
Məlumdur ki, ali təhsilin ilk illərindən bakalavr tələbələrinin elmi-tədqiqatlara cəlb olunması onların analitik düşünmə qabiliyyətini inkişaf etdirmək və gələcək karyeralarına müsbət təsir etmək baxımından olduqca əhəmiyyətlidir.
“Azərbaycan müəllimi”nin “Dünya müəllimlərinin məqalələri” rubrikasından növbəti yazısı bu mühüm sahənin təşkilinə həsr olunub. Məqalənin müəllifi Böyük Britaniyanın Qrinviç Universitetinin müəllimi, Bakalavr Tədqiqat Mərkəzinin rəhbəri, hüquq üzrə fəlsəfə doktoru, dosent Luiza Hyutdur. Yazıda bakalavr tələbələrin elmi-tədqiqatlara cəlb olunması sahəsində fəaliyyətin təşkili təcrübəsindən bəhs olunur.
Müəllif yazır: “Bakalavriat təhsili zamanı dissertasiya üzərində işləmək məndə doktorantura təhsilinə maraq yaratdı. Lakin tezliklə anladım ki, tədqiqat aparmaq üçün tələb olunan əsas bacarıqlardan məhrumam. Məlumat toplamaq, təhlil etmək, tədqiqat hesabatı yazmaq və nəticələri təqdim etmək kimi bacarıqlara malik deyildim. Universitetdə tədqiqat metodları adlı bir fənn keçmişdik, lakin real tədqiqat layihəsində bu bilikləri tətbiq etmək imkanı yaradılmamışdı. Bu səbəbdən universitetimizdə Bakalavr Tədqiqat Mərkəzinin (UGR Hub) rəhbəri vəzifəsinə başladıqdan sonra bakalavr təhsili ilə magistratura və doktorantura səviyyələri arasında mövcud olan boşluğu aradan qaldırmaq üçün təşəbbüslər irəli sürdüm. Bu məqalədə universitetimizdə həyata keçirilən iki əsas təşəbbüs və onların uğurları təqdim olunur.
UGR Hub – missiyası və fəaliyyəti
Tədqiqat mərkəzinin əsas məqsədi bakalavrların tədqiqat bacarıqlarını inkişaf etdirmələrinə dəstək olmaqdır. Bu, tələbələrin akademiklərlə birgə işləyərək müsbət və mənalı tədqiqat münasibətləri qurması yolu ilə həyata keçirilir.
Tələbələrlə birgə tədqiqat layihələri üzərində işləmək həm zənginləşdirici, həm də xoş təcrübə olub. Mənimlə işləyən tələbələr bunun onlara özlərini daha çox təhsil ailəsinin üzvü olduqlarını hiss etdirdiyini, magistratura təhsili və karyeraları üçün faydalı bacarıqlar qazandırdığını deyiblər. Bu resursda biz bakalavr tədqiqatını dəstəkləmək üçün həyata keçirdiyimiz iki təşəbbüs haqqında danışmaq və oxşar imkanların necə yaradılacağına dair tövsiyələrimi paylaşmaq istəyirəm.

Maliyyələşdirilən tədqiqat layihələri
Fakültəmizdə az məbləğli tədqiqat vəsaitləri ayrılır. Bu maliyyələşməyə nail olmaq üçün akademik rəhbərlər müəyyən kriteriyalara cavab verən layihə təklifləri təqdim etməlidirlər. Əsas meyarlar aşağıdakılardır:
– Tələbələrin layihədə tərəfdaş və ya müəllif kimi iştirakı;
– Tələbələrin əldə edəcəyi praktiki bacarıqların təsviri;
– Layihə nəticəsində konkret məhsulun (çıxışın) yaradılması;
– Layihənin nəticələrinin müvafiq tədbirlərdə (məsələn, illik UGR Hub simpoziumu) təqdim edilməsi.
Uğurlu bir layihədə tələbələri bu fəaliyyətin mərkəzində yerləşdirməli və onlara akademik rəhbərlə bərabər işləmə göstərilməlidir. Tələbələr, məsələn, aşağıdakı bacarıqları yerinə yetirməlidirlər:
– Məlumat toplamaq və təhlil etmək;
– Müsahibələr aparmaq;
– Sorğular hazırlamaq;
– Hekayələri (narrativləri) qiymətləndirmək;
– Mövzuları müəyyən etmək.
Uğurlu layihə müraciətində həmçinin layihənin məqsədi, müddəti və tələbələr tərəfindən təqdim olunacaq yekun nəticə aydın şəkildə qeyd olunmalıdır. Maliyyələşdirmə planında tələbələrin tədqiqat işlərinə görə necə ödəniş alacağı izah edilməlidir. Hər bir layihənin akademik rəhbəri tələbələrlə müsahibə aparır və seçim edir.
Maliyyələşdirdiyimiz bəzi layihələrə misallar:
– Yeni tələbələr üçün məlumat və bələdçi saytın yaradılması;
– Elmi məqalənin tələbələrlə birgə yazılması və nəşri.
Bakalavr tədqiqat layihəsi modulu
Biz həmçinin tələbə və akademiklər arasında birgə tədqiqat əməkdaşlığını asanlaşdırmaq üçün kreditləndirilən (bal verici) bir modul yaratmışıq. Bu modul tələbələrə tədqiqatla bağlı bacarıqlar, təcrübə və biliklər qazandırmaq üçün nəzərdə tutulub və onları tədqiqatla məşğul olan müəllimlərlə birgə işləməyə cəlb edir.
Akademiklər layihələr təklif edir və tələbələr həmin layihələrdə iştirak etmək üçün müraciət edirlər. Akademik rəhbər daha sonra müsahibə yolu ilə tələbələri seçir (qrupun ölçüsü layihənin miqyasından asılıdır).
Modul çərçivəsində bəzi fəaliyyətlər:
– Tələbələrin tədqiqat metodlarını nə dərəcədə başa düşdüyünü ölçmək üçün suallar,
– Tədqiqat metodları modulunda düşünmə və analiz üçün vaxt ayırmaq,
– Tələbə-müəllim birgə təcrübə əsaslı öyrənmə fəaliyyətlərinin geniş miqyasda tətbiqi.
Tələbələr modulun sonunda yazılı hesabat təqdim etməli və təqdimat keçirməlidirlər.

Oxşar imkanları universitetinizdə tətbiq etmək üçün tövsiyələr:
– Tələbələr arasında bakalavr tədqiqatı haqqında məlumatlılığı artırmaq və ideyalar yaratmaqla başlayın. Marağı artıran, real nəticələrə yönəlmiş fəaliyyətlərlə başlayın və nəyi hədəflədiyinizi aydın şəkildə ifadə edin (bizim məqsədimiz bakalavr tədqiqatı mühiti yaratmaq və onu inkişaf etdirmək idi). Mən əvvəlcə semestr ərzində iki dəfə tələbələr üçün bacarıq kafeləri təşkil etdim. Bu tədbirlər bir müddət sonra bakalavr tədqiqat layihəsi modulu üçün seminarlara çevrildi.
– Hər fürsətdə bu əməkdaşlıqların münasibət qurma yönünə diqqət çəkin. Bu layihələr etimad, aidiyyət hissi və uzunmüddətli əlaqələrin qurulmasına şərait yaradır. Bir tələbə belə demişdi: “Magistratura proqramına qəbul olduqca rəqabətli idi və düşünürəm ki, tədqiqat layihəsində iştirakım məni digərlərindən fərqləndirdi. Bu cür faydalar tələbənin təhsilə davametmə qərarına təsir edə bilər.
– Akademik heyətin tələbələrlə tədqiqatda birgə müəlliflik və ortaqlığın onları tədqiqat köməkçisi kimi istifadə etməkdən fərqli olduğunu anlamasını təmin edin. Bu bəzi müəllimlər üçün mədəniyyət dəyişikliyi tələb edə bilər və zaman alacaq.
– Universitetinizdə tədqiqatın necə təşkil olunduğuna bağlı olaraq bu təşəbbüsün geniş yayılması və təsirinin artırılması üçün tədqiqat institutu və ya mərkəzindən dəstək alın. Biz bu sahədə İnteqrasiya Olunmuş İcma və Mühitlər İnstitutunun dəstəyini alırıq və bu institut həm akademik heyət, həm də tələbələr üçün əlavə maliyyələşdirmə və imkanlar yaradıb.
Tədqiqat əməkdaşlıqları həm tələbələr, həm də akademiklər üçün qarşılıqlı öyrənmə fürsətidir. Bu təşəbbüslər bakalavr və magistratura/doktorantura səviyyələri arasında körpü yaradıb, tələbə təcrübəsini zənginləşdirib və daha çox tələbənin təhsilə davam etməsinə təkan verib”.
Əlavə edək ki, ali təhsil müəssisələrimizdə gənclərin elmi-tədqiqatlara cəlb olunması üçün artıq mövcud olan və bir sıra ölkələrdə tətbiq olunan müsbət təcrübələrdən istifadə oluna bilər:
Tələbə Elmi Cəmiyyətlərinin yaradılması və dəstəklənməsi
Ali təhsil müəssisələrində tələbə elmi cəmiyyətləri yaradılmalı və bu cəmiyyətlər vasitəsilə tələbələrə elmi fəaliyyətlərə cəlb olunma imkanı verilməlidir. Bu cəmiyyətlərdə tələbələr elmi seminarlar, konfranslar və diskussiya klublarında iştirak edərək elmi mühitlə tanış olurlar.
Elmi tədqiqatların tədris prosesinə inteqrasiyası
Bakalavr təhsilinin məzmunu və təşkili qaydalarına əsasən, tələbələr kurs işləri, buraxılış işləri və digər tədqiqat işləri vasitəsilə elmi fəaliyyətlərə cəlb olunurlar. Bu yanaşma tələbələrin elmi tədqiqatlara marağını artırır.
Mentorluq və təcrübə mübadiləsi
Tələbələrə elmi-tədqiqat sahəsində təcrübəli alimlər və müəllimlər tərəfindən mentorluq xidməti göstərilməlidir. Bu, tələbələrin elmi metodları öyrənməsinə və tədqiqat bacarıqlarını inkişaf etdirməsinə kömək edir.
Elmi-tədqiqatların praktiki tətbiqi
Tələbələrə elmi-tədqiqatların real dünyada necə tətbiq olunduğunu göstərmək üçün praktiki layihələr və təcrübələr təşkil edilməlidir. Bu, onların elmi fəaliyyətlərə marağını artırır və motivasiya yaradır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər