· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Dünya təhsili

Şotlandiyada təhsil

Təhsil dünyada daha yaxşı yaşamaq üçün vacibdir. çünki o, insanların həyat tərzini dəyişdirir, biliyi genişləndirir, idrakı dərinləşdirir, parlaq gələcəyə və həyat vərdişlərinin formalaşmasına şərait yaradır. Fasiləsiz təlim bizim xəyalımızda yaşatdığımız yüksək inkişaf etmiş, bütün sahələrdə uğur qazanmış Şotlandiyanın təməlidir. Biz dərk edirik ki, mühüm qlobal iqtisadi və texnoloji dəyişikliklər fonunda öz bacarıq və vərdişlərimizi daim təkmilləşdirmək imkanı əldə etməliyik. Odur ki, vərdişlərimizin müntəzəm  müasirləşdirilməsi üçün bizə şərait yaradılmalıdır. Bu halda iqtisadiyyatımız daha yaxşı təchiz olunar və biz bir şəxsiyyət kimi gələcək inkişafımıza nəzarəti gücləndirə bilərik. Təhsilin hər bir cəmiyyətdə yeri var və o, cəmiyyətin hər bir üzvünə aiddir. Bu, təkcə dərəcələrin yüksəlməsi və ixtisasın artırılması deyildir, bu o deməkdir ki, hər bir insan tam potensialı ilə inkişaf etmək imkanına malik olmalıdır.

 

 

Təhsilin həyata keçirilməsi

 Şotlandiyada təhsil sisteminin quruluşu Təhsil Qanunları - Aktları silsiləsindən ibarətdir ki, bu da Şotlandiya üçün spesifikdir. Bu qanunlar qanuni qüvvəyə malik olan nizamnamələr vasitəsilə tənzimlənir. 1999-cu ildə səlahiyyətlərin yerlərə ötürülməsindən (devolution) bəri təhsillə bağlı yeni qanunvericilik Şotlandiya Parlamentində müzakirə obyekti olmuşdur. Şotlandiyada Təhsil Qanunlarının məzmununa təhsilin təşkili və idarəolunması daxildir. Nizamnamələr və məlumat kitabçaları məsələləri daha ətraflı şərh edir. Şotlandiyada tədris proqramları (kurikulum), dini və mənəvi təhsil istisna olmaqla, qanunvericilik tərəfindən idarə olunmur.

Şotlandiyada təhsil və təlim siyasətini həyata keçirən orqanlar aşağıdakılardır:

1. Şotlandiya Ali Təhsil Şöbəsi (SEED);

2. Şotlandiya İcra Orqanı;

3. Nəqliyyat və Fasiləsiz Təlim Departamenti (SEETLİD).

 

Şotlandiya Ali Təhsil Şöbəsi Şotlandiya məktəblərində 2000-ci ildə verilən qanunlardan sonra bir sıra təşəbbüs və təkliflər irəli sürüb ki, bu da Şotlandiya təhsilində real yeniliklərin yaranmasına təkan verir.

 

Yerli hakimiyyət orqanları və təhsil

 

1996-cı ildən yerli hakimiyyət orqanları 32 ayrı-ayrı qurumların məsuliyyətini öz üzərinə götürmüşdür. Onlar bir-birindən çox fərqlidir, amma onların hər biri təhsil də daxil olmaqla bir sıra xidmətlərin həyata keçirilməsi üçün məsuliyyət daşıyır.

 

Məktəb Şurası

 

1988-ci ildə qəbul olunmuş qanuna əsasən, hər bir orta məktəbə yerli cəmiyyətlərin üzvlərindən, təhsil işçilərindən və valideynlərdən seçilmiş Məktəb Şurası yaratmaq hüququ verilir. Hazırda ibtidai məktəblərin təqribən 88 faizi, orta məktəblərin 97 faizi, özəl məktəblərin 78 faizinin Məktəb Şurası vardır. Məktəb Şurasının daha çevik nümayəndə heyəti ilə əvəzetmə planları 2005-ci ilin martında Şotlandiya Təhsil Qanununda tədbirlər sisteminin bir hissəsi kimi öz əksini tapmışdır. Bu qanun valideyn hüquqlarının daha da qüvvətlənməsini təmin edir.

 

İbtidai məktəb

 

İbtidai məktəb 1-7-ci sinifləri (5-11 yaşlı uşaqlar) əhatə edir. Siniflər oğlan və qızlardan ibarətdir. Hər bir sinfin bütün tədris proqramını həyata keçirən bir müəllimi olur və ona bu işdə mütəxəssis müəllimlər kömək edir. Şotlandiyada nizamnamə şəklində tədris planı yoxdur, amma Şotlandiya İcra Orqanı 5-14 yaşlı siniflər üçün geniş sahələrə bölünən tədris olunan materialların əhatə dairəsi, tarazlıq, bağlılıq və ardıcıllığı təmin edən tədris proqramı təklif edir. Tövsiyə olunan bu proqramda tarazlıq aşağıdakı kimidir:

 

1. Dil   20 faiz.

2. Riyaziyyat 15 faiz.

3. Ətraf mühitlə bağlı fənlər, cəmiyyət, elm və texnologiya 15 faiz.

4. İfadəli incəsənət və bədən tərbiyəsi 15 faiz.

5. Dini və mənəvi təhsil 15 faiz (sağlamlıq dərsi, şəxsi və sosial inkişaf).

6. Seçmə fənlərə ayrılan vaxt -  20 faiz.

Şotlandiyada ibtidai məktəblər şagirdlərin sayı baxımından fərqlənir: kənd yerlərində 20 və daha az şagirdi və bir müəllimi olan məktəblər vardır. Elə məktəblər də vardır ki, orada 600-dən çox şagird təhsil alır və eyni yaş qrupu üzrə bir neçə sinif təşkil edilir. Qeyd edilməlidir ki, bir sıra kiçik məktəblərdə, xüsusən də ucqar ərazilərdə siniflər müxtəlif yaşlı uşaqlardan təşkil olunur.

 

Orta təhsil

 

Şotlandiyada orta məktəb 12-18 yaşlı uşaqlardan təşkil olunur. 16 yaşınadək təhsil icbari hesab olunur.

Aşağı orta təhsil (12-16) 2 mərhələyə bölünür. İlk iki ildə (S1-I mərhələ, S2-II mərhələ), yəni 5-14 yaşda uşaqlar ümumi təhsil proqramı ilə təmin edilir. Sonrakı iki ildə (S3-III mərhələ, S4-IV mərhələ) daha professional vərdişlər aşılanır və peşəyönümü üçün imkanlar açılır.

Yuxarı orta təhsil (16-18 - V-VI mərhələ) orta məktəbin son 2 ilini əhatə edir. Bu, şagirdlərə təcrübə qazanmağa və peşə əldə etməyə, sonrakı təhsilini davam etdirməyə yaxından kömək edir.

Əsas orta məktəb fənləri hər mərhələdə tədris olunur, amma bundan əlavə, məktəb də fənlərin tədrisi ilə bağlı öz seçimini edə bilər. IV mərhələnin sonunda şagirdlər, adətən, standart dərəcə almaq üçün və ya yerli cəmiyyətin tələbatlarının ödənilməsi üçün milli komponentlərə aid ixtisaslardan imtahan verirlər.

Milli komponentlərə aid ixtisaslar yuxarı orta məktəbin 5 səviyyəsində tədris olunur. Burada bu ixtisaslarla yanaşı, peşəyönümlü və akademik fənlər də tədris olunur, əsas vərdişlər aşılanır və bu da sonrakı bacarıq və vərdişlərin formalaşmasına və inkişafına stimul yaradır.

Orta məktəb üçün şagirdlərin sayı 100-dən 2000-dək təşkil etməli olduğu halda, Şotlandiya orta məktəblərinin əksəriyyətində şagirdlərin sayı 400-1200 arası olur.

 

Sonrakı təhsil

 

Sonrakı təhsil (ST) Şotlandiyada fasiləsiz təlim işində əsas rol oynayır. Odur ki, Şotlandiyada 43 kollec bu işdə hamı üçün geniş imkanlar yaradır. Bu kolleclər müraciət edənlərlə işləyərək innovativ proqramlar əsasında onları öyrədir və  təcrübə keçmək üçün xidmətlər göstərir. Fərdi şəxslərə və birliklərə tam potensialı ilə inkişaf etməsi üçün şərait yaradılır.

Standart sonrakı təhsil kollecləri vardır ki, onlar istənilən səviyyədə kurslar təklif edir. Sonrakı təhsil zamanı tədris proqramı daha geniş miqyasda öyrənmə ehtiyaclarına cavab verir, ümumi təhsil proqramı daxil olmaqla yüksək ixtisaslaşmış peşə təhsili və iş təcrübəsini də əhatə edir. ST müxtəlif tələbatlara cavab vermək məqsədilə həyati vərdişlərin aşılanmasından başlayaraq öyrənmə zamanı meydana çıxan çətinliklərin aradan qaldırılması, dərəcələrin alınması, ali təhsildən sonrakı mərhələnin problemləri ilə də məşğul olur. Bu da dərəcə almaq üçün və məzunların işində ortaya çıxan problemlərin həlli üçün zəmin yaradır.

Bu kurslar əsasən peşəyönümlü olub, həm nəzəri, həm də praktik sahələri əhatə edir. Kurslar xüsusi peşə sektorları üçün və tələbələrin şəxsi ehtiyaclarına uyğun olaraq sifariş şəklində təşkil olunur. Şotlandiyada peşəyönümü üzrə sonrakı təhsil üçün əsas qiymətləndirmə şurası Şotlandiya İxtisaslaşma İdarəsidir. Bu idarə texniki və biznes bölmələri üzrə çoxsaylı kurslarda istənilən aşağı və yuxarı səviyyələrdə təltiflər verir. Aşağı səviyyədə verilən sertifikatlar milli ixtisas kimi tanınır. Milli ixtisaslar milli kurslar və qrup mükafatları şəklində ola bilər, məsələn, Milli İnkişaf mükafatı və ya Milli Sertifikatı verilə bilər. Yüksək səviyyədə mükafatlar Ali Milli Sertifikat, Ali Milli Diplom və Professional mükafatlar hesab olunur. Əlavə təhsil üçün kurslar aşağıdakılardır:

1. Peşəyönümlü və ümumi təhsil;

2. Məktəb şagirdləri üçün peşəyönümlü kurslar;

3. İlkin peşə treninqi;

4. İşçilər üçün treninq;

5. İş yerində kurslar;

6. Peşə və qeyri-peşəyönümlü axşam kursları;

7. Uzaq məsafədən öyrənmə;

8. İctimai təhsil;

9. Keçid kursları;

10. İngilis dili xarici dil kimi.

 

Ali təhsil

 

Şotlandiyada 21 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bura 14 universitet (Açıq Universitet) və 7 digər təhsil müəssisəsi aiddir.

Ali məktəbə qəbul qaydaları hər bir ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir. Bu təhsil müəssisələri  insanlara ali təhsil almaq üçün geniş imkanlar verir. Buraya daxil olmaq üçün ənənəvi yol Şotlandiya İxtisaslaşma Orqanı tərəfindən aparılan dövlət imtahanlarından keçən qruplardan asılıdır. Bəzi hallarda imtahanın nəticəsinə əsasən şagirdlər  II və ya III kursa qəbul olunurlar. Hazırlıq kursları və iş təcrübəsi instituta daxil olmaq üçün xüsusi əhəmiyyət kəsb edir. Xarici tələbələrin ərizələri hər zaman qəbul olunur - Şotlandiya ali təhsil müəssisələrində 2004-2005-ci ildə 29091 nəfər xarici tələbə təhsil almışdır.

Ali təhsil müəssisələri yarımdərəcəli kurslar, birinci dərəcəli kurslar, müəllimlər üçün təhsil və treninq kursları, magistr və doktorantura səviyyələrində olan məzunlar üçün xüsusi kurslar, peşəkarların ixtisaslaşması üçün isə ali səviyyədə kurslar təşkil edir.

Şotlandiyada məzunlar I dərəcə (3 illik akademik təhsil ilindən sonra), orta dərəcə (ümumi), 4 illik təhsildən sonra fərqlənmə (ixtisaslaşmış) dərəcəsi alır. Bəzi fakültələrdə, məsələn, tibb və hüquq fakültələrində kurslar ənənəvi olaraq daha uzunmüddətli olur və bu, professional iş təcrübəsi  əldə etməsini tələb edir. Şotlandiyada Keyfiyyətə Təminat Agentliyi bu institutlarla işləyərək yüksək keyfiyyət standartları əldə olunmasına təminat verir. Ali təhsil müəssisələri bir sıra sahələrdə - incəsənət və humanitar elmlər, sosial elmlər, tibb, hüquq, texnologiya və mühəndislik sahələrində genişçeşidli kurslar təklif edir. Böyük institutların əksəriyyəti bu spektr üzrə geniş təminatlar verir və eləcə də peşəkar ixtisaslar təklif edir. Daha kiçik institutlar isə səhiyyə qayğısı, incəsənət və dizayn, musiqi və dram, toxuculuq texnologiyası, kənd təsərrüfatı və müəllim hazırlığı kimi xüsusi sahələr üzrə ixtisaslaşmaya meyil edir. Müxtəlif təhsil imkanları, yüksək keyfiyyətli təminatlar Şotlandiya ali təhsil sisteminin xarakterik əlaməti kimi göstərilir. Şotlandiyada mükafatlanan dərəcələr və ali təhsil ixtisasları həm milli, həm də beynəlxalq aləmdə hörmətlə qarşılanır.

 

Məktəbəqədər təhsil

 

Şotlandiyada bütün 3-4 yaşlı uşaqlar ödənişsiz keyfiyyətli məktəbəqədər təhsil almaq hüququna malikdir. Məktəbəqədər keyfiyyətli təhsil

- Uşaqları oyunlar əsasında öyrətməyə kömək edir;

- Evdə olan öyrənməyə əsaslanır;

- Sonrakı həyatda istifadə olunacaq vacib vərdişləri inkişaf etdirir;

- Uşaqları ibtidai məktəbə hazırlayır;

- Milli tədris planı məktəbəqədər mərkəzlərin fəaliyyət planına kömək edir ki, bu da aşağıdakı sahələrdə uşaqların inkişaf və öyrənməsinə şərait yaradır:

1. Emosional, şəxsi və sosial inkişaf.

2. ünsiyyət və dil.

3. Bilik və dünyanı dərketmə.

4. İfadəli nitq və estetik inkişaf.

5. Fiziki inkişaf və hərəkət.

 

Təhsil Proqramının Mənimsənilməsi üçün Qiymətləndirmə proqramı

 

TPQ-in məqsədi təlim-tərbiyədə müsbət dəyişikliklər etməklə uşaqların həyat vərdişlərini inkişaf etdirməkdir. TPMüQ 2002-ci ildən etibarən fəaliyyətə başlamışdır və onun məqsədi biliklərin ardıcıl olaraq mənimsədilməsi və intellektin inkişaf etdirilməsi haqqında şagirdlər, valideynlər, müəllim və digər peşəkarları məlumatlandırmaqdır. 1998-ci ildə aparılmış tədqiqat göstərmişdir ki, formativ (müddətli) qiymətləndirmə daha yüksək nəticələr, böyük nailiyyətlər əldə edilməsinə xidmət edir. Bu tədqiqat göstərdi ki, şagirdlər o zaman yaxşı öyrənir ki:

- Onların yerinə yetirdikləri işin nəticələri geniş təhlil edilsin və onlar bu işi daha da yaxşı icra etmək üçün nələr tələb olunduğunu bilsinlər.

- Bu işin daha da təkmilləşdirilməsi üçün onlara məsləhət verilsin.

- Ehtiyacların öyrənilməsində özləri iştirak etsinlər və daha çox kimdən kömək almaq lazım olduğunu bilsinlər.

 

Qiymətləndirmə nədir

 

Qiymətləndirmə effektiv öyrənmə və öyrətmə prosesinin ayrılmaz tərkib hissəsidir.

Bu elə bir məqsədyönlü və idarəolunan prosesdir ki, burada şagirdlərə tədris kursunun bütün sahələrində öz potensial imkanlarından istifadə etmək üçün şərait yaradılır.

Yüksək keyfiyyətli işin qiymətləndirilməsi bütün mərkəzlər və tədris ocaqları üçün keyfiyyətə zəmanəti təmin etmək, nailiyyətləri yüksəltmək, inkişaf və irəliləyişlərə kömək etməkdə zəruridir.

Qiymətləndirmənin məktəblərdə istifadə olunan iki tipi - summativ və formativ tipləri məlumdur.

Summativ qiymətləndirmə, adətən, test formalarında və səviyyəni müəyyən edən konkret tapşırıqlar şəklində aparılır.

Formativ qiymətləndirmə uşağın təlim prosesində müxtəlif tipli fəaliyyət növlərinin iştirakı ilə şərtlənir. Nəticə etibarı ilə bu qiymətləndirmədən tədrisi uşağın tələblərinə uyğun şəkildə qurmaq üçün istifadə olunur.

 

Maliyyə

 

Şotlandiya icra hakimiyyəti təhsili, birgə öyrənməni və inkişafı maliyyə yardımı ilə dəstəkləyir və bununla bağlı hər il yerli orqanlara qrant ödənilir. Yerli orqanlar tərəfindən təhsilə qoyulan sərmayənin miqdarı onların öz ixtiyarındadır. Gündəlik xərclərin 90 faizi birbaşa məktəbin baş müəllimlərinin səlahiyyətinə verilir.

Sonrakı və ali təhsil Şotlandiya Maliyyə Şurası ilə Şotlandiya icra hakimiyyəti tərəfindən maliyyələşir. Şotlandiya Maliyyə Şurası Şotlandiyada kollec və universitetlərdə öyrətmə, tədqiqat və digər sahələrin maliyyələşdirilməsinə 1,5 billion (milyard) məbləğində pul ayırır. 2005-ci ildə özəl əlavə təhsil və ali təhsil maliyyə qurumlarının birgə iştirakı ilə Maliyyə Qurumu Şotlandiyada yüksək keyfiyyətli öyrətmə, öyrənmə, tədqiqat işlərinə kömək etmək üçün əla təhsilin strateji vəziyyətini təmin edir.

Rəhim HüSEYNOV,

Heydər Əliyev adına özəl təhsil kompleksinin direktoru