|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin əziz xatirəsi heç vaxt unudulmayacaq Azərbaycan
Prezidenti İlham Əliyev vida mərasimində iştirak
edib Fevralın
14-də ölkəmizin ictimaiyyəti müasir Azərbaycan
ədəbiyyatının tanınmış nümayəndəsi,
görkəmli şair, dramaturq və ədəbiyyatşünas,
SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı,
əməkdar incəsənət xadimi, Azərbaycan Milli
Elmlər Akademiyasının həqiqi üzvü, filologiya
elmləri doktoru, professor, Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi
Bəxtiyar Mahmud oğlu Vahabzadəni son mənzilə yola
salmışdır. Müasir Azərbaycan ədəbiyyatının
qüdrətli şəxsiyyətlərindən olan
Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılığı
ideya-məzmun və janr-forma baxımından zəngin bir
sənət dünyasıdır. Bütün varlığı
ilə sevdiyi doğma Azərbaycan xalqının arzu
və istəkləri, hiss və duyğuları həmişə
onun ədəbi-bədii yaradıcılığının
mayası, cövhəri olmuşdur. Şairin mübariz
qələmi bütün dövrlərdə onun saf məslək
və əqidəsinə xidmət etmişdir. Ulu öndər Heydər Əliyev unudulmaz
şairimizin ədəbiyyatımız və xalqımız
qarşısında xidmətlərini çox yüksək
qiymətləndirirdi. Onun Bəxtiyar Vahabzadəyə
təbrik məktublarından birində deyilirdi: "Sizin
şəxsiyyətiniz və yaradıcılığınız
xalqın milli təfəkkürünün formalaşmasına
xidmət etmiş, onu milli dirçəlişə
səsləmiş, istiqlaliyyət uğrunda mübarizədə
əvəzsiz rol oynamışdır. Siz hər zaman azadlıq
carçısı olmuş, ən çətin anlarda belə güc
və silah qarşısında baş əyməmiş,
əqidəsindən dönməyən şair, mübariz
millət vəkili, yorulmaz ictimai xadim kimi xalqın müdafiəsinə
qalxmışsınız". Azərbaycan Prezidenti İlham Əliyev
də xalq şairinin yaradıcılığına yüksək
qiymət vermişdir. Prezidentin şairin 80 illiyi ilə
əlaqədar göndərdiyi təbrikində deyilirdi:
"Sizin yüksək bədiiliklə qələmə aldığınız
əsərlər milli qaynaqlardan
bəhrələnərək,
vətənpərvərliyin tərənnümü, insanın
mənəvi ucalığı və fəlsəfi düşüncələrlə
səciyyələnir. Zəngin ədəbi irsinizdən
və dilimizin bədii imkanlarından məharətlə
istifadə edərək yaratdığınız poeziya nümunələrində
dərin məna ilə emosionallıq harmonik bir
vəhdət təşkil edir". Mərhumun cənazəsi Bakı Dövlət
Universitetinin akt salonunun matəmsayağı
bəzədilmiş səhnəsində postament üzərinə
qoyulmuşdu. Postamentin ətrafına Azərbaycan Prezidenti
İlham Əliyevin adından, habelə dövlət və hökumət
təşkilatları, Yazıçılar Birliyi, müxtəlif
kollektivlər adından əklillər və mərhumun
orden və medalları düzülmüşdü. Dövlət və hökumət rəsmiləri,
tanınmış mədəniyyət və
incəsənət, elm xadimləri, mərhumun dostları,
tanışları, poeziyasının pərəstişkarları
axın-axın universitetin binasına gəlir, görkəmli
sənətkara və gözəl insana son borclarını
verirdilər. Salonda həzin matəm musiqisi, şairin sözlərinə
yazılmış mahnılar, özünün oxuduğu şeirlər
səslənirdi, ölməz sənətkarın
ədəbi-ictimai fəaliyyətini əks etdirən
videokadrlar nümayiş etdirilirdi. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev poeziyamızın görkəmli simalarından
biri olan Bəxtiyar Vahabzadə ilə vidalaşma
mərasimində iştirak etmək üçün universitetin binasına
gəldi. Dövlətimizin başçısı şairin
ailə üzvlərinə, qohum-əqrəbasına dərin
hüznlə başsağlığı verdi. Matəm mitinqini açan təhsil naziri Misir
Mərdanov şairin həyat və yaradıcılığından
danışaraq dedi ki, müasir Azərbaycan ədəbiyyatının
ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə böyük
vətəndaş olmaqla yanaşı, milli şair idi. O,
öz yaradıcılığı ilə bədii fikrimizin
zənginləşməsində mühüm rol oynamışdır.
Böyük söz ustası poeziyamızın tarixində özündən
sonra dərin iz qoydu. İkinci Dünya müharibəsindən
sonra ədəbiyyata gəlmiş Bəxtiyar
Vahabzadənin bir çox əsərləri xalqın yaddaşına
həkk olunmuş, XX əsr Azərbaycan poeziyasının
ən layiqli nümunələrinə çevrilmişdir.
Mərhum şair yaradıcılığı
ərzində bütün varlığı ilə azərbaycançılıq
ideyası ilə yaşamış, xalqını,
millətini, Vətənini, dövlətini, Prezidentini sevmiş,
insanlara sədaqətli olmuşdur. AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, Bakı Dövlət
Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Abel
Məhərrəmov, Azərbaycanda Atatürk Mərkəzinin
müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və
xalq şairi Zəlimxan Yaqub ölməz şairə
Allah-taaladan rəhmət diləyərək vurğuladılar
ki, o, təkcə yazdığı şeirlərlə
deyil, yüksək şəxsi keyfiyyətləri,
vətənpərvərliyi ilə də insanların
qəlbində əbədi məhəbbət qazanmışdır.
Son yüz ilin böyük sənətkarlarından olan, adı vüqarla
səslənən, bütün türk dünyasında sevilən,
ədəbiyyatımızın, mənəviyyatımızın,
dilimizin inkişafında əvəzsiz xidmətlər göstərmiş
şair daim, ən çətin anlarda da xalqın içində
olmuş, onun problemlərini ən yüksək tribunalardan
səsləndirmişdir. çıxış edənlər əsl ürək
sərrafı olan tanınmış şairin ulu öndər
Heydər Əliyevlə dostluğundan, ulu öndərin ona göstərdiyi
qayğıdan danışaraq dedilər ki, müstəqil
Azərbaycan dövləti Bəxtiyar Vahabzadənin
ədəbi-elmi və ictimai fəaliyyətini yüksək
qiymətləndirmiş və o, ölkəmizin ali mükafatlarına,
o cümlədən Azərbaycan Respublikasının ali dövlət
təltifi olan "İstiqlal" ordeninə layiq görülmüşdür.
Bildirildi ki, böyük ziyalı kimi yaşadığı
dövrdə Azərbaycanın tarixinə düşən
Bəxtiyar Vahabzadənin yaradıcılığı
milyonların qəlbinə yol açmış, milli
dəyərlərin formalaşmasına əvəzsiz töhfələr
vermişdir. O, 70-dən çox şeir kitabının, tarixi
və müasir mövzuda 20-dən çox poemanın, 2 monoqrafiyanın,
11 elmi-publisistik kitabın və yüzlərlə
məqalənin müəllifidir. İngilis, fransız, alman,
fars və dünyanın başqa dillərinə tərcümə
olunan əsərləri hər yerdə böyük maraqla qarşılanmışdır.
Onun pyesləri təkcə Azərbaycanda deyil, xarici ölkələrdə
də uğurla tamaşaya qoyulmuş və müəllifə
geniş şöhrət gətirmişdir. Olduqca şərəfli ömür yaşamış
və böyük yaradıcılıq yolu keçmiş, həyat
həqiqətlərini özünə xas olan üslubda
qələmə almış Bəxtiyar Vahabzadənin
şeirləri dillərdə əzbər dolaşır,
ürəklərə, beyinlərə saf düşüncələr
gətirir və insanlara milli vətənpərvərlik
ruhu aşılayır. Sözün əsl mənasında, xalqın müdrik
oğlu, zəngin bədii təxəyyülü olan,
Azərbaycan ədəbiyyatının zəngin
ənənələrindən bəhrələnən
Bəxtiyar Vahabzadə doğma dilimizin poetik imkanlarından
ustalıqla istifadə edərək, fəlsəfi
məzmunlu lirikanın çox gözəl nümunələrini
yaratmışdır. Şairin dərin lirizmi ilə
səciyyələnən sözlərinə çoxsaylı mahnılar
bəstələnmişdir. Natiqlər Bəxtiyar Vahabzadənin
ədəbi, elmi yaradıcılığından, pedaqoji
fəaliyyətindən, tədqiqatçı alim kimi
Azərbaycan elmi qarşısında
xidmətlərindən, şifahi ədəbi irsimizin,
klassik və müasir Azərbaycan ədəbiyyatının
öyrənilməsi sahəsində axtarışlarından
danışdılar. Bildirdilər ki, Azərbaycan dilinin
saflığı, təmizliyi və zənginləşməsi
uğrunda mübarizə onun yaradıcılığının
mühüm istiqamətlərindən birini təşkil etmişdir.
Eyni zamanda vurğulandı ki, ədəbi və elmi yaradıcılığı
pedaqoji fəaliyyətlə uğurla
əlaqələndirən Bəxtiyar Vahabzadə həyatının
əlli ildən artıq bir dövrünü təhsilə həsr
etmiş, Bakı Dövlət Universitetində dərs demişdir.
Görkəmli ədib, pedaqoq, tanınmış
ictimai xadim, əqidəli vətəndaş, müdrik ağsaqqal
və səmimi insan Bəxtiyar Vahabzadənin işıqlı
xatirəsi xalqımızın qəlbində həmişə
yaşayacaq, onun parlaq xatirəsi heç zaman unudulmayacaqdır.
*** Prezident İlham Əliyev mərhumun
ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı
verdi, onlara Tanrıdan səbir dilədi. Bəxtiyar Vahabzadənin ailə üzvləri,
qohumları mərhumla vidalaşdılar. *** Xalq şairi Bəxtiyar Vahabzadənin
cənazəsi universitetin binasından qaldırılaraq
Fəxri xiyabana gətirildi. Burada mərhumun ruhuna dua
oxundu. Əziz xatirəsi xalqımızın
qəlbində əbədi yaşayacaq böyük söz ustasının
cənazəsi doğma torpağa tapşırıldı.
Məzarın üstünə əklillər, gül
dəstələri düzüldü. Allah rəhmət eləsin, qəbri nurla
dolsun! AzərTAc |