· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

ümumi təhsil sistemində islahatların yeni mərhələsi

Azərbaycanın ümumi təhsil sistemində islahatlar  yeni mərhələyə qədəm qoymuşdur. Hazırda qazanılmış nailiyyətləri möhkəmləndirmək, islahatın istiqamətləri üzrə fəaliyyətləri genişləndirmək başlıca vəzifə hesab olunur. İndiyədək həyata keçirilən islahatyönümlü tədbirlərin mahiyyətinə aydınlıq gətirilməsi və bu sahədə müəyyən edilən perspektiv vəzifələrin açıqlanması üçün Azərbaycan Respublikasının təhsil naziri, "Kurikulum" jurnalının baş redaktoru, professor Misir Mərdanova ictimaiyyəti maraqlandıran suallarla müraciət etmişdik. Hörmətli nazirimizin həmin suallara cavabları əsasında hazırlanmış müsahibəni oxuculara təqdim edirik.

 - Hörmətli Misir müəllim, Sizinlə 2009-cu ilin ilk ayında  görüşürük. Bu fürsətdən istifadə edərək Sizi Yeni il münasibətilə ürəkdən təbrik edir, Azərbaycan təhsilinin inkişafı naminə gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. ötən il bütün sahələrdə olduğu kimi, ölkəmizin təhsil həyatında da yaddaqalan mühüm hadisələr baş vermişdir. İlk öncə istərdik  ki,  bu məsələlərə öz münasibətinizi bildirəsiniz.

- Səmimi təbrik üçün çox sağ olun. Mən də, öz növbəmdə, bütün xalqımızı, təhsil ictimaiyyətini Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm, ən xoş arzularımı bildirirəm.

Həqiqətən, 2008-ci il təhsil tariximizə əlamətdar hadisələrlə zəngin il kimi daxil olmuşdur. Bu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)" və "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı (2008-2013-cü illər)" təsdiq edilmiş, ölkəmizdə ilk dəfə dövlət səviyyəsində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri təşkil olunmuş, Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilmişdir. Eyni zamanda ölkəmizdə aparılan yeni dərslik siyasətinin ilk nümunəsi kimi I siniflər üçün dərslik komplektləri meydana çıxmış və bunların əsasında ümumtəhsil məktəblərinin I siniflərindən etibarən yeni fənn kurikulumlarının tətbiqinə başlanmışdır. ümumi təhsil sistemində həyata keçirilən islahatyönümlü tədbirlərin davamı olaraq  Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin başlanması, "Kurikulum" və "İstedad" jurnallarının işıq üzü görməsi də məhz 2008-ci ilə təsadüf edir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində keçirilən "Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda YUNESKO-nun regional konfransı, İSESKO ilə birgə keçirilən islam ölkələri ali təhsil və elm nazirlərinin IV konfransı da 2008-ci ilin ən əlamətdar hadisələrindəndir.

Onu da qeyd etmək yerinə düşər ki, ötən ildə 161 yeni məktəb binası tikilmiş, 129 məktəb əsaslı təmir olunmuş, 180 məktəb müasir avadanlıqlarla təchiz edilmiş, 236 məktəbin istilik sistemi yenidən qurulmuşdur.

- Cənab nazir, 2008-ci ilin mühüm hadisələrindən danışarkən yeni fənn kurikulumlarının tətbiqinə başlanılmasını, dərsliklərin hazırlanmasında müasir mexanizmlərə istinad olunduğunu bildirdiniz. Etiraf edək ki, bütün bunlar, bütövlükdə götürsək, ümumi təhsil sistemində məzmun islahatları ictimaiyyəti ciddi maraqlandıran məsələlərdir. Ona görə də bu barədə bir qədər geniş danışmağınızı, diqqətçəkən məqamlara aydınlıq gətirməyinizi xahiş edirik.

- Hər hansı bir təhsil səviyyəsində (pilləsində) uğurlu nəticənin əldə olunması, heç şübhəsiz, həmin pillə üzrə təhsilin məzmununun nə dərəcədə optimal və məqsədyönlü müəyyənləşdirilməsindən birbaşa asılıdır. İctimai tələb, cəmiyyətin inkişaf perspektivləri bütün dövrlərdə təhsilin məzmunu ilə bağlı vəzifələrin dəqiqləşdirilməsində əsas amil olmuşdur. Bunun üçün uzağa getmək lazım deyildir, ötən əsrin 20-30-cu illərindəki təhsil proqramları ilə əsrin sonundakı təhsil proqramlarını müqayisə etdikdə bunun canlı şahidi oluruq. Vaxt var idi kütləvi savadsızlığın aradan qaldırılması ən ümdə vəzifə sayılırdı, icbari ibtidai, yeddiillik təhsilə keçid böyük qələbə hesab olunurdu. XX əsrin 70-80-ci illərində linqafon kabinetinin quraşdırılması məktəb üçün əlamətdar hadisəyə çevrilirdisə, bu gün biz təhsil müəssisələrinin kompüterləşdirilməsindən, təhsil sisteminin informasiyalaşdırılmasından danışırıq. Demək, dövrə, zamana uyğun olaraq tələblər dəyişdikcə təhsil sisteminə olan tələblər də dəyişmişdir. Başqa sözlə, dövr, zaman sifarişçi, təhsil sistemi isə həmin sifarişlərin bir növ icraçısıdır. Həm də elə düşünmək olmaz ki, tələbata görə təhsilin məzmunu həmişə optimal müəyyən edilmişdir. Elmi-texniki tərəqqinin sürəti daim yüksələn xətlə inkişaf edir. Burada inqilabi dəyişikliklər tez-tez baş verir. Belə bir şəraitdə təhsilin məzmununa nələr gətirilməlidir, hansıları daha vacib sayılır sualları həmişə gündəmdə olmuşdur. Bütün bunlara aydınlıq gətirmək üçün eksperimentlərə də əl atılmışdır. Müxtəlif illərin tədris planlarına diqqət yetirsək, açıq-aşkar görünür ki, müəyyən dövrdə şagirdlərin  əmək hazırlığına daha çox önəm verilmiş, bəzi vaxtlar isə politexnik təlim diqqət mərkəzində olmuşdur. Bütün bu axtarışlar, eksperimentlər, şübhəsiz, daha təkmil bir sistem yaratmağa, təhsilin məzmununu maksimum səviyyədə dövrün tələblərinə uyğunlaşdırmağa xidmət etmişdir. Lakin həmin proseslər bəzən uğursuzluqlarla da nəticələnmişdir...

- Belə hallar bəlkə də təbiidir, hər bir axtarışın, sınağın nəticəsi, yəqin ki, uğurlu ola bilməz...

- Əlbəttə. Ancaq bilirsinizmi uğursuzluqlar daha çox nə ilə əlaqədar idi?! Keçmiş Sovetlər Birliyində eksperimentlər mərkəzdəki ən yaxşı, hərtərəfli təchiz edilmiş məktəblərdə qoyulub sınaqdan keçirilirdi, nəticələrin isə bütün SSRİ məkanındakı məktəblərdə tətbiqi tələb olunurdu.

Bu cür uyğunsuzluqlar bütövlükdə ümumi təhsilin, həmçinin ayrı-ayrı fənlərin məzmununun müəyyən edilməsində də özünü göstərirdi... 70 ildən artıq bir müddətdə keçmiş SSRİ məkanına daxil olan bütün respublikalar üçün təhsilin məzmunu yalnız mərkəzdə hazırlanırdı. Hamı ana dili və konkret respublikanın tarixindən başqa digər əksər fənləri vahid  dərsliklər vasitəsi ilə tədris etməyə məcbur idi. Əlbəttə, bu o demək deyildir ki, sovet təhsil sistemi zəif sistem olmuşdur. Sadəcə, bütün səlahiyyətlər bir mərkəzdə cəmləşdirildiyi üçün respublikalar təhsilin məzmunu ilə bağlı məsələlərə müdaxilə etməkdən məhrum olmuş, əsl imperiya siyasəti yürüdülmüşdür. Beləliklə, müttəfiq respublikalarda, o cümlədən də Azərbaycanda təhsilin məzmunu sahəsində tədqiqatçı alimlərin və mütəxəssislərin yetişməsi prosesinə ağır zərbə vurulmuş, məzmunun milli mənəvi dəyərlər zəminində formalaşmasına süni surətdə maneçiliklər törədilmişdir.

Ən acınacaqlı hal bu idi ki, o vaxtlar güclü inkişaf etmiş ölkələrdəki təcrübəni öyrənməyə heç cür imkan yaradılmırdı, bu ölkələrdə hər nə varsa inkar olunmaqla yalnız Sovet təhsil sisteminin üstünlükləri təbliğ edilirdi. Beləliklə də, qarşılıqlı əlaqələrdən məhrum olan sistem, necə deyərlər, özü öz şirəsində qaynamağa məhkum idi. Dünya təhsilində gedən proseslərdən ayrı düşmüş sovet təhsil sistemində bilavasitə məzmunla bağlı belə bir konseptual ideya formalaşmışdı ki, tədris olunan hər bir fənn daxilində mümkün qədər çox bilik, məlumat, fakt verilməli və nəticə etibarı ilə sovet məktəbinin yetirmələri hər şeydən xəbərdar olmalı, daha geniş bilik əldə etməlidirlər. Məhz buna görə də tədris proqramları şişirdilir, dərsliklər bir sıra hallarda zəruri olmayan, şagird üçün elə bir həyati əhəmiyyət kəsb etməyən materiallarla yüklənirdi. Diqqət mərkəzində bilavasitə nəzəri biliklərin mənimsədilməsi dayandığı üçün uşaqlara gələcək həyatlarında lazım olan bacarıqların aşılanması sanki unudulurdu. Ona görə də sonrakı illərdə aparılan təhlillər bir daha sübut etdi ki, orta təhsil müddətində şagirdlərin ayrı-ayrı fənlər üzrə aldıqları bilik və məlumatların xeyli hissəsi müstəqil həyatda praktik əhəmiyyət kəsb etmədiyindən tez bir zamanda yaddan çıxır. Həmçinin müəyyən edilmişdi ki, tədris proqramları mürəkkəb olduğu üçün şagirdlər bir sıra fənlərdən, xüsusilə də riyaziyyat, kimya, biologiya, fizikadan təlim materiallarının 60 faizə qədərini mənimsəyə bilmirlər. Uşaqların təhsilə maraqlarının azalmasının, təlimdən  yayınmalarının bir səbəbini də məhz bunda axtarmaq lazımdır. Əsas səbəb isə, mənim fikrimcə, məzmun standartlarının formalaşmaması idi. Pedaqoji ədəbiyyatda, normativ-hüquqi sənədlərdə standart, təhsil standartı terminləri işlənsə də, bunlar mahiyyət etibarı ilə fənlərin məzmununda öz ifadəsini tapmırdı.

- Cənab nazir, Sizin bu geniş şərhinizdən bir daha aydın olur ki, ölkəmizin ümumi təhsil sistemində hazırda davam etməkdə olan məzmun islahatları zamanın tələbindən irəli gəlmişdir.

- Tamamilə doğrudur. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra ölkədə ictimai-siyasi mənzərənin, ideologiyanın, iqtisadi münasibətlərin kökündən dəyişməsi təhsilin məqsədlərinə, vəzifələrinə, onun məzmunu ilə bağlı tələblərə də yeni yanaşma tərzi, yeni baxışlar  formalaşdırdı. İnkişaf etmiş ölkələrin təhsil sahəsində əldə etdikləri mütərəqqi təcrübənin öyrənilməsi bu məsələdə həlledici rol oynadı.

1999-cu ildən başlanan islahatlar, onun istiqamətləri və əldə olunan uğurlu nəticələr haqqında ötən müddət ərzində çox danışılmışdır. Şübhəsiz ki, həyata keçirilən tədbirlər mərhələli xarakter daşıyırdı və hər mərhələnin də öz məqsədləri, vəzifələri vardır. Keçən 10 ilin yekununa diqqət yetirsək, həqiqətən də dövrün, zamanın tələblərinə görə müasir dünya təcrübəsi əsas tutulmaqla ümumi təhsilin yeni konsepsiyasının, yəni Milli Kurikulum sənədinin işlənib hazırlanması, məqsəd və vəzifələrin yeni təfəkkür baxımından formalaşdırılması, fənlərin məzmununun konseptual müddəalarının müəyyənləşdirilməsi və fənn kurikulumlarının yaranması, məzmunda standart məfhumunun reallığa çevrilməsi mühüm nailiyyətlərdir. Azərbaycan hökumətinin təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)" sənədini, eləcə də bu konseptual sənədin tələblərinə uyğun hazırlanıb təsdiq olunmuş ibtidai siniflər üçün fənn kurikulumlarını diqqətlə nəzərdən keçirən hər bir şəxs ümumi təhsildə kök salmış köhnə baxışlarla yeni yanaşmaların fərqini dərhal başa düşə bilər. Təhsilin əvvəlcədən müəyyən olunmuş nəticələr və bunların əsasında formalaşdırılmış dövlət tələbi olan məzmun standartları üzərində qurulması məhz yeni pedaqoji təfəkkürün təcəssümüdür. Milli Kurikulumda təsbit olunmuş ümumi təhsilin hər bir pilləsi üzrə ümumi nəticələr, bunlara görə hər bir pillədə tədris olunan fənlər üzrə nəticələr fənn kurikulumlarında siniflər üzrə təlim nəticələrinin və standartların müəyyənləşdirilməsində bir növ açar rolunu oynayır, məntiqi ardıcıllığın gözlənilməsinə möhkəm zəmin yaradır. Təlim nəticələri, başqa sözlə desək, məqsədlərdir və onların konkret məzmun standartları formasında ifadə edilməsi əldə olunması nəzərdə tutulan bilik və bacarıqların minimum həddini özündə ehtiva edir. Xarakterik cəhət həm də odur ki, məzmun standartları özündə iki əsas komponenti-bilik və fəaliyyət komponentlərini birləşdirir. Bu standartların fəaliyyət hissəsinin bacarıqlar şəklində verilməsi isə biliklərin şagirdlər tərəfindən həqiqətən mənimsənilməsini nümayiş etdirmək zərurəti ilə bağlıdır. Biliklərin nümayişi prosesində şagirdlərin tələb edilən bacarıqlara, məsələn, idraki (təhliletmə, müqayisəetmə, əsaslandırma, əlaqələndirmə, modelləşdirmə, planlaşdırma...), informativ-kommunikativ (izahetmə, şərhetmə, təqdimetmə, təsviretmə, ünsiyyətqurma...), psixomotor (oxumaq, yazmaq, saymaq, dəyişmək, hazırlamaq, tərtib etmək, qurmaq...) bacarıqlara yiyələnməsi səviyyəsi real surətdə üzə çıxır. Əgər biliklərin mənimsənilməsi müvafiq bacarıqların qazanılması ilə müşayiət olunursa, təhsil artıq mahiyyət etibarı ilə dəyərlər kompleksinə çevrilir. Müasir kurikulumların şəxsiyyətyönümlüyünü şərtləndirən başlıca amil də məhz bu cəhətdir.

Fənlər üzrə təlimin məzmununun nəticə standartlarında öz əksini tapması çərçivə xüsusiyyətinə malik olmaqla konkretlik yaradan əlamətdir. Buna görə də dərslik və müəllimlər üçün vəsaitləri hazırlayan mütəxəssislər istəsələr belə standartların tələbindən kənara çıxa bilməzlər. Nəticədə isə dərslik və vəsaitlərin artıq materiallarla yüklənməsi ehtimalı minimuma enir.

Məlum olduğu kimi, yeni fənn kurikulumları bu dərs ilindən I siniflərdən başlayaraq tətbiq edilir. Digər siniflərdə isə təlim ənənəvi qaydada tədris proqramları əsasında həyata keçirilir. Kurikulumlarla müqayisədə tədris proqramları yalnız fəsil, bölmə və mövzulardan, tədrisə ayrılan saatlardan ibarətdir. Şagirdlərin bilməli və bacarmalı olduğu  məsələlər çox ümumi şəkildə verilmişdir. Bu sənədlərdə nə təlim nəticələri, nə də standartlar öz əksini tapmamışdır. Ona görə də dərslik müəllifləri zəruri olub olmamasına baxmayaraq, öz mülahizələrinə görə istədikləri bölmə və mövzuları dərsliklərə daxil edirlər. İndiyədək mövcud olan variativ dərsliklərdə belə vəziyyət daha qabarıq nəzərə çarpır. Məsələn, vaxtilə belə bir fakt aşkara çıxarılmışdı ki, tədris planında həftədə 1 saat vaxt ayrılan fənnə 400  səhifədən ibarət dərslik yazılmışdı. Şübhəsiz, sonradan onun həcmi azaldıldı, müəyyən dəyişiklik aparıldı. Lakin belə vəziyyətin yaranması, əlbəttə ki, standartların olmamasının nəticəsi idi. Mən bir daha xatırlatmaq istərdim ki, yeni yanaşmaya görə hər bir fənn üzrə müəyyənləşdirilən bölmə və mövzular təsadüfi xarakter daşıya bilməz, bunlar standartlarda nəzərdə tutulmuş məzmunun reallaşdırılması üçün bir vasitədir, başqa sözlə, bölmə və mövzular şəxsi rəy və mülahizəyə görə deyil, məhz standartların tələbi əsasında müəyyən edilir, bu prosesdə standartlar, bir növ indikator rolunu oynayır. Onu da qeyd edim ki, fənn kurikulumlarında təlim nəticələri və məzmun standartları ilə yanaşı, eyni zamanda təlim strategiyaları, fəndaxili və fənlərarası inteqrasiya cədvəlləri, qiymətləndirmə standartları öz əksini tapmış, fənnin məqsədləri  açıqlanmış, fənnin tədrisinin zəruriliyi əsaslandırılmışdır. Bununla da həmin kurikulumlar təlim fəaliyyətində ən vacib hesab olunan parametrləri özündə birləşdirməklə konseptual xarakterli bir sənəd kimi meydana çıxmışdır.

- Məzmunla bağlı yeni yanaşmalar, bunların reallaşdırılması üçün böyük zəhmətlə ərsəyə gətirilən sənədlər və onların tətbiqi, heç şübhəsiz, ciddi maarifləndirmə tədbirlərinin aparılmasını tələb edir. Bu barədə Sizin fikirlərinizi bilmək maraqlı olardı.

- ümumiyyətlə, bütün yeniliklərin, nəzəri ideyalardan tutmiş onların tətbiqi yollarına qədər əhatə olunan məsələlərin ictimaiyyət arasında geniş təbliği çox vacibdir, mən deyərdim ki, islahatların uğurla həyata keçirilməsi, bu prosesdə süni maneələrin yaranmaması üçün başlıca amillərdən biridir. İlk vaxtlar belə güman edilirdi ki, dünya təcrübəsində sınaqdan çıxmış ideyaların, müasir təhsil modellərinn tətbiqi elə də ciddi fikir ayrılıqlarına səbəb olmayacaqdır. Lakin işin gedişində aydın oldu ki, hətta nüfuzlu hesab edilən bəzi təhsil mütəxəssislərinin özləri belə yenilikləri qəbul etmək istəmir, bu bir yana qalsın, pedaqoji ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışırdılar. Onların bir çoxu isə elə əvvəldən seyrçi mövqe tutdular, bu gün də gedən proseslərdən kənardadırlar. Halbuki neçə-neçə titullara sahib həmin alimlərdən biz çox şey gözləyirdik.

Əlbəttə, köhnə təhsil ideologiyasından ayrılaraq yenilikləri birdən-birə qəbul etmək çox çətindir. Ancaq həyat inkişafdadır və zamanın nəbzini tutub onun tələblərinə uyğunlaşmaq zərurəti bütün dövrlərdə təqdirəlayiq keyfiyyət hesab olunmuşdur. Əslində, bütün yeniliklərə, islahatlara aparan yol insanların təfəkküründən keçir. Meydana çıxan yeni ideyalar dünyagörüşünə çevrilməzsə, onların həyata keçirilməsi mümkün ola bilməz.

Bu mənada Azərbaycanın ümumi təhsil sistemində islahatlara başlanandan indiyədək kurikulum anlayışının, təhsilin məzmununa verilən müasir tələblərin, yeni təlim strategiyalarının və qiymətləndirmə mexanizmlərinin mahiyyətinin pedaqoji ictimaiyyət arasında izahı və təbliği prosesini, obrazlı şəkildə desək,  daşlı-kəsəkli çətin bir yola bənzətmək olar. Bununla belə,  başlanğıc dövrlə müqayisədə bu sahədə nailiyyətlərin ilbəil artması göz qabağındadır. Yerlərdə keçirilən müzakirələr, seminar və konfranslar, ibtidai sinif müəllimləri və təhsil şöbələrinn əməkdaşları, məktəb rəhbərləri üçün ardıcıl təşkil edilən öyrədici kurslar artıq öz bəhrəsini verməkdədir. Son vaxtlar pedaqoji mətbuatda müəllimlərin, təhsil şöbələri və məktəb rəhbərlərinin metodik yazılarla çıxış etməsi, yeni dərsliklər əsasında məktəblərdə silsilə nümunə dərslərinin təşkili belə düşünməyə zəmin yaradır. Lakin əldə olunan nailiyyətlər heç kimi arxayınlaşdırmamalıdır. Biz çalışmalıyıq ki, kurikulum islahatlarının mahiyyəti və əhəmiyyəti, onun tətbiqi mexanizmləri bütün müəllimlərə və təhsili idarə edən şəxslərə aydın olsun. Bu mənada ümumi təhsilə rəhbərlik edən bütün qurumlar, xüsusilə də yerli təhsil orqanları, məktəb rəhbərləri bu vacib məsələni diqqət mərkəzində saxlamalıdırlar. Biz məntiqi cəhətdən tələbimizi belə formalaşdırmışıq ki, yeni kurikulumların tətbiqində hər hansı bir müəllimin uğursuzluğu bilavasitə yerli təhsil orqanlarının, onların metodkabinetlərinin və məktəb rəhbərlərinin  məsuliyyətsizliyinin nəticəsi kimi qiymətləndiriləcəkdir.

- Hörmətli Misir müəllim, bir qədər əvvəl Siz yeni dərsliklər məsələsinə toxundunuz. İctimaiyyətin diqqət mərkəzində olduğu üçün bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik.

- ölkəmizdə həyata keçirilən yeni dərslik siyasəti, birmənalı olaraq, ümumi təhsildə aparılan islahatların mühüm bir istiqamətini təşkil edir. Artıq 2008-ci ildə başa çatmış Təhsil Sektorunun İnkişafı Layihəsinin birinci komponenti, yəni "ümumi orta təhsilin keyfiyyəti və onun real tələbatlara uyğunluğu" komponenti çox dəqiqliklə düşünülmüş, "Kurikulum islahatı", "Müəllim hazırlığı" "Dərsliklər və dərs vəsaitləri" alt-komponentlərindən ibarət formalaşdırılmışdı. Məntiq isə bundan ibarət idi ki, kurikulum məzmunca dəyişilirsə, müəllim hazırlığı metodologiyası da dəyişməlidir, yeni məzmun yaranırsa, onu köhnə dərsliklərlə tədris etmək olmaz, mütləq kurikulumun tələbinə cavab verən dərsliklər hazırlanmalıdır. Bununla yanaşı, həm də qərara alındı ki,  dərsliklərin hazırlanması qaydalarında da dəyişikliklər aparılsın və müasir dünya təcrübəsinə uyğunlaşdırılsın. Ona görə təyin olunmuş beynəlxalq məsləhətçinin də tövsiyələri nəzərə alınmaqla yeni dərslik siyasəti sənədi hazırlandı və sənədin tətbiqi Azərbaycan hökuməti ilə razılaşdırıldı. Beləliklə, ölkəmizdə dərslik hazırlığının müasir modelinə keçid prosesi başlandı.

Yeni dərslik siyasətində ən vacib cəhətlərdən biri də nəzərdə tutulan dərslik komplektlərinin konkret müəllifə (yaxud müəlliflər qrupuna) verilən sifarişə görə deyil, nəşriyyatlarla müəlliflər arasında bağlanmış müqavilə əsasında hazırlanmasıdır. Həm də bu komplektləri qiymətləndirmək üçün Təhsil Nazirliyində ilk dəfə olaraq görkəmli alimlərdən və nüfuzlu təhsil mütəxəssislərindən ibarət Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) yaradılmışdır. Şuraya məşhur Moskva Dövlət Universitetinin məzunu, BDU-nun dosenti, psixologiya elmləri namizədi, Azərbaycan Respublikası Prezidenti Yanında Təhsil Komissiyasının üzvü, Müasir Təhsilə və Təlimə Yardım Mərkəzi qeyri-hökumət təşkilatının Proqram direktoru E.Kazımzadə sədrlik edir. Prosedur belə müəyyənləşdirlib ki, hazırlanmış komplektlər əlyazması şəklində DQŞ-yə təqdim olunur və xüsusi qaydada şifrləndikdən sonra fənlər üzrə qiymətləndirməni həyata keçirən işçi qruplarına verilir. Yekun rəyə görə daha çox bal toplamış maliyyə təklifi daha sərfəli olan dərslik komplekti qalib hesab edilir. DQŞ və onun nəzdindəki işçi qrupları tam sərbəst və müstəqil fəaliyyət göstərir, onların işinə heç kim müdaxilə etmir. Yəni müdaxilə imkanı heç mümkün də deyildir. Ona görə ki, həmin prosesdə məxfilik son dərəcə yüksək şəkildə gözlənilir. Bu dərs ilində I siniflərin istifadəsinə verilmiş dərslik komplektləri tətbiq edilən yeni modelin ilk nümunələridir.

Məqsədimiz müasir yanaşmalar əsasında hazırkı tələblərə cavab verən,  ictimaiyyəti qane edən, müəllimləri yaradıcı fəaliyyətə, şagirdləri səmərəli təhsil almağa istiqamətləndirən keyfiyyətli dərslik komplektlərinin meydana çıxmasına optimal şərait yaratmaqdan ibarətdir. Təəccüblü də olsa, dərslik komplektlərinin qiymətləndirilməsində proteksiya hallarına yol verildiyini iddia edənlər də tapılır. Tam əminliklə bildirmək istəyirəm ki, belə fikirlərin heç bir əsası yoxdur, bunlar yalnız ictimaiyyəti çaşdırmaq, islahatlara qara yaxmaq məqsədi daşıyır. Əgər o cür hallar olacaqdısa, bu qədər mürəkkəb mexanizm qurmaq nəyə lazım idi?! Onu da deyim ki, dərslik komplektlərinin müsabiqə qaydasında hazırlanması prosesi elmi-nəzəri və praktik cəhətdən hazırlıqlı, dərslik yaradıcılığı sahəsində səriştəyə malik, müasir düşünməyi bacaran, lakin indiyədək bizim tanımadığımız xeyli sayda mütəxəssisi meydana çıxardı. Müsbət haldır ki, onların arasında məktəb müəllimləri üstünlük təşkil edir. Demək, biz gələcəyə ümidlə baxa bilərik və güman edirəm ki, sonrakı mərhələlərdə belə şəxslərin sayı daha artıq olacaqdır. Bu cür vəziyyət isə bəzi adamların özləri haqqında süni şəkildə yaratdıqları əvəzolunmaz mütəxəssis obrazı haqqında təsəvvürləri heçə endirir.

Təhsil Nazirliyi məktəblərdə yeni dərslik komplektlərinin tətbiqi prosesini diqqətlə izləyir. Bizim üçün hər bir müəllimin, məktəb rəhbərlərinin, hər bir pedaqoji kollektivin rəyi çox önəmlidir. İndiyədək yerlərdə keçirilmiş müzakirələrin nəticələri, pedaqoji mətbuatda dərc olunmuş yazılar onu göstərir ki, bu komplektlər maraqla və rəğbətlə qarşılanır, əvvəlkilərlə müqayisədə yeni dərsliklərin üstünlükləri xüsusi qeyd edilir. Lakin bu o demək deyil ki, həmin dərsliklər tam təkmildir, nöqsanlı cəhətləri yoxdur. Onlar yeni kurikulumlar əsasında yazılan, müəyyən edilmiş məzmun standartlarının reallaşdırılmasını ehtiva edən ilk təcrübələrdir. Bu isə indiki mərhələdə o qədər də sadə məsələ deyildir. Ona görə də müəyyən nöqsan və çatışmazlıqların olması təbiidir. Şübhəsiz, həmin dərsliklər, müəllim üçün vəsaitlər tənqidi rəy və təkliflər nəzərə alınmaqla ilbəil təkmilləşdiriləcək, keyfiyyət səviyyəsi yüksəldiləcəkdir. Ən əsası odur ki, dünya təcrübəsində tətbiq olunan mütərəqqi mexanizm dərslik yaradıcılığı sahəsində fəaliyyətimizin əsasına çevrilmiş və artıq dönməz xarakter almışdır.

Dərsliklərdən danışarkən bir məsələyə də diqqəti cəlb etmək istərdim. Şübhəsiz, dərslik təlim prosesində müəllimin fəaliyyətini istiqamətləndirən, şagirdləri biliklər aləminə aparan ən zəruri vəsaitlərdən biri hesab olunur. Lakin mənə elə gəlir ki, biz onun rolunu həddən artıq şişirdirik. öz işini tələb olunan səviyyədə qurmaq üçün müəllimə dərsliklə yanaşı, müxtəlif variantlı çoxlu sayda metodik vəsaitlər, tövsiyə materialları lazımdır ki, biz bunu, demək olar ki, arxa plana keçirmişik. Halbuki inkişaf etmiş ölkələrdə bu məsələyə daha çox diqqət yetirilir. Yaxud da, məgər şagirdlər, xüsusilə də yuxarı sinif şagirdləri yalnız dərsliklərdəki məlumatlarla kifayətlənməlidirlər?! Axı biz indiki  dövrdə şagirdlərə "öyrənməyi öyrətməyi" qarşımıza məqsəd qoymuşuq, onlarda məlumatlanmaq, məlumatları təhlil, müqayisə və təsnif etmək, onları ümumiləşdirmək və zəruri olanları seçə bilmək bacarıqlarının formalaşdırılmasını kurikulumlarda əsas vəzifələrdən biri kimi müəyyənləşdirmişik.

Demək, müəllim şagirdlərə dərsliklərdə yazılanları istiqamət götürməklə onların əsasında yeni biliklər almağı təlqin etməlidir. Bunun üçün isə layihələr, kataloqlar, müntəxəbatlar, kompüter proqramları formasında əlavə təlim vəsaitləri, o cümlədən elektron tədris vəsaitləri hazırlanmalıdır. Heç eşitmisiniz ki, metodik vəsaitlərin, əlavə təlim materiallarının hazırlanması ilə bağlı mütəxəssislər arasında rəqabət yaransın?! Əlbəttə, yox. Rəqabət yalnız dərsliklərlə əlaqədardır. çünki dərsliklərin çapına dövlət tərəfindən maliyyə vəsaiti ayrılır. Əlavə təlim-tədris materiallarının hazırlanması, nəşri və yayılması üçün isə maliyyə vəsaiti nəzərdə tutulmur. Ona görə də bu vəsaitlər elə səviyyədə hazırlanmalıdır ki, müəllimlər, məktəb rəhbərləri onların potensial sifarişçilərinə çevrilsinlər. Belə məsuliyyəti isə hər müəllif öz üzərinə götürmək iqtidarında deyildir.

Heç şübhəsiz, dövrün tələblərinə cavab verən məzmunun müəyyənləşdirilməsi, keyfiyyətli dərsliklərin yaradılması ilə məsələ bitmiş hesab edilmir. Ən vacib problem bu məzmunu reallaşdıran, həmin dərsliklərlə işləməyi bacaran müəllimlərin hazırlanmasıdır. Mən bir qədər əvvəl xatırlatdım ki, ötən layihədə "Müəllim hazırlığı" "Kurikulum islahatı", "Dərsliklər və dərs vəsaitləri" alt-komponentləri ilə üzvi surətdə bağlanan zəruri alt-komponent kimi nəzərdə tutulmuşdu.

Biz indiki halda hazırda ibtidai siniflərdə işləyən müəllimlərin kurikulum və yeni dərsliklərin tətbiqi sahəsində bacarıqlarının artırılması barədə danışıb fikirləşirik, həmin istiqamətdə ən zəruri tədbirləri həyata keçiririk. Qeyd etdiyimiz alt-komponent çərçivəsində isə daha qlobal məsələlər öz əksini tapmışdır. Buraya həm ilkin müəllim hazırlığı, eləcə də işləyən müəllimlərin əlavə təhsili sahəsində islahatyönümlü tədbirlər daxil edilmişdi.

ötən müddətdə müəllim hazırlığı sisteminin yenidən qurulmasına, onun tələb olunan müasir səviyyəyə yüksəldilməsinə yönəlmiş Təhsil Nazirliyinin hazırladığı "Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası" sənədi Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuşdur. Eyni zamanda bu sənədin tələblərinə uyğun surətdə ibtidai sinif müəllimlərinin hazırlığını təmin edən yeni kurikulumlar tərtib olunmuş və onlar eksperiment qaydasında 3 pilot ali təhsil müəssisəsində - Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu və Gəncə Dövlət Universitetində tətbiq edilir. Bunlarla yanaşı, müəllimlərin praktik hazırlıqlarının, pedaqoji ünsiyyət və idarəetmə bacarıqlarının formalaşmasına xidmət göstərən və Azərbaycan təhsili üçün tamamilə yeni olan təhsilin əsasları fənninin dərsliyi üzərində işlər artıq başa çatdırılmaqdadır.

Müəllim hazırlığı sistemində pedaqoji işçilərin əlavə təhsili-ixtisasartırma və yenidənhazırlanma təhsili xüsusi yer tutur. Fasiləsiz təhsilin mühüm komponenti olan əlavə təhsilin forma və məzmunca yeniləşdirilməsi istiqamətləri bayaq qeyd etdiyim konseptual sənəddə ətraflı işıqlandırılmışdır. Son vaxtlar əlavə təhsilin keyfiyyətcə yaxşılaşdırılması sahəsində Azərbaycanda fəaliyyət göstərən bəzi beynəlxalq təşkilatlarla, o cümlədən YUNİSEF, Britaniya Şurası, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi və digər qurumlarla birlikdə bir sıra əməli tədbirlər həyata keçirilsə də, həmin sənədin müddəalarının praktik fəaliyyətdə reallaşdırılması üçün çox ciddi işlər görülməlidir. Bizi düşündürən əsas məsələ ixtisasartırma təhsilini müəllimlərin maraqlarına, tələbatlarına uyğun qurmaqdan ibarətdir. İxtisasartırma təhsilinin məzmunu yerlərdə ehtiyac ödənilmədən müəyyən edilirsə, bu, son nəticədə formalizmə gətirib çıxarır. Hesab edirəm ki, ixtisasartırma təhsilinin əsasını pedaqoji innovasiyaların, müasir təlim strategiyalarının tətbiqi, qabaqcıl təcrübənin təbliği təşkil etməlidir. Əgər müəllim ixtisasartırma kurslarında ali məktəbdə öyrəndiklərinin təkrarını eşidəcəksə, belə kurslar onu heç vaxt cəlb etməyəcəkdir. Həm də hesab edirəm ki, orta ixtisas təhsilli müəllimlər üçün həmin kurslar onların elmi-nəzəri və metodiki hazırlığını dövrün tələbləri səviyyəsində təmin edən kurikulumlar əsasında ayrıca keçirilməlidir.

- Cənab nazir, yeni kurikulumların yaranması ilə əlaqədar şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə müasir modelin müəyyən edilməsi də hazırda aktual vəzifə kimi qarşıda dayanır. Bu barədə Sizin mülahizələriniz geniş ictimaiyyət üçün maraqlı olardı.

- çox təəssüf ki, Sovet təhsil sistemində şagirdlərin təlim nəticələrinin qiymətləndirilməsinə səthi münasibət bəslənilmiş, əslində qiymətləndirmə formal xarakter daşımışdır. Nəyi qiymətləndiririk və nə üçün qiymətləndiririk sualı, düzünü desək, təhsil mütəxəssislərini dərindən düşündürməmişdir.

"Şagird nailiyyətlərinin qiymətləndirilməsi" pedaqoji anlayış kimi təhsil leksikonuna yaxın illərdə daxil olmuşdur. Uzun müddət pedaqoji aləmdə "şagirdlərin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi" anlayışı işlədilmişdir. Bununla belə, qiymətləndirmə dedikdə, bir qayda olaraq, şagirdlərin gündəlik (cari) qiymətləndirilməsi başa düşülmüşdür. Belə qiymətləndirmə növü isə həddən artıq zərərlidir və mahiyyət etibarı ilə heç bir əhəmiyyət kəsb etmir. Təsəvvür edin ki, şagird, məsələn, kimya fənnindən dərs ilinin birinci yarısında iki dəfə qiymət almış və onun yarımillik qiyməti həmin iki qiymətin əsasında çıxarılmışdır. Halbuki yarımil ərzində kimyadan xeyli mövzu keçilir. Belə çıxır ki, bütövlükdə yarımillik mövzuların şagird tərəfindən öyrənilib mənimsənilməsi vəziyyəti müəyyən olunmamış qalır. Bir qədər ətraflı təhlil aparsaq görərik ki, hər hansı bir fəndən dərs ili ərzində bir neçə (tədris planındakı həftəlik saatların miqdarına görə 2-3, 3-4 yaxud 5-6) qiymət alan şagird imtahana buraxılır. Bu yerdə haqlı sual meydana çıxır: illik təlim materiallarının heç olmasa 60-80 faizinin mənimsənildiyinə əminlik, etibarlı əsas yoxdursa, həmin şagirdi necə və hansı məntiqlə sinifdən-sinfə keçirmək və ya imtahana buraxmaq olar?!

Diqqətə çatdırdığım bu fikirlər neçə ildən bəri apardığımız müşahidə və təhlillərin, qabaqcıl müəllim və məktəb rəhbərləri ilə keçirdiyimiz diskussiyaların nəticəsində gəldiymiz qənaətlərdir. Bu sahədə bir neçə inkişaf etmiş ölkənin təcrübəsini də öyrənmişik. Bütün bunların yekunu olaraq Təhsil Nazirliyi tərəfindən "Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası" adlı sənəd hazırlanmış və bu yaxınlarda Azərbaycan hökuməti həmin sənədi təsdiq etmişdir.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi çox geniş və əhatəli prosesdir. Bu proses sadəcə şagirdin nail olduğu təlim nəticələrinin səviyyəsini müəyyənləşdirməyə deyil, bütövlükdə təhsilin keyfiyyətinin yülsəldilməsinə xidmət edir. Başqa sözlə, qiymətləndirmə keyfiyyəti idarə edən mühüm bir amil kimi meydana çıxır.

Davamlı və dinamik xarakter daşıyan şagird nailiyyətlərinin qiymətləndirilməsi prosesində şagirdlərin fəaliyyətlərinin daim nəzarətdə saxlanılması, onların irəliləyişlərinin, yaxud geriləmələrinin izlənilməsi və bu məqsədlə monitorinqlərin aparılması ciddi tələb kimi qarşıya qoyulur. Məhz həmin monitorinqlərin nəticələri təlim prosesinin optimal qurulması, müəllimlərin işinin təkmilləşdirilməsi, habelə kurikulumlarda və dərsliklərdə zəruri dəyişikliklərin olunması haqqında müvafiq qərarlar qəbul etməyə imkan verir.

Göründüyü kimi, qiymətləndirmə məsələlərinə yeni yanaşmanın meydana gəlməsi məktəbdaxili qiymətləndirmənin də forma və məzmunca dəyişdirilməsini tələb edir.  Biz yalnız qiymət almaq naminə oxumağı şərtləndirən cari qiymətləndirmədən imtina etməklə üzərlərinə düşən funksiyalara münasibətdə həm şagirdlərin, eləsə də müəllim və məktəb rəhbərlərinin məsuliyyətini yüksəldən xüsusi qiymətləndirmə formasının tətbiqinə nail olmağı qarşıya məqsəd qoymuşuq. Hazırda belə bir qiymətləndirmə modelinin hazırlanması üzrə işlər başa çatdırılmaqdadır.

Bir məsələni də qeyd etmək istərdim. Bildiyiniz kimi, yeni fənn kurikulumlarında məzmun standartları ilə yanaşı, qiymətləndirmə standartları da öz əksini tapmışdır. Həmin standartlar məzmun standartlarında ifadə edilmiş təlim nəticələrinə şagirdlərin hansı səviyyədə nail olmalarını qiymətləndirməyə xidmət edir. Bununla əlaqədar dünya təcrübəsinə uyğun surətdə qiymətləndirmənin hazırda 4 səviyyədə aparılması təklif edilmişdir. 1 və 2-ci səviyyələr əksər şagirdlər, 3 və 4-cü səviyyələr isə müvafiq olaraq istedadlı və daha istedadlı şagirdlər üçün nəzərdə tutulur.

Bununla belə, etiraf etmək lazımdır ki, məzmun standartlarının reallaşdırma səviyyəsini əks etdirən bu cür qiymətləndirmə standartlarının hazırlanması və tətbiqi sahəsində kifayət qədər bu səriştəyə malik olmaq üçün daha ciddi çalışmaq, toplanmış təcrübəni daha da artırmaq tələb olunur. Ona görə də ayrı-ayrı fənlər üzrə bu gün üçün müəyyən edilmiş qiymətləndirmə standartlarının növbəti illərdə qismən dəyişdirilməsi, onların üzərində dəqiqləşdirmələr aparılması təbii qəbul olunmalıdır. Eyni zamanda standartlarda təsbit olunmuş biliklər daşıdıqları mahiyyətə görə 3 kateqoriyaya (deklarativ, prosedural, kontekstual) bölündüyündən onların reallaşdırılması üzrə tələb edilən bacarıqlar da fərqli müəyyən edilir. Məsələn, deklarativ biliklər bilavasitə yaddaşa əsaslanır, zəruri informasiyaların, təriflərin, terminlərin mənimsənilməsini nəzərdə tutur. Ona görə də bu proses "bilmə" və "anlama" fəaliyyətləri ilə əlaqədar olur. Prosedural biliklər tətbiq, kontekstual biliklər isə  tədqiqatçılıq, yaradıcılıq fəaliyyəti ilə bağlıdır. Göründüyü kimi, biliklərə görə fəaliyyətin, necə deyərlər, xüsusi çəkisi müxtəlif olduğundan onların hamısını 4 səviyyə ilə qiymətləndirməyə bəlkə də ehtiyac yoxdur. Bu mənada axtarışların və tədqiqatların genişləndirilməsi çox vacibdir. Həm də fənlər üzrə məktəbdaxili qiymətləndirmə ilə standartların mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsi arasında məntiqi əlaqəni ehtiva edən sxem-cədvəlin müəyyən olunmasına, yəqin ki, ehtiyac vardır. Belə olan halda şagirdlərin təlim nəticələrinin məzmun standartlarının tələblərinə cavab verməsi vəziyyəti daha aydın görünər.

- Cənab nazir, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin icrasına artıq başlanılmışdır. Bu layihədə  kurikulum islahatları, ümumiyyətlə, bu prosesin davam etdirilməsi istiqamətləri necə müəyyən olunmuşdur?

- İkinci layihədə bu məsələlər "Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək" alt-komponenti çərçivəsində həyata keçiriləcəkdir. Bildiyiniz kimi, 2008-ci ilin noyabrında Bakı şəhərində Dünya Bankının nümayəndələrinin iştirakı ilə layihənin başlanmasına həsr olunmuş 2-günlük seminar keçirilmiş, layihəni əhatə edən bütün alt-komponentlər, eləcə də kurikulum islahatı ilə bağlı alt-komponent üzrə nəzərdə tutulan tədbirlər geniş şərh edilmişdir.

Birinci layihədə kurikulum islahatları yalnız ümumi təhsil sistemini əhatə edirdi. İkinci layihədə isə bu alt-komponent xeyli genişləndirilmiş, burada məktəbəqədər təhsil və texniki peşə təhsilində də kurikulum islahatlarının reallaşdırılması nəzərdə tutulmuşdur. Həmin tədbirlər bilavasitə möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamları ilə 2007-ci ildə təsdiq edilmiş məktəbəqədər təhsilin yeniləşdirilməsi, texniki peşə təhsilinin təkmilləşdirilməsi sahəsində Dövlət proqramlarından qaynaqlanır və onların uyğun müddəalarının yerinə yetirilməsinə istiqamətlənmişdir.

Layihəyə görə bu alt-komponent 2008-2014-cü illəri əhatə etməklə çox geniş tədbirlər spektrinə malikdir. Tədbirlər paralel olaraq bir neçə istiqamətdə aparılacaqdır. Buraya V-XI siniflər üzrə fənn kurikulumu layihələrinin təkmilləşdirilməsi, müzakirəsi və təsdiqi, məktəbəqədər və texniki peşə təhsili kurikulumlarının hazırlanması ilə əlaqədar bütün təşkilati və əməli işlər, o cümlədən xarici ölkə təcrübələrinin öyrənilməsi, xarici ölkələrə tədris və təlim səfərlərinin təşkili, hazırlanmış kurikulum layihələri əsasında pilot müəssisələrdə sınaqların keçirilməsi, bu müəssisələrin işçiləri üçün öyrədici təlim materiallarının, metodik tövsiyələrin tərtibi və s. daxildir. Alt-komponent formalaşdırılarkən maarifləndirmə tədbirlərinə ciddi diqqət yetirilmişdir. Bu məqsədlə yerlərdə zonalar üzrə maarifləndirmə mərkəzlərinin yaradılması, məlumat xarakterli bukletlərin, təqvim nümunələrinin və digər bu kimi materialların hazırlanması nəzərdə tutulur.

Onu da deyim ki, "Kurikulum" jurnalı maarifləndirmə tədbirlərinin həyata keçirilməsində mühüm rol oynamalıdır. Müsbət haldır ki, nəşrə başladığı vaxtdan keçən müddətdə jurnal pedaqoji ictimaiyyət arasında populyarlıq qazanmışdır. Burada dərc olunan məqalələr yenilikçi ruhu ilə seçilir. Ancaq jurnal gələcəkdə praktik yönümünü xeyli gücləndirməlidir. Bu, indiki mərhələdə müəllimlər, məktəb rəhbərləri üçün çox vacibdir. Eyni zamanda aktual məsələlərə həsr olunmuş rubrikalar açılmalı, yerlərdəki təcrübənin işıqlandırılmasına lazımi diqqət yetirilməlidir.

2009-cu ildə kurikulum islahatları miqyas etibarı ilə geniş vüsət alacaqdır. Qarşıda bizi çox ciddi işlər gözləyir. Əminəm ki, Azərbaycan dövlətinin yaxından dəstəyi ilə qarşıya qoyulan vəzifələr uğurla həyata keçiriləcək, təhsilimizin inkişafı naminə yaradılan bütün imkanlardan səmərəli istifadə olunacaqdır.

- Hörmətli nazir, maraqlı müsahibə üçün sağ olun.

 

"Kurikulum" jurnalı, 2009, N 1.