Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

16 İyul 2010 - 27

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

Bookmark and Share

(Əvvəli qəzetimizin ötən saylarında) 

Hörmətli oxucular, bu məqalədə hazırda cəmiyyətdə ən çox müzakirə obyektinə çevrilən repetitorluq barədə mülahizələrimi diqqətinizə təqdim edirəm.

Tədqiqatlar göstərir ki, tarixilik baxımından dünyada repetitorluq XVII əsrə, ilk dəfə olaraq yazılı imtahanların tətbiq edildiyi dövrə təsadüf edir. Bu imtahanlara hazırlaşmaq üçün valideynlər öz övladlarını müəllim yanına aparmışlar ki, daha dərin biliklər əldə etsinlər.

Tarixi mənbələrə əsasən, hələ XVII əsrdən əvvəl də repetitorluq ənənələri mövcud olmuşdur. Bu ənənələr müasir dövrdəki repetitorluqdan mahiyyətinə görə fərqlənsə də, onun ilk əlamətləri hesab edilə bilər. Belə ki, imkanlı şəxslər öz övladlarına xarici dilləri, musiqini, etiket qaydalarını öyrətmək üçün evə mürəbbiyələr, musiqi müəllimləri dəvət etmişlər.

Hazırda repetitorluq demək olar ki, dünyanın bütün ölkələrində bu və ya başqa dərəcədə müşahidə olunur. Bir sıra ölkələrdə isə daha geniş yayılmışdır. Belə ki, Asiya (Yaponiya, Cənubi Koreya, Tayvan, Hindistan, Sinqapur), Afrika (Qvineya, Mavriki, Morokko, Tanzaniya, Zimbabve), Şimali Amerika (Kanada, ABŞ), Cənubi Amerika (Braziliya), Avropa (Almaniya, Rumıniya, Çexiya, Slovakiya, Latviya, Türkiyə, Böyük Britaniya, Fransa) ölkələrində şagirdlərin 50-70 faizi repetitorların xidmətlərindən istifadə edirlər.

Yaponiyada orta məktəbin digər pilləsinə keçid və universitetə daxil olmaq üçün şagirdlər "məharət məktəbi", daha doğrusu, "repetitor məktəbi"nə gedirlər. Həmin məktəbdə xüsusi dəvət edilmiş müəllimlər əsas məktəbdə şagirdlərə deyilənləri bir daha izah edir və bu biliklərə yenilərini də əlavə edirlər ki, şagirdlər imtahanı yüksək səviyyədə verə bilsinlər. Belə repetitor məktəbi Tokioda hələ XVII əsrdə yaranmışdı. 1999-cu ildə bu ölkədə aparılan sorğu aşkar edib ki, şəhər uşaqlarının 90 faizindən çoxu bu və ya digər şəkildə fərdi dərslər almışlar.

Cənubi Koreyada 1997-ci ildə aparılmış araşdırmadan məlum olmuşdur ki, ibtidai məktəb şagirdlərinin 72,9 faizi, Tayvanda 1998-ci ildə keçirilmiş sorğunun nəticələrinə görə şagirdlərin 81,2 faizi repetitor xidmətindən istifadə etmişdir.

Türkiyədə müvafiq lisenziya əsasında fəaliyyət göstərən çoxlu sayda kurslar və təşkilatlar mövcuddur. Onların xidmətlərindən istifadə edənlərin sayı da yüksəkdir.

Braziliyada da repetitorluq təcrübəsi geniş yayılmışdır. Maraqlı hal odur ki, əgər müəllimin bu xidmətlə məşğul olması barədə məktəbə məlumat daxil olursa, onun əməkhaqqından müəyyən məbləğ tutulur. Əlavə olaraq müəllim öz fəaliyyətinə görə vergi ödəyir.

Rusiyanın tədris xidməti bazarında repetitorluğun meydana gəlməsi XVIII əsrə təsadüf edir. O vaxt çar I Pyotr ölkəyə çoxlu fransız, ingilis, alman müəllimlər dəvət etdi, XIX əsrdə yaşlı gimnazistlər və tələbələr aktiv olaraq fərdi dərslər keçməyə başladılar. Hazırda Rusiyada repetitorluq heç vaxt olmadığı aktivliyə malikdir.

2009-cu ilin yanvarında Belarus Respublikası prezidentinin fərmanına uyğun olaraq repetitorluq fiziki şəxslərin iş adamı kimi fəaliyyət göstərərək icra etdikləri və vergi ödədikləri işlərin siyahısına daxil edilmişdir.

2007-ci ildə Qazaxıstanda keçirilən monitorinq göstərmişdir ki, universitetlərin birinci kurs tələbələri arasında aparılan sorğuda respondentlərin 89,6%-i xüsusi dərslər aldıqlarını və ya hazırlıq kurslarına getdiklərini bildirmişlər. Onların 49,8%-i repetitorlardan istifadə etmiş, 39,8%-i hazırlıq kursuna getmişdir. Bununla belə, hazırlıq kurslarına gedənlərin 62%-i həm də repetitorların xidmətindən istifadə etmişdir.

Bu ölkələrdə repetitorluğun inkişafı bir sıra amillərlə izah olunur. Bu amillər arasında mədəni, iqtisadi və təhsil amilləri daha çox vurğulanır.

Mədəni amil çərçivəsində repetitorluq ümummilli nailiyyətlərə təsir edən, bu nailiyyətləri yüksəldən, eyni zamanda cəmiyyətin rəqabət qabiliyyətlilik səviyyəsinə təsir edən bir vasitə kimi nəzərdən keçirilir.

İqtisadi amil dedikdə savadsızlarla savadlılar arasında fərq, yüksək səviyyəli təhsilin daha çox gəlir gətirmək imkanı olan sərmayə olması, nüfuzlu və maddi təminatı olan iş yerinin qorunub saxlanması vasitəsi kimi nəzərdə tutulur.

Təhsil amili isə orta məktəbdən daha yüksək təhsil pillələrinə keçiddə ciddi seçim prosesində təzahür edir. Belə ki, bu amil üstünlük təşkil edən ölkələrdə universitetlərə qəbul zamanı yüksək rəqabət olur. Eyni zamanda təhsil amili universitet və əmək bazarı arasında əlaqənin yaradılması vasitəsi kimi də nəzərdən keçirilir. Hansı ölkələrdə universitet təhsilindən sonra əmək bazarına daxil olmaq üçün ciddi rəqabət və seçim nəzərdə tutulursa, burada da təhsil amili daha çox müşahidə olunur.

Tədqiqatlar göstərir ki, ayrı-ayrı ölkələrdə repetitorluğun obyekti də fərqlidir. Bir sıra ölkələrdə repetitorluq ibtidai təhsilə girişdə daha çox yayılmışdır. Bu, onunla bağlıdır ki, şagirdlər ibtidai təhsilə hazır qəbul olunsunlar. Hazırda əksər ölkələrdə isə repetitorluq magistraturaya qəbul zamanı müşahidə olunur. Bu halın səbəbi odur ki, magistraturaya qəbulda ciddi seçim aparılır və yerlərin sayı məhdud olur. Bir qrup ölkələrdə isə repetitorluq universitet təhsilindən sonra lisenziyanın əldə edilməsi və işə qəbul prosesi ilə bağlı daha çox yayılmışdır.

Dünyada repetitorluğun formaları da müxtəlifdir. Belə ki, əvvəllər ayrı-ayrı müəllimlər, mütəxəssislər repetitorluqla daha çox məşğul olurdularsa, hazırda əksər ölkələrdə xüsusi yaradılmış hazırlıq kursları, yaxud özəl qurumlar bu işlə məşğuldur.

Repetitorluqdan danışarkən onun qanunvericiliklə necə tənzimlənməsi də daim müzakirə mövzusuna çevrilir. Təcrübə göstərir ki, bu məsələyə yanaşma ayrı-ayrı ölkələrdə müxtəlifdir. Elə ölkələr vardır ki, repetitorluq fəaliyyətinin tənzimlənməsi üçün hətta parlament səviyyəsində qanun qəbul edilmişdir. Digər ölkələrdə isə repetitorluq sahibkarlıq fəaliyyəti hesab olunur və həmin statusa uyğun olaraq tənzimlənir. Burada iki yanaşma özünü büruzə verir. Əgər repetitorluqla lisenziya almış hazırlıq kursları məşğul olursa, təbii ki, müvafiq vergilər ödənilməklə bu fəaliyyət qanuni çərçivədə həyata keçirilir. Repetitorluqla ayrı-ayrı müəllimlər, mütəxəssislər fərdi şəkildə məşğul olurlarsa, bir sıra ölkələrdə onlar da dövlətə vergilər ödəməklə öz fəaliyyətlərini qanuniləşdirirlər. Əlbəttə, digər qrup ölkələr də vardır ki, vergilərdən yayınaraq bu fəaliyyətlə məşğul olanlar da az deyildir.

İndi isə Azərbaycanda repetitorluq barədə. Ölkəmizdə repetitorluq ənənəsi XIX əsrə təsadüf edir. Bu dövrdə yüksək mənsəb sahibləri öz uşaqlarına əsasən xaricdə təhsil almış, bir neçə əcnəbi dil bilən, pedaqoji təcrübəsi olan mürəbbiyələr tuturdu. Onlar uşaqlara yazıb-oxumaqla yanaşı, musiqi, rəqs, xarici dil, davranış qaydaları, süfrə mədəniyyəti və sair etik normaları öyrədirdilər.

Sovetlər dövründə də repetitorların xidmətindən istifadə olunurdu. Əsasən ali məktəblərə daxil olmaq istəyən uşaqlara zəif bildiyi bir və ya bir neçə fənn üzrə repetitor tutulurdu. Onu da qeyd etmək lazımdır ki, həmin dövrdə bir sıra hallarda müəllimlər şagirdlərlə dərslərdən sonra təmənnasız məşğul olurdular.

Təhsil ekspertləri də etiraf edirlər ki, 1992-ci ildə ali məktəblərə qəbulun test üsulu ilə mərkəzləşdirilmiş qaydada aparılmasına keçiddən sonra Azərbaycanda repetitorluq daha geniş yayılmağa başladı. Bunun bir sıra səbəbləri var idi. İlk növbədə, ümumi təhsil müəssisələrində imtahan forması ilə ali məktəblərə qəbul imtahan forması arasında ziddiyyət var idi, yəni orta məktəblərdə ənənəvi olaraq şifahi və yazılı imtahanlar mövcud idi, ali məktəblərə qəbul isə test üsulu ilə həyata keçirilirdi. Orta məktəb şagirdlərinin yeni formada imtahan vermək təcrübəsi yox idi. Digər tərəfdən, ilk mərhələlərdə orta məktəb proqramları stabil olmadığından, ali məktəblərə qəbul proqramları ilə bir çox hallarda uzlaşmırdı.

Cəmiyyətdə belə bir fikir mövcuddur ki, son illərdə ölkəmizdə repetitorluğun əhatə dairəsi daha da genişlənmişdir. Əlbəttə, bu fikirlərin müəyyən əsası vardır. Lakin daha dəqiq məlumat o zaman əldə etmək olar ki, bu sahədə tədqiqatlar aparılsın, valideynlər, şagirdlər, müəllimlər, tələbələrlə sorğular keçirilsin və nəticələri təhlil edilsin. Yalnız belə halda repetitorluğun dinamikası barədə obyektiv məlumat vermək olar. Onu da qeyd etmək lazımdır ki, hətta artma dinamikası müəyyən edilsə belə, bu bir sıra obyektiv səbəblərlə bağlıdır. İlk növbədə, ildən-ilə ali məktəblərə qəbul imtahanlarında test tapşırıqlarının çətinlik dərəcəsi artırılır. 2009-cu ildə ali məktəblərə qəbulun nəticələrinin təhlili göstərir ki, ayrı-ayrı fənlər üzrə təqdim edilən test tapşırıqları, hətta fənn müəllimləri tərəfindən müəyyənləşdirilmiş vaxt çərçivəsində həll edilə bilmir. Bu vəziyyət nəticələrə təsir etməklə yanaşı, valideynləri təşvişə salır və onları repetitora müraciət etməyə sövq edir.

Digər səbəb isə test hazırlığı ilə məşğul olan ekspertlərin monopoliyası ilə bağlıdır. Bu müəllimlər test tapşırıqları hazırlayarkən çətinlik səviyyəsi yüksək testlərə üstünlük verməklə yanaşı, orta məktəb proqramında olmayan, xüsusi əhəmiyyət kəsb etməyən məsələlərlə bağlı suallar daxil edirlər. Bakı şəhərinin bir sıra qabaqcıl müəllimləri də bu barədə təhlillər aparırmışlar. 2009-cu ildə ali məktəblərə qəbul zamanı tətbiq edilən testləri təhlil edən müəllimlər belə qənaətə gəlmişlər ki, təqdim edilən test tapşırıqları xüsusi istedadlı şagirdlər üçün tərtib edilir. 2009-cu ildə fənlər üzrə sualların çətinlik səviyyəsi 2008-ci ilə nisbətən 2 dəfə artırılmışdır. Riyaziyyatdan hesablamaları vaxt aparan, xüsusi yanaşma tələb edən, həll metodikası mürəkkəb olan, kütləvi tədris proqramlarında olmayan kompleks ədədlər və tərs triqonometrik tənliklərə aid və olimpiada tipli suallar üstünlük təşkil etmişdir. Fizika fənnindən eyni zamanda, iki və daha çox prosesin araşdırılması, dərslikdən əlavə materiallara müraciət edilməsi tələb olunan suallar daxil edilmişdir. Tarix fənnindən proqramda diqqəti cəlb etməyən, Azərbaycan və dünya tarixində əhəmiyyət kəsb etməyən, dərslikdə bir cümlə ilə ifadə edilən suallar verilmişdir. Digər fənlər üzrə də analoji hallar müşahidə edilmişdir.

Müəllimlər qeyd edirlər ki, işlədikləri məktəblərdə fənlər üzrə ən səriştəli müəllimlərə belə test tapşırıqlarını həll etmək üçün xeyli vaxt tələb olunur, bəzi hallarda isə müəllimlər özləri belə həmin tapşırıqları həll etməkdə çətinlik çəkirlər.

Test hazırlığı ilə məşğul olan ekspertlər özləri də repetitorluqla məşğul olurlar və müəyyən mənada öz texnologiyaları ilə hazırladıqları şagirdləri tanış etdiyindən, bu şagirdlər ali məktəblərə qəbul olunurlar. Hamıda belə bir təsəvvür yaranır ki, ən etibarlı repetitor məhz onlardır. Valideynlər çalışırlar ki, övladlarını belə müəllimlər hazırlasınlar. Bu isə ölkənin ümumtəhsil məktəblərində təhsilin səviyyəsinin aşağı olması, bu səbəbdən repetitorla məşğul olmadan ali məktəblərə qəbulun mümkün olmaması barədə ictimai rəyin formalaşmasına gətirib çıxarır.

Tədqiqatlar göstərir ki, son illərdə Azərbaycanda ali təhsilə tələbat artmışdır. Məhz bu səbəbdəndir ki, hər il orta məktəbləri bitirən məzunların 70 faizindən çoxu ali məktəblərə sənəd verirlər. Bu, kifayət qədər yüksək göstəricidir. Bu amil də ali məktəb imtahanlarına hazırlıq baxımından repetitorluq xidmətindən istifadə edənlərin sayına təsir edir.

Digər tərəfdən isə təhlil göstərir ki, bizim ölkəmizdə ali məktəblərə qəbul planının başqa ölkələrlə müqayisədə az olması müsabiqə şəraitini daha da artırır ki, bu da öz növbəsində xüsusi hazırlıq keçməyənlərin ali məktəbə qəbul olunmaq şansını azaldır. Hər 10 min nəfər əhaliyə düşən ali təhsillilərin sayına görə Azərbaycan həm region, həm də digər ölkələr arasında sonuncu yeri tutur. Buna baxmayaraq qəbul planı nəinki artırılmır, hətta bəzi illərdə daha da azaldılır. Belə ki, 2001-ci ildə dövlət ali təhsil müəssisələrinə qəbul planı 22 mindən çox olduğu halda, 2006-2007-ci illərdə 19 minə, 2009-2010-cu illərdə 21 minə enmişdir. Hesab edirəm ki, bu barədə də düşünməyin vaxtı çatmışdır.

2005-ci ildə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ACİ Təhsilə Yardım Proqramı çərçivəsində Azərbaycanda repetitorluqla bağlı tədqiqat aparmışdır. Tədqiqat fərdi təhsilin ümumi xüsusiyyətlərini, buna ehtiyacı doğuran əsas amilləri, təhsil sisteminə göstərdiyi təsiri əhatə etmişdir. Tədqiqatın nəticələri Təhsil Nazirliyinə təqdim edilərkən biz çox ciddi təhlillər apardıq və nəticələri həmin təşkilatla dəfələrlə müzakirə etdik. Əlbəttə, ilk razı olmadığımız məqam ondan ibarət idi ki, dünyanın ayrı-ayrı ölkələrində tətbiq edilən metodologiya Azərbaycanda adaptasiya olunmadan tətbiq edilmişdi. Ziddiyyət yaradan məsələlərdən biri repetitorluğa yanaşmanın dünyada və Azərbaycanda müxtəlif olması idi. Dünyada repetitorluq və ya fərdi təhsil bir fenomen kimi qəbul edilmişdir və müəyyən tənzimləyici mexanizmlər də mövcuddur. Məsələn, Fransa kimi inkişaf etmiş bir ölkədə bu fəaliyyətlə məşğul olan nüfuzlu təşkilatlar yaranmışdır və qanuni şəkildə fəaliyyət göstərirlər. Bütün dünyada, hətta ən inkişaf etmiş ölkələrdə geniş yayılmasına baxmayaraq, Azərbaycanda repetitorluq institutunun yaranmasını yalnız ümumi təhsilin keyfiyyətinin aşağı olması ilə bağlayırlar.

Əlbəttə, yanaşma fərqlərinə baxmayaraq, tədqiqatın nəticələri bir sıra maraqlı faktları da aşkara çıxarmışdır. Belə ki, universitetlərin I kurs tələbələri ilə aparılan sorğuların nəticələri göstərmişdir ki, respondentlərin yalnız 40 faizi ali məktəbə qəbul olmaq üçün repetitor xidmətindən istifadə etmiş, 60 faizi isə repetitorla məşğul olmadan ali məktəbə qəbul olunduğunu bildirmişdir. Halbuki, cəmiyyətdə belə bir rəy formalaşdırmağa çalışırlar ki, məzunlar yalnız repetitor hesabına tələbə adını qazanırlar.

Digər bir maraqlı nəticə ondan ibarət idi ki, repetitor yanına gedən şagirdlərin demək olar ki, hamısı orta məktəblərdə yaxşı oxuyan şagirdlərdir. Buradan məlum olur ki, əlavə biliklər əldə etməyə çalışan şagirdlər zəif oxuyanlar və təhsilin keyfiyyətindən narazı olanlar deyildir. Bu hal digər maraqlı bir məqamı da aşkar edir. Repetitorluğun səbəblərindən danışarkən valideyn amilini yaddan çıxarmaq olmaz. Ciddi rəqabət mühitində valideyn övladının repetitor yanına getməsinə təkid etməklə özünü daha inamlı hiss edir və uğurlu nəticəyə inanır.

Təhlil göstərir ki, repetitorluq müəllim amili ilə də sıx bağlıdır. Son illərin müşahidəsinə əsasən deyə bilərəm ki, hazırda bacarıqlı, səriştəli və yaxşı müəllimlər işlədikləri məktəblərdə ixtisasları üzrə çox az dərs yükü götürməyə meyilli olurlar. Bu onunla bağlıdır ki, vaxtlarının daha çoxunu repetitorluğa həsr etmək istəyirlər. Bakı şəhərinə müəllimlərin işə qəbulu zamanı maraqlı bir faktla rastlaşdıq. Məktəblərə işə qəbul üçün elektron ərizələrlə müraciət edənlər arasında şəhərin ayrı-ayrı məktəblərində müəllim işləyənlər aşkar edildikdə təəccübləndik. Bir qayda olaraq, belə müəllimlər mərkəzi məktəblərdəki vakant yerlərə iddialı idilər. İmtahan prosesində həmin müəllimlər iddia etdikləri məktəbə düşmədikdə, digər məktəb təklif edildikdə bundan imtina edirdilər. Əlbəttə, təhlillər göstərdi ki, onlar repetitorluq üçün daha əlverişli məktəb və mühit axtarırdılar. Bu amil məni, ölkənin təhsil naziri kimi, çox narahat edir. Çünki biz getdikcə səriştəli müəllimləri itirmək təhlükəsi ilə üzləşirik.

Daha bir narahatedici məqam ondan ibarətdir ki, bir sıra müəllimlər bilavasitə tədris prosesində, 45 dəqiqəlik dərsdə təlim materialının kifayət qədər mənimsədilməsi qayğısına qalmır, şagirdləri əlavə məşğul olmağa təhrik edirlər. Bəzi müəllimlər isə onunla əlavə məşğul olmayan şagirdlərə qarşı biganəlik və xüsusi davranış nümayiş etdirir, qiymətləndirmə prosesində subyektivlik hallarına yol verirlər. Bütün bunlar bizi düşündürməyə bilməz.

Müəllim amilinin üzərində daha ətraflı dayanmaq istərdim. Müəllimlər nə üçün repetitorluğa can atırlar? Bunun səbəbi sadədir. Əlavə maddi imkanlar əldə etmək üçün. Sirr deyil ki, son illərdə müəllimlərin əməkhaqqı bir neçə dəfə artırılsa da, lazımi yaşayış şəraitinin təmin edilməsinə imkan vermir. Müəllim də sosial şəraitini daha da yaxşılaşdırmaq üçün repetitorluğa can atır.

Təhlil göstərir ki, 90-cı illərdə repetitorluqla daha çox ali məktəb müəllimləri, akademiyanın əməkdaşları məşğul olurdular. Sonradan isə orta məktəb müəllimləri bu prosesdə üstünlük təşkil etməyə başladı və hazırda onlar mütləq üstünlüyə malikdirlər.

Son dövrlərdə Azərbaycanda repetitorluq xidmətləri təklif edən kurslar və təşkilatlar da fəaliyyətə başlamışdır. Bunların içərisində "ÇAĞ" Öyrətim İşlətmələri Şirkəti nəzdindəki "Araz" kursları daha mütəşəkkildir. Buraya təcrübəli və səriştəli müəllimlər cəlb edilmiş, şagirdlərin hazırlanması üçün vəsaitlər işlənmiş, ciddi təşkilatlanma müşahidə edilməkdədir. Həmin kursun məzunları, bir qayda olaraq, yüksək nəticələr göstərirlər.

Ölkəmizdə repetitorluğun yayılma arealı da maraqlıdır və son illərdə bu sahədə ciddi dəyişikliklər baş verməkdədir. Müstəqilliyin ilk illərində yalnız XI sinif şagirdləri repetitorla məşğul olurdusa, hazırda bu hazırlıq X, bəzi hallarda isə IX sinifdən başlayaraq aparılır.

Müşahidə olunan maraqlı cəhətlərdən biri də repetitorluğun əhatə etdiyi fənlərdir. Əlbəttə, burada seçim ixtisas qrupları əsasında aparılır. Son illərdə qəbul qaydalarında müəyyən dəyişikliklər edildiyindən fənlərin sayında artım müşahidə olunur. Lakin onu da qeyd etmək lazımdır ki, bir çox hallarda şagirdlər ixtisas qrupuna daxil olan bütün fənlərdən deyil, yalnız profil fənlər üzrə repetitor yanına getməyə üstünlük verirlər.

Son dövrdə uşaqların I sinfə qəbulu ərəfəsində ibtidai sinif müəllimləri ilə məşğul olması halları müşahidə edilməkdədir. Bu onunla bağlıdır ki, bir sıra liseylər və I siniflərə qəbul üzrə müsabiqə yüksək olan məktəblər şagirdləri müəyyən diaqnostik yoxlamalardan sonra təhsil müəssisəsinə qəbul edirlər. Bu səbəbdən valideynlər belə təhsil müəssisələrini seçərkən əvvəlcə uşaqlarını ciddi hazırlaşdırırlar ki, qəbul zamanı problem yaranmasın.

Magistraturaya qəbul mərkəzləşdirilmiş qaydada aparılmağa başlayandan bu təhsil səviyyəsinə də hazırlıq prosesində repetitor institutu xidmətlərindən istifadə halları çoxalmışdır. Ali məktəblərin sonuncu kurslarında təhsil alan bakalavrlar magistratura imtahanlarına hazırlıq məqsədilə müəllimlərlə əlavə məşğul olurlar.

İndi isə repetitorluq fenomeninə yanaşmalar barədə. Aparılan tədqiqatlar göstərir ki, bu fenomenin "yaxşı" və ya "pis" olması barədə birmənalı fikir yürütmək düzgün deyildir. Təhsil ekspertlərinin və mənim şəxsi fikrimcə, repetitorluğun bir sıra müsbət və mənfi cəhətləri vardır.

Müsbət xüsusiyyətlərdən danışarkən qeyd etmək lazımdır ki, əlavə hazırlıq təhsilalanların daha dərin bilik və bacarıqlara yiyələnməsinə, rəqabət qabiliyyətliliyinə müsbət təsir göstərir. Hətta şagird ali məktəbə qəbul olunmasa belə, gələcək həyata və fəaliyyətə hazırlığı yüksəlir. Nəzərə alsaq ki, ümumi təhsil proqramları fənlər üzrə minimum standartların mənimsənilməsini əhatə edir, bu halda əlavə məşğələlər zamanı proqramla əhatə olunmayan, tədrisi mümkün olmayan sahələr üzrə biliklərin aşılanması da mümkün olur. Repetitorluq ali məktəblərə qəbul zamanı yüksək rəqabət mühitinin formalaşmasına və daha hazırlıqlı məzunların qəbul olunmasına zəmin yaradır. Digər tərəfdən isə müəllimlər bu yolla həyat şəraitinin daha da yaxşılaşdırılması imkanları əldə edir. Bu mənada şagirdlərin dərsdənkənar vaxtlarda müəllimlərlə əlavə məşğul olaraq öz bilik və bacarıqlarını təkmilləşdirməsi mənfi xüsusiyyət sayılmamalıdır.

Repetitorluğun mənfi cəhətləri barədə. Əlbəttə, bu fenomeni birmənalı şəkildə mənfi amil kimi qəbul etmək, düşünürəm ki, düzgün deyildir. Lakin qeyd etmək lazımdır ki, bir sıra hallarda məktəb rəhbərlərinin və valideynlərin məsuliyyətsizliyi səbəbindən şagirdlər tədris prosesindən yayınaraq repetitor yanına gedirlər. Bu səbəbdən məktəblərin XI siniflərində dərsə davamiyyət sahəsində problemlər yaranır. Hesab edirəm ki, bunu da repetitorluğun mənfi xüsusiyyəti kimi deyil, subyektiv amil kimi qəbul etmək lazımdır. Çünki belə vəziyyətin yaranmasında, ilk növbədə, məktəb rəhbərliyi və valideynlər məsuliyyət daşıyırlar. Digər mənfi cəhət ondan ibarətdir ki, ayrı-ayrı fənlər üzrə repetitor yanına gedən şagird həmin fənlər üzrə dərslərə marağını itirir ki, bu da yaxşı nümunə sayıla bilməz. Eyni zamanda günün bir yarısını məktəbdə, digər yarısını isə repetitor yanında keçirən şagirddə zehni yorğunluq və psixoloji gərginlik yaranır.

Ən mənfi hal isə ondan ibarətdir ki, repetitorluq təhsilalanların özünə, öz qabiliyyətinə, potensialına, nəticədə isə məktəbə inamını qırır, onlarda yüksək bilik və bacarıqlar əldə etmək üçün mütləq başqalarının köməyindən istifadənin zəruri olması fikrini formalaşdırır. Halbuki, biz təhsilalanın müstəqil surətdə bilik və bacarıqlar əldə etməsini, müəllimin yalnız bələdçi, istiqamətverici rol oynaması ideyasını daha yüksək dəyərləndiririk.

Daha bir mənfi cəhət isə bu fəaliyyətlə məşğul olan müəllimlərin fəaliyyətinin keyfiyyətinə mənfi təsir göstəməklə, onların məktəb mühitindən təcrid olunmasına şərait yaradır.

Düşünürəm ki, ölkəmizdə son illərdə təhsil sektorunda aparılan davamlı islahatlar təhsilin keyfiyyətinin yüksəldilməsinə zəmin yaratmaqla repetitorluğun əhatə dairəsinin məhdudlaşdırılmasına bilavasitə təsir edəcəkdir. Belə ki, ibtidai siniflərdə yeni kurikulumun və dərsliklərin tətbiqi proqramların təkmilləşdirilməsinə şərait yaratmaqla şagirdlər tərəfindən minimum standartların bilavasitə tədris prosesində mənimsənilməsinə zəmin yaratmışdır. Mərhələlərlə bütün siniflərdə yeni fənn kurikulumları və dərsliklərin tətbiqi şagirdlərin fərdi dərslərə marağını azaldacaq, belə ki, onlar zəruri standartları dərs prosesində mənimsəyəcəklər.

Digər tərəfdən, hazırda ümumi təhsil sistemində yeni qiymətləndirmə sisteminin tətbiqi, məktəbdaxili qiymətləndirmənin diaqnostik, formativ və summativ formalarından istifadə, eyni zamanda buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılması da orta məktəblə ali məktəbə qəbul arasında ziddiyyətin aradan qaldırılmasına yönəlmişdir və hesab edirəm ki, tezliklə öz töhfəsini verəcəkdir.

Bəs repetitorluğu ləğv etmək mümkündürmü, düşünmək olarmı ki, nə vaxtsa bu institut tamamilə aradan qaldırılacaq? Təhlillər və beynəlxalq təcrübə göstərir ki, repetitorluğun tamamilə ləğv olunması məsələsi real deyildir. Ona görə ki, bu fenomeni yaradan amillər həmişə olub və olacaqdır. Bu amilin məktəblərdə tədris prosesinə mane olmaması, alternativ təhsil formasına çevrilməməsi, qanunvericiliyə uyğun tənzimlənməsi üçün bir sıra tədbirlərin görülməsi zəruridir:

1.İlk növbədə, ali məktəblərə qəbul imtahanları və orta məktəblərdə mərkəzləşdirilmiş buraxılış imtahanlarında qiymətləndirmə ilə bağlı vahid siyasət və strategiya işlənməlidir. Eyni zamanda test tapşırıqlarının, xüsusilə ali məktəblərə qəbul imtahanı testlərinin məzmunu ilə bağlı ciddi təhlillər aparılmalı və onların məzmunu ümumi təhsil proqramları ilə uzlaşdırılmalıdır.

2.Şagirdlərin dərsdənkənar hazırlığı ilə məşğul olan özəl qurumların, qeyri-hökumət təşkilatlarının lisenziya əsasında fəaliyyətinə şərait yaradılmalıdır. Belə halda əlavə hazırlıq daha sistemli xarakter daşıyar və qanunvericiliyin tələbləri də gözlənilərdi.

3.Repetitorluqla məşğul olan müəllimlərin və digər mütəxəssislərin fəaliyyətinin mövcud qanunvericiliyə əsasən tənzimlənməsi istiqamətində tədbirlər görülməli, onların fəaliyyəti lisenziyalaşdırılmalıdır.

4.Ümumtəhsil məktəblərində şagirdlər üçün ayrı-ayrı fənlər üzrə dərsdənkənar vaxtlarda əlavə məşğələlər təşkil edilməli, bu məşğələləri aparan müəllimlərin əməkhaqqına əlavələr müəyyənləşdirilməlidir.

5.Ümumi təhsil sistemində müəllimlərin əməkhaqqının artırılması imkanları araşdırılmalı, onların sosial müdafiəsi təmin edilməklə repetitorluq təşəbbüsləri məhdudlaşdırılmalıdır.

6.Ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində tədrisin səmərə və keyfiyyəti yüksəldilməli, təhsilalanlara zəruri biliklərin təhsil müəssisəsində verilməsinə nail olunmalıdır.

7.Tədris prosesinə və şagirdlərin davamiyyətinə mənfi təsir etməklə repetitorluqla məşğul olmanın qarşısının alınması məqsədilə "Müəllimlərin etik davranış kodeksi" işlənməlidir.

8.Ümumi təhsil sistemində adambaşına maliyyələşmə mexanizmi tətbiq edilməli və məktəblərə maliyyə müstəqilliyi verilməlidir. Belə olarsa, zəruri hallarda şagirdlərin fərdi təhsilə ehtiyacı məktəbin özü tərəfindən ödənilə bilər.

(Ardı var) 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru, professor

 
Səhifənin başına qalx "Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

16 İyul 2010 - 27

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli qərarı ilə təsdiq olunmuş �Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı�nın icrası ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq olunmuş � Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları�nın icrası ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
�Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların� siyahısı
 
Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları
 
Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
 
Heydər Əliyev Fondu Yunanıstan səfirliyi ilə birgə internat-məktəblərdə alternativ enerji mənbələrindən istifadə ilə bağlı layihə həyata keçirəcək
 
Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 4200 müraciət daxil olub
 
Qars Universitetindəki Heydər Əliyev Tədris Mərkəzi gənc nəsillərin maariflənməsinə işıq salır
 
Azərbaycan məktəblilərinin növbəti uğuru
 
ARDNŞ ali təhsil müəssisələrinin tələbələrinə təqaüdlərin verilməsi üzrə növbəti müsabiqə elan edib
 
Birinci sinif müəllimləri üçün təlim kursları keçirilir
 
Vyana Dövlət Universitetinin professoru Volfqanq Vislozil Bakı Dövlət Universitetində mühazirə oxuyacaq
 
"Fəal təlim üsulları və kredit sistemində biliyin qiymətləndirilməsi" mövzusunda "dəyirmi masa"
 
Həsən bəy Zərdabi - xalq yaradıcılığının bilicisi
 
BDU-nun Elmi Şurasının iclası keçirilib
 
"Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının təqdimatı oldu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Əlvida, bağça, salam, məktəb"
 
Azərbaycanın Milli Qəhrəmanları
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov