· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Şəxsiyyətyönümlü kurrikulumlar əsasında yaradılan dərsliklərin xüsusiyyətləri

Müstəqil Azərbaycanın inkişafı yolunda gedən quruculuq işləri cəmiyyətin bütün sahələrini, o cümlədən də təhsili əhatə edir. "Bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması" (Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı. Azərbaycanın təhsil siyasəti (1998-2004), I kitab. Bakı, "çaşıoğlu", 2005) istiqamətində həyata keçirilən tədbirlər bilavasitə cəmiyyətin sosial sifarişlərinin öyrənilməsinə yönəldilməklə daha demokratik xarakter daşıyır. Təhsilin bütün mərhələlərində, o cümlədən ümumi təhsildə şəxsiyyətin maraq və ehtiyaclarını ödəyə bilən təhsil sisteminin yaradılması mühüm vəzifə kimi qarşıya qoyulur. Belə bir tələb isə istər-istəməz, ilk növbədə, təlimin məzmununun, ona uyğun metod, forma və vasitələrdən ibarət strateji bir sistemin hazırlanmasını tələb edir.

 

Bütün bunlarla əlaqədar artıq ənənəvi təhsil müasir dövrün tələbatını ödəmədiyindən 2006-cı ildə mütərəqqi dünya təcrübəsini özündə əks etdirən yeni bir sənəd  - "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurrikulumu)" qəbul olunmuşdur. Ona uyğun olaraq ibtidai təhsilin fənn kurrikulumları yaradılmış, təsdiq edilərək məktəblərin istifadəsinə verilmişdir. Əsas və orta təhsil üzrə fənn kurrikulumlarının ilkin variantı üzərində işlər başa çatdırılmışdır.

Hazırda yeni kurrikulumların tələblərinə uyğun resursların hazırlanmasına başlanılmışdır. Bu il birinci siniflər üçün buraxılmış dərsliklər ilkin təcrübə kimi istifadəyə verilmişdir. Proses davam etməkdədir. Təbii ki, növbəti siniflərdə yeni kurrikulumların ardıcıl olaraq tətbiq edilməsi bilavasitə yeni dərsliklərin vaxtında və keyfiyyətlə hazırlanmasından asılı olacaqdır.

ölkəmizdə aparılan təhsil islahatının bir mühüm istiqaməti dərsliklərin yaradılması sahəsində illərlə davam edən təcrübənin öyrənilib ümumiləşdirilməsi, məhz bu dövrdə Azərbaycanda ilk dəfə "ümumi təhsil sistemində dərslik siyasəti"nin qəbul edilməsindən ibarət olmuşdur. Bu sənəddə ilk dəfə dərsliyin sosial statusu müəyyənləşdirilmişdir. Göstərilmişdir ki, "Dərslik konkret fənn üzrə tədris planı və proqramı əsasında hazırlanmış nəzəri və praktik biliklərin əsaslarının sistemli və anlaşıqlı şəkildə izah olunduğu əsas vəsait"dir (ümumi  təhsil sistemində dərslik siyasəti. Azərbaycanın təhsil siyasəti (1998-2005), II kitab. Bakı, "Təhsil", 2005). Təhsilin keyfiyyətli olması və yeni kurrikulumlarda müəyyənləşdirilmiş nəticələrə çatmaq üçün uğurlu irəliləyişlərin əldə edilməsində dərsliyin rolu əvəzsizdir.

Aparılan pedaqoji, psixoloji araşdırmalar da onu göstərir ki, demək olar, bütün zamanlarda dərsliklərin təlim prosesindəki əhəmiyyəti və rolu pedaqoq alimlərimizin diqqətini cəlb etmişdir. Lakin onun şagirdə yönəlməsi, şəxsiyyətyönümlü xarakter alması ötən əsrin sonlarından bir problem kimi meydana çıxmışdır. "Şagirdlərin təfəkkürünü inkişaf etdirməklə əqli fəaliyyətin əsas üsullarını formalaşdırmaq" (İlina T. Pedaqoqika. Kurs lekçii. M., "Prosveşeniye", 1984) dərsliyin hazırlanmasında mühüm didaktik prinsiplərdən biri kimi dəyərləndirilmişdir. Son vaxtlar psixopedaqogika sahəsində tədqiqatlar aparan professor Ə.Əlizadə bu məsələ ilə bağlı belə nəticəyə gəlmişdir: "Şagird şəxsiyyətinin formalaşdırılmasında dərsliklərin rolunun hər vasitə ilə artırılması zəruridir" (Əlizadə Ə. Yeni pedaqoji təfəkkür: ideyalar, prinsiplər, problemlər. Psixoloji araşdırmalar. Bakı, "Adiloğlu", 2001).

Göründüyü kimi, pedaqogika və psixologiya sahələrində tədqiqat aparan alimlərdən bəziləri dərslik probleminə toxunaraq onun bir sıra xüsusiyyətlərini şərh etməyə çalışmışlar. Lakin müasir təhsil müstəvisində mövcud olan ənənəvi araşdırmalar get-gedə öz aktuallığını itirməyə başlamış, əvəzində yeni yanaşmalarla zəngin olan müddəalar meydana çıxmışdır. Bunlar bilavasitə dərsliklərin hazırlanmasının mühüm pedaqoji problem kimi qoyulması, istiqamətləndirici məzmuna malik olması, inteqrativ xarakter daşıması və s. ilə əlaqədardır. İlkin araşdırmalar onu göstərir ki, bu xüsusiyyətlərin şərh edilməsi dərsliklərin şəxsiyyətyönümlü, inteqrativ cəhətinin aydın təsəvvür olunmasına imkan yaradır.

 

Dərsliyin yaradılmasına pedaqoji problem kimi yanaşılması

Dərsliklərin yaradılması sahəsində əldə olunmuş təcrübələr göstərir ki, ənənəvi qaydada əksər dərsliklərin hazırlanmasına müvafiq elm sahəsinin nailiyyəti kimi yanaşılmışdır. Ona görə də dərsliklərin ümumi quruluşunun müəyyən olunmasında daha çox elmi-nəzəri materialların mənimsənilməsi ardıcıllığı əsas götürülmüşdür. Bu fikri əsaslandırmaq üçün hazırda istifadə edilən hər bir dərsliyi misal gətirmək mümkündür. Məsələn, "Azərbaycan dili" dərslikləri fonetika, leksika, sözün tərkibi və söz yaradıcılığı, morfologiya, sintaksis, nitq mədəniyyəti və üslubiyyat materiallarının ardıcıllığı sistemində qurulmuşdur. Yaxud, biologiyadan təlim materiallarının sıralanmasında botanika, zoologiya, insan və onun sağlamlığı, ümumi biologiya materiallarının ardıcıllığı gözlənilmişdir. Əslində, bu sistem həmin fənlər üzrə proqramlara uyğun olaraq yaradılmışdır.

Nəticədə dərsliklərin belə bir sistemlə hazırlanması onun daha çox deklarativ xarakterli materiallarla yüklənməsinə gətirib çıxarmışdır. Bundan əlavə, həmin dərsliklərin müəllifləri elmin daxili məntiqinə tabe olmaqla onu daha çox monoqrafik üslubda yazmağa meyil göstərmişlər. Bu proses ayrı-ayrı elmlərin sisteminə uyğun olan, anlayışlarla yüklənmiş kitabların (dərsliklərin) meydana çıxması ilə nəticələnmişdir. Ona görə də çox hallarda ümumtəhsil məktəblərinin dərsliklərindən danışarkən onun keyfiyyətinə, oradakı anlayışların təhlilinə, nəzəri mülahizələrin doğruluğuna elmin nailiyyəti baxımından yanaşılır, qiymət verilir.

Heç şübhəsiz, dərsliklər öz məzmununda fənnin tələbinə uyğun olaraq müəyyən nəzəri anlayışları ehtiva edir. Onun tərtib olunmasında elmilik zəruri prinsiplərdən biri kimi əsas götürülür. Elmin son nailiyyətlərinin dərsliklərə gətirilməsi, onlardan həyati bacarıqların formalaşdırılmasında istifadə edilməsi mühüm tələb kimi qarşıya qoyulur. Lakin bu, elmin əsaslarının kursun məzmununa daxil edilməsinə, dərsliklərin bütövlükdə nəzəri anlayışların mənbəyinə çevrilməsinə heç də əsas vermir.

ümumiyyətlə, dərsliklərin hazırlanması ciddi pedaqoji problemdir. Onun həll edilməsi üçün cəmiyyətin real tələbatlarına uyğun təhsil standartlarının yaradılması, bu prosesi tənzimləyən didaktik prinsiplərin müəyyənləşdirilməsi vacib hesab edilir. Yalnız bundan sonra mükəmməl dərsliklərin hazırlanmasından danışmaq olar.

Dərslik özünün mahiyyəti və məzmununa, funksiyalarına görə digər vəsaitlərdən, kitablardan fərqlənir. Uzun zaman ona məlumat mənbəyi kimi baxılsa da, illər keçdikcə dərsliyin struktur elementlərinə şagirdlərin bacarıq və vərdişlərini formalaşdırmaq üçün lazım olan təlim materialları daxil edilmişdir. Bu dəyişmə və təkmilləşdirmə onun əhəmiyyətinin artması və rolunun dəyişməsi ilə baş vermişdir. Xüsusilə də indiki vaxtın dərsliyinin funksiyasında daha əsaslı dəyişikliklər etmək, onun hazırlanmasını ciddi pedaqoji problem kimi tənzimləmək, elmi, nəzəri əsasda başa çatdırmaq tələb olunur. "ümumi təhsil sistemində dərslik siyasəti"ndə göstərildiyi kimi, "ümumtəhsil məktəbi dərslikləri, əsasən, müvafiq iş dəftəri və müəllim üçün metodik vəsaitlə birlikdə qəbul olunur" (ümumi  təhsil sistemində dərslik siyasəti. Azərbaycanın təhsil siyasəti (1998-2005), II kitab. Bakı, "Təhsil", 2005). Belə olan halda isə həmin dərslik dəstinin nümunəsində müəllim-şagird-valideyn üçlüyünün bağlılığı yaranır. Beləliklə də, dərsliyin təlim prosesində əlaqələndirici funksiyası daha da güclənmiş olur.

Məlum olduğu kimi, nəticəyönümlü kurrikulumların meydana gəlməsi, təhsil standartlarının yaradılması, nailiyyətlərin dəyərlərlə müəyyənləşdirilməsi diqqətin daha çox təlim nəticələrinə yönəldilməsini tələb edir. Bu isə öz növbəsində nəticələrə çatmaq üçün hər hansı strategiyanı seçməkdə müəllimə sərbəstlik verir. Müəllim bu strategiyaları özü müəyyənləşdirməlidir. Bir sıra xarici ölkələrdə olduğu kimi, resurslar çox olduqda müəllimlərin, eləcə də şagirdlərin seçim imkanları genişlənir. Onlar məqsədlərinə uyğun hər hansı vasitə və ya iş üsuluna müraciət etməkdə sərbəst olurlar. Belə şəraitdə dərsliklər bir təlim vasitəsi kimi digərlərindən o qədər də fərqlənmir. Ona görə də dərsliklərin təlim prosesindəki əvvəlki "əvəzolunmaz" roluna münasibət dəyişir.

Yeni dərsliklərlə bağlı aparılan araşdırmalardan alınan ilkin nəticələr ondan ibarət olmuşdur ki, kurrikulumlara uyğun dərsliklərin əvvəlkilərdən fərqli qaydada hazırlanacağı, tədris vahidlərindən ibarət hissələrə malik bir vəsait kimi formalaşdırılacağı nəzərdə tutulur.

ümumi təhsilin şəxsiyyətyönümlülüyü, şagirdlərdə nəticələrə uyğun səriştələrin formalaşdırılması dərsliklərin tədris vahidlərindən, hər bir tədris vahidinin paraqraflardan ibarət olması, onların qiymətləndirmə vasitələri ilə tənzimlənməsi, habelə dərsliklərə uyğun iş dəftərlərinin hazırlanıb şagirdlərin istifadəsinə verilməsi zərurətini doğurur.

Dərslik və iş dəftəri üzərində müəllimin fəaliyyətini nizamlamaq üçün müəllim kitabı hazırlanır. Mahiyyət etibarilə bu kitab yalnız müəllimlərə aid olduğundan burada  müəllimin bütün irəliləyişlərini tənzimləyən materiallar verilir. Dərslikdəki sualların, tapşırıq və çalışmaların açılışları bu kitabda öz əksini tapır. Ona görə də metodik vəsaitin yalnız müəllimlərə paylanması normal hal kimi qəbul olunur.

Məlum olduğu kimi, bütün təhsil standartlarında şagirdlərin fəaliyyət istiqamətləri əsas götürüldüyündən təlim nəticələri bütövlükdə şagirdlərə yönəldilmişdir. Təhsilin hər hansı pilləsində şagirdin inkişafını izləmək, onu istiqamətləndirmək üçün imkanlar yaradılmışdır. Elə buna görə də kurrikulumların hazırlanmasında şagirdyönümlülüyün nəzərə alınması xüsusi prinsip kimi qeyd edilmişdir.

Yeni fənn kurrikulumlarının xüsusiyyətləri, özünəməxsus cəhətləri barədə danışan təhsil naziri Misir Mərdanov qeyd edir ki, "Təhsil prosesində əhatəlilik daha geniş miqyas almalı, məzmun, texnologiya və ya qiymətləndirmə problemlərinin həllində ona diqqət yetirilməlidir. Təhsil şəraitinin qurulmasında şəxsiyyət modelinin bütün parametrlərdə tələbləri ödənilməlidir" (ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurrikulumları. Bakı, "Təhsil", 2008). Analoji olaraq bu cəhətlərin dərsliklərin hazırlanmasında da nəzərə alınması vacib hesab edilir. Onun hər bir materialının seçilməsində, yaxud hazırlanmasında şagirdlərin arzu və istəkləri, maraq dairələri, eləcə də yaş və anlaq səviyyəsi əsas götürülməlidir. Bundan əlavə, şagirdlərin fiziki imkanları diqqət mərkəzində saxlanılmalıdır.

 

Dərsliklərin istiqamətləndirici məzmuna malik olması

Dərsliklərin yaradılması tarixində ondan istifadə edənləri məlumatlandırmaq, onlara elmin sahələri ilə bağlı müəyyən biliklər vermək ön planda dayanmışdır. Bu səbəbdən də bəzi pedaqoji ədəbiyyatlarda dərsliyin informasiya vermək funksiyasından danışılmış, bir xüsusiyyət kimi mahiyyətindən bəhs olunmuşdur. Təbii ki, bir tədris kitabı kimi dərsliklərin informasiya mənbəyi olması zərurətdir. Lakin hazırkı dövrdə informasiya mənbələrinin çoxalması və çeşidli informasiyaların içərisindən ən lazım olanın seçilməsi onu göstərir ki, dərslik əsas dərs kitabı kimi informasiya mənbəyi olmaqdan daha çox istiqamətləndirici mahiyyət kəsb etməlidir. Onun materiallarının məzmununda, ardıcıllığında və sistemində şagirdi fəaliyyətə sövq edən, istiqamətləndirən bir məntiq dayanmalıdır. Bunların reallaşmasının birinci əsasını şagirdin stimullaşdırılması, onda təlim marağının yaradılması, motivləşmə təşkil edir. "Motivləşmə dedikdə orqanizmi fəallaşdıran və həmin fəallığı istiqamətləndirən təhriklər nəzərdə tutulur" (Bayramov Ə., Əlizadə Ə. Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı, "Maarif", 1989). Psixoloqların gəldiyi qənaət bundan ibarətdir ki, "qabiliyyətli uşaqların bir çoxu motivasiya çatışmazlığı ucbatından yaxşı oxumur" (Əlizadə Ə. İdrak prosesləri və hisslər. Psixopedaqoji məsələlər. Bakı, 2006). Ona görə də təlim səviyyəsini yüksəltmək üçün uşaqların öyrənmə marağına təsir göstərmək, onu stimullaşdırmaq vacib hesab edilir. Bunun üçün mühüm yollardan biri vasitələr sistemini həmin tələbə uyğunlaşdırmaqdan ibarətdir. Bu isə öz növbəsində dərsliyin motivasiya imkanlarını genişləndirməyi tələb edir.

Tədqiqat göstərir ki, dünyada bu problemin həllinə iki istiqamətdə yanaşılmışdır. Birinci, dərsliklərin maraqlı təlim vəsaitinə çevrilməsi üçün təlim tapşırıqları şagirdlərin yaş səviyyəsinə uyğun olaraq daha çox oyun elementləri, mütəhərriklik tələb edən maraqlı fakt və hadisələr üzərində qurulur. İkinci, şagird dərsliklərini daha çox idraki tapşırıqlarla zənginləşdirmək üstün keyfiyyət kimi qəbul olunur. çünki bu pillədə şagirdlərin təfəkkür fəallığını tələb edən məsələlərə, tapşırıqlara daha çox diqqət yetirilir. Şagirdlər bunların icrasından, əldə etdikləri nəticələrdən həzz alır, qürur hissi keçirirlər.

Təbii ki, bu cəhətlərə ümumi təhsilin bütün pillələrində eyni səviyyədə yanaşmaq düzgün olmazdı. Belə ki, ibtidai təhsildə deyilən cəhətlərin hər ikisinin olması məqbul sayılsa da, həmin pillədə şagirdləri maraqlandıran oyun elementlərinə, müxtəlif məzmunlu fakt və hadisələrə üstünlük verilməlidir. Əsas və orta təhsil pilləsində isə şagirdlərin idraki maraqlarının obyekti, təfəkkür tərzi onların mürəkkəb tapşırıqlar üzərində işləməsini və buna üstünlük verilməsini tələb edir. Hətta ən müasir texnologiyalardan  - informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsinə yer ayrılması yüksək dəyərləndirilir. çünki təhsilin keyfiyyətinin mühüm göstəricilərindən biri kimi artıq informasiya texnologiyalarından yox, "informasiya və kommunikasiya texnologiyaları"ndan istifadə bacarıqları aktuallıq kəsb edir. Akademik M.Potaşkinin qeyd etdiyi kimi, "Hazırda yeni "informasiya texnologiyaları" termini pedaqoqların istifadəsindən çıxır. Onun əvəzində "informasiya və kommunikasiya texnologiyaları"ndan danışılır. Fikrimizcə, terminin yenilənməsi onunla bağlıdır ki, kompüterə əsaslanmaqla təhsilin keyfiyyətini tərəddüdsüz yüksəldən yeni didaktik vəzifələr, qərarlar reallaşır" (Potaşkin M. Kaçestvo obrazovaniya: problemı texnoloqiya i upravleniya (voprosax i otvetax). M., Pedaqoqiçeskoe obşestvo Rossii,  2002).

Şagirdlərin axtarışa, tədqiqatçılığa sövq olunması dərsliklərin mühüm istiqamətverici xüsusiyyətinin təzahür formalarından biridir. Bu cəhət bütün ümumtəhsil məktəblərinin dərsliklərinə şamil edilir. Onların hazırlanmasında mühüm tələb kimi qarşıya qoyulur. Bunu müasir dövrün təhsil tendensiyası, qlobal dünyanın informasiya bolluğu və intellekt əsrinin inkişaf qanunauyğunluqları diktə edir. Ona görə də "Müasir təhsil konsepsiyası ənənəvi didaktik sistemdən fərqli olaraq, koqnitiv strukturların inkişafı problemini sadəcə olaraq hafizə məkanında deyil, yeni psixoloji məkanda, təfəkkür və hiss məkanında həll edir" (Əlizadə Ə. İdrak prosesləri və hisslər. Psixopedaqoji məsələlər. Bakı, 2006). İlkin araşdırmalar da onu göstərir ki, şagirdlərin axtarışlara sövq olunması, onların bir tədqiqatçı kimi fəaliyyətə cəlbi dərsliklərdə idrak fəallığını tənzimləyən sistemli çalışmaların, eləcə də sual və tapşırıqların olmasını tələb edir. Ona görə də bu çalışma və tapşırıqlar hazırlanaraq dərsliklərə daxil edilərkən şagirdlərin fəaliyyətinin mərhələləri diqqət mərkəzində saxlanılmalıdır. Bilmə, anlama, tətbiqetmə, analiz, sintez və qiymətləndirmə mərhələlərinin bir-birinin davamından ibarət məntiqi ardıcıllığı əsas kimi götürülməlidir. Uşaqlarda əqlin genişliyini, konkretliyini, dərinliyini, çevikliyini, fikrin sürətini, məntiqiliyini inkişaf etdirmək üçün onları müxtəlif fikri əməliyyatlara sövq edən iş formalarından istifadə olunmalıdır (Bayramov Ə. Şagirdlərdə əqli keyfiyyətlərin inkişaf xüsusiyyətləri. Bakı, "Maarif",  1967). "Bu, o məntiqdən irəli gəlir ki, adətən, fikri fəaliyyət zamanı insan müxtəlif əməliyyatlardan - təhlil, tərkib, müqayisə, ümumiləşdirmə, mücərrədləşdirmə və sairdən istifadə edir" (Bayramov Ə. Şagirdlərdə əqli keyfiyyətlərin inkişaf xüsusiyyətləri. Bakı, "Maarif",  1967).

özünüreallaşdırma, özünütəqdimetmə müasir insanın ən mühüm keyfiyyətlərindən biridir. Təlim-tərbiyə prosesində bu işin dəstəklənməsi, onun müəllim və şagird fəaliyyətinin mərkəzinə gətirilməsi xüsusi olaraq əhəmiyyətlidir. Bunun bir mühüm yolu dərsliklərdə təfəkkür müstəqilliyini təmin edən, onu daha qabarıq göstərən materialların, o cümlədən çalışma və tapşırıqların verilməsidir. Müasir dərsliklərin hazırlanması ilə bağlı aparılan araşdırmalarda da belə nəticəyə gəlinmişdir ki, şagirdləri fəaliyyətə sövq etməklə tətbiqi xarakter daşıması yeni dərsliklərin əsas keyfiyyətlərindən hesab edilir, onlarda bacarıqları formalaşdıra bilmək imkanının olması üstün cəhət kimi dəyərləndirilir. Bunun üçün kifayət qədər müxtəlif növ çalışma və tapşırıqlardan istifadə edilməsi tələb olunur.

Dərsliyin sistemində həm də elə materiallar verilir ki, onların vasitəsilə şagirdlərin inkişafını təmin etmək, izləmək mümkün olur. Uşaqlar idrakın müxtəlif mərhələlərində anlama, tətbiqetmə, təhliletmə və s. kimi bacarıqlar nümayiş etdirirlər.

Dərsliklərin məzmununda bu sistemin gözlənilməsi və hər tədris vahidindən sonra müvafiq test tapşırıqlarının verilməsi şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsinə imkan yaradır. Dərsliyin funksiyaları sırasına biliyin ötürülməsi, qabiliyyət və səriştənin inkişaf etdirilməsi, biliyin möhkəmləndirilməsi, biliyin qiymətləndirilməsi daxil edilir (Dərslik necə olmalıdır? Bakı, 2003). Bu müddəa isə yuxarıdakı fikrin reallığını bir daha əsaslandırır.

 

Dərsliyin inteqrativ xarakterə malik olması

Hər bir  dərslik yalnız nəzəri materiallardan ibarət deyildir. Yaxud əksinə, dərsliklər yalnız praktik çalışmaları ehtiva etmir. Bunlarda nəzəri və praktik materiallar əlaqələndirilir, vahid bir istiqamətə yönəldilir. Həmin materiallar üzərində işləyən şagirdlər hiss etmədən müəyyən biliklərin bazasında bacarıq və vərdişlərə, qabiliyyətlərə sahib olmaqla əvvəlcədən nəzərdə tutulmuş səriştələrə yiyələnirlər. Beləliklə, nəzəri və praktik materialların qovuşuğunda dərsliyin inteqrativ xarakteri təzahür edir. Belə əlaqələndirmə şəraitində hər şey təbii olaraq baş verir. Belə ki, izah olunan nəzəri mülahizə və ya müddəa müvafiq nümunə əsasında tamamlanır. Bundan əlavə, uyğun nəzəri anlayışlar arasında əlaqələrin olması diqqət mərkəzində saxlanılır. Onlardan birinin üzərində digəri aydınlaşdırılır. Yaxud hər hansı deklarativ, yaxud prosedural biliyin şərhində müvafiq olan biliyə istinad olunur.

Dərslikdə müəyyən fəaliyyətlərin əlaqələnməsi nəzərdə tutulmuş biliklərin daha möhkəm mənimsənilməsi baxımından əhəmiyyət daşıyır. Əslində, fəaliyyət öz-özlüyündə idrakla bağlı anlayışdır. İdrak olmadan fəaliyyət yoxdur. "İdrak insan şəxsiyyətinin bütün cəhətlərinə nüfuz edir. Bu da ondan irəli gəlir ki, idrak, hər şeydən əvvəl, fəaliyyətdir" (Bayramov Ə., Əlizadə Ə. Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı, "Maarif", 1989).

Dərsliyi hazırlayanlar anlamaq, təqdim etmək, tətbiq etmək, analiz etmək kimi hər hansı fəaliyyət növünün mənimsənilməsi üçün, ilk növbədə, onların arasındakı yaxınlığa müraciət edirlər. Onların bir-birini stimullaşdıra bilmək imkanlarını diqqət mərkəzində saxlayırlar. Məsələn, oxu və yazı, danışma ilə dinləyib-anlama fəaliyyət növləri deyilənlərə misal ola bilər.

Bütün bunlar onu göstərir ki, şəxsiyyətə yönəlmiş müasir dərsliklər özünün bir sıra xüsusiyyətləri ilə, o cümlədən pedaqoji xarakteri, istiqamətverici məzmunu, inteqrativ xüsusiyyəti ilə əvvəlki dərsliklərdən fərqlənir. Həmin fərqlərin nəzərə alınması bu günün reallıqları baxımından aktual hesab edilir.

 

İsgəndər İSGƏNDƏROV,

Təhsil nazirinin müavini,

Təhsil Sektorunun İnkişafı

Layihəsi üzrə milli koordinator,

Aydın ƏHMƏDOV,

Təhsil Nazirliyinin şöbə müdiri,

"Kurrikulum islahatı" üzrə

alt-komponent koordinatoru,

Ənvər ABBASOV,

TPİ-nin direktor müavini,

Kurrikulum Mərkəzinin

direktoru