Paytaxtın insanlarla qaynar olan bir guşəsində  İ.Nəsiminin heykəlinin qarşısında,  açıq havada yaddaşlarda  uzun illər yaşayacaq olduqca maraqlı bir tədbir keçirilib. 44 günlük Vətən Müharibəsində tarixi qələbə qazanan Azərbaycanın döyünən ürəyi sayılan “Xarıbülbül” adı  altında  keçirilən tədbir xüsusi önəm daşıyırdı. “Biz Xarıbülbülü çəkirik” adlanan  konsert proqramını  Bakı şəhəri  3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru  Lalə Qəti açaraq qeyd edib  ki,  belə bir  tarixi adı xarakterizə edən   tədbiri   təşkil etməklə biz böyüməkdə olan gənc nəslə vətənə, torpağa məhəbbət hissini  aşılayırıq, onlarda vətənpərvərlik  kimi müqəddəs hisslərin coşğunluğunu artırırıq. Mərkəzimizin istedadlı yetirmələri  şairlərimizin, bəstəkarlarımızın ordumuzun qələbə əzmini tərənnüm edən şeir və mahnılarını, rəsm dərnəyinin həvəskar rəssamları isə uşaq dünyasının əsrarəngiz zənginliklərindən  parlayan yaradıcılıq nümunələrini  təqdim edəcəklər. Bəli, sabahın döyüşkən əsgərləri, qalib ordumuzun  gələcək cəngavərləri  olacaq  uşaq və yeniyetmələrimizi  gərəkdir ki, biz bu ruhda  böyüdək, tərbiyə  edək, Azərbaycanımıza dünyaca şərəf qazandıra biləcək layiqli vətəndaşlar  kimi yetişdirək...

 

Sonra meydan istedad sahiblərinə verilib. Tədbirdə mərkəzin rəsm və dekarativ-tətbiqi sənət dərnəyi  üzvlərinin  böyük və kiçikhəcmli “Xarıbülbül” maketlərinin üzərində yaratdıqları “Qarabağ abidələri”, “Qarabağ xalçaları”, “Qarabağ mədəniyyəti, “Qarabağ atları” və “Qarabağ milli geyimləri”  kimi dərin məna və məzmun kəsb edən kompozisiyaları həyəcansız  seyr etmək mümkün  olmayıb. Mərkəz üzvlərinin ifasında  vətən, torpaq, ana haqqında səslənən  şeir və mahnılar da  tədbir iştirakçılarında eyni əhvali-ruhiyyə yaşadıb. Uşaq və yeniyetmələrin  öz istedad və bacarıqlarını həvəslə nümayiş etdirdikləri konsert proqramında  Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və digər qonaqlar iştirak ediblər.

 

Sifai SƏFƏROVA