· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Türkiyənin Adana şəhərində Sosial elmlər liseyinə Bəxtiyar Vahabzadənin adı verilib

Türkiyənin Adana şəhərində yeni açılan Sosial elmlər liseyinə türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin adı verilmişdir.

Türkiyə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentindən AzərTAc-a verilən məlumata görə, nazir Hüseyn çelik şairin vəfatı ilə əlaqədar yaydığı bəyanatında Bəxtiyar Vahabzadənin türk dünyasının ən böyük şairlərindən biri olduğunu bildirmiş və demişdir: "Mərhum şairimizin əziz xatirəsini yaşatmaq üçün Adanada açdığımız və 2009-2010-cu təhsil ilindən etibarən fəaliyyətə başlayacaq Sosial elmlər liseyinə Bəxtiyar Vahabzadənin adını verdiyimizi bütün ictimaiyyətə bəyan edirəm".

 

 

 

Türk dünyasının parlaq bir ulduzu da söndü

 Bəxtiyar Vahabzadə haqqın rəhmətinə qovuşdu.

Türk dünyasının böyük şairi, fikir adamı, dövləti, milləti uğrunda mübarizə aparan professor Bəxtiyar Vahabzadə 2009-cu il 13 fevral tarixində aşiqi olduğu türk millətini yetim buraxdı.

300 milyonluq türk millətinin yaşadığı coğrafiyanın hər nöqtəsində tanınan, hörmət edilən və istiqlaliyyət uğrunda əzablar çəkmiş, həqiqi bir ağsaqqal kimi hər yerdə hörmətlə qarşılanmış B.Vahabzadəyə Allahdan qəni-qəni rəhmət, ailəsinə və qohum-əqrəbalarına, o cümlədən bütün türk millətinə başsağlığı veririk.

Yeni nəsillər onu özlərinə örnək sanmalı və əsərlərini öyrənərək gələcək nəsillərə çatdırmalıdırlar. Sonuncu əsərlərindən biri olan "özümüzü kəsən qılınc" bu millətin başına gələn əzabların səbəbini özündə əks etdirən bir dram əsəridir.

Tanrı bütün türk millətinin göy qübbəsindən bizi seyr edən B.Vahabzadənin ruhunun millətimiz üçün çəkdiyi iztirablardan xilas olması üçün millətimizi tez bir zamanda sakitliyə, rifaha qovuşdursun, soyulmaqdan, əzilməkdən, alçalmaqdan qurtarsın. Dünyada istiqlaliyyətinə və azadlığına qovuşmamış heç bir türk topluluğu buraxmasın.

 

Türk Dünyası Araştırmaları

Vakfı Genel Başkanı

Prof. Dr. Turan YAZGAN

  

 

 

 

Ali təhsildə keyfiyyətin təminatına  dəstək layihəsinin hazırlanması üçün Yaponiya Qrantına dair saziş imzalanıb

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Dünya Bankı arasında Ali təhsildə keyfiyyətin təminatına dəstək layihəsinin hazırlanması üçün Yaponiya Qrantına dair Saziş imzalanıb.

Saziş 460 min ABŞ dolları dəyərindədir. Qrant sazişinin əsas məqsədi Ali təhsildə keyfiyyətin təminatına dəstək layihəsinin hazırlanması üçün tələb olunan texniki-iqtisadi əsaslandırmaların tərtibi, ekoloji, sosial, iqtisadi və digər araşdırmaların aparılması, icra planlarının hazırlanması, maraqlı tərəflər arasında məsləhətləşmələrin, ölkədaxili təlimlərin, tədqiqatların, seminarların və sorğuların təşkili, texniki məsləhət xidmətlərinin təmin edilməsidir.

Bu layihəyə əsasən ali təhsildə keyfiyyətin təminatı və bununla bağlı mərkəzin, müəssisələrdə isə qurumların yaradılması, ali təhsildə maliyyə islahatları, islahatların idarəolunması və icrası üçün potensialın gücləndirilməsi, eləcə də digər komponent və alt-komponentlər üzrə müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

 

 

 

 

Birgə əməkdaşlıq çərçivəsində  

Beynəlxalq Miqrasiya Təşkilatının (İOM)  Azərbaycan nümayəndəliyinin rəhbəri Vasiliy Yucanin,  Naxçıvandakı ofisinin rəhbəri  Lüsi Düpertüis  və bir qrup nümayəndə Naxçıvan Dövlət Universitetində oldu. Görüşdə universitetin rektoru, akademik İsa Həbibbəyli universitet haqqında qonaqlara ətraflı məlumat verdi.

Rektor təmsil etdiyi ali məktəbin beynəlxalq təşkilatlarla əlaqələrə xüsusi əhəmiyyət verdiyini qeyd edərək Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) ilə onillik tarixə malik tərəfdaşlığı xüsusi dəyərləndirdi.

Tədbirdə Naxçıvan MR-in təbii su ehtiyatlarından səmərəli istifadə və kəhrizlərin tədqiqi sahəsində son zamanlar həyata keçirilən uğurlu layihələrdən danışıldı, Naxçıvan Dövlət Universitetinin əməkdaşları tərəfindən kəhrizlərlə bağlı dərsliyin hazırlanmasından bəhs olundu. Universitetin tədris işləri üzrə prorektoru, əməkdar elm xadimi Hüseyn Həşimli memarlıq, iqtisadiyyatın tənzimlənməsi və coğrafiya ixtisaslarında kəhrizlərlə bağlı seçmə fənnin tədris olunduğunu bildirdi, kəhrizlərin tarixinin, mahiyyətinin, bu sahə ilə bağlı dünya praktikasının tələbələrə öyrədilməsindən, çöl təcrübələrinin keçirilməsindən bəhs etdi, nəşrə hazırlanmaqda olan dərslik haqqında danışdı. Qonaqlar qiymətli vəsait olacaq  bu dərsliyin gələcəkdə rus və ingilis dillərinə tərcümə olunmasına köməklik göstərəcəklərini bildirdilər.

Sonra kəhrizlərə həsr olunacaq beynəlxalq konfransın keçirilməsi ilə bağlı təşkilati məsələlərə baxıldı, tədbirlər planı müəyyənləşdirildi. Sentyabrda keçirilməsi nəzərdə tutulan konfransa Avropa ölkələrindən, habelə Türkiyə, İrandan tanınmış mütəxəssislərin dəvət olunması, ekskursiyaların təşkili, kəhrizlərlə bağlı sənədli filmin nümayiş etdirilməsi qərara alındı, əməkdaşlığa dair məsələlər müzakirə edildi.

 

Mehriban SULTAN,

Naxçıvan Dövlət Universiteti

mətbuat şöbəsinin müdiri

 

 

Orta təhsil müəssisələrində yeni layihə həyata keçirilir

Beynəlxalq Miqrasiya Təşkilatı (BMT) İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə ölkəmizdə "Azərbaycanda insan alverinin qarşısının alınmasına töhfə vermək üçün orta təhsil" adlı layihə həyata keçirir. Qurumun proqram koordinatoru S.Məmmədova  bildirdi ki, 2008-ci ilin noyabrından 2010-cu ilin oktyabrınadək dövrü əhatə edən layihənin ümumi məqsədi Azərbaycanda insan alverinin qarşısının alınmasına töhfə verməkdir. Layihə bir neçə konkret məqsəd də güdür. Bunlar insan alverinə dair mövzuları Azərbaycanda ümumi təhsilin tədris proqramlarına və kurikulumuna daxil etmək, orta məktəb şagirdləri, müəllimlər və valideynlər üçün insan alverinə aid təlim paketlərinin hazırlanması və bunların seçilmiş pilot məktəblərdə sınaqdan keçirilməsi, bu istiqamətdə olan qabaqcıl təcrübənin toplanılması  və məlumat mübadiləsidir.

Layihənin hədəf qrupu kimi orta məktəblərin 15-17 yaşlı şagirdləri nəzərdə tutulub. Hesab olunur ki, bu yaşlı uşaqlar məlumatı qavramaq üçün kifayət qədər inkişaf etmiş səviyyədədirlər. Eyni zamanda orta məktəblərin müəllimləri, uşaq evləri və internat məktəblərin kollektivləri də layihəyə cəlb olunacaqlar. Təşəbbüsün uğurlu olması üçün valideynlərin də iştirakı nəzərdə tutulub.

Layihə çərçivəsində müxtəlif fəaliyyətlərin əlaqələndirilməsi, məlumat mübadiləsi, təlimlərin, seminarların, foks görüşlərin keçirilməsi, insan alveri haqqında xüsusi təhsil modulunun və dəstəkləyici materialların hazırlanması, iki seminarın,  konfransın keçirilməsi planlaşdırılıb. Təlimlər, foks qruplarında görüşlər həm paytaxtda, həm də bölgələrdə keçiriləcək.

 Y.ƏLİYEV