
Həm isti havadan yayına bilmək, həm də avtobusu qaçırmamaq üçün evdən erkən çıxdım. Gedəcəyim məktəbin dəqiq ünvanını bilməsəm də, ora yalnız 142 nömrəli avtobusun getdiyini öyrənmişdim. Reportajı necə başlayacağımı düşünərkən avtobusun siqnalı və sürücünün “niyə məni gecikdirirsiniz?” iradı ilə ayıldım, tələsik avtobusa minib boş yer taparaq əyləşdim.
Nəhayət, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Kəlbəcər rayonu 56 nömrəli tam orta məktəbin yaxınlığına çatırıq. Magistral yoldan bir qədər aralıda yerləşən köhnə məktəb binası sanki övladlarını doğma yurda yola salacağı günü səbirsizliklə gözləyir. Bina köhnə olsa da, qonağını mehribanlıqla qarşılayan ev sahibini xatırladır.

2004-cü ildən məktəb kimi fəaliyyət göstərən bu binada 76 müəllim çalışır. 900-ə yaxın şagirdin təhsil aldığı məktəbdə dərslər iki növbədə keçirilir. Ötən il ali məktəblərə qəbul imtahanlarında məktəbin 30 şagirdi tələbə adını qazanıb. Bu il isə şagirdi Elşən Nəcəfzadə Respublika Fənn Olimpiadasında informatika fənni üzrə qızıl medal qazanıb. 9 illik təhsil səviyyəsində keçirilən buraxılış imtahanında Şəms Musayeva da ölkə üzrə maksimal nəticə göstərən azsaylı şagirdlərdəndir.

“Hər şagird, hər sinif otağı mənə əzizdir”
Məktəbin həyəti azyaşlı şagirdlər, məzun olmağa hazırlaşan 11-cilərlə doludur. Kimisi şəkil çəkdirməyə hazırlaşır, kimisi də əlindəki “vinetka”sını asta-asta vərəqləyir. Bəziləri isə bir-birinə təzə aldığı paltarlardan danışır, yay tətili planlarını bölüşür. Balaca bir şagirdin “Anar, biz tətildə Şuşaya gedəcəyik, bəs sən?” deməsi diqqətimdən yayınmır.

Saat 08:00-dur. Az əvvəl uşaqların səs-küyü ilə dolu olan həyətə indi sakitlik çöküb. Həyətdə sakit görkəmli bir xanım tələsik binaya doğru addımlayır. Onunla birgə sinif otağına qədər gedir, söhbətə başlayıram. Məlum olur ki, o, 9-cu siniflərin sinif rəhbəri, həm də Azərbaycan dili və ədəbiyyat müəllimi Reyhanə Teymurovadır.
O, 23 ildir ki, müəllimlik edir, 2006-cı ildən bu məktəbdə çalışır. Deyir ki, hər bir şagird, hər bir sinif otağı onun üçün əzizdir. Amma bu sinfin onun üçün ayrı bir yeri var:
“Bu sinfə dərsim, adətən, birinci saat olur. Bəzən elə bilirsən, otaqda heç kim yoxdur. O qədər sakit sinifdir ki, qapını açırsan, görürsən hamı kitablarını açıb, tapşırıqlarını yerinə yetirir”.
Həqiqətən sinifdə tam bir sükut hökm sürür. Bu dəfə tapşırıqlardan yox, dərs ilinin sonuna yaxın kitabların təhvil verilməsi ilə məşğuldurlar. Otaqda kitablarını təhvil verən, yeni kitablar aldığını deyən bir qız diqqətimi çəkir. Reyhanə müəllim onun buraxılış imtahanında maksimal nəticə göstərən Şəms Musayeva olduğunu deyir.
“Valideynlərimi özümə ideal olaraq seçmişəm”
Bu fürsətdən istifadə edib Şəmslə söhbət edirəm. O, hələ imtahandan çıxarkən 300 bal toplayacağına əmin olduğunu bildirir:
“Suallar o qədər də çətin deyildi. Təbii ki, həyəcan var idi. Valideynlərimi özümə ideal olaraq seçmişəm. Onlar da təhsil həyatında hər zaman uğurlu olublar. Bu da mənim üçün motivasiyadır”.

“Bu sinif mobil telefonlara deyil, daha çox bədii və dünya ədəbiyyatına maraq göstərir”
Reyhanə müəllim Şəmsin yalnız öz müvəffəqiyyəti ilə kifayətlənmədiyini, həm də yoldaşlarına test izahında kömək etdiyini qeyd edir. Sinifdəki digər fəal şagirdlərdən Nuray və Lamiyə də test izahında fərqlənirlər.
Sinifdə 20 şagird var, onların 14-ü buraxılış imtahanında 200-dən yüksək bal toplayıb. Müəllimin sözlərinə görə, bu sinif mobil telefonlara deyil, daha çox bədii və dünya ədəbiyyatına maraq göstərir:
“Bu sinifdə dərs keçmək mənə xüsusi zövq verir. Mütləq hazırlıqlı olmalıyam. Biz yüksəkkeyfiyyətli təhsil üçün əlimizdən gələni edirik”.

Əzmlə çalışan, istedadlı şagirdlər – bir sinifdə
Yenidən dəhlizə çıxıram. Sinif otaqlarında şagirdlərin əl işləri ilə bəzədilmiş guşələr diqqət çəkir. Növbəti otaqda isə ingilis dili müəllimi Məhsəti Mahmudlu ilə rastlaşıram.
2019-cu ildən bu məktəbdə çalışan Məhsəti müəllim dərsləri animasiyalar, musiqilər və interaktiv üsullarla keçir. O, bu sinfə 6-cı sinifdən dərs deyir və bildirir ki, bu illər müəllimlik həyatının ən gözəl dövrlərinə təsadüf edib:
“Sinifdə elmlə maraqlanan, əzmkar, liderlik bacarığı olan və müsbət enerji saçan şagirdlər var. Hər birini görəndə üzlərindəki doğmalığı hiss edirəm”.

Məhsəti müəllim bir az fərqlilik edir. O, sinfin "ən"lərini də sadalayır:
"Ən çalışqan Rozadır, çox pozitivdir, ətrafındakı yoldaşlarına kömək göstərir, çalışır ki, bütün sinif yoldaşlarının çətinlikləri həll olsun. Ən çox sual verən Nigardır, əzmkar şagirdimizdir və istədiyinə nail oldu.
Ən dəcəllər isə bayaq adlarını eşitdiyiniz Sədrəddin və Rafətdir. Həmişə birgə otururlar".
Həqiqətən indi də elədir. Birgə oturub müəllimin onların haqqında deyəcəyi sözləri gülərək gözləyirlər.
“Elə həmişə də adları tez-tez çəkilib, dərsi “qarışdırmağa” meyilli idilər, amma artıq məzun olurlar. Hər biri gözümüzün önündə böyüdü, savada yiyələndi. İnanıram ki, gələcəkdə dövlətimiz, millətimiz üçün faydalı gənclər olacaqlar”, - deyə müəllim əlavə edir.
Şagirdlər müəllimləri ilə zarafat edir, “Müəllim, bizsiz darıxacaqsınız”,- deyirlər. Bu səmimi münasibət və doğmalıq məktəbin ruhunu əks etdirir.
Bu dəfə də vaxtın necə keçdiyini bilmədim. Sağollaşmağa imkan tapmamış yeməkxanaya tələsən şagirdlərin "see you" deyib qaçmasını göstərən müəllim onların hələ də balaca, körpə uşaqlar qədər saf olduğunu deyir və otaqdan çıxır.
Dəhlizi 14 iyun - “Son zəng”ə hazırlaşan məzunların səs-küyü doldurur. “Son zəng”ə hazırlaşan məzunlar üçün bu gün təkcə bir mərhələnin sonu deyil, həm də həyatın yeni, daha məsuliyyətli bir mərhələsinin başlanğıcıdır.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər