
“Bilik günü” yeni başlanğıcların, yeni məqsədlərin, yeni arzuların doğulduğu bir gündür. Paytaxtdakı 151 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi üçün xüsusilə bu gün ikiqat sevinclidir. Belə ki, bu gündən məktəbin yeni istifadəyə verilən binası qapılarının şagird və müəllimlərin üzünə açıb. Açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən, Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov, birinci müavini Gülarə Verdiyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Ziynət Əmirova, şagirdlər, müəllimlər və valideynlər iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanan tədbirdə daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Təhsil ocağının direktor əvəzi Salehə Məmmədova tədbiri açaraq yeni tədris ilinin başlanması münasibətilə hər kəsi təbrik etdi. Rəhbərlik etdiyi pedaqoji kollektiv və şagirdlərin məhz builki “Bilik günü”nü yeni məktəb binasında qarşıladıqlarını söyləyən direktor bundan sevinc və qürur hissi duyduqlarını bildirdi: “Artıq məktəbimiz müasir tədris standartlarına uyğun olaraq yenilənib və hər bir sinif otağı, laboratoriyalar və digər tədris sahələri ən yeni avadanlıqlarla təchiz edilib. Məktəb infrastrukturunun yenilənməsi həm də keyfiyyətli təhsilə zəmin yaradır ki, bu da şagirdlərimizin daha yaxşı şəraitdə təhsil almalarına imkan verəcəkdir. Biz bu gündən etibarən dərs ilinə müasir və rahat yeni məktəb binasında başlayırıq. Bu, arzuların gerçəkləşdiyi, biliklərin əldə olunduğu, şəxsiyyətlərin formalaşdığı, gələcəyin qurulduğu bir məkandır. Bu möhtəşəm məktəb binasının tikintisi dövlətimiz tərəfindən təhsilin strateji sahə olaraq diqqətdə saxlamasının təzahürüdür. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə olan xüsusi diqqəti və qayğısı sayəsində bu gün Azərbaycanın hər yerində bu cür müasir məktəblər tikilir. Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün pedaqoji kollektiv adından dərin minnətdarlığımızı bildiririk. Bizə göstərilən bu böyük etimadı doğrultmağa çalışacağıq”.

Rəhbərlik etdiyi məktəb haqqında qonaqlara məlumat verən direktor qeyd edib ki, 1935-ci ildən fəaliyyət göstərən təhsil ocağında tədris Azərbaycan və rus dillərində aparılır. Yeni tikilən məktəb binası 3 korpusdan ibarətdir. 624 şagird yerlik olan məktəb birnövbəlidir. Ümumtəhsil müəssisəsi 2025-2026-cı tədris ilinə 598 şagirdlə başlayır. Onların təlim-tərbiyəsi ilə 47 müəllim məşğul olacaq. Yeni tədris ilində ibtidai siniflər üzrə Azərbaycan bölməsində 21, rus bölməsində 22 şagird təhsil alacaq. Məktəbin ötən tədris ilində qazandığı uğurlarından da söz açan Salehə Məmmədova qeyd edib ki, 2024-2025-ci tədris ilində orta ümumtəhsil müəssisəsindən məzun olan 44 nəfərdən 32-si tələbə adını qazanıb.
Direktor II–XI siniflərdə ilk dərsin “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunduğunu qeyd edərək bunun şagirdlərdə Azərbaycan Respublikasının Konstitusiyasına, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət hissinin gücləndirilməsi, Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda xalqımızın qət etdiyi tarixi yol haqqında onların biliklərinin artırılmasında önəmli rol oynadığını bildirib. Orta ümumtəhsil müəssisəsinin qarşıda duran hədəflərinə toxunan Salehə Məmmədova təhsilin bir işıqlı yol olduğunu və bu yolun bütün şagirdlərin həyatını nurlandırdığını söyləyərək hamıya yeni tədris ilində uğurlar arzuladı.

Çıxış üçün söz alan elm və təhsil nazirinin müavini Həsən Həsənli hər il sentyabrın 15-də ölkəmizdə “Bilik günü”nün xüsusi təntənə ilə qeyd olunduğunu söylədi. Bu il məktəbin müəllim və şagird kollektivi üçün daha əlamətdar hadisə ilə yadda qalacağını bildirdi: “Builki “Bilik günü” sizin üçün xüsusilə əlamətdardır. Yeni dərs ilinə təkcə yeni ümidlərlə deyil, həm də yeni, ən müasir standartlara cavab verən məktəb binasında başlayırsınız. Ölkə başçısı İlham Əliyev tərəfindən 2026-cı ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir və bu gün II-XI siniflərdə ilk dərslər “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunub. Xüsusilə bu il birinci sinfə qədəm qoyacaq şagirdlərimizin “Konstitusiya və Suverenlik İli”ndə məktəbə başlamaları qürurvericidir. Mən deyərdim ki, bu onların taleyinin ən gözəl başlanğıcıdır. İldən-ilə məktəblərimizin nəticələrinin, uğurlarının artdığını görürük.
Xalqımız müstəqil, azad və firavan yaşayır. 30 ildən artıq işğal altında olan torpaqlarımız Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində azad olunub. Biz şəhidlərin əziz xatirəsini hər zaman ehtiramla anır, qazilərimizə cansağlığı arzulayırıq. Bizim ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hər bir cəmiyyətin tərəqqisinin başlıca amili təhsildir. Bu, ölkələrin inkişafına münasibətdə də belədir. Bu gün ölkəmizdə təhsilin inkişafı sahəsində görülən işlər gələcəyimiz üçün etibarlı əsaslar yaradır".

Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində ardıcıl və məqsədyönlü islahatların həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün doğma Qarabağımızın təhsil müəssisələrində “Bilik günü” xüsusi təntənə ilə qeyd edilir. Ölkənin hər yerində yeni məktəb binaları tikilir, mövcud məktəblər əsaslı təmir olunur, müəllimlərin sosial rifahı yaxşılaşdırılır:
“151 nömrəli tam orta məktəb üçün tikilən yeni bina da həmin dövlət qayğısının təzahürüdür. Burada şagirdlərin yüksək bilik almaları, müəllimlərin peşəkar fəaliyyətləri üçün bütün şərait yaradılıb. Geniş sinif otaqları, müasir laboratoriyalar, idman və akt zalları, kitabxana və informasiya texnologiyaları ilə təchiz olunmuş siniflər gələcəyin savadlı, yaradıcı və dünyagörüşlü vətəndaşlarının yetişməsinə zəmin yaradacaqdır”.

Həsən Həsənli çıxışının sonunda “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə məktəbin şagird və müəllim kollektivlərini, valideynləri təbrik edərək onlara uğurlar arzuladı.
Tədbir şagirdlərin ifasında şeir, rəqs, musiqi nömrələri ilə davam etdirildi.

Sonra yeni dərs ilinin ilk zəngi çalındı. Şagirdlər yeni məktəb binasına daxil olaraq öz siniflərində yerlərini tutdular. Nazir müavini və digər qonaqlar yeni məktəbdə məktəbəhazırlıq otağında, kimya, biologiya, fizika, hərbi hazırlıq, texnologiya kabinetlərində, idman və akt zallarında, yeməkxanada yaradılmış şəraitlə yaxından tanış oldular.
Foto: Kənan Qafarov
1 /27
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər