
Sentyabrın 15-də Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlanmasına həsr olunmuş “Bilik günü” tədbiri keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Gənclər və İdman İdarəsinin, Mingəçevir şəhər Təhsil Sektorunun, Mingəçevir Bələdiyyəsinin rəhbərliyi, şəhid ailələrinin nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, akademik və inzibati heyət, tələbələr, magistrantlar, onların valideynləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, onun əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir 2025/2026-cı tədris ilində ən yüksək balla MDU-ya qəbul olunmuş tələbələrin müşayiəti ilə Dövlət bayrağının meydana gətirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərindən ibarət orkestrin və Mingəçevir Dövlət Universitetinin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra universitetin bayrağı ən yüksək nəticə göstərmiş tələbələrin iştirakı ilə universitetin həyətinə gətirilib.
Bu il ilk dəfə olaraq Mingəçevir Dövlət Universitetinin Himni də tədbirdə səsləndirilib. MDU-nun universitet statusu almasının 10 illik yubileyinə həsr olunmuş himn böyük coşqu ilə qarşılanıb.
Tədbiri MDU-nun rektoru Anar Eminov çıxış nitqi ilə açaraq iştirakçıları salamlayıb və “Bilik günü” münasibətilə hər kəsi ürəkdən təbrik edib. O, Ulu Öndər Heydər Əliyevin elm və təhsilə verdiyi dəyəri xatırladaraq, bu ənənənin Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini, ölkə rəhbərinin gənclərə və ali təhsilin inkişafına göstərdiyi xüsusi qayğını vurğulayıb.
Rektor diqqətə çatdırıb ki, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu münasibətlə MDU-da mütəmadi olaraq vətənpərvərlik tərbiyəsi, dövlətçiliyumizn qorunması və milli dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlərin keçirildiyini bildirən rektor həmçinin qeyd edib ki, bu tədris ili xalqımız üçün tarixi əhəmiyyət daşıyır. Çünki Vətən Müharibəsində qazanılmış şanlı Zəfərin 5 illiyi tamam olur. A.Eminov vurğulayıb ki, bu Zəfər Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla gənc nəslin üzərinə daha böyük məsuliyyət qoyur.
A.Eminov universitetdə son aylarda həyata keçirilən yeniliklərdən də bəhs edib. O, təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin genişləndirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Rektor qeyd edib ki, yaradılan yeni institutlar, beynəlxalq əməkdaşlıqlar və müxtəlif layihələr tələbələr üçün daha geniş imkanlar açacaq və universitetin ölkənin aparıcı ali təhsil müəssisələrindən birinə çevrilməsinə xidmət edəcək.
Sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək müstəqillik illərində təhsil sahəsində qazanılan uğurları diqqətə çatdırıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə təhsil dövlət siyasətinin prioritetinə çevrilmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunan dövlət proqramları sayəsində isə bu inkişaf zirvə nöqtəsinə çatıb: “Bu gün biz hər birimiz – rəhbərlik, kollektiv və tələbələr bu siyasətin arxasında dayanırıq. Təhsil xalqın gələcəyidir və Mingəçevir bu sahədə həmişə ön sırada olub”.
Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək təhsilin dövlət siyasətində tutduğu mühüm mövqeyindən danışıb: “Cənab Prezidentimizin də dediyi kimi, bu gün bütün dünya Azərbaycanın güclü və qalib xalq olduğunu qəbul edir. Biz hər şeyə sıfırdan başladıq və bacardıq. Çünki bu, bizim qanımızda, tariximizdə və iradəmizdə var. Bu iradə ilə Azərbaycan həm müstəqilliyini qorudu, həm də elm və təhsil sahəsində mühüm nailiyyətlər qazandı”.
Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənli isə birinci kurs tələbələrinə müraciət edərək onların düzgün seçim etdiyini qeyd edib: “Siz Mingəçevir Dövlət Universitetini seçməklə bilikli və güclü müəllim kollektivi ilə birgə təhsil alacaqsınız. Burada yalnız elm öyrənməyəcək, eyni zamanda Azərbaycan sevgisini və dövlətə bağlılığı da mənimsəyəcəksiniz”.
Tədbirdə şəhid Kənan Abdullayevin anası Azadə Abdullayeva çıxış edərək şəhidlərin əziz xatirəsinin daim uca tutulduğunu və gənclərin onların yolunu şərəflə davam etdirəcəyini vurğulayıb. Çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Daha sonra MDU-ya ən yüksək balla, yəni 638.8 balla qəbul olunmuş tələbə Şəbnəm Şirinova səhnəyə dəvət olunaraq MDU-nun tələbə andını səsləndirib.
Tədbirin sonunda valideynlərin və yeni qəbul olunmuş tələbələrin çıxışları dinlənilib, xoş arzular səsləndirilib.
Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin vokal müəllimi Fərqanə Qasımova “Çırpınırdı Qara dəniz” mahnısını ifa edib və tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.
MDU-da böyük təntənə ilə qeyd edilən “Bilik günü” tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
1 /14
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər