· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Təhsil Nazirliyində görüş

Yanvarın 27-də Təhsil Nazirliyində Türkiyənin milli təhsil nazirinin müavini Sadettin Sabazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.

Qonaqları səmimi salamlayan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov görüşün Azərbaycan təhsilinin inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini dedi və çoxdan gözlənilən bu səfərin təşkilatçılarına təşəkkürünü bildirdi.

Misir Mərdanov dost ölkədən gəlmiş nümayəndə heyətinə Azərbaycanın təhsil sistemi haqqında ümumi məlumat verərək son illər bu sahədə uğurla həyata keçirilən islahatlardan, əldə olunmuş nailiyyətlərdən söz açdı, lakin texniki peşə təhsili üzrə gözəçarpan bir irəliləyişin olmadığını təəssüf hissi ilə qeyd etdi.

Respublikada texniki peşə təhsilinin müxtəlif inkişaf mərhələlərində formalaşaraq ölkə iqtisadiyyatının peşə-ixtisas kadrlarına olan ehtiyacının ödənilməsində mühüm rol oynaması haqqında danışan nazir xatırlatdı ki, sovet dövründə bu sahə ilə bağlı tədbirlər dövlət tərəfindən həyata keçirilirdi, zavod və fabriklərin inşası ilə eyni vaxtda onlar üçün ixtisaslı fəhlələr hazırlayan texniki peşə məktəbinin binalar kompleksi tikilirdi.

Artıq ölkədə aparılan sosial-iqtisadi islahatların peşə təhsili sisteminin də yeniləşməsi zərurətini yaratdığını deyən nazir son zamanlar bu sahəyə diqqətin artırıldığını, onun dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində müvafiq addımların atıldığını qeyd etdi, "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın icrası çərçivəsində görüləcək işlərdən bəhs etdi. çıxışının sonunda Azərbaycanın texniki peşə təhsili üzrə böyük inkişaf yolu keçmiş və gözəl təcrübəyə malik olan qardaş ölkənin yardımına arxalandığını deyən təhsil naziri Misir Mərdanov Türkiyə Respublikasının bu işdə, hər hansı formada olursa-olsun, ölkəmizə dəstək olacağına ümid etdiyini bildirdi.

Sonra çıxış edən Türkiyə Respublikasının milli təhsil nazirinin müavini Sadettin Sabaz başçılıq etdiyi nümayəndə heyəti adından tədbir iştirakçılarını salamladı. Azərbaycana ilk dəfə gəldiyini bildirən türkiyəli qonaq ikigünlük səfərləri ərzində ayrı-ayrı təhsil pillələri üzrə müəssisələrlə yaxından tanış olduqlarını dedi və bu tanışlıq nəticəsində texniki peşə təhsili sahəsində gerilik müşahidə etdiklərini diqqətə çatdırdı. "Biz Azərbaycanı həmişə qardaş ölkə görürük. Onun əskiyi bizim əskiyimizdir" söyləyən Sadettin Sabaz texniki peşə təhsili sahəsindəki islahatlara yardım, təcrübə mübadiləsinin aparılması, peşə təhsili müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılması və s. məsələlərdə ölkəmizə yardım göstərməyə hazır olduqlarını vurğuladı və bununla bağlı bir sıra təkliflərini səsləndirdi.

Türkiyə Respublikasının mövcud təhsil sistemindən bəhs edən məruzə-təqdimatını Mustafa Kamal Atatürkün "Təhsilə qoyulan vəsait gələcəyə qoyulan vəsaitdir" kəlamı ilə başlayan Sadettin Sabaz öz çıxışında son 5 ildə bu sahədə görülən işlər, həyata keçirilən proqramlar, eləcə də peşə təhsili müəssisələrinin strukturu və fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.

öz növbəsində nümayəndə heyətinin digər üzvləri - Erkək Texnik öyrətim Genel müdiri Hüseyn Acır, Qız Texnik öyrətim Genel müdiri Eminə Kirac, Sağlıq İşlətmələri öyrətim Genel müdiri Nezir Kahraman və Xarici Əlaqələr İdarəsinin rəisi Hasan Kaplan da təmsil etdikləri sahələr üzrə məruzə-təqdimatlarla çıxış etdilər.

Qeyd edək ki, bu səfər Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Milli Təhsil Nazirliyi arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında imzalanmış protokola əsasən təşkil olunmuşdu.

 

Hicran ƏKBƏROVA