
Tətil uşaqlar üçün qayğısız yay günlərinin sevincini ifadə edir, amma valideynlərin bu mövsümə münasibəti birmənalı deyil. Əgər uşağın emosional və ya fiziki inkişafla bağlı çətinlikləri varsa, uzun tətil dövrü valideyndən əlavə güc və səbir tələb edir.
Məktəb və oradakı qaydalar bütün uşaqlar üçün faydalı olsa da, narahatlıq, diqqət çatışmazlığı, hiperaktivlik (ADHD) və autizm kimi psixi sağlamlıq problemləri olan uşaqlar üçün məktəbdəki sabitlik “təhlükəsiz zona” kimi qəbul olunur. Məktəbdən kənarda bu uşaqlarda narahatlıq, hər şeyə etiraz etmək, qarşı çıxmaq davranışları və emosional gərginliklər daha çox baş verə bilər. Onların qayğısına qalan valideynlər üçün isə “tətil” heç də istirahət dövrü sayılmır.
“Child Mind Institute”nin mütəxəssisləri yayın hər kəs üçün daha faydalı və rahat keçməsi, məktəbyaşlı uşaqların vərdiş etdiyi rejimdə qalması üçün bəzi tövsiyələr hazırlayıblar. Valideynlər üçün nəzərdə tutulan bu tövsiyələrdə deyilir:
– Məktəb cədvəlinə əməl edin.
Məktəbdəki strukturun tam bənzərini evdə yaratmaq çətin olsa da, dərs ilindəki gündəlik rutini, eləcə də yemək və yatmaq vaxtlarını mümkün qədər qorumaq faydalıdır. Uşaqların gec yatmasına və səhər gec oyanmasına icazə vermək cəzbedici olsa da (xüsusilə həftəsonları özünüz də bunu istəyəndə), rejimi qorumaq övladınızın daha rahat və əməkdaşlığa meyilli olmasına kömək edə bilər.
– Vizual dəstək yaradın.
Bir hərəkətdən digərinə keçidə qarşı panikaya meyilli olan və dəyişiklikləri sevməyənlər (xüsusilə autizmli uşaqlar) günün planını vizual şəkildə görəndə ona daha rahat əməl edirlər. Məsələn: “07:00 - oyan, tualetə get, üzünü yu; 08:00 - səhər yeməyi…” kimi detalları göstərmək faydalıdır. Uşağın inkişaf səviyyəsindən asılı olaraq, bu prosesdə sadə şəkillər də kömək edə bilər.
– Planlar qurun.
Günü və həftəni əvvəlcədən planlaşdırmaq vacibdir. Bu, “Cümə axşamı saat 17:00-da nənəgilə şam yeməyinə gedəcəyik” və ya “Hava uyğun olsa, hər gün parka və ya hovuza gedəcəyik” şəklində ola bilər. Bir plan belə uşağın günü mənalı hiss etməsi üçün kifayətdir.
Sosiallaşmaqda çətinlik çəkən uşaqlar üçün oyun dostu tapmaq asan olmaya bilər. Bununla belə, bəzi valideyn qrupları və digər onlayn platformalarda eyni düşünən, məsələyə eyni yanaşan ailələrlə əlaqə qurmaq mümkündür. Yaxın qohumlar, ailə üzvləri köməyə hazırdırsa, bunu qəbul etməkdən çəkinməyin.
– Açıq havada vaxt keçirin.
Ev sensor həssaslığı olan uşaqlar üçün təhlükəsiz bir sığınacaq ola bilər. Lakin heç bir uşaq günlərlə ekran qarşısında qalmalı deyil. Yay düşərgəsi də belə uşaqlar üçün həm fiziki fəaliyyət, həm də struktur baxımından həyat qurtarıcı ola bilər. Əgər düşərgə variantı alınmırsa, uşağın sevdiyi hər hansı bir fəaliyyəti - velosiped sürmək, skuter ilə gəzmək, su ilə oynamağı gündəlik rutinə salmaq lazımdır.
Fiziki aktivlik hər kəsin - xüsusilə enerji ilə dolu həssas uşaqların zehni, bədəni və ruhu üçün faydalıdır.
– Davranış sistemini qoruyun və ya yaradın.
Yay tətili sərhədsiz və qaydasız zaman kimi görünə bilər, amma bu sərhədləri valideyn yaratmalıdır. Övladınızın 2-3 müsbət davranışını seçin və onları ardıcıl olaraq mükafatlandırın. Mənfi davranışlara isə mümkün qədər reaksiya verməməyə çalışın. Kiçik uşaqları tapşırıqları yerinə yetirdiyinə görə mükafatlandırmaq üçün stiker cədvəllərindən istifadə etmək çox faydalı və maraqlı ola bilər.
– Dəstək və yardımçılar tapın.
İnkişaf, emosional və davranış problemləri olan uşaqların valideynləri özlərini tez-tez tənha və təcrid olunmuş hiss edə bilərlər. Övladınız düşərgəyə gedə bilməyibsə, qonşu uşaqlarla dostluq etməsinə, ünsiyyət qurmasına şərait yaradın. Bəzən bir dayə tutmaq və övladları olan dostlarınızla birlikdə vaxt keçirmək sizə yaxşı təsir edə bilər. Əgər dayə tutmaq mümkün deyilsə, ailə üzvləri və yaxınlardan belə yardım istəyə bilərsiniz. Unutmayın ki, yay sizin də istirahət zamanınızdır.
– Səfərdə də ev qaydalarını qoruyun.
Autizm spektrli uşaqlarla səyahət etmək, oteldə qalmaq və restoranlarda nahar etmək çox çətindir. Bu halda ən yaxşı çıxış yolu onlayn olaraq mənzil kirayələmək və evdəki rutinləri davam etdirməkdir.
– Uşağın güclü tərəflərinə və maraqlarına uyğunlaşın.
Bəzi yay düşərgələri uşaqların qaydalara əməl etmədiyini əsas gətirərək davranış pozuntulu uşaqları qəbul etməyə bilər. Bu halda onun maraq dairəsinə uyğun LEGO, robot texnikası, skeytbord kimi fəaliyyətlərə əsaslanan ixtisaslaşmış düşərgələrdə iştirak etmək övladınız üçün daha doğru seçim olar.
– Uşağın narahatlıqlarını aydınlaşdırın.
Yay dövründə düşərgə, yeni fəaliyyətlər və yeni insanlarla tanışlıq uşağı narahat edə bilər. Psixoloqlar bildirir ki, əvvəlcə uşağın nədən (ayrılıq, yeni mühit, idman oyunu) qorxduğunu müəyyənləşdirmək lazımdır. “Düşərgə haqqında nə düşünürsən?” kimi açıq suallarla buna nail olmaq mümkündür. Sonra isə onu narahatlıq hissinin keçici olduğuna inandıra bilərsiniz.
– Uyğunlaşmaq üçün zaman verin.
Övladınızın onu gözləyən yeni təcrübələrə qarşı narahatlığını azaltmaq üçün “tədrici məruz qalma” üsulu tətbiq etmək olar. Məsələn, uşaq sosial narahatlıq yaşayırsa və ya oyunda uduzmaqdan qorxursa, ilk dəfə onun tam yanında, sonra kənarda durun, daha sonra isə onu tək buraxa bilərsiniz. Bu zaman uşaq rahatlıqla yaşıdlarına və yeni mühitə uyğunlaşacaq.
– Özünüzü çətin günlərə hazırlayın.
Bir qədər pessimist səslənsə də, mütəxəssislər bildirirlər ki, hətta ən yaxşı planlar belə bəzən nəticə verməyə bilər. Uşaqda geriləmə və pis davranışlar arta bilər. Bu zaman özünüzü günahlandırmayın və sakit, qətiyyətli, ardıcıl olun. Qışqırmaq və ya fiziki reaksiya vermək vəziyyəti daha da çətinləşdirə bilər. Bu halda valideynin təslim olmağı uşağa onu öyrədir ki, o, kobud davranış və yüksək səslə istədiyi nəticəni ala bilər.
Yay tətili, xüsusilə emosional və ya inkişaf dəstəyi tələb edən uşaqlar üçün həm çətinliklər, həm də fürsətlərlə doludur. Bu müddət ərzində valideynlərin əsas məqsədi uşağın təhlükəsizlik və sabitlik hissini itirmədən yeni təcrübələrə addım atmasına şərait yaratmaq olmalıdır. Unutmayın ki, səbir, anlayış və ardıcıllıqla yay tətili ailəniz üçün həm emosional güclənmə, həm də gözəl xatirələrlə dolu dövrə çevrilə bilər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər