
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Danışır təcrübə” layihəsinin növbəti qonağı texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, ADNSU-nun Beynəlxalq bakalavr (BA) proqramlarının direktoru Rafiq Əliyev olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüş Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində fəaliyyət göstərən UFAZ-ın akt zalında keçirilib.
Professor Rafiq Əliyev tədbirdə “Süni intellekt və qeyri-səlis məntiq: nəzəriyyədən tətbiqə” mövzusunda geniş təqdimatla çıxış edib. Çıxış zamanı o, süni intellektin nəzəri əsasları, tarixi inkişaf mərhələləri, mövcud tətbiq sahələri və bu texnologiyaların cəmiyyətə, iqtisadiyyata və elmə təsirləri barədə dərin elmi yanaşma ilə məlumat verib. O, həmçinin qeyri-səlis məntiqin süni intellekt sistemlərindəki rolu, bu yanaşmanın mürəkkəb qərar qəbuletmə proseslərində və qeyri-müəyyən şəraitdə idarəetmədə necə tətbiq olunduğunu izah edib.
Rafiq Əliyev öz çıxışında bildirib ki, qeyri-səlis məntiqə əsaslanan sistemlərin sənayedə, iqtisadi modellərdə və texniki qərar qəbuletmə mexanizmlərində tətbiqi bu gün inkişaf etmiş ölkələrin real iqtisadi gəlirlərinə ciddi təsir göstərməkdədir. Onun sözlərinə görə, Azərbaycanda bu sahənin inkişafı üçün həm nəzəri baza, həm də mütəxəssis potensialı mövcuddur və bu istiqamətdə dövlət və akademik dairələr arasında əməkdaşlıq gücləndirilməlidir.
Tədbir sual-cavab formatında davam edib. İştirakçılar süni intellektin gələcək perspektivləri, etik məsələlər, rəqəmsal transformasiya, idarəetmədə avtomatlaşdırmanın rolu və digər aktual suallar ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, professor Rafiq Əliyev həmçinin “Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidentidir. Onun elmi yaradıcılığı qeyri-səlis məntiq, süni intellekt, “Soft Computing”, idarəetmə sistemləri və intellektual robot texnologiyalarını əhatə edir. Professor Rafiq Əliyev 70-dən çox kitabın və 350-dən artıq elmi məqalənin müəllifidir. O, 130-dan çox elmlər namizədi və 25 elmlər doktorunun elmi rəhbəri olmuşdur. Tələbələri bu gün ABŞ, Almaniya, Rusiya, Türkiyə, İran kimi ölkələrin aparıcı elmi mərkəzlərində çalışırlar.
“Danışır təcrübə” layihəsi Elm və Təhsil Nazirliyinin tabeliyində olan qurumların əməkdaşlarının bilik və bacarıqlarının davamlı inkişafını, liderlik və idarəetmə sahələrində praktiki yanaşmalarla tanışlığını təmin etmək məqsədi daşıyır. Layihə çərçivəsində müxtəlif sahələrdə uğur qazanmış alimlər, mütəxəssislər və menecerlər öz təcrübələrini bölüşərək, iştirakçılara elmi biliklə yanaşı real dünyadan nümunələr təqdim edirlər.
1 /10
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər