· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

İlk yoxlama imtahanı fevralın 22-də olacaq

 

Məlum olduğu kimi, dörd ildən bəri ölkənin ümumtəhsil sistemində tətbiq olunan və coğrafiyası ildən-ilə genişlənən mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları 2008-2009-cu dərs ilindən bütün ölkəni əhatə edəcək. Orta məktəblərin XI (XII) sinif şagirdləri ilə yanaşı, peşə liseylərində məzun olmağa hazırlaşanlar da buraxılış imtahanlarını yeni qayda ilə verəcəklər.

Buraxılış imtahanlarına hazırlıq məqsədi ilə bu ilin fevral-aprel aylarında mərkəzləşdirilmiş qaydada bir yoxlama-sınaq imtahanının keçirilməsi nəzərdə tutulub.

Təhsil Nazirliyi Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsindən aldığımız məlumata görə, yoxlama imtahanlarının peşə liseylərində ayrıca, ümumtəhsil məktəblərində isə bölgələr üzrə mərhələlərlə keçirilməsi planlaşdırılıb. ölkə üzrə 5 bölgə müəyyənləşdirilib. Bunlar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, şimal, şimal-qərb, qərb və cənub bölgələridir.

Mərkəzləşdirilmiş qaydada ilk yoxlama imtahanı fevralın 22-də olacaq. Həmin gün peşə liseylərinin şagirdləri öz qüvvələrini sınayacaqlar. Peşə liseyləri üzrə yoxlama imtahanları üçün 29 mərkəz yaradılıb. Onların 7-si Bakıda, 22-si isə ölkənin digər şəhər və rayonlarında yerləşir. Bölgələr üzrə yoxlama imtahanları isə mart ayından başlanacaq. Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonu məktəblərinin bu sahədə artıq 2-illik təcrübəsinin olması nəzərə alınaraq ilk imtahan məhz bu bölgə üzrə salınıb. O, martın 1-də keçiriləcək, sonra şimal bölgəsinə daxil olan rayonların ümumtəhsil məktəblərinin onbirinci sinif şagirdləri sınaq imtahanlarına qatılacaqlar. Yoxlama imtahanları bazar günlərinə salındığından və martın 8-i bayrama düşdüyündən şimal bölgəsi üzrə imtahan martın 15-də aparılacaq.

Daha sonra imtahanlar ardıcıl olaraq şimal-qərb, qərb və cənub zonalarının rayonlarında keçiriləcək.

Y.ƏLİYEV