Bütün xəbərlər
3 iyun, 16:24

Astaranın sevilən ibtidai sinif müəllimlərindən olan Sevinc Fətəliyeva Təngərüd kəndindəki Səməd Vurğun adına tam orta məktəbdə çalışır.

Sevinc müəllim üçün hər uşaq bir dünya, hər sinif isə kiçik bir kainatdır. Təvazökar və mehribandır, baxışlarında səmimi bir istilik var. Müəllimdəki təmkinin və nəzakətin yaşı ilə deyil, xarakteri ilə bağlı olduğu açıq hiss olunur. Hər cümləsində illərin təcrübəsi və uşaq sevgisi duyulur. Aydın görünür ki, müəllimlik onun üçün sadəcə peşə deyil, nəfəs aldığı bir həyat tərzidir.

Sevinc müəllimdən müsahibə almağa hazırlaşdığım vaxt sosial şəbəkədə Astara Rayon Təhsil Sektorunun müdiri Xədicə Əliyevanın ona həsr etdiyi “Sevinc müəllimə – bir ömürlük dərs nümunəsi” yazısı ilə qarşılaşdım. Xəbərsiz şəkildə məktəbə gedib müəllimin dərs prosesini izləyən sektor müdiri həmin yazıda belə qeyd etmişdi:

“Bu gün Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbdə uzun illər şagirdlərin həyatına nur saçan, onlara yalnız hərfləri və rəqəmləri deyil, insan olmağı öyrədən Sevinc müəllimə haqqında yazmaq istədik. Sevinc Fətəliyeva ibtidai sinif müəllimi olaraq onlarla nəslin ilk müəllimi, minlərlə uğurun başlanğıc nöqtəsi olmuş əsl ziyalıdır. Peşəsinə olan sadiqliyi, övladlarımıza göstərdiyi sevgi və səbir onun təhsil camiəsində qazandığı dərin hörmətin əsas səbəbidir. İllərini şərəflə təhsilə həsr edən Sevinc müəllimə bu il təqaüdə çıxmağa hazırlaşır. Ancaq bir həqiqət dəyişməz qalır: müəllim öyrətdiyi hər bir şagirdin yaddaşında daim yaşayır. Sizin iziniz məktəb divarlarında deyil, qəlblərdə qalıb”.
Bu sətirləri oxuyandan sonra Sevinc müəllimdən müsahibə almaq qərarımın nə qədər doğru olduğunu bir daha anladım.

46 illik pedaqoji fəaliyyəti dövründə Sevinc müəllim Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon Təhsil Sektoru, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və işlədiyi məktəb tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə təltif edilib. Lakin onun üçün ən böyük mükafat şagirdlərinin uğurudur. Sevinc müəllimin yetirmələri bu gün Azərbaycanda və xaricdə mühüm vəzifələrdə çalışırlar.

Beləliklə, biz söhbətə başlayırıq. Mövzumuz yalnız dərs və siniflə məhdudlaşmır. Müəllimlik yolu, uşaqlarla işləməyin incəlikləri, qarşılaşdığı çətinliklərlə yanaşı, xatirələrindən də danışır.

– Müəllimliyə marağınız necə başladı?
– 46 illik müəllimlik fəaliyyətim həyatımın ən dəyərli səhifəsidir. Marağım uşaqlıqdan yaranıb. Məktəbdə müəllimlərimə böyük hörmət bəsləyirdim. Onların şagirdlərə göstərdiyi qayğı gözlərimin önündən heç vaxt getmir.

– Müəllim kimi ilk dərs gününüzü necə xatırlayırsınız?
– İlk dərs günü çox həyəcanlı idim. Sinfə daxil olanda bütün uşaqlar maraqla mənə baxırdı. O an hiss etdim ki, artıq təkcə özüm üçün yox, bir çox uşağın gələcəyi üçün də məsuliyyət daşıyıram.

– Bu illər ərzində yaddaqalan hansı hadisələr olub?
– Çox hadisələr olub. İlk buraxılışımın uğurları, çətin şəraitdən çıxan şagirdlərimin nailiyyətləri, təhsil sistemindəki dəyişikliklər... Amma ən unudulmaz anlar keçmiş şagirdlərimin mənə təşəkkür etməsi və “Sizin sayənizdə buradayam” demələridir.

– İbtidai sinif müəllimi olmaq hansı çətinlikləri və məsuliyyətləri daşıyır?
– İbtidai sinif müəllimliyi böyük məsuliyyətdir. Uşaqlarda oxuma, öyrənmə vərdişi, düşüncə tərzi formalaşdırırıq. Yəni biz şagirdlərdə ilkin bacarıqları formalaşdırırıq, digər müəllimlər isə artıq müəyyən qədər formalaşmış fərdlərlə işləyirlər.

– Şagirdlərlə ilk tanışlıqda hansı yanaşmadan istifadə edirsiniz?
– Əsas yanaşmam səmimiyyət və sevgidir. Hər bir şagirdin fərdi xüsusiyyətlərini öyrənirəm. Uşaqla dostluq qurmaq, inam yaratmaq çox vacibdir.

– Onlara vətənpərvərlik və insani dəyərləri necə aşılayırsınız?
– Həyat nümunələri ilə. Tarixdən, şəxsiyyətlərimizdən danışıram. Kiçik layihələr edirik. Amma ən önəmlisi, öz davranışlarımızla şagirdlərimizə nümunə olmaqdır. 

– Sovet dövrü ilə indiki təlim metodlarını necə müqayisə edirsiniz?
– Sovet dövründə tədris daha çox yaddaşa əsaslanırdı. İndi isə şagirdin düşünməsi, yaradıcı olması əsasdır. Hər iki sistemin üstünlüklərini birləşdirməyə çalışıram.

– Texnologiyanın dərs prosesindəki rolu necədir?
– Texnologiya dərsi zənginləşdirir, amma vasitədir. Ən əsas ünsiyyətdir, əllə işləməkdir. İbtidai siniflərdə texnologiya əyani vasitə kimi çox faydalıdır.

– İndiki və əvvəlki şagirdlər arasında hansı fərqləri müşahidə edirsiniz?
– İndiki uşaqlar daha çevik düşünür, amma səbir və diqqət baxımından zəifdirlər. Əvvəlki nəsil daha kitabsevər və səbirli idi.

– Valideyn-müəllim əməkdaşlığı barədə nə düşünürsünüz?
– Valideynlər daim müəllimlə əlaqədə olmalı, evdə təhsil prosesini dəstəkləməlidirlər. Qarşılıqlı hörmət və açıq ünsiyyət vacibdir.

– Ailə və məktəb arasında düzgün tarazlığı necə yaratmaq olar?
– Bu, yalnız əməkdaşlıqla mümkündür. Məktəb təhsil verir, ailə isə onu dəstəkləyir və möhkəmləndirir.

– Müəllim nüfuzu ilə bağlı fikirləriniz nədir?
– Son illər müəllimə olan diqqət və hörmət artıb. Bu da bizim işimizə sevgi və məsuliyyətlə yanaşmağımıza təkan verir.

– Övladlarınızın təhsil uğurlarını necə qiymətləndirirsiniz?
– Övladlarımın uğurları ilə fəxr edirəm. Onlar müxtəlif sahələrdə çalışsalar da, aldıqları tərbiyə və təhsil sayəsində həyatda öz yerlərini tapıblar. Bu mənim üçün böyük bir qürurdur.

– Uğurlu şagird yetişdirmək üçün müəllim ilk növbədə nəyə diqqət etməlidir?
– Hər şagirdin fərdi xüsusiyyətlərini tanımaq və onun potensialını vaxtında kəşf etmək əsas şərtdir. Hamıya eyni yanaşmaq olmaz. Hər uşaq fərqlidir və öz ritmi ilə inkişaf edir.

– Gənc müəllimlərə hansı tövsiyələriniz var?
– Səbirli olsunlar, peşələrini sevsinlər, çünki sevgi olmadan bu işi görmək mümkün deyil. Daim özlərini inkişaf etdirsinlər. Hər bir şagirdin onlara etibar edildiyini unutmasınlar.

– Sizi tanıyanlar səmimiyyətinizdən və savadınızdan çox bəhs edirlər. Uğurlu müəllim hansı xüsusiyyətlərə sahib olmalıdır?
– Uğurlu müəllim üçün vacib xüsusiyyətlər bunlardır: səmimiyyət, bilik, peşəsinə sevgi, səbir və ədalət. Səmimi olmadıqda uşaqlar sizə etibar etməz. Bilikli olmadan hörmət qazanmaq mümkün deyil. Sevgi isə bütün bu dəyərlərin bünövrəsidir.

– Peşənizə olan sevginiz zamanla artıb, yoxsa dəyişib?
– Sevgi zamanla daha da artıb. Yorğunluqlar, çətinliklər olub, amma şagirdlərin uğuru, onların sevinc dolu baxışları bu çətinlikləri unutdurub.

– Müəllim kimi hansı prinsipləri heç vaxt pozmamısınız?
– Ədalətli olmaq, heç bir şagirdi digəri ilə müqayisə etməmək, onların hamısına sevgi ilə yanaşmaq, hər birinin içindəki potensialı görməyə çalışmaq. Ən əsası, səmimiyyətdən heç vaxt vaz keçməmişəm.

– Həyat və müəllimlik yolunuzdan razısınız? 
– Həyat və müəllimlik yolumdan tam razıyam. Hər zaman vicdanla çalışmışam. Arzularım isə hələ də davam edir. Gənc müəllimlərə dəstək olmaq, onların uğurlarını görmək, sabahın uğurlu təhsil mühitinin formalaşmasına az da olsa, töhfə vermək istəyirəm.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.