Bütün xəbərlər
13 iyun, 17:51

Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da hüquq sistemi iki hissədən - təbii və vətəndaş hüquqlarından ibarətdir. Təbii hüquqlar adətən oxşar olur, ölkələr üzrə fərqlənmir. Vətəndaş hüquqları isə hər bir ölkənin, dövlətin siyasi təbiətindən, cəmiyyətin xüsusiyyətlərindən asılı olaraq fərqlənə bilir. 

“18 may - 18 iyun: İnsan Hüquqları Aylığı” çərçivəsində vətəndaşlarımızın, xüsusilə təhsil sahəsində çalışanların öz hüquqlarını necə tanıdıqlarını öyrənmək məqsədilə “Azərbaycan müəllimi” olaraq Sumqayıt Dövlət Universitetinin müəllim və tələbələrilə görüşdük. 

“Tənqidlər, şifahi xəbərdarlıq, ailə daxilində qınaq o demək deyil ki, biz uşağın hüquqlarını pozuruq”

Universitetin Fəlsəfə, politologiya və sosiologiya kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Təzəgül Qasımovanın sözlərinə görə, tələbələrinin bir fərd, şəxsiyyət kimi formalaşmasında birinci irəli sürdüyü məsələ ondan ibarətdir ki, onlar öz hüquqlarını tanımalı, bilməli, öyrənməlidir və cəmiyyətə də öz mövqeyini tanıtdırmalıdırlar: 

“Hər bir formalaşmış gəncin hüquq anlayışı kiçik bir institut olan ailədən başlayır. Uşaqlar ailədə böyüklərin rəftarından öz hüquqlarını öyrənməli, maariflənməlidirlər. Sonra mühit dəyişdikcə bağçada, məktəbdə hüququ dərk etmək forması dəyişəcək. Ailədə böyüyün yerini bilmək, icazə istəmək, atanın-ananın sözündən çıxmamaq o demək deyil ki, ailə mühafizəkardır, uşağı sıxır. İndiki dövrdə görürsən ki, valideyn bir söz deyəndə 5-6 yaşlı uşaqlar etiraz edir, “Qaynar xəttə müraciət edəcəm, polisə şikayət edəcəm, anamız, atamız bizim hüquqlarımızı pozdu” kimi ifadələr işlədirlər. Bilmirəm bunu ailə dəyərləri ilə əlaqələndirim, ya təfəkkür dəyişib. Lakin mən belə halları düzgün yanaşma, davranış forması kimi qəbul etmirəm. Hüquq sosial, siyasi institutların hesabına davranışı tənzimləmək deməkdir. Siyasi institut dövlətdir, müəyyən qanun çərçivəsi qoyur və həmin qanun çərçivəsindən çıxılmır. Bu, dövlət tərəfindən əsaslandırılmış, “Konstitusiya”da öz əksini tapmış maddələrdir. Ailə özü kiçik bir institutdur və onun da öz çərçivəsi, qanun və qaydaları var. Mən öz tələbələrimə, övladlarıma deyirəm ki, sağlam cəmiyyətin formalaşması ailədən qaynaqlanmalıdır. Qoy insan sözünü deyə bilsin, ancaq dəyərləri, milli kimliyimizi, mənliyimizi unutmasın. Biz bir azərbaycanlı ailəsiyik və bizdə böyüyün öz, uşağın öz yeri olmalıdır. Şagird, tələbə, müəllim öz haqqlarını bilir. Mən müəlliməm və bilirəm ki, auditoriyada özümü necə aparmalıyam, çalışıram tələbənin hüquqlarını pozmayım. Tələbə də nəzərə almalıdır ki, müəllim kimdir və auditoriyada onun rolu nədən ibarətdir. Demokratiya sözünün arxasında bizim gəncik daha çox şəffaflıq axtarır. Əgər mən sözümü deyirəmsə, iradlarımı bildirirəmsə, “haqq” sözünü tez-tez təkrarlayıramsa, bu o demək deyil ki, hüquqlarımı bilirəm”. 

Dosentin sözlərinə görə, qanunlardan, hüquq çərçivəsindən kənara çıxmaq xaosa gətirib çıxarar: “Qarşımızdakını dinləməli, münasibətdə anlayış göstərməliyik. Dövlət çərçivəsində hüquqlar pozulursa, cəzası var. Bu rəsmi sanksiyalar hesab edilir. Biri də var qeyri-rəsmi sanksiyalar, qadağalar. Tənqidlər, şifahi xəbərdarlıq, ailə daxilində qınaq o demək deyil ki, biz uşağın hüquqlarını pozuruq. Konstitusiyada yazılan qanunları əzbər bilmək olar, lakin o qanunlara əməl edilmirsə, demək, vəzifəni də, hüququnu da unudursan”.  

Təzəgül müəllim cəmiyyətin formalaşmasında təhsil sisteminin olduqca önəmli olduğunu vurğulayır və hesab edir ki, təhsil, din və ailə institutları birgə işləsə, inkişaf etmiş cəmiyyət formalaşacaq: “Hər bir qanun qəbul olunmamışdan qabaq müzakirəyə verilir ki, görək ictimai rəy bunu necə qarşılayır. Müzakirədən sonra artıq siyasi, sosial sistemlərin müstəvisinə gedir. Çoxluq tərəfindən müsbət şəkildə qəbul olunursa, siyasi institutlar tərəfindən lazım olunmuş prosedur qaydada qəbul ediləcək. Tələbə məktəb partası arxasından universitet auditoriyasına daxil olursa, artıq hüquqları haqqında anlayışı olmalıdır. Mən azad fikirli insanam və hesab edirəm ki, tələbənin hüquqları həqiqətən pozulubsa, ali məktəbin qaydaları çərçivəsində haqqını tələb etməlidir. Kafedraya, dekanlığa müraciət edir və bu çərçivədə məsələ həll olunur. Tələbə, müəllim hüquqlarını, ondan əvvəl isə vəzifəsini bilməlidir. Müəllim olaraq ən ali vəzifənin daşıyıcısıyam və 20 ildən artıqdır bu peşə üzrə işləyirəm. Bir neçə ali məktəbdə dərs demişəm və heç vaxt hüquq pozuntusu ilə qarşılaşmamışam. Mən sözümü deməyi bacaran şəxsəm. Əgər hüququm pozulsa haqqımı tələb etməyi, səhvimə görə üzr istəməyi də bacarıram. Müəllimin hüququ pozulursa, əvvəlcə şifahi xəbərdarlıq etməli, məhəl qoyulmasa, qanunlar çərçivəsində hüququnu qorumalıdır”.

“Müəllim olaraq öz davranışımızla, hərəkətlərimizlə hüququmuzun pozulmamasını təmin etməliyik”

Sumqayıt Dövlət Universitetinin Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının müəllimi Aytac İbrahimova hesab edir ki, hüquqlarımızın qorunması bizim üçün çox vacibdir, çünki hüquq və qanunlar olmasa, özbaşnalıq çox olar: “Müəllimin hüquqları ondan ibarətdir ki, sağlam mühitdə dərslərimizi keçə bilməliyik. Mən “Müasir təlim metodları” fənnindən dərs keçirəm və bu dərsi keçəcək qədər şəraitim olmalıdır, şəxsiyyətimə toxunacaq, məni aşağılayacaq heç bir hadisələr baş verməməlidir. Universitetdə müəllimin hüququ rəhbərlik və tələbələr tərəfindən pozula bilər. Xoşbəxtlikdən, hələ hüquq pozuntusu ilə qarşılaşmamışam. Düşünürəm, müəllim hüququnun pozulması üçün şərait yaratmamalıdır. Düzdür, müəllimin özündən asılı olmayan səbəblər də ola bilər”. 

Aytac müəllim deyir ki, universitetdə orta məktəbdəki kimi valideynlərlə ünsiyyət olmadığı üçün onlarla ciddi problemlər yaşanmır. Nadir hallarda qaiblərin sayına, qiymətlərinə görə uşaqlarından narahat olan valideynlər olur: “Mən özüm həm də tütor işləmişəm, tələbələrin hüquqlarını müdafiə etmişəm, onlara yol göstərmişəm. Valideynlərlə əməkdaşlıq etmişik, istiqamət vermişik və heç bir narahatçılıq yaşamamışıq. Bəzi məqamlarda bullinq hallarının baş verdiyini müşahidə etdikdə qrup daxilində tələbələrlə fərdi şəkildə söhbət etmişik, bu cür əməllərdən onları yayındırmışıq. Elə olub ki, bullinqə uğramış tələbə özü hadisənin səbəbkarı olub. Biz mütləq araşdırırıq, tərəfləri, şahidləri dindirdikdən sonra nəticəyə gəlirik. Universitetdə hüquqi maarifləndirmə ilə bağlı tədbirlər keçilir, bəzi fakültələrdə hüquq fənni tədris olunur, “Ümumtəhsil kurikulumunun əsasları” fənni var ki, orada “Təhsilalanın, təhsilverənin, valideynlərin hüquq və vəzifələri” başlığı altında mövzular var. Müəllim olaraq öz davranışımızla, hərəkətlərimizlə hüququmuzun pozulmamasını təmin etməliyik. Lakin pozularsa, mütləq onun müdafiəsinə qalxmalıyıq, boş buraxmamalıyıq”. 

Tələbələrin “hüquq” anlayışı

Zərifə Səmədzadə Riyaziyyat fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının I kurs tələbəsidir. Ali məktəbə 630 balla daxil olub. “Hüquq bizim dünyada sahib ola biləcəyimiz yaşayış şərtləridir. Özümüzü ifadə etməyimiz üçün müəyyən hüquqlarımız var. Tələbə olaraq öz hüquqlarımı bilirəm,” - deyir Zərifə. Hüquqlarının nədən ibarət olduğunu soruşduqda cavab verir ki, universitetdə hər bir gəncin təhsil almaq hüququ var: “Daha sonra imtahanların şəffaf keçirilməsi, obyektivliyin qorunması, məncə, hər bir tələbə üçün önəmlidir. Tələbələrin dərslərdə, universitetdən kənarda keçirilən müxtəlif konfrans və seminarlarda fəal iştirak hüququ var. Hüquqlarının pozulmasına yol verməmək üçün tələbə hüquqlarını bilməlidir. Çünki o hüquqlarını bilməsə, hüquq pozuntusuna məruz qaldığını başa düşməyəcək”. 

Tələbə hesab edir ki, qanunun aliliyini bilmək, ona riayət etmək gərəkdir: “Ailədə tələbənin hüquqları pozulduqda müəllimləri ona dəstək olur, müəllim valideynlə danışır. Məncə, cəmiyyətimizdə qızların hüquqları daha tez-tez pozulur. Ən pis hüquq pozuntusu da erkən nikaha cəlb olunmalarıdır. Ona görə əsas olaraq qızların təhsilli olması, hüquqlarını bilməsi önəmlidir”.    

İqtisadiyyat və idarəetmə fakültəsinin “Maliyyə” ixtisasının IV kurs tələbəsi Əfsanə Xəlilovaya görə, insanın cəmiyyətdə özünü qorumağı üçün müəyyən qayda-qanunlar olur. Tələbənin hüququ dövlətin ona verdiyi imtiyazlardan yetərincə istifadə etməkdir: “Mən qrup nümayəndəsiyəm və qrup daxilində müəyyən hüquq pozuntuları ilə qarşılaşdıqda müəllimlərə yaxınlaşaraq məsələni həll etmişəm. Bizim fakültədə belə hal omuşdu: qız ailəsində hüquq pozuntusu ilə qarşılaşmışdı. Rəhbərliyimiz bu məsələni yoluna qoymuşdu. Elə olub ki, şəxsi məsələlərimi müəllimlərimlə danışmışam, mənə məsləhətlər veriblər, magistratura imtahanını uğursuz verəndə müəllimlər mənə çox böyük motivasiya vermişdilər. Universitetdə psixoloqlar da var, lakin müəllimlərimiz çox yaxşı dəstək olur bizə, psixoloqa ehtiyac qalmır”.  

Əfsanə hesab edir ki, qadın olaraq qadın, tələbə olaraq tələbə, ali məktəbi bitirdikdən sonra isə işçi kimi hüquqlarını bilməlidir: “Hüququm pozularsa, ilk olaraq bunu pozan şəxslə danışaram, yoluna qoya bilməsəm isə rəhbərliyə müraciət edərəm. Universitetdə belə bir hal olmuşdu ki, qrupumuzda oğlan tələbə dərslərdə iştirak etmir, vaxtını çayxanalarda keçirirdi, müəllimlər isə ona güzəşt edirdilər. Mən tələb etdim ki, nəyə görə biz dərslərdə iştirak edərək, zəhmət çəkib oxuyaraq qiymət alırıq, o isə heç nə etmədən qiymət alır? Mənim bu tələbim nəzərə alındı və həmin tələbə kənarlaşdırıldı. Bəziləri məni buna görə qınadı, ancaq mən səhv hərəkət etdiyimi düşünmürəm. Bütün tələbələrin vəzifəsi oxumaq və obyektiv qiymət almaqdır. Elə tələbəyə güzəşt olunursa, digər tələbələrin hüquqları pozulur”. 

“Hər hansı hadisə ilə qarşılaşdıqda susmaq, kənara çəkilmək, gözləmək özü qanun pozuntusu sayılır”

Mühəndislik fakültəsinin I kurs tələbəsi Ümidə Hümbətəlinin fikrincə, hüquq cəmiyyətdəki insanların qaydaları, qanunları bilməklə öz dövləti qarşısında məsuliyyət daşımasıdır: 

“Hər şəxs üçün qanunun aliliyi keçərli olmalıdır. Mən öz hüquqlarıma bələdəm, eyni zamanda, ətrafımdakı insanların da hüquqlarını tanıyıram. Hüquqlarımın qorunması üçün ətrafdakı insanların fikrinə hörmətlə yanaşır və özümə qarşı  bu cür münasibət göstərilməsini istəyirəm. Hesab edirəm ki, həm təhsilli, həm təhsilsiz insanlar hüquq pozuntusuna yol verə bilərlər. Ətrafdakı insanlar çox zaman şəxsin seçiminə müdaxilə edirlər. Lakin biz öz yolumuzu tanıyandan sonra ətrafdakılar bizi dəstəkləməyə başlayır. Mən hüquq pozuntusuna yol verildiyini görsəm, həll edəcəyim problemdirsə, həll etməyə çalışaram, həll edə bilməsəm, qrup nümayəndəsinə, tütorumuza, dekanlığa müraciət edərəm. Hər hansı hadisə ilə qarşılaşdıqda susmaq, kənara çəkilmək, gözləmək özü bir qanun pozuntusu sayılır. Bu zaman cəzasız qaldığı üçün qanun pozuntusu halları da çoxalar. Ona görə yaxşı olar ki, gənclərimiz öz hüquqları üzrə daha çox bilgi əldə etsinlər”. 

Abdı Qocayev Tarix və coğrafiya fakültəsinin “Sosiologiya” ixtisası üzrə III kursunda oxuyur. Onun fikrincə, hüquq cəmiyyətdə prosesləri tənzimləyən qanunlar toplusudur: 

“Qanun dövlətdə gedən prosesləri, vətəndaşların nizam-intizamını təmin edir ki, bir problem yaranmasın. Müşahidə edirəm ki, ətrafımdakı tələbələrin demək olar ki, bir qismi hüquqlarını bilmir. Bunu onların davranışından bilmək olur. Tələbə hüquqlarını bilsə, lazımi yerlərə, dövlət orqanlarına lazımi qaydada müraciət edə bilər. Tələbələrin hüquqlarını bilməsi üçün təhsilə, dünyagörüşünün inkişaf etdirilməsinə ehtiyac var. Universitetdə tələbələrə hüquq təhsili verilir. Mən özüm də hüquq təhsili almışam. İndi texnologiya dövrüdür, istədiyimiz mövzunu ətraflı şəkildə araşdırıb öyrənə bilərik. Bu tələbənin özündən asılıdır. Əgər öz hüquqlarını bilmək istəyirsə, araşdıra bilər. Hər kəsin azad söz haqqı var. Lakin bu o demək deyil ki, o qarşısındakını təhqir edə, istədiyi sözü deyə bilər. Bir şəxs digərinə rişxənd edirsə, bilməlidir ki, onun özünün başına bu hal gələ bilər. Azərbaycan Respublikasında istər qadın, istər uşaq, istər gənc olsun – bütün vətəndaşların öz hüquqlarını müdafiə etməsi üçün yardım, məsləhət mərkəzləri mövcuddur və onlara arxayınlıqla müraciət edə bilərlər”. 

Şərhlər

Xəbər lenti

14 iyun, 11:15

"Zəkalar" liseyində “Son zəng” tədbiri keçirilib

14 iyun, 10:59

Müəllimlərin işə qəbulu üzrə rekord sayda müraciət olub

14 iyun, 10:52

70 mindən çox müəllimin maaşı diferensial qaydada artacaq

14 iyun, 10:50

Həsən Həsənli: Bu gün aparılan islahatlar təhsilimizin inkişafı üçün möhkəm zəmin yaradır

14 iyun, 10:48

113 minə yaxın uşaq artıq 1-ci sinfə qəbul olunub

14 iyun, 10:44

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı açıqlandı

14 iyun, 08:00

Bu gün 113 min nəfərə yaxın şagird üçün “Son zəng” çalınır

13 iyun, 23:01

Xüsusi qabiliyyət imtahanlarına start verilir

13 iyun, 21:22

Sertifikatlaşdırma üzrə sınaq imtahanının sual nümunələri təqdim edilib

13 iyun, 21:18

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

13 iyun, 19:44

Səhnə balaca fidanlarındır

13 iyun, 18:19

Macarıstanda təhsil almaq hüququ qazananların siyahısı açıqlanıb

13 iyun, 17:30

“Son zəng” demişkən...

13 iyun, 17:10

İndi rəssamdır, gələcəkdə isə həkim olmaq istəyir

13 iyun, 17:00

Bakıda inklüziv sinif təşkil edilən məktəblərin sayı 30-a çatdırılıb

13 iyun, 16:55

Sertifikatlaşdırma daha tez-tez keçirilsin – Maksimum bal toplayanların təcrübələri

13 iyun, 16:53

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri elan olunub

13 iyun, 16:52

Agentlik “Son zəng” tədbirləri ilə bağlı çağırış edib

13 iyun, 16:09

ATU-da İşçi qrupun növbəti iclası keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.