Şagirdlər Konstitusiya ilə bağlı biliklərini nümayiş etdirirlər


Mövzu:12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür

 

Əsas ideya: Konstitusiya - dövlətin ali qanunudur. 1995-ci il noyabrın 12-də Ümumxalq səsverməsi yolu ilə (referendumda) qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyevin 1 noyabr 1996-cı il tarixli fərmanına əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur.

 

Məqsədlər:

1.Konstitusiyanın mahiyyətini və cəmiyyətdəki rolunu açıb göstərmək. Şagirdləri Azərbaycan Respublikasının Konstitusiyasının qısa tarixi və əsas maddələri ilə tanış etmək;

2.“Konstitusiya”, “demokratiya”, “referendum” anlayışlarının mənimsənilməsini təmin etmək;

3.Şagirdlərdə tədqiqatçılıq vərdişləri və qrup halında işləmək, informasiyanı təhlil etmək bacarığını inkişaf etdirmək;

4.Ölkənin əsas qanununa, Azərbaycan Respublikasının simvollarına, Vətən sevgisinə hörmətli münasibət aşılamaq.

 

Dərsin gedişi.

Motivasiya (5 dəqiqə).

Müəllim sinfə sualla müraciət edir: “Dövlətin əsas qanunu nədir?” Bu sualın qısa müzakirəsindən sonra tədqiqat sualı lövhədə yazılır.

Tədqiqat sualı (5 dəqiqə).

“Konstitusiya nədir və Azərbaycan cəmiyyətinin həyatında onun rolu nədən ibarətdir?”.

Şagirdlərin fərziyyələri dinlənilir və tezis şəklində lövhəyə yazılır. Müəllim bu fərziyyələrin dürüstlüyünü yoxlamağı şagirdlərə təklif edir.

 

Tədqiqatın aparılması və informasiya mübadiləsi - kiçik qruplarda iş (20-25 dəqiqə).

 

Müəllim sinfi qruplara bölür. Hər qrupa marker və iri vərəqlər paylayır. Qruplar özü üçün ad seçir. Bundan sonra hər qrupa Azərbaycan Respublikasının Konstitusiyası haqqında aşağıdakı məzmunda nəzəri material verilir:

 

Konstitusiya (latınca constitutio - quruluş) - dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir.

 

Dünyada Konstitusiya ilk dəfə 1215-ci ildə İngiltərədə tətbiq olunub. Həmin vaxt bu ölkədə qəbul olunan Azadlıqların Böyük Toplusu ilk konstitusiya aktı sayılır. İlk yazılı ali qanun isə ABŞ Konstitusiyasıdır.

 

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk əsas qanunu idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

 

Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunub. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Azərbaycan Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.

 

2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlarda qüvvədə olan Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub.

 

Şagirdlər verilmiş nəzəri materialla tanış olduqdan sonra (10 dəqiqə ) müəllim hər qrupa eyni tapşırıq verir: “Krossvordun həlli” (5 dəqiqə).

 

İri vərəqlər üzərində cavablar qeyd olunur və vaxtın bitməsindən sonra hər qrup öz işinin nəticəsinin təqdimatı üçün nümayəndəsini seçir. Bu zaman müəllim krossvord həllinin düzgünlüyünü yoxlayır (10 söz), hər bir düzgün sözə bir ulduz verilir. Hər ulduzun əks tərəfində Azərbaycan Respublikası Konstitusiyasının maddələrindən biri verilir.

 

Nəticədə ən çox ulduz toplayan qrup qalib gəlir. Sonra hər bir qrup digər qrupların nümayəndələrini ulduzların əks tərəfində olan maddələrlə tanış edir.

 

Ümumiləşdirmə və nəticə (7 dəqiqə).

Şagirdlərlə birgə müzakirə nəticəsində belə bir qənaətə gəlinir: Konstitusiya dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə layihəsi hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi xalqımızın tarixində ən parlaq səhifələrdən biridir.

 

Ev tapşırığı.

Mövzuya aid maraqlı faktları aşkarlayıb buklet şəklində hazırlamaq.

 

Ziyafət NƏCƏFOVA,

Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyinin tarix müəllimi