· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Görkəmli alim, akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı olub

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Rusiyanın Novosibirsk şəhərində fəaliyyət göstərən "Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumu"nun ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri, şair-publisist Mirkazım Seyidovun Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş "İnsanlığın düz ünvanı" poemasının təqdimatı olmuşdur. "Nurlan" nəşriyyatında nəfis şəkildə çap olunmuş kitabın redaktorları Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Nizami Cəfərov, xalq şairi Nəriman Həsənzadə və Vaqif Abbasovdur. "Müdrikliyin poetik təcəssümü" adlı ön sözün müəllifi Naxçıvan Dövlət Universitetinin prorektoru, əməkdar elm xadimi Hüseyn Həşimlidir.

Tədbirdə Mirkazım Seyidov akademik Arif Paşayevin apardığı elmi araşdırmalarla xarici ölkələrdə Azərbaycan elminə başucalığı gətirdiyini, təcrübəli, yüksək səriştəli elm və təhsil təşkilatçısı kimi bu sahələrin inkişafına yeni töhfələr verdiyini, səmərəli ictimai fəaliyyəti ilə xalqın dərin hörmətini qazandığını, ibrətamiz həyat yolunun, çoxşaxəli fəaliyyətinin bugünkü və gələcək nəsillər üçün əsl örnək olduğunu bildirmiş, poemanın məziyyətləri barədə danışmışdır.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Milli Aviasiya Akademiyasının professoru İbrahim Quliyev və başqaları Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, bır sıra beynəlxalq akademiyaların üzvü olan Arif Paşayevin müasir Azərbaycan ziyalılarının ən görkəmli nümayəndələrindən biri olduğunu vurğulamış, onun fizika elminin ən müasir sahələrində nailiyyətlərini, mülki aviasiyamızın inkişafı naminə xidmətlərini diqqətə çatdırmışlar. Bildirilmişdir ki, akademik Arif Paşayev 400-dən artıq elmi məqalənin, 30 kitab və monoqrafiyanın, çoxsaylı ixtira və patentin müəllifidir. Onun gərgin əməyi sayəsində Milli Aviasiya Akademiyasında maddi-texniki baza təkmilləşdirilmiş, müasir tələblərə cavab verən laboratoriyalar qurulmuş, yeni ixtisaslar açılmışdır. Milli aviasiya kadrlarının hazırlandığı bu təhsil ocağında hazırda beş fakültə və iyirmi kafedra fəaliyyət göstərir.

Musiqili ədəbi-bədii gecədə Azərbaycan, rus və ingilis dillərində çap olunmuş poemadan parçalar oxunmuş, incəsənət ustaları və uşaq ansamblının ifasında vətənpərvərlik, azərbaycançılıq ruhunda mahnılar səslənmişdir.

Teatrın foyesində görkəmli alim, akademik Arif Paşayevin həyat və elmi fəaliyyətinə həsr olunmuş fotostend qoyulmuşdu.

AzərTAc