları məbləğində vəsaitin yönəldilməsi nəzərdə tutulur.

2-ci komponent pedaqoji kadrların əlavə təhsil sisteminin müasirləşdirilməsidir. Bura 15,1 mln. dollar vəsait xərclənəcək.

3-cü komponent təhsilin idarəolunmasında təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi nəticələrindən istifadə adlanır. Bura 5,6 mln. dollar vəsait ayrılıb.

Məktəbə hazırlığın inkişaf etdirilməsi adlanan 4-cü komponentin icrasına 1,9 milyon, təhsil siyasətinin hazırlanması və idarəolunması imkanlarının gücləndirilməsi adlanan 5-ci komponentə 6 milyon, layihənin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi adlanan 6-ci komponentə isə 3,6 milyon dollar vəsait xərclənməsi nəzərdə tutulur. Təqdimatçı vəsaitlərin necə hərəkət edəcəyi haqqında sxemi də seminar iştirakçılarının diqqətinə çatdırdı.

Cənab N.Daniyarov maliyyəidarəolunması sistemi, maliyyəyə dair hesabatvermə qaydası, təqdim olunan hesabatlar, əsas şərtlərdən biri sayılan illik auditin keçirilməsi, bankın maliyyə idarəolunmasına nəzarəti barədə də təqdimatında ətraflı açıqlama verdi.

Təqdimatlar başa çatdıqdan sonra onların həsr olunduğu mövzular ətrafında müzakirələr aparıldı, bir sıra məsələlərə aydınlıq gətirildi.

Bununla da seminar öz işini başa çatdırdı.

 

S.KƏRİMOVA,

Y.ƏLİYEV