|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Bəxtiyar Vahabzadə: "Hər millətin övladı orta təhsilini ana dilində almalıdır" Xalq
şairi Bəxtiyar Vahabzadənin "Azərbaycan müəllimi"
qəzetinə müsahibəsi 19
mart 1994-cü il
- Bəxtiyar müəllim, təhsilimizin
indiki vəziyyətini necə qiymətləndirərdiniz? - Narazı olmaq asandır, amma "necə
olsun" sualına cavab vermək çətindir.
Təhsilimizin indiki vəziyyəti qənaətbəxş
deyil. Bunun bir çox səbəbləri var, mən onları
sadalamaq istəmirəm, çünki hamıya məlumdur. Amma
hər şeyimiz pisdir və təhsilimiz də pis
vəziyyətdədir, - demək də düz deyil. Mən
bir çox xarici ölkələrdə olmuş və imkan tapdıqca
onların təhsil sistemi ilə maraqlanmışam.
Azərbaycanda orta təhsil alanlar ilə xarici ölkələrdə
təhsil alanları müqayisə etsək, bir çox
cəhətdən bizim üstün olduğumuz görünər. Bilirsiniz, bizim təhsil sistemimizdə naqis
cəhətlərdən olan əzbərçilik metodu var. Bu
da müəllimlərin zərərli iş üsullarından
biri sayılır. Həmin müəllimlər
bilməlidirlər ki, əzbərçiliklə şagirdlərdə
müstəqil düşüncəni öldürürlər. Şagird oxuduğu
kitab haqqında müstəqil fikir yürüdə bilmir. Bu ondan
irəli gəlir ki, bir çox müəllimlərimizin özləri
müstəqil düşünməyi bacarmırlar. Bu, faciədir. Məktəblərdə müstəqil düşüncənin
aşılanmamasına əsas səbəb vaxtilə,
yəni sovet totalitarizmi dövründə, yalnız bircə
ideologiyaya xidmət göstərməyimiz olmuşdur. Müəllimlər
bir ideologiyanı - marksizm ideologiyasını təbliğ
etməli, bundan kənara çıxmamalı idilər. Bu
isə təhsilə standartlıq, şablon və stereotip
gətirdi. İndi, Allaha şükür, ölkəmizdə azad düşüncəyə,
hər kəsin öz sözünü deməyə imkanı var.
Fəallıq əsasən bu sahədə müəllimlərin
üzərinə düşməlidir. Onlar uşaqlarımıza
milli mənliklərini dərk etdirməli, körpə balalarımıza
müstəqil düşünməyi öyrətməyi bacarmalıdırlar. - Müəllimlərin son on ildəki
intellektual səviyyəsi, şəxsi keyfiyyətləri
sizi qane edirmi? - Təəssüf ki, müəllimlərimizin
əksəriyyətinin intellektual səviyyəsi çox aşağıdır.
Onlar demək olar ki, mütaliə ilə məşğul
olmur, öz üzərlərində çalışmırlar.
Mən bunu dəfələrlə çıxışlarımda,
yazılarımda demişəm. Sizə bir hadisəni danışmaq
istəyirəm. Bir neçə il bundan qabaq tanınmış
bir orta məktəbdə görüşdə iştirak edirdim.
Ədəbiyyat müəllimi mənim yaradıcılığım
haqqında məruzə elədi. Gördüm ki, müəllimin
məruzəsində bir kəlmə də olsun öz fikri
yoxdur. Həmin müəllim orta məktəbin VII sinif
dərsliyində mənim haqqımda yazılanları üzümə
oxudu. O zaman mən bərk əsəbiləşdim və
müəllim haqqında respublika qəzetlərinin birində
məqalə ilə çıxış etdim.
Məqalədə yazırdım ki, haqqımda
məruzə edən müəllim mənim kitablarımdan
birini belə oxumamışdı. Amma mütaliəli, müstəqil
düşünən, sərbəst mühakimələr yürüdən
müəllimlərimiz də var. Onlardan birini misal göstərmək
istəyirəm. Masallı rayonunun çaxırlı
kəndində Rahid Ulusel adlı bir orta məktəb müəllimi
dərs deyir. Rahid müəllimin muxtəlif
qəzetlərdə tez-tez dərc edilən
məqalələri məni valeh edir. Onun bu yaxınlarda
mənə göndərdiyi "Doğ, ey
zəkaye-vətən" məqaləsində
qaldırılan problemlər son dərəcə
maraqlıdır. Məqaləni oxuyanda müəllimin
qabiliyyətinə, savadına valeh oldum. Deyərdim ki, o,
nəinki öz işinin professoru, hətta akademiki olmağa
layiqdir. Fikirləşirəm, yaxşı ki, xalqımız
bu cür savadlı müəllimlərdən xali deyil. çox
təəssüf ki, belə müəllimləri barmaqla saymaq
olar. - Müəllim-şagird, müəllim-tələbə
münasibətini necə görmək istərdiniz? - Mənim fikrimcə, bu münasibətlər
qarşılıqlı olmalıdır. Yəni müəllim-şagird,
şagird-müəllim sevgisi əsasdır. Müəllim şagirdi
ilə qarşılıqlı ünsiyyətdə olmalıdır.
Onlar bir-birlərini başa düşməlidirlər. Müəllim
öz səmimiyyəti ilə şagird qəlbinə nüfuz
etməyi bacarmalıdır. Vaxtilə biz tələbə
olarkən 132 nömrəli orta məktəbdə təcrübə-məşğələ
keçmişik. Burada Bilqeyis xanım Məmmədova adlı
bir ədəbiyyat müəllimi dərs deyirdi. Mən şagirdlərin
onun dərsini necə maraqla dinlədiklərinin şahidi
olmuşam. Bilqeyis müəllim öz səmimiyyəti, zəkası
və nuraniliyi ilə şagirdlərin qəlbində öz
heykəlini ucaltmışdı. - Qeyri-dövlət təhsil müəssisələrinə
münasibətiniz? - Mənim fikrimi bilmək
istəyirsinizsə, açığını desəm, münasibətim
çox pisdir. Təhsil bilavasitə dövlət işidir. Onu dövlət
himayə etməli və qayğı göstərməlidir.
Qeyri-dövlət müəssisələri isə pulludur və
oraya kimin imkanı varsa, o, daxil ola bilər. Siz özünüz
fikirləşin, burada hansı istedaddan, bilikdən,
savaddan söhbət gedə bilər? Bunları fikirləşəndə
millətə yazığım gəlir. Təhsillə
alver etmək olmaz! - Qızların oğlanlardan ayrı
təhsil almalarına necə baxırsınız? - Buna təbii baxıram. Bizim vaxtilə qız,
oğlan məktəblərimiz olub. O dövrün
maarifpərvər ziyalıları, xanımları məhz
həmin məktəblərin yetişdirmələri olmuşdur.
Məncə, qızlar, oğlanlardan ayrı təhsil
alsalar, daha məqsədəuyğun olar. - Dini-mənəvi
dəyərlərimizə qayıdış bizə nə
verə bilər? - Məktəblərimizdə şəriət
dərsi keçilməlidir. Bu, bizə təmiz əxlaq, saf
mənəviyyat verə bilər. Uşaqlarımız
bilməlidirlər ki, hansı dinə, hansı xalqa
mənsubdurlar. Dini-mənəvi dəyərlərimizə
qayıdış insanlara həyatdakı
əzab-əziyyətləri unutmaq imkanı verər. Din
gənclərin əxlaqını da düz, doğru
istiqamətdə formalaşdırar, onları əyri
yoldan, tüfeyli həyatdan çəkindirər, xeyirxahlığa,
özünü dərk etməyə kömək edə bilər. - Gənc nəslin tərbiyəsində
ailə, məktəb və mühitin rolunu nədə görürsünüz
və bunlardan hansını
başlıca hesab edirsiniz? - Bu sualda mühit sözünü əsas götürmək
istəyirəm. Dünyada elə müqəddəs şeylər
var ki, onlar mühitlə, dar məhdud şəraitlə
əlaqələndirilə bilməz. Bunlardan ən
birincisi ana dilidir. Hər bir millətin övladı orta
təhsilini ana dilində almalıdır. Ana dilini mükəmməl
bilmədən başqa dili yaxşı qavramaq çətindir.
çünki ana dilini yaxşı bilən uşaq öyrənmək
istədiyi ikinci dili ana dilinin qanunları ilə müqayisədə
əyani olaraq dərk edə bilər. Bir zamanlar Rusiyada zadəganlar öz dilini
bəyənmir, övladlarını əcnəbi
məktəblərə verirdilər. Böyük rus pedaqoqu K.D.Uşinski
bunu böyük səhv və qəbahət hesab edərək
"Ana dili" məqaləsində sübut edirdi ki, doğma
dilində dil açmayan, ana dilində təhsil almayan uşaqlar
mənən şikəst olur, köksüz, soysuz böyüyür, iki
ruh arasında avara qalır. O yazırdı:
"Xaricdən dayələr, tərbiyəçilər
və hətta ev xidmətçiləri gətirirlər. Ata
və ana övladı ilə doğma dildə bir
kəlmə də danışmır. Bunun nəticəsi
nə olar? Xalq öz qiymətli mənəvi irsindən, onun
vətən üçün oğul edə biləcək
hissindən həmişəlik əl çəkməli
olar". İndi bizim də vəziyyətimiz bu cürdür. 1981-ci il "Oqonyok" jurnalının
2-ci sayında bir məqalə dərc edilmişdi.
Məqalədə Parisdə yaşayan ermənilərin öz
balalarını orada açdıqları erməni
məktəblərində oxutmalarından bəhs edilirdi.
Onlar istəyirlər ki, yeni yetişən nəsil öz kökü
üstündə böyüsün və milli mənliyini dərk etsin. O
zaman mən məqaləni oxuyanda gündəliyimə bu sözləri
yazmışdım: "Paradoksa baxın! Erməni
Parisdə balasını erməni məktəbində,
azərbaycanlı isə Bakıda öz övladını rus
məktəbində oxudur!". Dilimiz həqiqi mənada dövlət dili elan
olunandan sonra bir sıra vəzifəli adamlar öz uşaqlarını,
nəvələrini rus məktəblərindən çıxarıb
Azərbaycan məktəblərinə verdilər. Onların
məqsədi başqa şey idi. Gələcəkdə
övladlarına yüksək vəzifələr qapdırmaq
üçün belə edirdilər. Burada heç bir milli oyanışdan,
şüurdan söhbət belə gedə bilməz. Hazırda
isə vəziyyəti başqa cür təsəvvür
edən, həmin "ayıqlar" təzədən öz
uşaqlarını, nəvələrini Azərbaycan
məktəblərindən çıxarıb rus
məktəblərinə verirlər! Bu,
buqələmunluqdur, simasızlıqdır! Ana dili namusdur. Namus isə paltar deyil ki, onu
havaya və fəsilə görə dəyişəsən! - Tələbə gənclərin
fəal siyasətlə məşğul olmaları düzgündürmü? - Hər bir gənc siyasətbazlıqla yox,
siyasətlə məşğul ola bilər. - övladlarımızın
tərbiyəsində əsas nəyə fikir verirsiniz?
Onlara hansı dəyərlərin aşılanmasını
tövsiyə edərdiniz. - Birinci növbədə, onlarda vətən
sevgisi oyanmalıdır. Gənclərimizə milli şüur
aşılanmalıdır. Onlar
adət-ənənələrimizə sədaqət, böyük-kiçik
yeri bilmək ruhunda tərbiyə edilməlidirlər. - Müasir dövrümüzdə varlı adamların
təhsilə qayğı sahəsindəki biganəliyini
nə ilə izah edərdiniz? - Bayaq dediyim kimi, təhsilə qayğı
ancaq dövlət tərəfindən olmalıdır.
Elmə, sənətə himayəni sponsorların ümidinə
buraxmaq olmaz. İstedadlı gənclərin də qayğısını
dövlət çəkməlidir. Qaldı ki, varlı adamların
təhsilə biganəliyi, bunu siz onların özündən
soruşsanız, daha düzgün olardı. Hər halda,
millətini sevən onun təhsilinə, inkişafına
öz köməyini əsirgəməməlidir. Bu, ən müqəddəs
xidmətlərdən biridir. - Bəxtiyar müəllimin demək
istədiyi son söz. - Arzum budur ki, xalqımızın başına
gətirilən dəhşətli faciələrə son
qoyulsun. Gənclərimiz daha ağılla, səbirlə
hərəkət etsinlər. Bizim buraxdığımız
səhvləri gələcəkdə onlar təkrarlamasınlar.
Tarixin bugünkü ibrət dərslərindən nəticə
çıxarsınlar. - Maraqlı söhbət üçün çox sağ
olun. Müsahibəni apardı: Samirə KƏRİMOVA
|