· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

  

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 2009-cu ilin yanvarında daxil olan müraciətlərə dair xülasə

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ali və orta ixtisas təhsili müəssisələrində 2008-2009-cu tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi barədə" 29 dekabr 2008-ci il, 1377 saylı əmrinə müvafiq olaraq nazirliyin "Qaynar xətt"i qış imtahan sessiyasında ali və orta ixtisas məktəblərində tələbələrin biliyinin obyektiv qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halların aradan qaldırılması məqsədilə iş günlərində fasiləsiz olaraq müraciətləri qəbul etmişdir. Belə ki, "Qaynar xətt" xidmətinə   496-37-61;   496-34-82 nömrəli  telefonlara və [email protected]   e-mail ünvanına gələn müraciətlər nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan QHT könüllüləri tərəfindən qəbul edilmiş və araşdırmaya  yönəldilmişdir. Nazirliyin "Qaynar xətt"inə cari ilin yanvarında  cəmi 86 müraciət daxil olmuşdur.

Bu müraciətlərdən 17-si anonim, digər 69-u ünvanlı olmuşdur. ünvanlı müraciətlər araşdırmaya yönəldilmiş, anonim şikayətlər işə alınmışdır. Anonim olmasına baxmayaraq, bu şikayətlərdə də qaldırılan məsələlər üzrə aidiyyəti təhsil müəssisələrinə həmin sahə üzrə nəzarətin gücləndirilməsi tövsiyə edilmişdir. Araşdırmaya yönəldilmiş müraciətlərin bir qisminin sonradan araşdırma zamanı anonim olduğu aşkarlanmışdır.  69 ünvanlı müraciətdən  9-u sorğu və məlumat xarakterli olmuşdur.

Onu da qeyd edək ki,  86 müraciətdən 47-si ali və orta ixtisas təhsili müəssisələri  ilə əlaqədar olmuş, onlardan 11-i anonim, 6-sı sorğu məzmunu daşımışdır.Beləliklə, ali və orta ixtisas təhsili müəssisələrindən ünvanlı daxil olmuş  sorğular cavablandırılmış, 25 müraciət  araşdırılmış, 2 müraciətdən imtina ilə əlaqədar 2 zəng olmuş, 11 anonim müraciətin nəzarətə götürülməsi təhsil müəssisələrinə tövsiyə olunmuşdur. Daha 1 müraciətdə ali təhsil müəssisəsində (Mingəçevir Politexnik İnstitutunda) qış imtahan sessiyasının yaxşı təşkil olunması barədə tələbələrin rəyi bildirilmişdir. Bununla da ali və orta ixtisas təhsili müəssisələri ilə əlagədar ünvanlı daxil olan müraciətlərin 12-si dövlət , 13-ü isə özəl təhsil müəssisələrinə aid olmuşdur.

Cari dərs ilinin qış imtahan sessiyası dövründə özəl ali təhsil müəssisələri ilə əlagədar daxil olan müraciətlərin sayı dövlət ali və orta ixtisas məktəbləri ilə əlaqədar daxil olan ünvanlı şikayətlərdən çox olmuşdur.

Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan 12 ünvanlı müraciətin 2-si müəllimlər tərəfindən iş yeri ilə bağlı olmuş, hər iki məsələ üzrə araşdırma aparılaraq nəticəsi şikayətçilərə bildirilmişdir. Digər şikayətlərdən 4-ü  Azərbaycan Dövlət Neft Akademiyasından daxil olmuş, bu şikayətlərdən 2-si bilavasitə imtahan sessiyası ilə əlaqədar olmuş, araşdırma aparılaraq obyektivlik təmin edilmişdir. Akademiya ilə əlagədar daha 2 müraciətdə bu təhsil müəssisəsinə məxsus binada yerləşən 145 saylı uşaq bağçasının bağlanılması ilə əlagədar olmuşdur. Araşdırma zamanı uşaq bağçasının icarə müqaviləsi ilə istifadə etdiyi binadan çıxarıldığı məlum olunmuşdur. Azərbaycan Dövlət Pedaqojı Universiteti ilə əlagədar daxil olan 2 müraciətdə tələbələr imtahan işlərinə az bal verildiyini bildirmiş, araşdırma zamanı hər iki tələbənin imtahan işinin düzgün qiymətləndirildiyi məlum olmuşdur. Bakı Dövlət Universitetində imtahanla əlagədar daxil olmuş 1 müraciət də araşdırılarkən imtahan zamanı tələbənin biliyinin obyektiv qiymətləndirildiyi üzə çıxmışdır. Gəncə Dövlət Universiteti ilə əlagədar daxil olan 2 müraciətdən 1-i yalnış olmuş, digər 1-ində isə şikayətin əsassız olduğu müəyyən edilmişdir. Azərbaycan Texniki Universiteti ilə əlaqədar "Qaynar xətt"in e-mail ünvanına daxil olan 1 müraciətdə ümumi məsələlər sadalanmış, bununla bağlı nazirlik və universitet tərəfindən müraciət müəllifi araşdırmaya dəvət olunmuşdur. Lakin özünü Cənnət Budaqov kimi təqdim edən müəllif araşdırmaya gəlməmişdir. Ona görə də həmin müraciət üzrə araşdırma aparmaq mümkün olmamışdır.

özəl ali təhsil müəssisələri ilə bağlı daxil olan ünvanlı müraciətlərin 6-sı Azərbaycan Beynəlxalq Universitetinin, 3-ü Bakı Biznes Universitetinin, 2-si Bakı Qızlar Universitetinin,1-i Xəzər Universitetinin, 1-i isə Bakı Kooperasıya Universitetinin payına düşür.

Bu müraciətlərin 6-sı bilavasitə imtahan sessiyası ilə bağlı olub,  onlardan 3-ü Azərbaycan Beynəlxalq, 1-i Bakı Biznes, 1-i Bakı Qızlar, 1-i isə Xəzər Universiteti tələbələri tərəfindən edilmişdir. Bu qəbildən olan müraciətlərin hamısı nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılmış, obyektivlik təmin olunmuşdur. 3 müraciət özəl ali məktəblərdə təhsil haqqının artırılması ilə əlaqədar olmuşdur. Hər 3 hal araşdırılmış, məlum olmuşdur ki, özəl ali məktəblərdə təhsil haqqının ödənilməsi müəssisə ilə təhsilalanların arasında bağlanılmış müqavilə öhdəlikləri əsasında həyata keçirilir. Digər 2 şikayət Azərbaycan Beynəlxalq Universitetində diplom blankı üçün rüsum tələb olunması haqqında olmuşdur. Bununla əlaqədar şikayətçilərə tələbə ilə təhsil aldığı ali məktəb arasında bağlanmış ikitərəfli müqavilədəki məbləğdən başqa hər hansı ödənişin tələb olunmasının qeyri-qanuni olduğu bildirilmişdir. özəl ali təhsil müəssisələrini əvvəlki illərdə bitirmiş məzunlara təhsil müəssisəsi tərəfindən diplom blankının verilməməsi ilə bağlı müraciət edənlərə bu problemin təhsil müəssisəsinin özündə araşdırılması tövsiyə olunmuşdur.

Təhsil Nazirliyinin "Qaynar xətt"inə daxil olan 86 müraciətin 39-u ümumtəhsil məktəbləri ilə əlaqədar olmuşdur. Bu müraciətlərin 6-sı anonim, 2-si sorğu xarakterlidir.

ümumtəhsil məktəbləri üzrə müraciətlərin 27-si Bakı şəhəri, 2-si Gəncə şəhəri, 2-si Qazax rayonu, digərləri isə hərəsində 1 müraciət olmaqla  Sumqayıt şəhəri, Tovuz, Xaçmaz, Siyəzən, Quba, Qusar, Ucar, Yardımlı rayon ümumtəhsil məktəbləri ilə əlaqədar olmuşdur. Bakı şəhəri üzrə olan müraciətlərdə qaldırılan problemlər Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri tərəfindən araşdırılmışdır. Digər şəhər və rayonlar üzrə daxil olan müraciətlərin araşdırılması isə yerli təhsili idarəetmə orqanları tərəfindən həyata keçirilmiş, müraciət edənlərə müvafiq əməli köməklik göstərilmiş, sorğuları cavablandırılmışdır.

 

Təhsil Nazirliyinin

mətbuat xidməti