· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Nazirliyin "Qaynar xətt"inə son bir ayda 79 müraciət daxil olub

Təhsil Nazirliyinin "Qaynar xətt"inə yanvarın 5-dən bu günədək 79 müraciət daxil olub. Onlardan 25-i anonim, digərləri ünvanlıdır. Araşdırmalar zamanı bir sıra müraciətlərin də anonim olduğu aşkarlanıb.

79 müraciətdən 36-sı ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı olub, onlardan 24-ü dövlət, 12-si özəl ali və orta ixtisas təhsili müəssisələrinə aiddir. Ali və orta ixtisas təhsili müəssisələrinə dair müraciətlərin 15-i anonim xarakterlidir.

Müraciətlər məzmunca şikayət, təklif və sorğu xarakterli olub. Bütün müraciətlər araşdırılıb, sorğular cavablandırılıb, təkliflər isə müraciətlər ümumiləşdirilərkən təhlil olunaraq nəzərə alınacaq.

Ali və orta ixtisas təhsili müəssisələrində 2008-2009-cu tədris ilinin qış imtahan sessiyası dövründə "Qaynar xətt"ə daxil olan müraciətlər və görülmüş tədbirlər barədə məlumatlar cari ilin fevralında ictimaiyyətə çatdırılacaq.

 

 

 

 

Dörd min azərbaycanlı gənc xaricdə təhsil alır

 

Hazırda 4000 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsil alır.

Onlardan 895 nəfəri dövlət hesabına oxuyur.

Onu da qeyd edək ki, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrə təhsil almağa göndərilənlərin sayının 8 il ərzində 5000 nəfərə çatdırılması nəzərdə tutulur. Proqrama əsasən 2 il ərzində 199 gənc dünyanın 14 ölkəsinin 45 ali məktəbinin bakalavr, magistratura və doktorantura pillələrində iqtisadiyyat, tibb, ekologiya, kənd təsərrüfatı, İKT, sənaye və digər sahələr üzrə təhsil almağa göndərilib. Bu ölkələr ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Türkiyə, Yaponiya, Cənubi Koreya, İsveç, Niderland, İspaniya, Kanada və digərləridir.

Bu gün ölkəmizin ali məktəblərində təhsil alan 7111 nəfər əcnəbi tələbə dünyanın 40 ölkəsini təmsil edir.

 

 

 

 

 

2009-cu ildə 100-dən çox yeni məktəbin inşası planlaşdırılıb

 

2009-cu ildə 100-dən çox yeni məktəbin inşası planlaşdırılıb. Burada əsas məqsəd çoxnövbəliliyin ləğvi və beşgünlük tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün əlverişli təlim şəraitinin yaradılmasıdır.

Məktəblərin infrastrukturunun yeniləşdirilməsi istiqamətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə 226 yeni məktəb tikilib, 39 məktəb, 10 uşaq bağçası əsaslı təmir olunub.

ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" na əsasən 2009-2012-ci illərdə 450 məktəb üçün yeni binanın inşası, 600 məktəb üçün əlavə korpusların tikintisi, 1200 məktəbin əsaslı təmiri nəzərdə tutulub.

Onu da qeyd edək ki, son illərdə 350 min şagird yerlik 1300-dək yeni məktəb binası istifadəyə verilib.

2008-ci ildə 161 yeni məktəb istifadəyə verilib, 129 məktəb əsaslı təmir edilib və müasir avadanlıqlarla təchiz olunub. ötən il Təhsil Nazirliyi tərəfindən 300-dək məktəb əsaslı təmir edilib. 2009-cu ildə isə 100-dən çox məktəbin əsaslı təmiri nəzərdə tutulub.

ümumilikdə, son illərdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin təxminən 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə edib.

 

 

 

 

Bu il 87 adda dərslik nəşr olunacaq

Respublikanın ümumtəhsil məktəblərinin II və V-XI sinifləri üçün 2009-2010-cu tədris ilinə 87 adda dərslik və müəllim üçün metodik vəsaitin nəşri planlaşdırılıb.

Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən həmin dərslik və dərslik komplektlərinin tirajı, həcmi və çap formatları təsdiq olunub.

ümumtəhsil məktəblərinin II sinifləri üçün nəzərdə tutulan 40 adda dərslik və müəllim üçün vəsaitin hazırlanması və çapına dair dövri mətbuatda verilmiş elana uyğun olaraq nəşriyyatlar öz tender təkliflərini bu ilin mayında Təhsil Nazirliyinə təqdim edəcəklər. Dərslik komplektlərinin qiymətləndirilməsindən sonra mövcud qanunvericiliyə uyğun olaraq çap işləri təşkil olunacaqdır.

Nəşri nəzərdə tutulan 87 adda dərslik və müəllim üçün vəsaitdən 47 adda dərslik V-XI siniflərin şagirdləri üçün çap olunacaqdır. Artıq həmin dərsliklər orta məktəblərin qabaqcıl müəllimlərindən yaradılmış işçi qrupları tərəfindən oxunur, onların təqdim edəcəkləri rəy və təkliflər müəllif və nəşriyyatlar tərəfindən baxılaraq nəzərə alınacaqdır.

 

 

 

 

Məktəblərin istiliklə təminatı yaxşılaşır

Son illər vacib məsələ kimi diqqətdə saxlanılan məktəblərin istiliklə təminatı istiqamətində bir sıra işlər görülüb. Belə ki, 2008-ci ildə 350 məktəbin istilik sistemi bərpa edilib. Həmin təhsil müəssisələrinin 206-da bərpa işləri Təhsil Nazirliyinin mərkəzləşdirilmiş vəsaiti hesabına aparılıb.

Cari ildə 300-dək məktəbin istilik sistemi əsaslı təmir və bərpa ediləcək. Bu sahədə mövcud problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçiriləcək.

 

 

 

 

200 məktəbə müasir avadanlıqlar veriləcək

 

Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair 5-illik dövrü əhatə edən (2005-2009-cu illər) İnkişaf Proqramı bu il başa çatır. Proqram çərçivəsində indiyədək yeni tikilən və əsaslı təmir edilən məktəblərdən əlavə 506 məktəb Təhsil Nazirliyi tərəfindən müasir avadanlıqlarla təmin olunub. Təkcə ötən ildə 180 məktəbə şagird masası, yazı lövhəsi, müəllim stolu və stulları verilib. Bu il daha 200 məktəbin müasir avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub.

 

 

 

 

 

 

Qax rayonunda kompüter tədris kursları keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu Qax rayonunun ümumtəhsil məktəblərində informatika fənnini tədris edən müəllimlər üçün xüsusi proqram əsasında kompüter tədris kursları təşkil etmişdir.

İnstitutdan AzərTAc-a bildirmişlər ki, məşğələlərdə rayonun orta ümumtəhsil məktəblərinin 62 müəllimi iştirak etmişdir. Dərslər müasir fərdi kompüterlərlə təchiz olunmuş və İnternetə çıxışı olan kompüter siniflərində keçilmişdir. Tədris prosesində müəllimlər dərs vəsaitləri ilə təmin edilmişlər.

Kursların ikinci mərhələsi cari ilin martında keçiriləcəkdir.

 

 

 

 

 

 

ötən il Salyanda üç məktəb tikilib

ötən il Salyan rayonunda 3 yeni məktəb, 1 məktəb üçün əlavə sinif otaqları, 1 məktəb üçünsə idman zalı tikilib, 1 məktəb əsaslı təmir olunub. Yeni məktəblərdən biri rayonun Qardili kəndində istifadəyə verilib. Dövlət hesabına tikilmiş 200 şagird yerlik həmin məktəbin açılışında ölkə Prezidenti İlham Əliyev iştirak edib. Kolanı kəndində Azərbaycan kənd investisiya layihəsi və yerli icmanın birgə tikdiyi bina təhvil veriləndən sonra burada yeni əsas məktəb açılıb.

Yeni Uluxanlı kəndində dövlət vəsaiti hesabına tikilən 200 şagird yerlik məktəb binasının da yaxın günlərdə açılışı olacaqdır. ötən il məktəb tikintisi baxımından rayonun Qarabağlı kənd 2 nömrəli məktəbi üçün də uğurlu olub. Salyan OYL təşkilatı məktəb üçün yeni idman zalı tikərək istifadəyə verib. Salyan şəhər 6 nömrəli məktəbdə isə Dövlət Proqramı çərçivəsində əsaslı təmir işləri aparılıb və tədris ocağı öz görkəmini tamam dəyişib.

2009-cu ildə rayondakı Qarabağlı kənd 1 nömrəli məktəb üçün dövlət vəsaiti hesabına yeni binanın inşası nəzərdə tutulub. 640 şagird yerlik olacaq həmin binanın tikintisi üçün hazırda müvafiq sənədlər tərtib olunur.

 

 

 

 

 

Dərslərdə əyaniliyə geniş yer verilir

 

2008-2009-cu il tədris ilindən I siniflərdə tətbiq olunan fənn kurikulumları ümumi təhsilin pillərində tədris olunan fənlər arasında əlaqələrin və ardıcıllığın təmin edilməsinə xidmət edir.

Bakıdakı 8 nömrəli orta məktəbin direktoru Aytən Baxşıyeva  bu barədə məlumat verərək bildirdi ki, bu gün məktəbdə üç ibtidai sinif  fəaliyyət göstərir. Almaz Zamanova, Minəxanım Hüseynzadə və Mehriban  Vəzirova kimi işinin öhdəsindən bacarıqla gələn sinif müəllimləri Milli Kurikulumla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil olunmuş kursda olmuşlar. İbtidai sinif müəllimləri öz dərslərində əyaniliyə  geniş yer verirlər. Məsələn, riyaziyyat dərslərində hər bir mövzuya aid slaydlar hazırlanır və ekranda işıqlandırılır,  yaxud ana dili dərslərində keçilən mövzuya  dair  şagirdlərə xüsusi şəkillər  paylanır və onlar bu şəkillər  ətrafında  müstəqil fikirlərini söyləyirlər. Şagirdlər əyanilikdən istifadə etməyə tam alışmışlar.