
"Biz buraxılış imtahanı ilə bağlı artıq bütün nəticələri paylaşa bilirik, göstəricilərimiz ötən illə müqayisədə minimum 20% artıb".
"Azərbaycan müəllimi"xəbər verir ki, bu sözləri Naxçıvanda 2024-2025-ci tədris ili üzrə nailiyyətləri olan şagirdlərin mükafatlandırılması tədbirində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
O bildirib ki, Naxçıvan Təhsil Nazirliyi son 2 ildə fəaliyyətini daha çox şagird nailiyyətlərinin artırılması istiqamətində qurmağa çalışır: "Əsas hədəfimiz olimpiada nəticələrini yüksəltmək, müxtəlif fənn üzrə və müsabiqələrdə nəticələrimizi artırmaqdır.
Bu il Respublika fənn olimpiadalarında nəticələrimiz ötən illə müqayisədə 50 faiz artıb. Bu, kəmiyyət baxımından bizi qane etmir. Hədəfimiz RFO-da inkişaf göstəricilərinin faizlə deyil, bir neçə dəfə artmasıdır. Bunun üçün artıq yol xəritəmiz hazırdır.
Son üç ildə nazirlik olaraq Yusif Məmmədəliyev adına kimya-biologiya olimpiadası, Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasını təsis etmişik. Hər iki olimpiadanın əsas təşkilatçısı Azərbaycan Respublikası Təhsil İnstitutudur. Bu mərhələdə biz ona nail olmuşuq ki, əlimizdə çox yaxşı istedad bankı formalaşıb. Biz həmin olimpiadalarda aşağı yaş qrupu üzrə güclü şagirdlərin iştirak etdiyinə inanırıq. Əlavə missiyasımız odur ki, onları beynəlxalq və ümumrespublika olimpiadalarına hazırlayaq. Bizim buna iddialı bir neçə şagirdimiz var. Əminik ki, bir neçə ildən sonra onlar ölkəmizə beynəlxalq medallar qazandıra biləcəklər".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər