
Naxçıvan Muxtar Respublikası ölkəmizin idman mərkəzlərindən biri hesab olunur. Təsadüfi deyil ki, muxtar respublikada keçirilən beynəlxalq səviyyəli idman yarışlarının və tədbirlərin sayı ildən-ilə artır və yeni idman növləri inkişaf mərhələsindədir. Kikboks da belə idman növlərindən biridir.
Bu yaxınlarda Naxçıvanın kikboksçuları Türkiyədən 23 medalla qayıdıblar ki, onlardan 16-sı qızıl, 7-si gümüşdür. Türkiyədə keçirilən yarışda ölkəmizi “Naxçıvan Araz” Kikboksinq klubunun baş məşqçisi Elvin Qoçəliyevin rəhbərliyi ilə 23 idmançı təmsil edib.
“Azərbaycan müəllimi” idmançılarımızı bu parlaq qələbəyə hazırlamış klubun baş məşqçisi ilə həmsöhbət olub.
Elvin Qoçəliyev 1994-cü ildə Naxçıvan şəhərində anadan olub, Heydər Əliyev adına tam orta məktəbdə təhsil alıb. Elə həmin məktəbi bitirərək Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman fakültəsini bitirib. Hazırda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşıdır və Naxçıvan Olimpiya İdman Kompleksində məşqçi müəllim kimi fəaliyyət göstərir.
Məşqçi deyir ki, son 3 ildir kikboks sahəsində peşəkar müəllim kimi fəaliyyət göstərərək gənclərin bu idman növünə marağının artırılmasına və uğurlar qazanmasına töhfə verib: “Bu sahəyə marağım uşaq yaşlarımdan başlayıb. Enerjili və hərəkətli olduğum üçün idmana, xüsusilə döyüş növlərinə böyük həvəsim vardı. Kikboks isə mənim üçün həm güc, həm də intizam deməkdir. Yarışlarda əsasən kombinasiyalı zərbələrdən istifadə edirəm. Ayaq hərəkətləri və müdafiə fəndlərinə üstünlük verirəm”.

Elvin Qoçəliyev yarışlara planlı şəkildə hazırlaşdığını deyir: “Fiziki dözümlülük, sürət və güc üzərində işləyirik. Məşqlərdə həm texniki, həm də taktiki hazırlığa xüsusi diqqət yetirirəm.
Türkiyədə medal qazananda çox böyük qürur hissi keçirdim. Əziyyətimin qarşılığını görmək və Azərbaycanı layiqincə təmsil etmək bizim üçün böyük xoşbəxtlik idi. O an inamım daha da artdı və qarşıdakı yarışlar üçün motivasiyamız yüksəldi. Yarış olduqca maraqlı və çətin keçdi. 6 ölkənin güclü idmançıları iştirak edirdi. Hər döyüşdə yüksək rəqabət vardı. İdmançılarımız da texniki-taktiki hazırlıqlarını ən yaxşı formada nümayiş etdirdilər və rəqiblərinə qarşı üstünlük əldə etdilər”.
Müəllim deyir ki, bu turnirə bir neçə ay öncədən hazırlaşıblar: “İdmançılarımız gündəlik məşqlərdə yüksək nizam-intizam nümayiş etdirdilər. Sadəcə fiziki hazırlığa yox, psixoloji dözümlülüyə də xüsusi diqqət ayırırdıq. Çünki beynəlxalq yarışlarda yalnız fiziki güc deyil, həm də güclü iradə və soyuqqanlılıq qalibiyyət gətirir. Onların bu prinsipə əməl etməsi səbəbi ilə uğurlu nəticə əldə etdik”.
Məşqçi bu qələbəni vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizə və qazilərimizə həsr etdiklərini deyir. Gələcəkdə əsas hədəfi isə beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edib daha böyük nailiyyətlər əldə etməkdir: “Bununla yanaşı, müəllim kimi gənc idmançıların yetişdirilməsi, onların peşəkar səviyyəyə çatdırılması və ölkəmizin idman uğurlarına töhfə vermək mənim üçün önəmli məqsədlərdəndir”.
Baş məşqçi idmançılara tövsiyə edir ki, qazanmaq üçün, ilk növbədə, özlərinə inansınlar və məqsədli olsunlar: “Məşqlərdə davamlı və intizamlı olmalıdırlar, texniki və fiziki bacarıqlarını daim inkişaf etdirməlidirlər. Eyni zamanda sağlam qidalanma və düzgün istirahət də idmanda uğur qazanmaq üçün çox vacibdir”.

Xatırladaq ki, Elvin Qoçəliyevin yetirmələrindən Nəsir Əliyev, Rüzgar İbrahimli, Mövlan Seyidov, Oğuz Cavadlı, Ülvü Əliyev, Qurban Kəngərli, İlham Şükürlü, Polad Həsənli, Həsən İsmayılov, Turan Həziyev, Emin Məmmədli, Ziya Məmmədzadə, Ələmdar Nəcəfov, Müşfiq Hüseynov, Adəm Cəfərov və Onur Qafarov Türkiyədə kəmər döyüşlərinin qalibi olublar. Mərdan Nağılı, Əli Vəliyev, Eldar Namazov, Ağababa Həsənov, Yusif Qafarov, Əmir Məmmədov və Hüseyn Mehdizadə isə gümüş medala layiq görülüblər.
Muxtar respublikada bu idman növünün inkişafının nəticəsidir ki, avqustun 31-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində uşaq, yeniyetmə və gənclər arasında kikboks üzrə “Levent Bulut Fight Night – Nakhchivan” turniri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq (AKF) Federasiyası və “Ləvənt Bulut – Naxçıvan” döyüş klubunun birgə təşkilatçılığı ilə reallaşan yarışda Türkiyə və Azərbaycandan 12 klubu təmsil edən 120 idmançı qələbə uğrunda mübarizə aparıb.
Xatırladaq ki, Naxçıvanda ilk kikboksinq məşqlərini 90-cı illərdə WAKO-nun beynəlxalq dərəcəli hakimi, Azərbaycan Respublikasının “Əməkdar məşqçisi”, kikboksinq üzrə Avrasiya çempionu Fəxrəddin Quliyev keçib.
Onu da qeyd edək ki, Naxçıvan klubu adından ilk medalı 90-cı illərin ortalarında Türkiyənin İstanbul şəhərində keçirilən yarışdan Müşviq Məmmədov gətirib.
1 /12
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər