· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Fənn kurikulumlarının tətbiqi vəziyyəti valideynlər tərəfindən də müzakirə olundu

2008-2009-cu dərs ili  ümumtəhsil sistemində yeni mərhələnin -   birinci siniflərdə kurikulumla tədrisə  başlanması, təhsil tariximizdə ilk dəfə olaraq yeni fənn kurikulumları əsasında hazırlanmış  dərslik, müəllimlər üçün  vəsait və şagirdlər üçün isə iş dəftərindən ibarət dərslik komplektlərinin tətbiqi ilə əlamətdardır. I siniflərdə dərs deyən müəllimlər  yeniliyi müsbət qarşılayaraq istifadə etdikləri dərslik komplektlərini yüksək qiymətləndirirlər.

Bəs valideynlər necə, bu  işin mahiyyətindən, onun məqsəd və məzmunundan nə dərəcədə məlumatlıdırlar? Axı yaxşı bilirik ki, təlim- tərbiyə prosesində müəllim və şagirdlərlə yanaşı, valideyn də həlledici simadır. Son illər uğurları ilə paytaxtın tanınıb seçilən təhsil ocaqlarından birinə çevrilmiş İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi  məhz bunu nəzərə alaraq  Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası ilə birlikdə fevralın 16-da müəllim və valideynlərin iştirakı ilə seminar keçirdi. Tədbir bu il respublikamızın ümumtəhsil məktəblərində I siniflərdə tətbiq olunan fənn kurikulumları ilə bağlı valideynlərin maarifləndirilməsinə həsr olunmuşdu.

Seminarda Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum mərkəzinin direktoru, pedaqoji elmlər namizədi, dosent Ənvər Abbasov, Azərbaycan Milli Valideyn - Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova, Bakıdakı 20 nömrəli məktəb- liseyin VMA-nın vitse-prezidenti, layihələrin hazırlıq mərkəzinin direktoru Şahin Rəcəbli və başqaları iştirak edirdilər.

Tədbiri "Tərəqqi" liseyinin direktoru Məhbubə Məmmədova açaraq ölkədə uğurla həyata keçirilən təhsil islahatlarından danışıb seminarın məqsədini açıqladı. Bildirdi ki,  kurikulum islahatının  həyata keçirilməsi,fənn kurikulumlarının  tədrisi ilə bağlı müəllimlərin bilik və bacarıqlarını, hazırlıq səviyyələrini  daha da yüksəltmək, onun mahiyyətini dərindən mənimsəmək, yaradıcılıq  fəaliyyətlərini  gücləndirmək  məqsədilə rəhbərlik etdiyi təhsil ocağında Kurikulum  mərkəzi fəaliyyət göstərir və hər həftənin şənbə  günü müəllimlər, valideynlər  arasında bununla bağlı izahat işləri aparılır,  nəticələr öyrənilir. Valideynlərin  bu sahədə müəyyən məlumat almalarının vacibliyinə toxunan direktor seminarın gündəliyində duran məsələləri diqqətə çatdırdı. Bunların: "1. Kurikulum islahatı; 2. Məzmun standartları,  tədris vasitələri ,qiymətləndirmə; 3. Uğurlar, problemlər, təkliflər" olduğunu dedi. Yeni fənn kurikulumlarının əvvəlki tədris proqramlarından fərqli və üstün cəhətlərini qeyd edən direktor söylədi ki, kurikulumların didaktik əsasını nəticəyönümlülük, tələbyönümlülük və şəxsiyyətyönümlülük prinsipləri təşkil edir.

Məhbubə  Məmmədova valideynlərin  daha aydın təsəvvürə malik olması üçün liseyin ibtidai sinif müəllimləri tərəfindən dərs dedikləri  siniflərdə aparılan işlərlə əlaqədar  təqdimatların olacağını bildirdi.

İlk təqdimat rus bölməsinin ibtidai sinif müəllimi  Xumara Ağacanova  tərəfindən oldu. Müəllim "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədində təhsil sistemi üçün qəbul olunmuş əsas pedaqoji prinsiplər haqqında məlumat verdi. Müasir təhsilin qarşısında qoyulan tələblərdən biri kimi tədris prosesində şagirdin fəal iştirakının təmin edilməsinin vacibliyini qeyd etdi. O, çıxışında riyaziyyat  dərslərində psixomotor bacarıqların formalaşdırılmasının əhəmiyyətini vurğuladı. Müəllimin çıxışı ekranda nümayiş  edilən dərs prosesindən görüntülərlə müşayiət olunurdu. O, seminar  iştirakçılarını  əyani olaraq fəal dərsdə uşaqlarla aparılan işlə tanış etdi. Qeyd etdi ki, fəal təlim  nəticəsində biliklər şagirdlər tərəfindən daha tez qavranılır. Onlarda məntiqi, tənqidi və yaradıcı  təfəkkür  formalaşır, artıq uşaqlar bir sıra problemlərin həllində, qərar qəbul olunmasında öz fikirlərini müstəqil deyə bilirlər. Həmçinin onlar bir-biri ilə ünsiyyət qurmaqda çətinlik çəkmirlər. Müəllim dərsliklərlə bağlı  da öz fikirlərini bildirdi.  Söylədi ki, dərsliklərin rəngarəngliyi, düşündürücü olması şagirdləri cəlb edir. 

Liseyin Azərbaycan bölməsinin ibtidai sinif müəllimi Turbənd Məmmədova təqdimatında qeyd etdi ki, hazırda şəxsiyyətyönümlü  təhsilə keçidin ilk addımları atılır. Turbənd müəllimin  I sinifdə "Fəsillər" mövzusunda keçdiyi dərsdən görüntülər nümayiş olundu. Dərsdən fraqmentlər göstərildikcə  müəllim sinifdə mövzu ilə bağlı apardığı  işlə hamını tanış etdi.

Liseyin direktor müavini Sədaqət Nağıyeva isə çıxışında  qeyd etdi ki, "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədində şagirdin bir şəxsiyyət kimi formalaşması üçün lazım olan bütün təlim şəraitinin yaradılması əsas məsələ kimi qoyulur. Onun tətbiqi təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edəcək. Azərbaycan təhsilində ilk dəfə olaraq şagirdin hansı mərhələdə akademik bilik və praktik bacarıqlara yiyələnməsini dəqiq müəyyən edir.

Bakıdakı 20 nömrəli məktəb-liseyin  Valideyn- Müəllim Assosiasiyasının vitse-prezidenti Şahin Rəcəbli ibtidai siniflərdə fənn kurikulumlarının tədrisi ilə bağlı öz övladlarının timsalında əldə olunan nəticələrdən bəhs etdi. Valideyn olaraq uşaqlarında bir sıra xüsusiyyətlər və bacarıqların formalaşmasının şahidi olduğunu söylədi. Fənn kurikulumlarının tədrisində onu maraqlandıran, diqqətini  cəlb edən bəzi məqamlardan söz açdı.

Geniş fikir mübadiləsi və diskussiya şəraitində keçən seminarda liseyin I sinfinin valideynlərindən Aynur Nuruzadə, Natavan Bayramova, Anjella Həsənova bugünkü tədbirdə fəal təlim üsulları haqqında müəyyən qədər məlumata malik olduqlarını, kurikulumun mahiyyətini öyrəndiklərini, istifadə olunan dərsliklərin özünün məzmun və struktur, xüsusən şagirdlərin təlim marağını artırmaq, onların idrak fəallığına səbəb olmaq baxımından müəllimlərlə yanaşı, onları da razı saldığını dedilər.

Seminarda Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum mərkəzinin direktoru, pedaqoji elmlər namizədi, dosent Ənvər Abbasov çıxış edərək belə bir tədbiri təşkil etdiklərinə görə "Tərəqqi" texniki-humanitar liseyinin  direktoru Məhbubə Məmmədovaya və Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifovaya minnətdarlıq etdi. Ənvər müəllim fənn kurikulumlarının  tətbiqi ilə bağlı ibtidai sinif müəllimlərinin etdikləri təqdimatları yüksək qiymətləndirdi. Bildirdi ki, bu gün cəmiyyətin bütün sahələrində olduğu kimi, təhsildə də mühüm işlər, yeniliklər həyata keçirilməkdədir. Zaman dəyişir və müasirliyə doğru gedirik. Artıq yeni bir təhsil sistemimiz qurulur və bu, əvvəlkindən tamamilə fərqlidir, təhsilimiz cəmiyyətin tələblərinə, ehtiyaclarına uyğun olmalıdır. Bu gün "Hafizə məktəbi" "Təfəkkür məktəbi"nə çevrilir. Biz orta məktəblərdə şagirdlərimizi daha çox elmi biliklərlə yükləyirik, amma onlara həyati bacarıqlar aşılamırdıq.

Psixoloqların  fikrinə  istinad edən Ə.Abbasov bildirdi ki, uşağı gücü çatan çətinliyə salmaq lazımdır. Biz uşaqlarımızı çox yükləyirik. Əslində isə onlara, ilk növbədə, həyati bacarıqlar aşılanmalıdır. Müəllim dərs prosesində uşağın fəallığını yaxşı təşkil etməyi bacarmalıdır.

çıxışında digər məsələlərə də ətraflı toxunan Ənvər Abbasov  daha sonra valideynlərin məktəblə əlaqələrindən söz açdı, bununla bağlı müəyyən fikirlər söylədi.

Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova qeyd etdi ki, respublikada gedən təhsil islahatının mühüm istiqamətlərindən biri - valideynləri məktəbə cəlb etmək, onlarla işin düzgün qurulması, məktəblə ailənin əlaqələrini gücləndirməkdir.

Təhsil Nazirliyinin tabeliyində olan "Tərəqqi" texniki- humanitar liseyi ilə rəhbərlik etdiyi qurumun  birgə təşkil etdiyi tədbirin də məhz bu məqsədə xidmət etdiyini deyən Təranə xanım onun olduqca səmərəli və işgüzar şəraitdə keçdiyini bildirdi. Qurumun rəhbəri daha sonra məktəblə valideyn əlaqəsindən söz açdı, müəyyən məsələlərlə bağlı öz fikirlərini qeyd etdi.

Seminarı liseyin direktoru Məhbubə Məmmədova yekunlaşdıraraq  tədbirin  hamı üçün   faydalı olduğunu söylədi.

 

Samirə KƏRİMOVA,

fotolar Fazil İDRİSOĞLUNUNDUR