· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

 

Qanlı Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti

Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad etmişdir

 

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan oğulları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 19 il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.

 

Riyakar Mixail Qorbaçov başda olmaqla Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasətinə, tarixi torpaqlarımıza iddia edən erməni millətçilərinin açıq-aşkar dəstəklənməsinə və o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Respublikanın o vaxtkı qeyrətsiz, kölə psixologiyalı rəhbərlərinin isə bu faciədən sonra da yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən əllərini çəkmədilər. Onların əksinə olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev xəstəliyinə baxmayaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da ulu öndərimiz cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.

Lakin ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə nail oldu və bu nailiyyəti heç vaxt əlindən verməyəcəkdir.

Sovet İttifaqının süqutundan və dövlət müstəqilliyinin bərpa edilməsindən sonra Azərbaycan rəhbərləri xalqımıza qarşı törədilmiş bu ağır cinayətin fərqinə varmadılar, onların başları hakimiyyət uğrunda mübarizəyə qarışdı, həmin cinayətin törədilməsinin məsuliyyətindən qaçmaqla vəzifələrini bitmiş hesab etdilər. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə ikinci dəfə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı.

Müstəqil Azərbaycan dövləti, onun rəhbərliyi bütün tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə olduğu kimi, 1918-ci ilin mart, 1990-cı ilin 20 Yanvar, 1992-ci ilin Xocalı qırğınları kimi faciəli tarixlərin anılmasına da xüsusi həssaslıqla yanaşır və bununla bağlı müvafiq tədbirlər görür. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Şəhidlər xiyabanında əsaslı yenidənqurma və təmir işlərinin görülməsi bunu bir daha təsdiqləyir.

Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

Yanvar faciəsinin on doqquzuncu ildönümü ilə əlaqədar Prezidentin Administrasiyası tərəfindən bu il də geniş tədbirlər planı hazırlanmış, respublikanın bütün şəhər və rayonlarında anma mərasimləri keçirilmişdir. çünki şəhidlər ölməzdir, bu ölməzlik müstəqilliyimizdə, birliyimizdə yaşayır.

***

Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəldilər.

Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsi önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət himni səsləndi.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etməyə gəlmişdilər.

***

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazirin və parlament sədrinin müavinləri iştirak edirdilər.

AzərTAc