· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Məktəbəqədər təhsil: təxirəsalınmaz addımların vaxtıdır

Bu yaxınlarda İctimai televiziyanın "Açıq dərs"ində məktəbəqədər təhsilin problemlərinə həsr olunmuş maraqlı müzakirə aparılmışdır. Təhsil naziri, professor Misir Mərdanov da canlı yayıma  telefon vasitəsilə qatılaraq Azərbaycanda məktəbəqədər təhsil perspektivlərinin mühüm məqamlarına toxundu, həmin sahə üzrə Təhsil Nazirliyinin   strategiyası barədə əhəmiyyətli açıqlamalar verdi. Bununla belə, konseptual baxımdan erkən yaşlı uşaqların inkişafı ilə əlaqədar çox mühüm saydığım məsələlərə dair "Açıq dərs"də səslənən bəzi fikirlər məndə müəyyən narahatlıq doğurdu. Məhz buna görə, ilk növbədə, onlara  münasibət  bildirmək  istərdim.

 

Uşağın məktəbəqədər təhsil müəssisəsinə davamiyyət müddəti

 

Elmi araşdırmalar  göstərmişdir ki, uşaq   nə qədər uzun müddət bağça mühitində sistemli təhsilə cəlb olunarsa, bu, onun inkişafına düz mütənasib şəkildə müsbət təsir göstərəcəkdir.

Bununla əlaqədar düşünürəm ki, Azərbaycan balalarının   gələcəyi üçün  daha əlverişli şəraitin yaradılması, ilk növbədə, məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi problemi  hazırda ön plana çəkilməlidir. 5 yaşlı uşaqlarımızın icbari qaydada məktəbəhazırlıq qruplarına cəlb olunması barədə maddənin  Təhsil Qanununun  yeni layihəsində əks olunması həmin məsələnin aktuallığını daha da artırır.   Şübhə yoxdur ki, həmin Qanun maddəsinin qəbul edilməsi Azərbaycanın son 25 illik təhsili tarixində ən mühüm, deyərdim, inqilabi islahat addımı olmaqla bərabər, ümumi təhsil sistemində əsaslı dəyişikliklər üçün  ciddi  hazırlıq işlərinin aparılmasında istiqamətverici amilə çevriləcəkdir.

Əlbəttə, son bir il ərzində Bakı şəhərində 11 uşaq bağçası binasının inşa edilməsi, bu müəssisələrdə uşaq kontingentinin 1300 nəfər artması, bir sıra məktəbəqədər müəssisədə yenidənqurma işlərinin aparılması çox müsbət dəyərləndirilməlidir.   Bu mənada Heydər Əliyev Fondu tərəfindən ən müasir tələblər səviyyəsində qurulmuş, təchiz edilmiş və istifadəyə verilmiş Zərifə Əliyeva adına uşaq bağçası xüsusi qeyd olunmalıdır.

Bununla belə, unutmamalıyıq ki, hazırda Bakıda yalnız  4 uşaqdan biri məktəbəqədər təhsillə əhatə olunmuşdur, ölkə üzrə həmin göstərici isə cəmi 16 faiz təşkil edir. Əminəm ki,   qeyd edilən məyusedici faktlara bugünkü münasibət  bir-iki il  əvvəlki yanaşmalardan xeyli fərqli olmalıdır.

Bu baxımdan məktəbəqədər təhsil müəssisələri  şəbəkəsinin inkişaf sürətinin obyektiv şəkildə müəyyənləşdirilməsi, şəbəkənin  genişləndirilməsinə dair yaxın 5-10 ili, bəlkə də, daha uzun müddəti əhatə edən yeni strateji planın hazırlanması və ölkə rəhbərliyi səviyyəsində təsdiq edilməsi çox mühüm əhəmiyyət kəsb edən addım olardı.

Ədalət naminə qeyd edim ki, elə SSRİ dövründə də məktəbəqədər müəssisələrin şəbəkəsi Azərbaycanda çox zəif inkişaf etmiş və uşaq bağçalarına cəlb olunma respublika üzrə 22 faizdən yüksək olmamışdır. Lakin  bu gün söhbətin mahiyyəti  müstəqil dövlətimizin inkişaf sürətinə uyğun gələn, onun inkişaf strategiyasına cavab verən, strateji mənada böyük əhəmiyyət kəsb edən və konseptual baxımdan qabaqlayıcı tempdə inkişaf etdirilməli olan təhsil sahəsi ilə bağlıdır . Aydın məsələdir ki, qısa müddətdə uşaq bağçaları ilə əhatəni 16 faizdən 90 faizə  çatdırmaq mümkün deyildir. Lakin, fikrimcə,  bu məsələyə çox ciddi yanaşma elə indidən nümayiş etdirilməlidir. Onu da qeyd edim ki, problemin həllinə habelə  sosial-iqtisadi baxımdan da yanaşılmalıdır. Qeyri-neft sektorunun, xüsusilə xidmət sahələrinin yaxın illərdə əsaslı şəkildə genişləndirilməsi sərbəst əmək resurslarına tələbatı xeyli artıracaq, qadınların əməyindən istifadəni ön plana çəkəcəkdir.

Burada dünya təcrübəsindəki tendensiyalar barədə bəzi məlumatların nəzərdən keçirilməsi yerinə düşərdi. Belə ki, Avropa İttifaqı liderlərinin Barselona görüşündə 2010-cu ilədək bütün 0-dan 3 yaşınadək olan uşaqların üçdə birinin, 3-6 yaşlıların isə 90 faizinin məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunması vəzifəsi irəli sürülmüşdür. Hazırda Finlandiyada uşaqların 94 faizi bağçalarda inkişaf etdirilir, onların sosiallaşması təmin olunur. Bu rəqəm Almaniyada 90 faizi ötmüşdür, keçmiş SSRİ-dən qopmuş Baltika ölkələrində isə 80 faizdən yüksəkdir. Hazırda Rusiya paytaxtı Moskva şəhərində uşaqların məktəbəqədər təhsillə əhatəsi 64 faiz təşkil edir. 2010-cu ilə bu rəqəmin 90 faizə çatdırılması, 2012-ci ildə isə paytaxt əhalisinin uşaq bağçalarına olan tələbatının tam ödənilməsi üçün planlı şəkildə genişmiqyaslı tədbirlər həyata keçirilir.  2006-cı ildə qəbul olunmuş "Moskva şəhərində məktəbəqədər təhsilin inkişaf etdirilməsi haqqında" Moskva hökumətinin qərarına uyğun olaraq, 2008-ci ildə   paytaxt şəhərində 100 uşaq bağçası istifadəyə verilmiş  və onların sayının ilbəil artırılması nəzərdə  tutulmuşdur.

 

Uşağın idrak fəaliyyəti stilinin əsası məhz məktəbəqədər yaşda qoyulur

 

Alim-psixoloqların araşdırmalarına əsaslanan bu müddəanı, ilk növbədə, təhsil mütəxəssisləri, uşaq bağçalarının tərbiyəçi-müəllimləri dərindən dərk etməlidirlər. Psixo-pedaqoji mahiyyət daşıyan həmin problemin praktik işlərdə daim nəzərə alınması    insan şəxsiyyətinin formalaşması istiqamətində mühüm fəaliyyət hədəfi kimi qəbul  olunması, fikrimcə,  inkarolunmazdır.

Hazırkı dövrün reallıqlarından qaynaqlanan və Rusiyada aparılmış elmi tədqiqatların acı nəticələrindən  biri də budur ki, məktəbəqədər təhsilin yekun mərhələsində uşaqlarda reproduktiv bacarıqlar daha çox üstünlük təşkil edir. Habelə alimlərin müşahidələri göstərmişdir ki, erkən yaşlarda özünü parlaq şəkildə büruzə verən yaradıcı fəaliyyət bacarıqlarının səviyyəsi  6 yaşlılarda xeyli azalır. Narahatedici nəticələrdən biri də  çox hallarda məktəbəqədər təhsil strategiyasının uşaqların kreativ inkişafına deyil, onların biliklərinin inkişafına yönəldilməsidir.

Düşünürəm ki, heç bir əlavə araşdırma  aparmadan yuxarıda göstərilən müddəaları Azərbaycan reallıqlarına da şamil etmək olar. Elə "Açıq dərs"dəki müzakirə zamanı səslənən bəzi çıxışlar  da həmin mülahizəni təsdiq edən bir dəlil kimi qəbul oluna bilər.

Bu gün bir sıra  uşaq bağçalarımızda məktəbəhazırlıq qruplarındakı uşaqların  yazı, oxu bacarıqları, onların elementar hesab əməliyyatları  aparmaları fəxarət hissilə böyük uğur kimi nümayiş etdirilir. Fikrimcə, yaş psixologiyası və fiziologiyası baxımından  bu, çox   təhlükəli  tendensiyadır. Bütün təhsil mütəxəssislərimiz, alim-pedaqoqlarımız, metodistlərimiz, bağça işçilərimiz dərindən dərk etməlidirlər ki, məktəbəqədər təhsil məktəb təhsili deyil, məktəbəhazırlıq  5 yaşlılara birinci sinfin proqramı üzrə təlim keçilməsi kimi başa düşülməməlidir.

Belə şəkildə qurulmuş təlim prosesinin bir sıra fəsadlarından yalnız onu qeyd edim ki, az qala birinci sinif həcmində hazırlıq keçən bir neçə uşaq sentyabrda sayca daha çox olan və birbaşa ailədən məktəbə qədəm qoyan uşaqlarla eyni sinif mühitində dərs keçməli olur. Uğurlu nəticə qazanmaq üçün müəllimin tədris metodikası kimlərə yönəldilməlidir, dərs məşğələləri necə qurulmalıdır? Həmin vəziyyətdə udan kim olur, uduzan kim?

Əfsuslar olsun ki, bəzi alimlərimiz belə halları  müsbət təcrübə kimi dəyərləndirir, onlara bəraət qazandırmağa çalışır və hətta xarici ölkələrdən   nümunələrə  əsaslanmağa cəhd edirlər. Əlbəttə, yalnız fərdi qaydada, uşağın psixo-fizioloji inkişaf  səviyyəsini nəzərə alaraq, onun  bilik həcminin qabaqlayıcı şəkildə artırılmasında mən heç bir nöqsan görmürəm. Əksinə, həmişə təlim-tərbiyə prosesinin fərdiləşdirilməsinin tərəfdarı və təbliğatçısı olmuşam. Lakin bunun məcburi  qaydada kütləviləşdirilməsini qəbul edə bilmərəm. Məhz  həmin səbəbdən məsələyə müəyyən aydınlıq gətirmək istərdim.

Bəli, hazırda bir çox ölkələrdə məktəb təlimi 5 yaşından, İrlandiyada, Hollandiyada isə hətta 4 yaşından başlayır. ABŞ, İngiltərə, Fransa və bir çox digər ölkələrdə "Elementar məktəb", "Ana məktəbi" kimi tanınan təhsil ocaqlarında 4-5 yaşlı uşaqlar  xüsusi   kurikulumlar  əsasında təhsil prosesinə cəlb olunurlar. Əslində bu, bizim anlamımızda məktəbəqədər və ibtidai təhsil kurikulumlarını özündə birləşdirən və sistemləşdirilmiş məktəb təlimi formasında həyata keçirilən prosesdir. Lakin burada da uşaqların idraki fəallığının, təfəkkürlərinin inkişafı əsla yazmaq, oxumaq bacarıqlarının aşılanmasına istiqamətləndirilmir. Onu da qeyd edim ki, bəzi ölkələrin hətta birinci sinif kurikulumlarında fənlərə ayrılan saatlar da göstərilmir. Sadəcə gözlənilən nəticələr əks olunur, müəllim isə vaxt bölgüsünün,  tədris prosesinin ardıcıllığının müəyyənləşdirilməsində və s. tam sərbəstdir.

Opponentlərimin ehtimal olunan  münasibətlərinə cavab olaraq demək istəyirəm ki, bu məktəblərdə və ümumiyyətlə, bir çox xarici ölkələrin ibtidai təhsil pilləsində hətta 6-7 yaşlı uşaqların biz vərdiş etdiyimiz qaydada 45 dəqiqə parta arxasında  qaradinməz əyləşmələrinə, gərgin psixoloji şəraitdə yazıb oxumalarına rast gəlmək  mümkün deyildir. Bir çox fəal və interaktiv təlim üsulları, uşaq gözlərini, qulaqlarını yormayan, sinir sisteminin, onurğa sütununun  funksiyalarını zəiflətməyən,  əksinə, uşaqlarda müsbət emosiyalar oyadan, təlim motivasiyasını artıran tədris-əyani vəsaitlər,   digər təlim vasitələri, xususilə müxtəlif səpgili inkişafetdirici oyunlar, digər imkanlar,    sağlamlığın mühafizəsini üstün tutaraq, təlimi  çox maraqlı və cəzbedici bir prosesə çevirir. Bizim bəzi  bağçalarımızda isə az qala məktəbəhazırlıq qruplarının fəaliyyəti ölkəmizin birinci sinif kurikulumunun mənimsənilməsinə yönəldilmişdir...

Haşiyə 1. Bir məsələni məhz burada xüsusi vurğulamaq istərdim. ölkəmiz ötən əsrin 80-ci illərinin  ortalarında 6 yaşlıların təliminə keçmiş olsa  da, uzun illər ərzində apardığım müşahidələrin acı həqiqəti  budur ki, ibtidai sinif müəllimlərimizin böyük əksəriyyəti  bu gün də heç bir fərq qoymadan eyni sinif-komplekt şəraitində tədris prosesini həm 6, həm də 7 yaşlı uşaqlarla eyni qaydada təşkil edir.  Bununla əlaqədar dünya şöhrətli alim, akademik Şalva Amonaşvilinin bir mülahizəsini hörmətli oxucularımızın diqqətinə çatdırmaq istərdim. Onun dediyinə görə, 6 və 7 yaşlı uşaqlar  arasındakı psixo-fizioloji fərq  10 və 14 yaşlı uşaqlar arasında olan fərqlə eynilik təşkil edir.

Haşiyə 2. Bu mülahizəm isə Finlandiya təcrübəsindən olub, bilavasitə kiçikyaşlı uşaqların təhsili ilə bağlıdır. Finlandiya təhsil fenomenini  (bu haqda bir az sonra) araşdırmaq üçün bir qrup  Rusiya alimi həmin ölkədə tədqiqat aparmış və bu  nəticəyə gəlmişdir ki, fin dərsliklərindəki tapşırıqların 90 faizi təfəkkürün inkişafına, idraki fəallığa yönəlmişdir; reproduktiv xarakterli çalışmaların isə dərsliklərdə çox az yer tutması müəyyən edilmişdir.

Buna aydınlıq gətirmək üçün adi bir misal üzərində dayanmaq istərdim. Belə ki, "Ana dili" dərsliyində nağıl, hekayə son cümlə, abzas ixtisar olunmaqla verilir, şagirdlərə isə tapşırılır ki, əsəri bir-iki cümlə ilə, abzasla başa çatdırsınlar. Görün, bu zaman dərs prosesinə nə qədər rəngarənglik gətirilir, emosional fonun, yaradıcılıq mühitinin hansı səviyyəyə  çatmasına nail olunur! Bu səpgili tapşırıqlar, çalışmalar pərakəndə deyil, sistemli şəkildə həm məktəb, həm də məktəbəqədər təlim prosesində tətbiq edilir. 

Bizdəki metodologiyalarla bağlı əlavə şərhlərə ehtiyac varmı?

Bu bölümü iki ay əvvəl Moskva Şəhər Təhsil Departamentinin dəvəti ilə  iştirak etdiyim    beynəlxalq forumdakı çıxışımla başa vurmaq istərdim. YUNESKO ilə birlikdə keçirilən forumda 35 ölkədən olan alimlərin, təhsil mütəxəssislərinin maraqlı çıxışları diqqətəlayiq idi. "Moskva təhsili: kiçik yaşdan məktəbədək" adlı proqram çərçivəsində "Müasir uşaq  - o kimdir?" mövzusu üzrə təşkil olunmuş "dəyirmi masa"dakı çıxışım aşağıdakı tezislər əsasında qurulmuşdur:

* Uşaqların idraki və yaradıcı fəaliyyətinə mane olmaq, məktəbəqədər proqramdan mexaniki yapışıb onların fərdi təşəbbüslərinin, hərəkətlərinin qarşısını almaq yolverilməz hallar kimi dəyərləndirilməlidir;

* Uşaqların düşünməsinə, müstəqil mühakimə yürütməsinə mane olmağın yolverilməzliyini  hamı  dərk etməlidir;

* Onların uşaqlığa xas olan uşaqlıq xüsusiyyətlərindən məhrum edilməsi, məktəbə hazırlığın məktəb təlimi ilə əvəzlənməsi  yolverilməzdir;

* Uşaqların inkişafı onların hər birinin fərdi psixo-fizioloji xüsusiyyətləri əsasında qurulmalı, hər bir yaradıcılıq fəaliyyətinə meyillər hər an dəstəklənməli, qayğı ilə əhatə olunmalıdır;

* Nə qədər çətin olsa belə, dərk olunmalıdır ki, hətta qrup məşğələlərində məktəbəqədər təhsil yalnız fərdi yanaşma əsasında qurulmalıdır.

Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, söylədiklərim, səsləndirdiyim təkliflər və bəzi iradlar forum iştirakçılarında böyük maraq doğurdu, bir çox mütəxəssislər çıxışımı yüksək qiymətləndirdilər.

 

Moskva şəhərinin məktəbəqədər təhsil sistemi

 

Bu sistem barədə bəzi məlumatları oxucularımızın diqqətinə çatdırmaq istərdim. Əlbəttə, ötən əsrin 90-cı illərində bütün postsovet məkanını bürümüş böhran Moskva təhsilindən, o cümlədən onun məktəbəqədər təhsil sistemindən də yan ötməmişdir. Lakin Rusiya paytaxtının əksər uşaq bağçaları  XXI əsrə genişəhatəli yeniləşmə şəraitində qədəm qoymuşdur.

Moskvanın məktəbəqədər müəssisələr şəbəkəsinin optimal şəkildə qurulması  yaxşı nümunə olmaqla bərabər, həm də öz səmərəliliyi ilə diqqəti cəlb edir. Fikrimcə, bu təcrübə düşünməyə və nəticə çıxarmağa yaxşı əsas verə bilər. Belə ki, Moskvanın ümumi profilli bağçaları əsasən 12 saatlıq rejimdə işləyir. Bununla yanaşı, uşaqların müvafiq  sosiallaşmasını təmin etmək, yəni onlara həyati bilik və bacarıqları, davranış qaydalarını  və s. aşılamaq    məqsədilə 50 faizdən çox məktəbəqədər müəssisədə qısamüddətli (əsasən günün birinci yarısında) qruplar da fəaliyyət göstərir.

Orta hesabla hər 5 uşaq bağçasından birində inklüziv təhsil şəraiti yaradılmışdır. Burada bütün uşaqlar eyni qaydada təlim və tərbiyə prosesi ilə əhatə olunur və bəzilərinin  spesifik fiziki, intellektual, habelə etnik  xüsusiyyətlərinin nəzərə alınması və ehtiyaclarının ödənilməsi təmin olunur.

Hazırkı dövrdə məktəbəqədər təhsilin inkişafını Moskva Şəhər Təhsil Departamenti, ilk növbvədə, pedaqoji işçilərin və valideynlərin səylərinin birləşdirilməsində görür. "Moskva ailəsi - səriştəli valideynlər" proqramı çərçivəsində həyata keçirilən bütün tədbirlər də məhz uşaqların uğurlu inkişafının təmin edilməsində valideynlərlə uşaq bağçası arasında sıx əlaqələrin qurulmasına yönəldilmişdir. Belə ki, məktəbəqədər müəssisələrlə əhatə olunmayan uşaqların valideynlərinin maarifləndirilməsi, onların psixoloji, metodik, loqopedik məsləhətlər almalarına imkan yaradılması üçün bağçaların 11 faizində "Məsləhət məntəqəsi" açılmışdır. Bundan başqa, təxminən 10 faiz üşaq bağçasında "Oyuna dəstək mərkəzi" açılıb, valideynlər öz övladları ilə birlikdə buraya gəlir və yeni oyunların təşkilini öyrənirlər.

Həyata gələndən 4 yaşınadək olan uşaqlar üzərində müntəzəm pedaqoji-psixoloji müşahidələr aparmaq və onların inkişafı sahəsində zəruri korrektəedici tədbirlər görmək üçün paytaxt şəhərinin bütün inzibati-ərazi  vahidlərinin 1-2 bağçasında  "Erkən yardım xidməti" fəaliyyət göstərir.

Bütün inzibati-ərazi vahidlərinin 1-2 bağçasında  lekotekalar da təşkil olunmuşdur, burada müvafiq  ailələr uşaqlarının  inkişafında problemlərin aradan qaldırılması üçün psixoloji-pedaqoji  müşahidə ilə əhatə olunur və onlara zəruri istiqamətlər üzrə məsləhətlər verilir, xidmət göstərilir. Qeyd edim ki,  lekotekalarda oyunların imkanlarından istifadə  əsas fəaliyyət istiqaməti kimi götürülmüşdür.

Rusiya paytaxtında həmçinin 92 ailə bağçası da fəaliyyət göstərməkdədir.

Yuxarıda sadalanan mərkəzlərin, xidmətlərin və s. hamısı dövlət büdcəsindən maliyyələşdirilir.

 

Psixoloji-pedaqoji elmin məktəbəqədər müəssisələrlə bağlılığı

 

Məktəbəqədər pedaqogika, psixologiya sahəsində aparılan fundamental və tətbiqi tədqiqatların mövzu rəngarəngliyi, bu tədqiqatların əks-sədasının birbaşa Moskvanın məktəbəqədər müəssisələrinin iş təcrübəsinə sirayət etməsi çox yüksək səviyyədə qurulmuşdur. Bu  nəticəyə gəlmək üçün elə paytaxt şəhərində yaradılmış "Resurs mərkəzləri"nin fəaliyyəti ilə tanış olmaq kifayətdir.  Son zamanlar dünya miqyasında Moskvanın məktəbəqədər təhsil sisteminin nüfuzunu  xeyli artıran ən vacib amil məhz tanınmış alimlərin elmi rəhbərliyi   əsasında qurulmuş həmin mərkəzlərin təşkilinə düzgün müəyyənləşdirilmiş strateji yanaşma  olmuşdur.

Rusiya paytaxtında 225 uşaq bağçasını, 39 eksperimental meydançanı birləşdirən 15 resurs mərkəzi yaradılmışdır. Buradakı təlim-tərbiyə  prosesi ən müasir təhsil texnologiyaları əsasında qurulmuş, məktəbəqədər təhsilin müxtəlif formalarını əhatə etmişdir. "Balaca dahilər", "Biz və təbiət", "Qızlar və oğlanlar", "Erkən yaşlı istedadlar", "Dillərin və mədəniyyətlərin dialoqu", "Mənim bağçam evimdir", "Mədəniyyət və məktəbəqədər təhsil" - bu və digər məzmuna uyğun adlar  altında fəaliyyət göstərən resurs mərkəzlərinin müsbət təcrübəsi digər bağçalarda da yayılır, elmi və tətbiqi araşdırmalar, eləcə də ümumiləşdirmələr üçün mükəmməl əsaslar yaradır.

Resurs mərkəzlərinə təhkim olunmuş  bağçalarda təsəvvürolunmaz sayda elmi dərəcəli müdirlər, tərbiyəçilər, yuxarıda sadaladığım mərkəzlərin və xidmətlərin rəhbərləri çalışırlar. Yəni  onlar elmi-tədqiqat institutlarında əyləşən sırf nəzəriyyəçilər deyil, onların elmi araşdırmaları bilavasitə məktəbəqədər müəssisələrin  təcrübəsinə əsaslanır, ilk növbədə də, innovativ fəaliyyətə, innovasiyaların tətbiqinə yönəlir. Məsələn, tədqiqatlar hər 6 valideyndən birinin ailədə uşağı ilə oynamaqdan yayınmasını göstərmişdir. Bundan başqa, məktəbəqədər yaşlı uşaqların oyunlara üstünlük verməsi aşağıdakı kimi   müəyyənləşdirilmişdir: hərəkətli oyunlar - 52%, masaüstü oyunlar - 42,2%, kompüter oyunları - 22,8%, müxtəlif peşələrə aid oyunlar  - 7%. Son illər "Oyuna dəstək mərkəzləri"nin, valideynlər üçün "Məsləhət məntəqələri"nin,  lekotekaların fəaliyyətindəki  dəyişikliklər belə tədqiqatlardan qaynaqlanmışdır. Habelə, uşaq bağçalarında istifadə olunan bəzi oyuncaqların mövcudluğu, bəzilərinin isə istifadədən çıxarılması məhz oyuncaqların funksional xüsusiyyətləri sahəsində aparılan bir sıra məqsədli araşdırmaların  nəticəsindən irəli gəlmişdir.

Onu da qeyd etmək istərdim ki, bu gün Moskvada məktəbəqədər yaşlı uşaqların intellektual, yaradıcı inkişafına, 0-7 yaşlı uşaqların inklüziv təhsilinə, məktəbəqədər və ibtidai təhsilin varisliyi sahəsində kulturoloji aspektlərin  nəzərə alınmasına, ekoloji təhsilə də böyük diqqət yetirilir.

Mübaliğəsiz demək olar ki, psixoloji, pedaqoji elmlərin və  məktəbəqədər müəssisələrdə yaranmış, inkişaf etdirilən yüksək texnoloji  təcrübənin vəhdəti, habelə alim-pedaqoqların  və tərbiyəçi-müəllimlərin səylərinin birləşdirilməsi bizim üçün də çox yaxşı nümunə ola bilərdi.

 

Konseptual baxımdan Finlandiyanın təhsil islahatı təcrübəsi

 

Bu təcrübə barədə də bəzi məqamlara toxunmaq istərdim. çünki son dövrlərdə bu ölkənin elmi-texnoloji, iqtisadi sıçrayışı, ictimai  sahədəki nailiyyətləri Finlandiyanın daxilində və beynəlxalq tədqiqatlarda məhz təhsil sisteminin misilsiz səviyyədə inkişafı, xüsusilə də məktəbəqədər təhsil sistemi  və burada aparılan köklü islahatların müsbət nəticələri ilə  əlaqələndirilir.

Bu ölkədəki təhsilin dünya miqyasında ən qabaqcıl yerlərdən birini tutması, ilk növbədə, ötən əsrin 50-ci illərinin ortalarında qəbul olunmuş siyasi qərarlarla bağlıdır. Yalnız onu demək kifayətdir ki, dövlət o dövrdə rəsmi bəyan etmişdir ki, təhsilə ayrılan büdcə xərcləri ölkənin hərbi xərclərini daim iki dəfə üstələyəcəkdir.  II Dünya müharibəsindən sonra xeyli sosial-iqtisadi problemlərin olmasına baxmayaraq, büdcə vəsaitlərinin, ilk növbədə, təhsilə sərf olunması Finlandiyada müzakirəsi mümkün  olmayan qaydaya çevrilmişdir.

ölkədə təhsil ən prioritet sahə elan edilmiş, həmin istiqamətdə strateji məqsədlər və vəzifələr çox dəqiq müəyyənləşdirilmiş,  bütün aspektlər nəzərə alınmaqla təhsil islahatına dair genişmiqyaslı və sistemli tədbirlər kompleksi hazırlanmış və bunların həyata keçirilməsi üçün təsəvvürolunmaz səviyyədə maddi və digər resurslar cəlb olunmuşdur.

İslahat konsepsiyası hazırlanarkən vacib yanaşmalardan biri də bu olmuşdur ki, məktəb təhsilində islahatlar məktəbəqədər təhsil sistemində əsaslı islahat aparılmadan uğurla nəticələnə bilməz. Yəni, təhsilin yeniləşdirilməsinə Finlandiya  məhz uşaq bağçalarından başlamışdır.

Uzun illərdir ki, bu ölkədə məktəbəqədər təhsil müəssisələri üçün orta ixtisas təhsilli tərbiyəçilərin hazırlanmasından imtina edilmişdir. Finlandiyada yalnız ali təhsilli tərbiyəçi-müəllimlər bütün tipdən olan uşaq bağçalarında işə qəbul olunurlar. 25-30 ildən bəri isə bu kateqoriyadan olan pedaqoji işçilərin artıq magistr dərəcəsi səviyyəsində hazırlanması  həyata keçirilir.

Təhsil sahəsindəki islahatların bəhrəsi bu gün göz qabağındadır. Son nəticədə, proqnozlaşdırıldığı kimi, təhsilin böyük sürətlə inkişafı Finlandiyadakı sosial-iqtisadi problemlərin avtomatik şəkildə həll olunmasına gətirib çıxarmış, ölkəni ən yüksək səviyyəyə qaldırmışdır.  Buna sübut olaraq  qeyd etmək kifayətdir ki, dünyanın yüksək texnologiyalar (high-tech) sektorunda  Finlandiya  ən öndə gedən ölkələrdən birinə çevrilmişdir. Belə ki, əhalisi cəmi 5,3 milyon nəfər olan Finlandiyanın təkcə Nokia mobil telefonlarının satışından aldığı mənfəət, neft istisna olmaqla, 300 milyonluq islam dünyasının ixrac əməliyyatlarından əldə etdiyi gəlirdən daha çoxdur. Hazırda Microsoft Windows-la rəqabət aparan, bəzi sahələrdə onu hətta üstələyən Linux əməliyyat sisteminin əsası həmin  əməliyyat sistemi nüvəsinin yaradıcısı fin proqramçısı Linus Torvalds tərəfindən qoyulmuşdur. Finlandiyanın kağız istehsalı sahəsində dünyada birinci yerdə durması da təsadüfi deyildir.

15 yaşlılar arasında oxu, riyaziyyat və təbiət elmləri üzrə dünya miqyasında 3 dəfə keçirilmiş beynəlxalq PİSA qiymətləndirmə proqramlarının hamısında Finlandiya yeniyetmələri ən yüksək yerləri tutmuşlar. Bu siyahını xeyli uzatmaq da olar.

 

Yekun mülahizələrim

 

Məqaləmdə bir sıra ümumiləşdirmələrin aparılmasına, beynəlxalq təcrübəyə əsaslanan vacib məsələlərin açıqlanmasına cəhd göstərdim. Yuxarıdakı mülahizələrimin bir hissəsi Azərbaycan müəllimlərinin XIII qurultayında təhsil naziri, professor Misir Mərdanovun məruzəsində məktəbəqədər təhsilə aid söylədiyi fikirlərlə üst-üstə düşür.

Əlbəttə, görülən işlər göz qabağındadır. Prezident İlham Əliyev  tərəfindən təsdiq edilmiş və icrası 2007-2010-cu illərdə nəzərdə tutulmuş "Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı" xüsusi əhəmiyyətə malik olmaqla, həmin istiqamətdə işləri xeyli canlandırmışdır. Bu yaxınlarda Təhsil Nazirliyi və Dünya Bankı arasında imzalanmış kredit sazişi əsasında həyata keçirilməsinə başlanan "Təhsil sektorunun inkişafı üzrə ikinci layihə"də məktəbəqədər təhsilin ayrıca bir komponent kimi verilməsi də çox təqdirəlayiq hadisədir.

Bütün bunları yüksək qiymətləndirməklə bərabər, məktəbəqədər təhsilin bir nömrəli prioritet kimi hamı tərəfindən dərk olunmasını, qəbul edilməsini çox  vacib  sayıram.  14 dövlət proqramı çərçivəsində təhsilin məzmununu, onun infrastrukturunu əsaslı şəkildə yeniləşdirməyə, digər ciddi və əhəmiyyətli islahat tədbirlərini həyata keçirməyə qadir olan ölkədə məktəbəqədər təhsil sistemində köklü islahatların aparılması da mümkündür.  Finlandiyanın bu sahədəki təcrübəsi ölkəmiz üçün parlaq nümunə ola bilər.

Bakı Baş Təhsil İdarəsinin rəhbəri olduğum dövrdə, 1999-cu ildə təsis etdiyimiz Avropa Paytaxtlarının Beynəlxalq Pedaqoji Klubunun prezidenti, dostum Boris Jebrovskinin (Kiyev şəhəri, Ukrayna) bir mülahizəsi   ilə məktəbəqədər təhsillə bağlı düşüncələrimi başa vurmaq istərdim. Gəlin hamımız qəbul edək ki, "Əsl ali təhsil məhz məktəbəqədər təhsildir. Qalanları isə ümumi və peşə təhsilidir".

 

Nəhayət, rəmzi məna daşıyan məqalənin final akkordu

 

Beynəlxalq forumdakı çıxışımı Moskva Dövlət Psixologiya-Pedaqogika Universitetinin rektoru, eyni zamanda Rusiya Təhsil Akademiyasının L.G.Şukina adına Psixologiya İnstitutunun direktoru, akademik Vitaliy Rubtsov  da   yüksək dəyərləndirdi. O, məktəbəqədər və məktəbəhazırlıq sahəsində Azərbaycanda həyata keçirilən islahat tədbirləri, elmi araşdırmalarla maraqlandı, sonra isə böyük minnətdarlıq hissi ilə gənc yaşlarında elmi fəaliyyətinin müvəffəqiyyətlə və maneəsiz davam etdirilməsində ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin dəstəyi barədə söhbət açdı.

V.Rubtsov dünya miqyaslı alim-psixoloq, inkişafetdirici təlim və psixi inkişafın yaş normaları nəzəriyyəsi və təcrübəsinin banilərindən biri, 1973-1983-cü illərdə SSRİ Pedaqoji Elmlər Akademiyasının ümumi və Pedaqoji Psixologiya İnstitutunun direktoru olmuş akademik Vasili Davıdovun ən ümidverici şagirdi və institutun "Yeni təhsil texnologiyalarının psixoloji əsasları" laboratoriyasının rəhbəri idi.

V.Davıdov həmişə özünün müstəqil düşüncəsi, təhsil problemlərinə qeyri-ənənəvi baxışları ilə fərqlənirdi. ötən əsrin 70-ci illərinin axırlarından başlayaraq isə o, sovet pedaqogikasına ideoloji müxalif mövqeyində durmaqla və rəsmi pedaqoji doqmalara  qarşı sərt fikirlər söyləməklə rəsmi dairələrin qəzəbinə tuş gəldi. Nəticədə 1983-cü ildə V.Davıdov Sov.İKP sıralarından qovuldu, rəhbərlik etdiyi institutun direktoru vəzifəsindən çıxarıldı, digər mənəvi işgəncələrə məruz qaldı.

Bu hadisələrdən sonra və o dövrün mənəviyyatsız, yazılmamış qaydalarına uyğun olaraq, növbə V.Davıdovun adı ilə əlaqələndirilən və bilavasitə V.Rubtsov tərəfindən rəhbərlik olunan laboratoriyanın "qanuni" şəkildə ləğvinə çatdı. Vitaliy Vladimiroviçin akademiya daxilində atdığı addımları, SSRİ Maarif Nazirliyinə, müxtəlif qurumlara müraciətləri nəticə vermədi. Bunu görən bəzi dostları təkidlə  bir il əvvəl SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmuş Heydər Əliyevə ərizə yazmağı təklif etdilər. Lakin Rubtsov anlayırdı ki, o dövrün reallıqları şəraitində Sovet İttifaqının əsas rəhbərlərindən biri olan şəxsin elə də çox tanınmayan bir psixologiya elmləri namizədinin ərizəsinə diqqət yetirməsi mümkün olmayacaq. Nəhayət, heç bir illüziyaya qapılmadan, o, Heydər Əliyevə məktub yazdı. Və gözlənilməz hadisə baş verdi: Heydər Əliyevin dəstəyi və himayədarlığı nəticəsində  V.Rubtsovun rəhbərlik etdiyi laboratoriyanın bağlanması məsələsi birdəfəlik gündəlikdən çıxarıldı.

Partiyadan qovulmuş şəxsin adına çıxılan laboratoriyanın ləğvinin qarşısının Sov.İKP Siyasi Bürosunun üzvü Heydər Əliyev tərəfindən alınması çox cəsarətli addım idi...

 

Asif CAHANGİROV,

Azərbaycan Respublikasının

əməkdar müəllimi